Azərbaycançılıq və milli
muğamlarımız
Azərbaycançılıq ideyaları Azərbaycan professional musiqisinin “şifahi” ənənəyə malik, özünəməxsus xalq musiqisi janrı olan muğamlarla da sıx bağlıdır. Tədqiqatçıların fikrincə, qədim dövrlərdən meydana gələn muğam musiqisi haqda bizə ilk məlumatı orta əsrlər verir. Məlumdur ki, o dövrdə Azərbaycan poeziyası yüksək çiçəklənmə mərhələsinə çatmış və onun ən yaxşı nümayəndələri olan Xaqani, Nizami, Nəsimi, Füzuli və başqaları bütün dünyada şöhrət qazanmışlar.
Poeziya - orta əsr Azərbaycan incəsənətinin ən parlaq və yüksək nailiyyətlərindən biridir. Təəccüblü deyil ki, öz təbiəti etibarilə ahəngdar incəsənət olan musiqi poetik yaradıcılığın nailiyyətlərindən geniş istifadə edirdi. Buna klassiklərin poeziyası ilə üzvi surətdə bağlı olan bir çox muğamları misal gətirmək olar. N.Məmmədovun fikrincə, muğamın meydana gəlməsi haqqında rəvayətlərdən biri də bu janrın poetik yaradıcılıqla birgə yaranmasından ibarətdir. Orta əsr Azərbaycanında şeirlərin deklamasiya şəklində oxunması geniş surətdə tətbiq edilirdi. Onun özünəməxsus forması var idi. Şeirləri sözü uzadaraq oxuyurdular. Poetik qafiyəsinin gözəlliyi və quruluşu baxımından öz-özlüyündə ahəngdar olan şeir musiqi deklamasiyalarının yaranmasına imkan verirdi. Güman etmək olar ki, sözü uzadaraq deyilən deklamasiya üslubca reçitativ quruluşda olan muğam melodiyalarının meydana gəlməsinin qaynaqlarından biri olmuşdur. Muğamın hələ qədimdən klassik şairlərin şeirlərində ifa olunmasını nəzərə alsaq, bu fikir həqiqətə uyğun olar. Bundan əlavə, reçitativə poeziya ilə musiqi arasında keçid forması kimi baxmaq lazımdır.
Muğamların meydana gəlməsi haqqında məşhur rus folklorçu alimi V.M.Belyayev göstərir ki, kənd folkloru ilə əlaqədə olan aşıq yaradıcılığının inkişafı ilə paralel olaraq “Azərbaycan şəhərlərində yazılı poeziya və ədəbiyyatın inkişafı ilə əlaqədar xalq professional incəsənətinin başqa növü - xanəndə yaradıcılığı inkişaf etmişdir”. Reçitativ muğam melodiyalarının meydana gəlməsini Quran mətnlərinin uzadılaraq oxunması ilə əlaqələndirən başqa bir mülahizə də mövcuddur. Bu fikri, məsələn, Yəmən musiqişünası Samxa El Xoli təsdiq edir: “İmprovizasiyanın ən qədim və əsil ifadəsi Quran şeirlərinin oxunmasından irəli gəlir, bu oxumanın ritmi prosodiyası ilə əlaqələndirilsə də, melodiyası müğənniyə sözlərin əhəmiyyətindən və mövcud melodik üslubun şərtiliyindən asılı olaraq improvizasiya ixtiyarı verir”.
N.Məmmədov fikirlərinə davam edərək yazır: “Yuxarıda dediklərimizlə əlaqədar, öz növbəsində, ehtimal etmək olar ki, muğam melodikası ilk əvvəl vokal formasında meydana gəlmiş, sonralar görünür, ona instrumental ansambl (tar, kamança, dəf) birləşmişdir. Vokal-instrumental muğam daha sonralar inkişaf etməyə başlamışdır. Xalis vokal muğamı yalnız dini ayinlərdə qorunub saxlanmışdır”.
