Ədəbi-bədii
proseslərdə azərbaycançılığın təcəssümü
Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədəbi-bədii proses bilavasitə milli ruhun oyanışına, azərbaycançılığın inkişafına xidmət edirdi. Ulu Öndər Heydər Əliyev bu dövr haqqında demişdir: "Xalqımız bu dövrdə - XX əsrin əvvəlindən indiyədək çox şərəfli bir yol keçmişdir. Bu yol da ondan ibarətdir ki, xalqımızın mədəni, təhsil səviyyəsi artmış, mədəniyyətimiz yüksəlmiş, elmimiz, böyük iqtisadi potensialımız yaranmışdır. Xalqımızın həyat tərzində, dünyagörüşündə böyük dəyişikliklər əmələ gəlmiş, böyük bir siyasi-ictimai proses başlanmışdır."
Nigar Ələkbərova "Mədəniyyət və siyasət" əsərində Azərbaycan Xalq Cümhuriyyəti mədəniyyətində azərbaycançılıq ideologiyasının təcəssümü haqqında belə yazır: "Azərbaycan xalqı XX əsrdə iki dəfə müstəqillik qazandı və hər dəfə oxşar vəziyyətlə rastlaşdı. O mənada ki, həm istiqlaliyyət elan edilən 1918-ci ildə, həm də istiqlaliyyət bərpa olunan 1991-ci ildə olduqca gərgin, ziddiyyətli, təlatümlü bir şəraitdə son dərəcə çətin və ağır problemlərlə üz-üzə qaldı. Arxasız, dayaqsız, təkbaşına əsrin sonunda çıxış yolunu tapmaq, müstəqilliyi əbədiləşdirmək, ərazi bütövlüyünü təmin etmək, tam kompleks təşkil edən siyasi, ideoloji, sosial, iqtisadi, mədəni məsələləri lazımi səviyyədə həll etmək, əsrin əvvəllərində buraxılmış səhvləri təkrarlamamaq üçün Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli fəaliyyətinin zəngin ənənələrindən, milli tarixi dərslərindən faydalanmaq lazım idi və indi də lazımdır. Ona görə ki, 1918-ci ildə yaranan ilk müstəqil respublika Azərbaycanın azadlığının, suverenliyinin, istiqlaliyyətinin və demokratiyasının təməlini qoymuş və onun bu ülvi dəyərlərinin gerçəkləşmə təcrübəsi artıq xalqımızın milli-mənəvi sərvətinə çevrilmişdir. Ümumxalq hərəkatı və düşüncəsi olan azərbaycançılıq ideologiyası həyati gerçəkliyini məhz respublikanın yaranması aktında tapmışdır. O dövrün ən böyük nailiyyəti, əlbəttə, milli mənlik, milli istiqlal şüuru, milli ədəbi- hüquqi, fəlsəfi fikrin, ümumiyyətlə, milli məfkurənin formalaşması idi. Eynilə Azərbaycanı bir mövcudiyyət, bir milli anlayış kimi doğma xalqa və bütün dünyaya çatdırılması və tanıtdırılması idi.
Bu illərdə ədəbi-bədii proses siyasi, ideoloji, sosial-iqtisadi və mənəvi mühitlə sıx bağlı olduğundan bu proses güclü inkişaf edirdi. Nigar Ələkbərova bu barədə yazır: "Bu yolda Demokratik Respublikanın öz böyük mədəniyyətinin rolu xüsusilə qeyd edilməlidir. Həmin mədəniyyət çox rəngarəng idi, lakin ümumilikdə sosial-mənəvi intibah pafosu ilə fərqlənirdi. Mədəniyyətin oyanışı bir çox sahələrdə-elmdə, təhsildə, mətbuatda, nəsrdə, poeziyada, dramaturgiyada, musiqidə, tənqiddə özünü büruzə verirdi."
Bu dövrdə milliliklə mədəni millətçilik
vəhdət təşkil edirdi. Tədqiqatçılar mədəni-kultural
millətçiliyin mahiyyəti haqqında geniş bəhs etmişlər.
