Azərbaycançılıq ideologiyasının diasporun inkişafında rolu

 

 

Qədim dövrlərdən başlayaraq bu günə qədər Azərbaycan xalqının gözəl adət-ənənələrini, milli-mənəvi dəyərlərini, etnik-psixoloji xüsusiyyətlərini özündə yaşadan və birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideologiyası yaranıb və... 

Qədim dövrlərdən başlayaraq bu günə qədər Azərbaycan xalqının gözəl adət-ənənələrini, milli-mənəvi dəyərlərini, etnik-psixoloji xüsusiyyətlərini özündə yaşadan və birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideologiyası yaranıb və formalaşıb. Azərbaycançılıq ideologiyası XX əsrin ikinci yarısında özünün daha dinamik və yüksək inkişaf mərhələsinə qədəm qoyub. Bu xüsusilə XX əsrin ikinci yarısından başlayaraq dövlət və siyasət səhnəsinə çıxmış, özünün titanik fəaliyyəti ilə dünya siyasətinin korifeylərindən birinə çevrilən, zəmanəmizin görkəmli ictimai-siyasi və dövlət xadimi Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olub. 1969-cu il, iyul ayının 14-də Azərbaycan rəhbəri seçilən Heydər Əliyev sonrakı 34 illik fəaliyyəti dövründə Azərbaycan xalqının və millətinin şanı, şöhrətini, qürurunu və iftixarını bütün dünyaya tanıdıb və dünyanın ən böyük azərbaycanlısı, dünya azərbaycanlılarının ümummilli lideri adını qazanıb. 1970-ci illərə qədər Azərbaycan xalqı əsasən kənd yerlərində yaşayan, kustar əkinçiliklə, qoyunçuluq-maldarlıqla, xırda sənətkarlıq və ticarətlə məşğul olan bir xalq idi. 1970-80-cı illərdə Azərbaycanın bütün şəhər və kəndlərində sistemli və məqsədyönlü şəkildə işə salınan saysız-hesabsız zavod və fabriklər bütün əhalini nizam-intizamlı, bilikli və təhsilli, sənaye əsaslı əməyə cəlb etdi. Respublikamızda nizam-intizam möhkəmləndi, cinayətkarlıq xeyli azaldı və qeyri-sağlam həyat tərzinə imkan və şərait qalmadı. Heydər Əliyevin Azərbaycan xalqının təhsillənməsi, maariflənməsi və savadlanması istiqamətində apardığı düşünülmüş siyasəti təqdirəlayiq idi. Bütün rayonlarımızda və kəndlərimizdə saysız-hesabsız məktəblər, uşaq bağçaları, klub və mədəniyyət evləri, kinoteatrlar, kitabxanalar kimi mədəni-maarif müəssisələri və ictimai-iaşə obyektləri tikildi. Azərbaycan xalqının böyük bir hissəsini təşkil edən əmək adamlarının, fəhlə və kəndlilərin balaları yüksək səviyyədə orta təhsil alaraq Heydər Əliyevin birbaşa rəhbərliyi, qayğısı və nəzarəti, “Qoy ədalət zəfər çalsın” devizi altında apardığı siyasətin nəticəsində ali məktəblərə qəbul olundular. Təkcə azərbaycanlı gənclərin keçmiş SSRİ-nin ali məktəblərinə seçilib göndərilməsi (hər il 800-900-a qədər ən savadlı, qabiliyyətli azərbaycanlı gənclər yola salınırdı) siyasətilə onun azərbaycançılığa etdiyi xidməti heç nə ilə ölçmək olmaz. Bu gün həmin gənclər həm müstəqil Azərbacan Respublikasının dövlət quruculuğunda, həm də bütün dünyaya səpələnərək bir çox sahələrdə böyük fəaliyyət göstərirlər. Azərbaycanlı neftçi ailələrin Qərbi Sbirə, Tümen və keçmiş SSRİ-nin digər müstəlif regionlarına göndərilməsi də arxasında böyük siyasət dayanırdı. Bu gün Vahid Ələkbərov, İsgəndər Xəlilov, Fərman Salmanov kimi məşhur neftçi alimlərin və iş adamlarının Rusiyada necə mühüm simalar olmasını izah etmək artıqdır. Bu siyasət öz-özlüyündə dünyada Azərbaycan diasporunun yaranmasında və formalaşmasında mühüm rol oynayıb.

Heydər Əliyevin azərbaycançılıq ideologiyası qarşısında xidmətlərindən biri də keçmiş SSRİ-nin Moskva, Sankt-Peterburq, Ulyanovsk, Rostov, Taqanrok kimi şəhər və vilayətlərində Azərbaycabla bağlı abidələr qoyulması, elm və incəsənət xadimlərinin yubileylərinin keçirilməsi, Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarına heykəllərin ucaldılması, onların adlarının küçə və meydanlara verilməsi sahəsində göstərdiyi xidmətlərdir. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Sovet İttifaqı Komunnist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü kimi Moskvada fəaliyyət göstərərkən Nizami Gəncəvinin “Xəmsə”sinin Moskvada çap edilməsi, Qara Qarayevin SSRİ Bəstəkarlar İttifaqının katibi, Tahir Salahovun SSRİ Rəssamlar İttifaqının birinci katibi kimi fəaliyyətinin daha da genişləndirilməsi, Fikrət Əmirovun “Min bir gecə” baletinin bütün ittifaq televiziyası ilə göstərilməsi, “Nizami”, “Dədə Qorqud”, “Babək”, “Nəsimi” və digər milli ruhlu tarixi bədii filmlərin SSRİ-nin televiziya ekranlarına çıxması, xarici ölkələrə səfərlər zamanı azərbaycanlıların da nümayəndə heyətlərinin tərkibinə daxil edilməsi Heydər Əliyevin bu ideologiya sahəsində göstərdiyi xidmətlər sırasındadır. Məşhur müğənnilərimiz Müslüm Maqomayevin “Anamın anasısan Azərbaycan”, Rəşid Behbudovun “Səni tərənnüm edirəm doğma Azərbaycan” mahnıları ən böyük salonlarda səslənərək bütün dünya xalqlarının dilinin əzbəri oldu.

