Azərbaycan elmində azərbaycançılığın tədqiqi

 

 

 

Müasir Azərbaycanın müxtəlif elm sahələrində azərbaycançılıq ideyası və ideologiyası artıq tədqiqat obyektinə çevrilmişdir. Azərbaycançılığın tədqiqi istiqamətində aşağıdakı elmi-nəzəri əsərləri qeyd etmək olar: Nizaməddin Şəmsizadənin "Azərbaycançılıq ideologiyası", "Azərbaycançılıq", Anarın "Azərbaycançılıq haqqında düşüncələr", Ramiz Mehdiyevin "Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi", "XXI əsrdə milli dövlətçilik", "Azərbaycanda siyasət: dünən, bu gün, sabah", Yaşar Qarayevin "Milli "mən" şüuru və etnik yaddaş - azərbaycançılıq", Azad Nəbiyevin "Azərbaycançılıq-estetik dəyərdən milli ideologiyaya", Nizami Cəfərovun "Azərbaycanşünaslığa giriş", Yadigar Türkelin "Azərbaycan və azərbaycançılıq", Əlikram Tağıyevin "Milli ideya və milli ideologiya", Asif Atanın "Azərbaycançılıq - türkçülük birliyi", Akif Hüseynovun "Ədəbiyyat və ideologiya", Rəhim Əliyevin "Azərbaycançılıq: dünən, bu gün, sabah", İsa Həbibbəylinin "Azərbaycançılıq məfkurəsi yollarında", "Möhtəşəm azərbaycançılıq dərsliyi", Nazif Ələkbərlinin "Türkçülük, yoxsa azərbaycançılıq?!" Səlahəddin Xəlilovun "Heydər Əliyev və azərbaycançılıq məfkurəsi", "Lider. Dövlət. Cəmiyyət", Sona Vəliyevanın "Azərbaycançılıq: milli ideologiya və ədəbi-estetik təlim kimi" və "Milli dövlətçilik hərəkatının yüksəlişi və xalq cümhuriyyəti dövründə azərbaycançılıq ideyası", Canpolad Musayevin "Azərbaycan dövlətçiliyi ideologiyası", Mübariz Yusifovun "Heydər Əliyev və Azərbaycançılıq ideologiyası", "Azərbaycançılıq", Hacı Xanəli Babayevin "Azərbaycançılıq elmi-dini maarifçilik, mənəvi özünüdərk nümunəsi" və s. kimi bu problemi müxtəlif aspektlərdən izah edən dəyərli əsərlər çap olundu. Göründüyü kimi, "Azərbaycan ideologiyası"ndan ötən on il ərzində mükəmməl bir azərbaycançılıq elmi formalaşıb.

Mənşəyini mifik  təfəkkürlərdən alan, Azərbaycanın dövlətçilik təcrübələri zəminində təkamül edib formalaşan, XIX - XX əsrlərdə maarifçilik, realizm və romantizm məcralarında təkamül edən azərbaycançılıq 1918-ci ildə Şərqdə ilk demokratik dövlət yaradan ideologiyaya çevrildi, XX əsrin 70 sənəlik totalitar ideologiyaya dayaqlanan sovet imperiyası dövründə xalqın əsas müqavimət gücünə, əsrin sonunda müstəqil Azərbaycanın istiqlal məfkurəsinə çevrildi. Və hələ 1905-ci ildə böyük azərbaycançı Mirzə Cəlilin dediklərini tarix inadkar bir inamla təsdiqlədi: "Müstəmləkəçi böyük dövlətlərin adı bəşər tarixinə biabırçılıqla yazılacaqdır. Xalqların salnamələrində gələcək nəsillərə bunlardan ancaq mənhus sifətlər yadigar qalacaqdır". Bu, belə də oldu. Azərbaycançılıq imperiyaçılığa qarşı müqavimətdə formalaşan istiqlal məfkurəsi, türkəsilli Azərbaycan xalqının milli ideologiyası, türkçülüyün bu ölkədə yaşayan bütün xalqlar üçün müqəddəs olan vətən əxlaqı müstəvisində dərkidir. O, üç təməl üzərində bərqərar olur: "Türk millətindənəm, islam ümmətindənəm, Azərbaycan məmləkətindənəm!"