Millətçilikdə etnik (kultura) və vətəndaş
(siyasi) millətçiliyi fərqləndirmək
lazımdır. Belə ki, kultural millətçilik yerli dili, ənənəvi
həyat tərzi, adətlər və s. saxlamaq tərəfdarı
kimi çıxış edir. Vətəndaş millətçiliyi
isə, hər şeydən əvvəl, siyasi muxtariyyəti və
suverenliyi qoruyub saxlamaq uğrunda mübarizə aparır. Ə.Tağıyevin
fikrincə, türkçülük kultural millətçiyə,
azərbaycançılıq isə vətəndaş millətçiliyinə
aid edilə bilər. Təqribən bu cür mövqedən
çıxış edən digər tədqiqatçıların
fikrincə, "milli ideologiya" və "millətçilik
ideologiyası" terminlərini fərqləndirmək
lazımdır. Onlar öz fikirlərini belə əsaslandırırlar
ki, "milli" anlayışı ilə "millətçilik"
anlayışını qarışdırmaq düzgün
deyildir. Belə ki, "millətçilik"
anlayışı bir millətin keyfiyyətlərini
şişirtmək, nöqsanlarına isə göz yummaq yolu
ilə onu digər millətlərə qarşı
qoymaqdırsa, "milli" anlayışı millətin
öz milli mənliyini, milli şüurunu, mədəniyyətini,
dinini, tarixini, adət-ənənəsini və s. layiqincə
qiymətləndirilməsini, bununla yanaşı, digər millətlərə
də hörmət və ləyaqətlə
yanaşmasını ifadə edir. Dar mənada "millətçilik
anlayışı hər hansı bir millətə olan mənsubiyyəti,
milli dili, mədəniyyəti, milli psixologiyanı, mənlik
şüurunu ifadə edirsə (məsələn, milli dil,
milli psixologiya, milli mənlik şüuru, milli təəssübkeşlik,
milli mentalitet, milli özünüdərk, milli mənsubiyyət
və s.), "milli" anlayışı "dövlət"
anlayışı ilə sinonim (milli iqtisadiyyat, milli ordu, milli sərhədlər,
milli ərazi, milli komanda və s.) işlənir. Müasir mənada
ideologiya cəmiyyətin onun siyasi sisteminin iqtisadi, siyasi,
ictimai və mənəvi fəaliyyətində əsas kimi qəbul
etdiyi və rəhbər tutduğu ideya və prinsiplərin cəmini
ifadə edir. Məhz bu səbəbdən də, ideologiya
heç vəchlə sözün dar mənasında tamamilə
milli məzmun ala bilməz. Bu, ideologiyanın məhdudlaşdırılması
və cılızlaşması, ucuz populist məzmun alması
olardı. Hər bir cəmiyyətin müxtəlif həyat
sahələrinin idarə edilməsi konkret ölkənin
bütün spesifik cəhətləri nəzərə
alınmaqla bəşəri ideya və prinsiplər, bu ideya və
prinsiplərin zəminində duran sosial, siyasi və iqtisadi
qanunlar əsasında həyata keçirilməlidir. Bir cəhəti
də qeyd etmək lazımdır ki, milli ideologiyanın rolunu
mütləqləşdirmək olmaz, o, müvəqqəti və
keçicidir. Ümumiyyətlə,
heç zaman, heç yerdə xalis milli ideologiya ola bilməz.
Hər xalq, hər ölkə və sivilizasiyalar şəbəkəsində
yaşayır, onlar bir-birindən təcrid oluna bilməzlər.
Professor
Yaşar Qarayev Azərbaycan Xalq Cümhuriyyətinin ədəbi-bədii
prosesinə milli ruhla bağlılığı haqqında
göstərmişdir ki, bədii prosesi tənzim edən və
yaradanlar-başda M.Ə.Rəsulzadə, ideoloq Mirzə Bala,
parlamentin sədri Ə.M.Topçubaşov, parlamentin sədr
müavini Ə.Ağaoğlu, S.Məmmədzadə,
Ü.Hacıbəyli, Ə.Hüseynzadə, habelə, C.Məmmədquluzadə,M.Hadi,
H.Cavid, A.Şaiq, Ə.Müznib, S.Mümtaz və b. idi.
