Səyavuş Aslan II Fəxri
Xiyabanda dəfn edildi
Akademik
Milli Dram Teatrında xalq artisti Səyavuş Aslanla vida mərasimi
keçirilib. Lent.az-ın məlumatına görə, vida mərasimində
çıxış edən mədəniyyət və turizm
nazirinin müavini Ədalət Vəliyev bildirib ki, S. Aslan Azərbaycan
teatr sənətinin sonuncu mogikanlarından biridir: “Onun
tamaşalarını yüz dəfələrlə, min dəfələrlə
izləmişik. Siyavuş Aslanı hamı komik rolların
ifaçısı kimi tanıyırdı. O, sonralar bir
sıra dramatik rollara da çəkildi. O, Milli Dram Teatrının
səhnəsində böyük dramaturqların
tamaşalarında böyük rollara imza atdı. Siyavuşu mən
80-ci ildən tanıyırdım. Onunla bağlı xeyli xatirələrim
var. Səyavuş Aslan son dərəcə ürəyiyumşaq,
ətrafındakı adamlara hədsiz diqqətli adam idi.
Siyavuş Aslanın sənəti dövlət tərəfindən
həmişə yüksək qiymətləndirilib. İki
gün öncə hörmətli prezidentimiz onu “Şərəf”
ordeni ilə təltif etdi.”
Daha sonra
çıxış edən Teatr Xadimləri
İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov
sənət dostu haqqında fikirlərini bildirib: “Siyavuş
Aslanla 40 il dostluq etmişik. Onunla hansı qastrolda olurdumsa,
böyük tamaşaçı sevgisi ilə
qarşılaşırdıq. Bu itki bizim hamımızı
sarsıdıb. Onun ailəsinə, yaxınlarına
başsağlığı verirəm”.
Xalq
artistləri Rafiq Əzimov, Nurəddin Mehdixanlı, Bəsti Cəfərova,
İctimai Televiziyanın baş direktoru Cəmil Quliyev S. Aslan
haqqında xatirələrini, fikirlərini
bölüşüb, aktyorun yoxluğunu Azərbaycan
teatrı və kinosu üçün böyük itki kimi dəyərləndiriblər.
Xalq
artistinin cənazəsi dəfn olunmaq üçün II Fəxri
Xiyabana aparılıb.
Tofiq Hacı
Azad Azərbaycan.-
2013.- 28 iyun.- S.3.