Tədqiqat əsərlərində göstərilir ki, Azərbaycançılıq ideyaları özünün tarixi etibarı ilə qədim dövrlərlə səsləşir. Azərbaycançılıq ideyaları Azərbaycan xalqına məxsus etnik və psixoloji amillərlə, ictimai təfəkkürün qaynaqları ilə, xalqın məişət həyatı ilə dərindən bağlı olan düşüncə və təsəvvürlər bazasında yaranır. Azərbaycançılıq ideyalarının formalaşmasında insan və cəmiyyət amili xüsusi yer tutur. Hər bir insan cəmiyyətin bir üzvüdür. Cəmiyyətdə özünəməxsus mövqe tutan hər bir şəxs bu və ya digər ideyanın yaradıcısı ola bilər. Lakin hər bir fərdi ideya cəmiyyətin ümumi psixologiyasını, təsəvvür və təfəkkürünü təyin edə bilmir. Cəmiyyət həyatı üçün ümumi xarakter daşıyan ictimai fikir və düşüncələr zaman-zaman yetkinləşərək, bütöv bir sistemə çevrilir. Cəmiyyət həyatında bütövləşən ictimai ideyalar cəmiyyət üzvlərinin ictimai xarakterini təyin edir. Bütün ictimai ideyaların mahiyyəti milli şəxsiyyət obrazının yaranması ilə nəticələnir. Belə ki, məsələn, azərbaycançılıq ideyaları mühitində formalaşan azərbaycanlı obrazı beynəlxalq ictimaiyyətə özünəməxsus xarakterə malik olan milli bir şəxsiyyət nümunəsi kimi təqdim edilir.

Sona xanım Vəliyevanın qeyd etdiyi kimi, bu gün azərbaycançılıq ideologiyası Yaşar Qarayevin təbirincə söyləsək, özünün növbəti - üçüncü səviyyəyəsinə yüksəlməkdədir. Görkəmli alimin fikrincə, "milli ideya dövlətçilik hüdudunda milli məfkurəyə o zaman çevrilir ki, bu ideyaya sahiblikdə, üstəlik, dövlət ərləri və öndərləri ilə ziyalı elita və bütöv əhali arasında monolit həmrəylik hökmfərma olur. Əzəli, əbədi Azərbaycanı yumruqda birləşdirən mənəvi cazibə məkanı da indi yalnız bu bütövlüyün məhvərində yarana bilər".

Azərbaycançılıq ideologiyası bu gün Heydər Əliyev kimi müdrik bir siyasi liderin şəxsində özünün qüdrətli qarantını tapmışdır. Digər tərəfdən azərbaycançılıq ideologiyasının öz inkişafındakı üçüncü səviyyəyə keçməsi başqa bir cəhətlə də əlamətdardır. Bu da ondan ibarətdir ki, bu ideologiya artıq müasir elmin nailiyyətlərinə əsaslanaraq, özünün elmi-nəzəri əsaslarını da təklif edir, nəzəriyyə və təcrübənin vəhdətini də təcəssüm etdirir. Bu mənada Yaşar Qarayevin, Səlahəddin Xəlilovun, Ramiz Mehdiyevin, Nizami Cəfərovun, Yaqub Mahmudovun, Anarın, Azad Nəbiyevin, onlarla filoloq, filosof, sosioloq, psixoloq və politoloqun azərbaycançılığa dair tədqiqat işləri təqdirəlayiqdir.