Muğam əsasən estetik funksiya
daşıyır. O öz yüksək bədii təzahürü
ilə insan fəaliyyətinin bilavasitə bədii olmayan
növləri ilə bağlı deyildir. Məhz buna görə də
muğamı professional incəsənətə aid etmək
olar. Müəyyən ictimai-tarixi şəraitdə
muğam özünəməxsus ifadə vasitələrinin
köməyi ilə müəyyən dərəcədə
emosional məzmun, hətta dövrün fəlsəfəsini
özünə birləşdirərək, Avropa bəstəkarlıq
yaradıcılığının janrına məxsus bədii
rol və funksiya daşımışdır.
Başqa
cür ola da bilməzdi, çünki
yuxarıda qeyd edildiyi kimi, muğamların mətnləri
keçmiş klassik şairlərin - Xaqani, Nizami, Nəsimi və
Füzulinin şeirlərindən ibarət olmuşdur. Bu sənətkarlar, məlum olduğu kimi, eyni
zamanda, alim-filosof olmuş və bütün bədii mədəniyyətin
inkişafına böyük təsir göstərmişlər.
Muğamın fikri məzmunu poetik mətni fikri
məzmununa uyğun gəlirdi. Poetik mətnlər
isə çox vaxt sevgi mövzularına həsr edilir,
şairlər tərəfindən böyük həyati
ümumiləşdirmələr aspektində verilir və
xoşbəxtlik haqqında insanın hüdudsuz
arzularını simvolik şəkildə açıb göstərirdi.
Muğam sənəti ilə poeziyanın əlaqəsi bədii
istiqamətin ümumiliyində, stilistikasında,
kompozisiya-quruluş xüsusiyyətlərində təzahür
edirdi.
Məlum olduğu kimi, poema orta əsr poeziyasının
geniş yayılmış janrlarından biridir. Varlığın
canlı hadisələri burada yüksək həyəcanlı
planda təsvir olunurdu. Məşhur sovet
alimi şərqşünas N.İ.Konradın təsdiq etdiyi
kimi, Qərbdə və Şərqdə orta əsr bədii mədəniyyətinin
parlaq inkişafı dövründə, yəni renessans
dövründə yaradılmış poemaların qəhrəmanı
əhvali-ruhiyyə, obrazlı təfəkkürü
baxımından romantik səpkidə təsvir edilmişdir.
Sonra N.İ.Konrad yazır ki, “renessans şairlərinə,
həqiqətən, təsvirlərdə və
xarakteristikalarda hədsiz-hüdudsuz mübaliğə,
fantastika genişliyi xasdır”.
Hisslərin ekspressivliyi, müəyyən bir emosional vəziyyətdə
dərinləşmə, emosiyaların dönə-dönə,
çevik surətdə dəyişməsi, geniş
kulminasiyalar gərginliyi ilə səciyyələnən
muğam sənəti də romantik istiqamətdə inkişaf
edirdi. Tədqiqatçı Mina Hacıyeva “Musiqi
folklorumuzun mükəmməl abidəsi muğamdır” məqaləsində
göstərir ki, hər bir milli mədəniyyətin fərqli,
səciyyəli cəhəti onun folklorunun, xalq
yaradıcılığı qaynaqlarının
orijinallığında, özünəməxsusluğundadır.