Heydər Əliyevin uzun müddət dövlət idarəçiliyi sistemində fəaliyyət göstərən bir tarixi şəxsiyyət kimi əldə etdiyi nailiyyətlər bütün dünyada “Azərbaycan” və “azərbaycanlı” sözlərinin mahiyyətini, dəyərini və tutumunu xeyli artırdı. Heydər Əliyev azərbaycançılıq ideologiyasının elmi-nəzəri bazasının müasir dövrün tələbləri əsasında formalaşmasında da mühüm rol oynadı. Ümummilli lider müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə də azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi və diaspor işi sahəsində müvafiq addımlar atdı. Müstəqillik dövründə Azərbaycana rəhbərlik edərkən Heydər Əliyevin təşkilatçılığı ilə Bakıda Məhəmməd Füzulinin 500 illiyinin, “Dədə Qorqud” dastanının 1300 illiyinin dünya səviyyəsində qeyd olunması, dünya şöhrətli musiqiçi M.Rasrtrapoviçin Azərbaycana gərilib dəfələrlə konsertlərinin təşkil edilməsi, xarici səfərlərdə dünyanın Vaşinqton, Paris, London, Tokio, Roma, Moskva və s. kimi böyük şəhərlərində neft müqavilələri imzalamaqla dünyanın diqqətini Azərbaycana yönəltməsi, onun azərbaycançılıq ideologiyasına verdiyi layiqli xidmət nümunələridir.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti, eləcə də azərbaycançılıq ideologiyası qarşısında göstərdiyi çox mühüm əhəmiyyətli məsələlərdən biri də Azərbaycan diasporunun inkişaf etdirilməsi və təkmilləşdirilməsi olub. Heydər Əliyevin hakimiyyəti dövründə dünya azərbaycanlılarının təşkilatlanması, onlarla Azərbaycan arasında əlaqələrin qurulması istiqamətində xeyli işlər görüldü.

Müstəqillik dövründə Heydər Əliyev azərbaycançılığın bayraqdarı oldu. Ümummilli lider müstəqil dövlətimizin simvolu olan üçrəngli bayrağımızı Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası və digər beynəlxalq təşkilatların və dövlətlərin ən görkəmli yerlərində qaldırdı. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün dünya miqyasında sivil, hüquqi, demokratik, dünyəvi bir respublika kimi tanınır və böyük perspektivlərə malik bir ölkə kimi qəbul olunur. Müstəqil Azərbaycan Respublikasının prezidenti olduqdan sonra Heydər Əliyev xaricdə məskunlaşmış soydaşlarımızla əlaqələri dövrümüzün xarici siyasətinin prioritet istiqamətlərindən birinə çevirdi. Dünya azərbaycanlılarının əsl həmrəyliyinin yaradılması yolunda 1997-ci il dekabrın 27-də keçirilən toplantı bu istiqamətdə atılan əsas addımlardan biri oldu. Həmin toplantıda ümummilli liderin etdiyi çıxışda qeyd edilirdi: “Biz bu torpaqda yaşayan azərbaycanlılar, başqa ölkələrdə yaşayan soydaşlarımız haqqında həmişə düşünürük, onlarla əlaqə yaratmaq istəmişik və onlarla həmrəyliyimizi bildirməyə çalışmışıq. Bugünkü müstəqil Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının dayağıdır və bütün dünya azərbaycanlıları üçün örnəkdir. Azərbaycan xalqı, Azərbaycan milləti yaşayıb, yaşayır və yaşayacaqdır”

Heydər Əliyev dünya azərbaycanlılarının tarixi Vətənlə hərtərəfli münasibətini, milli özünəməxsusluğunu qorumağı, diasporlararası əlaqələri genişləndirməyi və xaricdə yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsini çox mühüm hesab edirdi. Ona görə də ümummilli lider dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birlik və bərabərliyini daha da inkişaf etdirmək istiqamətində düşünür, bu sahədə müəyyən addımlar atırdı. Bu baxımdan 2001-ci il, noyabrın 9-10-da Dünya Azərbaycanlılarının Bakıda keçirilmiş birinci qurultayı xaricdə yaşayan soydaşlarımızın vahid ideya-azərbaycançılıq ideyası ətrafında daha sıx birləşməsi yolunda atılmış əhəmiyyətli bir addım oldu. Azərbaycan prezidenti və Azərbaycan dövlətinin dünya azərbaycanlılarının həmrəyliyini öz siyasətinin prioritet istiqamətlərindən birinə çevirməsinin bariz nümunələri 2002-ci il, iyulun 5-də imzalanmış fərmanla Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin, Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin nəzdində xaricdə yaşayan azərbaycanlılarla iş üzrə sektorun yaradılmasıdır. 2002-ci il, dekabrın 27-də isə Heydər Əliyev Azərbaycan diasporunun tam formalaşması və təşkilatlanması istiqamətində daha bir əhəmiyyətli addım atdı. Belə ki, dövlət başçısının imzaladığı müvafiq fərman əsasında “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikasının qanunu qəbul edildi. Sözügedən qanun xarici ölkələrdə yaşayan soydaşlarımız qarşısında geniş imkanlar açdı və onların Azərbaycanın mənafeyi ətrafında daha sıx birləşməsinə şərait yaratdı.

 

Azad Azərbaycan.- 2013.- 14 iyun.- S.5.