Professor Mübariz Yusifov yazır: "Azərbaycançılıq ideyaları ümumilikdə azərbaycançılıq anlayışının özünü formalaşdırır. Azərbaycançılıq ideyaları azərbaycançılıq anlayışı ilə üzvi şəkildə bağlıdır. Yəni bu ideyalar mövcud olmasa, yaranmasa, formalaşmasa, yetkinləşməsə azərbaycançılıq anlayışından danışmaq mümkün deyildir. Başqa sözlə, azərbaycançılıq ideyaları bütövləşir, ümumiləşir və azərbaycançılıq anlayışını yaradır. Azərbaycançılıq anlayışının yaranmasında ümumiləşən azərbaycançılıq ideyalarının bazasını ictimai təfəkkürün mövcudluğu, milli-mənəvi dəyərlər və müstəqil dövlətçilik ənənələri təşkil edir. Azərbaycançılıq anlayışının özü isə cəmiyyət həyatında çox mühüm ictimai, siyasi, ideoloji və hərəkətverici əhəmiyyət daşıyan milli şüur mənasında başa düşülür. Beləliklə, azərbaycançılıq anlayışının daxili məzmununu qısa olaraq belə xarakterizə etmək mümkündür: azərbaycançılıq ictimai təfəkkürün canlanması ilə yaranan, milli- mənəvi dəyərlər bazasında yetkinləşən və müstəqil dövlətçilik ənənələri əsasında formalaşan milli şüurdur. Bu, o deməkdir ki, ictimai təfəkkürdə milli ideyalar yaranmasa, milli-mənəvi dəyərlər də meydana gələ bilməz. İctimai təfəkkür bazasında yaranan milli- mənəvi dəyərlər isə dövlətçiliklə qorunur, zənginləşir və inkişaf edir. Dövlətçilik olmadan milli ideyalar ancaq lokal səviyyədə qalmaqla məhdudlaşır. İctimai təfəkkür cəmiyyətlə birlikdə yaşadığı üçün həm tarixidir, həm də müasir.

Ulu Öndər Heydər Əliyev öz çıxışları zamanı milli ideyaların formalaşmasında, tarixiliyin və müasirliyin dialektik vəhdət təşkil etdiyini dönə-dönə bəyan etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli ənənələrin qorunub saxlanmasında tarixiliyin, milli ideyaların bəşəri ideyalarla qovuşdurulmasında isə müasirliyin əhəmiyyətli rol oynadığını göstərir".

Professor Nizaməddin Şəmsizadə də azərbaycançılığın Ulu Öndər tərəfindən dövlətçiliyə tətbiq edildiyini, Ulu Öndərin layiqli siyasi varisi ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən inkişaf etdirildiyini qeyd edir: "Azərbaycançılığın dövlətçiliyə tətbiqi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. İlk dəfə o, 2002-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayında azərbaycançılığı Azərbaycanın milli dövlət ideologiyası kimi təsdiq etdi: "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq".

Bu gün bütün dünyada azərbaycançılığın ən böyük qarantı Prezident İlham Əliyevdir

Bu gün azərbaycançılıq dövlət siyasətində, ədəbi-bədii yaradıcılıqda, mədəniyyət və incəsənətdə, dilçilikdə, tənqid və ədəbiyyatşünaslıqda, ağsaqqala hörmətdə, əsgərin qəlbində, ailə kultunda fəal bir şəkildə davam və inkişaf edir. Yazıçı Hüseynbala Mirələmovun qeyd etdiyi kimi, "Hamımızın tapındığı bir həqiqət var. Bu, Azərbaycan dövlətçiliyinə sadiq olmaq, siyasi fikir ayrılıqlarına baxmayaraq, milli maraqlarımızı göz bəbəyi kimi qorumaqdır".

Azərbaycançılıq hər bir vətəndaşın  dövlətçiliyə ehtiramında, ailəyə sədaqətində, torpağa sevgisində, üçrəngli bayrağa məhəbbətində, Azərbaycanın tarixi sərhədlərinin bərpası uğrunda mübarizəsində ifadə olunur.

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Azad Azərbaycan.- 2013.- 28 iyun.- S.5.