Xüsusən, "Cümhuriyyət şairi" Ə.Cavad, Əliyusif
Rai, Um Gülsüm xanım (M.Ə.Rəsulzadənin
qardaşı qızı, S.Hüseynin həyat
yoldaşı), Əmin Abid (Gültəkin), C.Cabbarlı,
David, Əli Şövqi kimi gənclərin onlarla ehtiraslı
şeiri elliklə marşa, himnə, nəğməyə
çevrilmişdir. Nəzirə, qəzəl, qəsidə,
mərsiyyə, mədhiyyə ənənəsini isə daha
çox Ə.Cənnəti, İ.Tahir, A.Müniri kimi
yaşlı şairlər davam etdirirdilər.
Ümumiyyətlə,
Məhəmməd Hadi və Hüseyn Cavid, Hacı Kərim
Sanlı və Əhməd Cavad, Abdulla Şaiq aə Əmin
Abid, Cəlil Məmmədquluzadə və Üzeyir Hacıbəyli,
Seyid Hüseyn və Cəfər Cabbarlı, Tağı
Şahbazi (Simurğ), Yusif Vəzir Çəmənzəminli
və Firidun bəy Köçərli, Um Gülsüm və
İ.Aşurbəyli, bilavasitə, Azərbaycan istiqlalına, milli dövlətə,
bayrağa və gerbə, türklük, ictimai və ümumbəşəri
dəyərlərə həsr etdikləri ən yaxşı ədəbi-bədii,
elmi-publisist, fəlsəfi-tarixi əsərlərini bu illərdə
yazmışlar.
Bədii
məhsul məzmunca bir neçə əsas, aparıcı
sosial mövzu ətrafında mərkəzləşirdi:
bayraqdakı rənglərin- türklük, islam və
müasirlik idealının mədhi, türk və islam
tarixinin tərənnümü, çağdaş modeldə
ilk müstəqil, suveren milli dövlətin dəstəklənməsi,
onun yaranması salnaməsinin, milli dövlətçilik
ideologiyasının ifadəsi, təsbiti, ordunun hərbi
uğurlarının bədii təminatı; ermənilərin
Qarabağ davası, Azərbaycanda dinc əhalinin vəhşicəsinə
qətli və ərazilərin talan olunması,
daşnakların Bakıda tarixi abidələri, elm və mədəniyyət
ocaqlarını yandırması, 18-31 mart hadisələri,
millətin türk keçmişinin və islam tarixində şəhidlik
və qəhrəmanlıq səhifələrinin mədhi və
yada salınması; şimaldan yaxınlaşan qara dumandan və
vətənin başı üstünü almaqda olan təhlükədən
doğan həyəcan və təşvişin ifadəsi.
Milli
intibah, hürriyyət düşüncəsi və istiqlal
ovqatlı Hadinin bu vaxta qədər yasaqda qalan iki cümhuriyyət
dövrü şeirində -"Zəfəri-nəhayəyə
doğru" və "Əsgərlərimizə,
könüllülərimizə" mənzumələrində,
həmçinin, "Aydınlıq bir gecədə təfəkkür
dəqiqələri", "Kor soqqur", "Baharın
ilhamları və ictimai rəmzlər", "Hərarətli
şeir və yaxud qızdırmalı halımda
saçmalarım" şeirlərində
davam eləyir. Müsavat və istiqbal təranəsi, həmçinin,
A.Şaiqin yasaqdan çıxan "İntizar
qarşısında", "Arazdan Turana", "Yeni ay
doğarkən", "Vətənin yanıq səsi",
"Türk ədəmi-mərkəziyyət firqəsinin
Müsavata ithaf" etdiyi (marş) şeirələrində
davam edir.
Gənc Cəfər
Cabbarlının istiqlal mövzulu dörd tribun şeiri uzun
müddətdir ki, zorən unutdurulmuşdu. Halbuki onlar
1918-20-ci illərin inqilabi və romantik ədasını
xüsusilə qabarıq ifadə edən fəlsəfi-simvolik
nümunələrdir: "Sevdiyim", "Azərbaycan
bayrağına", "Sevimli ölkəm",
"Salam" şeirləri, Romantik aşiq "yaşıl
donlu, al yanaqlı, mavi gözlü sevdiyim" dediyi məşuquna
eşq elan edir və onun tarixi simvolikasını belə
açırdı.