Folklora qayıdış, maraq heç bir zaman
azalmayıb, əksinə, işıqlı fikir sahibləri, zəka
mücəssimələri ondan bəhrələnərək
zaman-zaman ölməz sənət əsərləri
yaradıblar. Lakin burası da həqiqətdir
ki, hər bir tarixi dövr öz təkamül, yeniyetmə, mədəniyyət
dəyərlərini təkmilləşdirmək
inteqrasiyasını irəli sürüb nə zamanın
estetik yönümündən, insanların fəlsəfi təfəkkür
tərəfindən asılı olaraq folklordan istifadə, ona
yanaşma təcrübəsi də dəyişib. VIII əsrin
ən görkəmli musiqişünası, Yaxın və Orta
Şərq xalqlarının musiqi nəzəriyyəsinin əsasını
qoyan Bəsərli Əbu Əbdürrəhman Xədil,
İbn Əhməd Fərahidi, Əbunəsir Məhəmməd
Fərabi, Hümam Təbrizi, daha sonra Səfiəddin Urməvi,
Əbdülqadir Qeybi oldu. Maraqlı və digər
alimlərin musiqiyə dair əsərləri sübut edir ki,
peşəkar, klassik musiqi sənətinin ibtidai-memorial
formaları hələ quldarlıq quruluşu bərqərar
olunduğu dövrlərə təsadüf edir.
Çox-çox qədimlərdə, zərdüştlük
dövründə çoxsəsli dini nəğmələr
oxumağın izləri olduğu da sübuta yetirilmişdir. Şübhəsiz,
ki, bu nəğmələrin müəllifi zərdüştün
özü olmuşdur. B.Bertels “Oçerki
istorii persidskoy literaturı” kitabında bunu etiraf edir.
İslamın meydana gəlməsindən iki əsr sonra
müsəlman ruhanilərinin musiqini, mahnını, təsviri
sənəti yasaq etdikləri zamanlarda belə xüsusilə
Fufizs Hərəkatı ilə əlaqədar çox səciyyəli
nəğmələr oxunardı. Hətta müqəddəs
kitab Quranı, sadəcə olaraq, mütaliə etməyə
icazə verildiyi dövrlərdə də, artıq Quranın
surələrini minbərlərdən rozəxanlar muğam
üstündə oxumağa başlamışdılar. Bunu danmaq olmaz ki, ən qədim musiqi ənənələrimizin
inkişafına dinin güclü təsiri olmuşdur.
Din incəsənətin, eləcə də, musiqi mədəniyyətinin
təşəkkül tapmasına, sərbəst “əl-qol
açması”na həmişə mane olsa da, bu iki məfhum
tarix boyu qoşa yaşamış, bir-birilə açıq və
gizli ədavət aparmış, hətta musiqi dini təbliğ
etmək məcburiyyətində qalanda belə yenə də
öz mahiyyətini, varlığını, sosial borcunu
xürafatın dar məngənəsindən
çıxarmış, Ulu Tanrının xəlq etdiyi
insanların ruhu, duyğusunu təlatümə gətirmiş,
sevinc və kədərinin tərcümanı olmuşdur. Belə
ki, müəyyən dövr islam dini incəsənətin atsa
da istər ədəbiyyat, istər təsviri sənət, istərsə
də musiqi sənəti sahəsində Yaxın Şərq,
o cümlədən, Azərbaycan xalqı özlərinin
ölməz sənət nümunələrini yaratmağa nail
olmuşlar. Əlbəttə, sənətdə
olan intibah xalqın tarixi ilə, taleyi ilə
bağlıdır. Bunları cəmiyyətin
inkişaf qanunauyğunluqlarında, ictimai şüurun tədricən
formalaşmasında axtarmaq lazımdır. Olduqca keşməkeşli
inkişaf yolu keçmiş, tarixin gözlənilməz,
amansız zərbələrinə cəsarətlə
dözüb ərəb xəlifələri,
monqol-köçəri feodal başkəsənləri,
İran şahları, Osmanlı paşaları və s. tərəfindən
zaman-zaman talan edilən, mənəviyyatı tapdanan Azərbaycan
xalqı yenə də öz qədim mədəniyyətini və
bu mədəniyyətə daxil olan dəyərlərini
qoruyub saxlaya bilmişdir.
