Azərbaycançılıq
və Azərbaycan təsnifləri
Azərbaycançılıq
ideyası həm muğamın bədii dəsgah kimi təşkilində
böyük əhəmiyyət kəsb edən, həm də
müstəqil janr şəkli almış təsnif və rənglərlə
də bağlıdır. Böyük Azərbaycan bəstəkarı
Fikrət Əmirov milli təsniflərin yad ünsürlərdən
qorunmasına, onun milliliyinin saxlanmasına xüsusi əhəmiyyət
verirdi: “Muğam dəsgahlarımız musiqi folklorumuzun elə
klassik forması, elə zəngin irsidir ki, Azərbaycan
musiqisinin köküdür, mayasıdır.
Məlumdur
ki, Yaxın və Orta Şərq xalqlarının da öz
muğamları vardır. Azərbaycan muğam sənətini əsrlərlə
qəlbində yaşadan, onun paklığını qoruyan
ustalara biz borclu qalırıq. Onlar söz ilə musiqinin
çox böyük vəhdətini tapmışlar. O, xanəndələrin
Nəsimidən, Xətaidən, Füzulidən, müasir
şairlərdən oxuduqları böyük bəşəri
duyğular tərənnüm edən qəzəllər musiqi
ilə o qədər qaynayıb-qarışıb ki, elə
bilirsən bu muğamlar, bu dəsgahlar elə bu sözlər
üçün yaranmışdır.
Təəssüflə
qeyd etməliyik ki, muğam ifaçılarımızın ən
yaxşı ənənələri daha da inkişaf etdirilməkdənsə,
bəzi müasir ifaçılar tərəfindən unudulur.
Xüsusi hazırlıq, incə zövq, zəngin səs tələb
edən muğamatı bilən də, bilməyən də
oxuyur. Elə olur ki, xanəndələr öz
üslublarını müəyyən etmək
qayğısına qalmır, səsi
çatdı-çatmadı zilə çıxmağa
çalışır və camaatı bir növ əl
çalmağa təhrik edirlər, qəsdən yumşaq, həzin
oxumağı özlərinə layiq bilmirlər, amma çox
nahaq yerə. Bəzən də musiqini süni surətdə
müasirləşdirmək həvəsi söz ilə musiqi
arasındakı vəhdəti pozur, onu hətta
acınacaqlı hala salır. Buna görədir ki, ən nikbin
duyğular oyadan, yaşamağa, yaratmağa
çağıran, işıqlı, parlaq ifadələr
iniltili bir xanəndə nəfəsi ilə oxunur.
İndi
muğam ifaçılığında mühüm məsələlərdən
biri də Azərbaycan muğamlarını yad təsirdən
qorumaq işidir. Bəzən elə olur ki, məsələn,
“Şur” dəsgahı elan edilir. Qulaq asanda görürsən,
bir təsnif yaxud bir rəng, məsələn, İran
musiqisidir. Əlbəttə, İran, yaxud ərəb təsnif
və rənglərini ifa etmək olar, lakin onu Azərbaycan
muğamatına qatmamaq şərtilə. Bu məsələ
bir də ona görə ciddidir ki, əgər
muğamlarımız indi təmiz ifa olunmazsa, orada yad musiqi
ünsürləri özünə yer taparsa, gələcək
nəsil də onu beləcə qəbul edəcəkdir”.
N.Məmmədov
da təsnif və rənglərin milli duyğular və
ideyalarla sıx əlaqəsinə üstünlük verir.
İmprovizasiya-reçitativ
vokal melodiyalar daimi xanə ölçüsünə malik dəqiq
ritmli melodiyalarla növbələşir. Onlardan bəziləri
təsniflər, digəri isə rənglərdir. Təsnif və
rənglər bilavasitə mahnı-rəqs sənətinin təsiri
ilə yaranmışdır.
Təsnif
və rənglər şifahi ənənəyə malik Azərbaycan
professional musiqisində geniş inkişaf edib öz mahiyyəti
etibarilə müstəqil janr şəkli almışdır.
Bununla bərabər onlar muğam sənətində
muğamın tam bədii əsər (dəstgah) kimi təşkilində
böyük əhəmiyyət kəsb edən müəyyən
obraz-məna və müəyyən forma yaradıcı vəzifə
daşıyır. Həm təsniflər, həm də rənglər
muğama obraz-emosiya təzadları gətirir. Lakin burada
seyrçi xəyalpərvərlik, düşüncələrə
dalmaq, hisslərin gərgin şəkildə ifadəsi kimi
hallar olmur. Əksinə, təsnif və rənglərə
tipik xalq mahnı və rəqs melodiyalarına məxsus
“yumşaq” emosiyalar xasdır. Təsnif və rənglər
intonasiya-funksional baxımdan müstəqil bölmələr
təşkil etmir, əksinə, onlar bilavasitə sırf
muğam melodiyaları ilə, reçitativ-improvizasiya ilə əlaqədardır.