Cümhuriyyətin
sabaha ucuz və döyüş cəngisi, fəth olunan səma
və şimşək şərqisi kimi səslərin ən
kövrək bədii notlarını isə yenicə
açılan poeziya səhərinin ilk qadın şairəsi
Um Gülsümün fərdi şeir ədası ifadə
edir. Onun "Əsgər anasına", "Çəkil, dəf
ol", "Bir mayıs günündə", kimi şeirləri
üzərində ən zərif nisgildən, hürkən təşvişdən
bürüntü və tül, xüsusən, "şimaldan
gələn duman"dan bir çiskin var.
İqtisadi
mövzusu, onun uğur və çətinlikləri, xilaskar
türk mehmetciyinin (əsgərinin) obrazı, xüsusən,
dövrün, mənəviyyat, məişət və əxlaqla
bağlı problemləri bu illərin nəşrində daha
geniş yer tutur: "Hürriyyət günəşi"
(Simurğ), "Mədən sahibinin fərasəti"
(B.Talıblı), "Sınıq qanadlar" (A.Yusifzadə),
"Hamamçı", "Dilənçi",
"Üç qardaş" (İ.Qəmbəroğlu),
"Sərsəm kişi" (Ə.Fəhmi) və s.
Filologiya
elmləri doktoru Alxan Bayramoğlu "Azərbaycan Demokratik
Respublikası" dövründə ədəbiyyat"
adlı əsərində yazır: "Azərbaycan Demokratik
Respublikasının süqutundan sonra sovet imperiyasının
siyasətinə uyğun olaraq bu dövr tariximizin üstünə
qalın qara pərdə çəkilmişdi. Təbliğat
maşını öz yalanları ilə həmin pərdənin
altındakı Azərbaycan
tarixi, ədəbiyyatı və mədəniyyəti
üzərinə aramsız olaraq lənət və iftira
çirkabı atır, xalqın milli-tarixi
yaddaşının kökü hər cür vasitələrlə
və amansızlıqla qurudulmağa, xalqı
manqurtlaşdırılmağa, baş məqsəd olaraq yeni
tarix və yeni, vahid sosialist milləti
yaradılmağa cəhd edilirdi. Tariximizin digər şöhrətli
və fəxr edilməli səhifləri kimi, cümhuriyyəti
(respublika) dövrü də təhrif edilir, yalnız nəyisə
lənətləmək lazım gələndə, ikrahla
"Müsavat dövrü" kimi xatırlanırdı.
Ancaq
imperiyanın bütün cəhdləri, dövlət səviyyəsində
proqramlaşdırıb intensiv şəkildə həyata
keçirdiyi manqurtlaşdırma siyasəti baş tutmadı.
Ulu və şöhrətli tarixə, sağlam genetik fonda
malik Azərbaycan xalqının
milli-tarixi yaddaşını, genetik əlaqə və
bağlarını qurutmaq, məhv etmək mümkün
olmadı."
Ulu
Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılmasının 80 illik yubileyi mərasimindəki
çıxışında ilk demokratik respublikanın liderlərinin,
yaradıcı qüvvələrinin, onların
qohumlarının ağır məhrumiyyətləri barədə
demişdir: "Keçən o illərdə elə olubdur ki,
yəqin ki, özünüz də onların qohumu
olduğunuzu çox vaxt demək istəməmisiniz. Və təbii
idi. Çünki ondan ötrü adamları incidirdilər, həbs,
sürgün edirdilər. Əlbəttə, - mən bu gün
dedim - bu, 70 il müddətində nə qədər insanlar
sürgün olundu, həbs olundu, nə qədər adam
qırıldı.
İndi mən
çox məmnunam ki, bu bayram gününə siz də gəlmisiniz,
iştirak etmisiniz. Mən demişdim ki, kimi tapmaq
mümkündür, onları dəvət etsinlər. Siz də
gəlmisiniz, iştirak etmisiniz və biz bu bayramı bir yerdə
qeyd etdik. Mən sizi bir daha təbrik edirəm. Bu bayram
münasibətilə sizin hamınıza
cansağlığı arzu edirəm. Mən öz mitinqimdə
də dedim və indi də deyirəm,- onların əziz xatirəsi
bizim hamımızın, bütün Azərbaycan
xalqının qəlbində əbədi
yaşayacaqdır."
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Azad
Azərbaycan.- 2013.- 19 iyun.- S.5.