Əcdadlarımızın
bu nailiyyətləri el sənətkarlarının əl
işlərində, memarlıq dühasının bəhrəsi
olan məbəd və ehramlarda, daş kitabələrdə, qəsidələrdə,
rübai və məsnəvilərdə, musiqidə, nəğmədə
ulu fikirlər qaynağı olan xalq təfəkkürünün
bütün möhtəşəmliyini, əzəmətini
özündə cəmləşdirən muğamlarda
ölümsüz örnəklərimizlə yaşayır.
X əsrdən
başlayaraq tarixə intibah - mədəniyyətinin
qızıl dövrü tək həkk olunan orta əsrlərdə
Şərq ölkələrində muğam sənəti
geniş yayılmağa başlamışdı. Bunların arasında Azərbaycan muğamları
öz lad və koloritinin zənginliyi, fəlsəfi tutumu, əzəməti
ilə seçilirdi.
Şərq xalqlarının musiqi sənətinə,
poeziyasına xas olan dünyəvilik, bəşəri hiss,
humanizm bütün möhtəşəmliyi ilə
muğamlarımızda ehtiva edilib. Muğam Azərbaycan
xalqının ruhu, əbədiliyi, idrakı,
varlığının parlaqlığının pasportudur.
Maraqlıdır ki, hələ orta əsrlərdən
də əvvəl İshaq İbn-İbrahim və əl-Xəlil
adında musiqişünaslar öz risalələrində
muğamat barədə kifayət qədər təsəvvür
yaradıbdır.
Memorial janra, yəni musiqinin, mahnının zənginliyinə,
muğamlara qayıdış Səfəvilər hakimiyyəti
zamanında daha geniş inikas tapmışdır. Məhərrəmlik
mərasimlərində, təziyə günlərində Məhəmməd
Peyğəmbərin nəslindən olan İmam Əlinin Kərbəla
müsibətinin xalqa çatdırmaq müsəlman ölkələrinin
bir çoxunda bu ənənə indi də davam edir.
İmam Əli və Onun övladları üçün
göz yaxı axıtmaq, eləcə də, şiəliyi
gücləndirmək naminə “Rast”, “Şur”, “Segah”
muğamları üstündə meydanlarda, təziyə məclislərində
mərsiyələr deyilər, qəsidələr oxunardı.
Şah İsmayıl Səfəvi dövründə
1501-1524 bu ənənə özünün ən yüksək
pilləsinə çatmışdır.
1587-1629 illərdə İranın hökmdarı
olmuş Şah Abbas da öz sələfinin yolunu davam
etdirmişdir.
Onun dövründə şiə məzhəbinin
banisi İmam Əlinin şəninə şəbeh
tamaşaları göstərilir, müxtəlif dini mərasimlər
çox təntənəli keçirilərmiş. Bizcə, mükəmməl, kamil muğam
ifaçıları məhz həmin dövrlərdən
yetişməyə başlamışdır.
Bu gün cəsarətlə və fəxrlə deyə
bilərik ki, çağdaş Azərbaycan musiqisinin
uğurlarında həmin dövrlərdən qalmış
musiqi, mahnı folklorunun, onun memorial qaynaqlarının nailiyyətləri
əvəzedilməzdir. Ü.Hacıbəyov yazır:
“İndiyədək zamanın və hadisələrin
sarsıdıcı təsirinə qarşı möhkəm
duran yekanə muğam “Rast”dır. Bu muğam
kökünün möhkəm və məntiqli olması onun
adının mənasına tamamilə uyğun gəlir: “Rast”-düz, doğru deməkdir”.
XVII əsr
Orta Asiya musiqisi-alimi Dərviş Əli özünün
musiqi traktatında sələfləri olan görkəmli
musiqiçi-alimlər Səfiəddin Urməvi, Əbdülqadir
Marağayi, Sultan Üveys Cəlairin nüfuzuna istinad edərək
muğamın əmələ gəlməsi haqqında əfsanəvi
məlumatlar verir: “Rast muğamı Adəmdən
qalmışdır o, ilk insanın əldən
çıxmış cənnət və itirilmiş xoşbəxtlik
haqqında ağlamasından ibarətdir”. Zənnimizcə,
burada “ağlamağı” həyat və səadət
haqqında düşüncələr mənasında başa
düşmək lazımdır.
Musiqişünas F.Əmmar məlumat verir ki, “Rast”
ladı haqqında bizə gəlib çatan nəzəri
mülahizələr XIII əsrə aiddir”. Lakin ərəb
musiqisi tarixinə aid məxəzlər görkəmli ərəb
filosofu və musiqiçisi əl-Kindinin (IX əsr)
dövründə yayılmış elə bir lad haqqında
xəbər verir ki, bizim ona bir növ “Rast” ladının
kökü kimi baxmağa haqqımız vardır. Bu lad “Xinsar fil binsar” adı altında əl-Ükeylinin
(XX əsr) əvvəlindəki səkkiz lad içərisinə
daxildir. Müasir ərəb
musiqişünası bunu əl-İsfahaninin (IX əsr)
“Böyük mahnı kitabı”ndan
götürmüşdür.
Böyük
Azərbaycan bəstəkarı Fikrət Əmirov muğamlara
və muğamların milli varlığımızla
bağlılığına işarə edərək
yazır: “Muğamlar bütünlükdə və
ayrı-ayrılıqda hər biri poetik obraz, təsəvvür
və fəlsəfi ideyalar aləmini əks etdirir. Bu aləmə sahib olan və onu kütləyə
yetirə bilənlər, hər şeydən əvvəl, xanəndə-müğənnilər
və onları müşayiət edən virtuoz
ifaçılar olmuşlar. Xanəndələr
təkcə gözəl səsə, həm də kişilər
üçüm qeyri-adi dərəcədə yüksək
olan tessituraya malik olmur, eyni zamanda, xalq musiqiçilərinin
bir çox nəsilləri tərəfindən
toplanmış muğam ifaçılığı təcrübəsinin
gözəl biliciləri olurdular. Muğam
üslubunda improvizasiya böyük rol oynayır. Muğam melodiyasının intonasiya zənginliyi hər
bir ifaçı-xanəndənin fərdi fantaziya və sənətkarlığından
asılı olur.
Lap qədim
zamanlardan başlayaraq muğamlar Şərqin böyük
söz ustalarının poeziyası ilə möhkəm şəkildə
bağlı olmuşdur: muğamlarda oxunan mətnlərdə
Nizami, Nəsimi, Füzuli, Xaqani və başqa görkəmli
Azərbaycan şairlərinin əsərlərindən istifadə
edilmişdnr. Odur ki, muğam
ifaçıları, eyni zamanda, bu böyük şairlərin
yaradıcılığının təbliğatçısı
kimi də çıxış edir, onların ölməz
poetik incilərinin geniş kütlə içərisində
yayılmasına kömək göstərmiş olurdular.
Muğam sənəti təkcə Azərbaycanın
deyil, həmçinin, Şərqin digər xalqlarının,
məsələn, türklərin, iranlıların, ərəblərin,
hindlilərin musiqi mədəniyyətində rol
oynamışdır.
O da məlumdur
ki, ilk Azərbaycan milli operalarında muğam mühüm yer
tutmuş, muğam ifaçıları da görkəmli rol
oynamışlar. Həmin operaların adına milli
varlığımızla, milli ideyalarımızla, o cümlədən,
Azərbaycançılıqla sıx bağlı olan
muğamlarımıza Ulu Öndər Heydər Əliyev tərəfindən
olduğu kimi, Onun layiqli siyasi varisi ölkə Prezidenti cənab
İlham Əliyev tərəfindən də rəsmi dövlət
səviyyəsində qayğı göstərilir. Bu işdə xüsusilə Heydər Əliyev Fondunun
prezidenti ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın
xidmətlərini xüsusi qeyd etmək lazımdır.
Vahid Ömərov
Azad Azərbaycan.-
2013.- 13 mart.- S.5.