Təsniflərdə və rənglərdə əvvəlki
melodiya improvizasiyaların intonasiya məzmunu başqa
tamamlanmış melodik-ritmik formalarda bitir və yaxud təsniflər
və rənglər iptonasiya cəhətdən
bağlayıcı rolu oynayır. Çox təbii olaraq,
instrumental muğamlarda (solo ifa zamanı) təsniflərin,
habelə, bir çox hallarda rənglərin də
üstündən keçilir, yəni onlar
çalınmır ki, bu da muğamın bölmələri
arasındakı sərhədi aradan qaldırır və
musiqiyə daha artıq rəvanlıq, axıcılıq,
fasiləsizlik gətirir.
R.Zöhrabov
Azərbaycan təsniflərinin xalqımızın
idealları və milli ideyaları ilə
bağlılığına toxunaraq göstərir ki, Azərbaycan
xalq-professional musiqisinin əsas janrlarından olan təsniflər
xalqımızın mənəvi sərvətinin mühüm
və ayrılmaz hissəsidir. Xalqın düha və təfəkkürünün,
arzu və ideallarının, kədər və iztirablarının
ifadəsi olan bu qiymətli incilər əsrlərin
sınağından keçib yaşamış, illər
keçdikcə cilalanmış, yeni-yeni xallarla zənginləşmişdir.
Qədim
tarixə malik Azərbaycan təsnifləri xalqımız
arasında geniş yayılmışdır. Buna baxmayaraq, hələ
bu günə qədər bu janrın elmi və musiqi-nəzəri
cəhətdən tədqiqinə aid heç bir elmi əsər
yazılmamışdır. Əlbəttə, birinci növbədə
buna səbəb təsniflərin nota yazısının
olmamasıdır. Halbuki təsniflərin toplanıb nota
yazılması və nəzəri cəhətdən tədqiqi
bu günün vacib məsələlərindəndir.
Təsniflər
muğam dəstgahlarının daxilində yaranmış və
inkişaf etmişdir. Onlar vokal-instrumental janrlar qrupuna daxildir.
Adətən,
muğam dəstgahlarında hər şöbənin
oxunmasından sonra rəng çalınır və ya təsnif
oxunur. Kiçik həcmli muğamlarda çox zaman təsnif
muğamın axırlarında ifa olunur. Beləliklə, dəraməd
və bərdaştdan (giriş-prelüd) sonra improvizasiya səciyyəli
muğam şöbələrinin rəng və təsniflərlə
ardıcıllaşması onun dəsgah formasını
yaradır.
Dəstgahın
hər bir şöbəsindən sonra təsnifin oxunması
vacib deyildir. Bu, əsas etibarilə bütöv şəkildə
muğamın və ya onun ayrı-ayrı şöbələrinin
improvizasiya xüsusiyyətlərindən asılıdır. Əgər
vokal improvizasiya öz həcminə görə kiçikdirsə
və əslində, intermediya xarakteri daşıyırsa, həmin
şöbədən sonra təsnif oxunmur. Məsələn,
“Rast” dəsgahının “Hüseyni” şöbəsində təsnif
tələb olunmur, çünki əslində, bu şöbənin
özü intermediya səciyyəsi daşıyır.
Kiçik
formalı muğamlara, adətən, bir və ya bəzən
iki təsnif daxil edilir. Dəstgahdakı sənətkaranə
şöbələr də özündən sonra təsnifin
oxunmasını tələb etmir. Məsələn, mürəkkəb
vokal texnikasını, müxtəlif zəngulələri, bəzəkləri
və başqa musiqi ifadə vasitələrini özündə
toplayan “Rast” muğamının “Pəncgah” və ya
“Bayatı-Şiraz”ın “Hüzzal” şöbələrində
adətən təsnif oxunmur, rənglə əvəz edilir.
Muğamların
geniş yayılması və inkişafı ilə əlaqədar
folklorumuzda çoxlu təsnif yaranmışdır.
R.Zöhrabov təsniflərin dəsgahda ifadə edilməsinin
aşağıdakı xüsusiyyətlərini göstərir.
Lirik və ya bəzən rəqsvarı səciyyə
daşıyan təsniflərin dəsgahda ifa edilməsinin bir
sıra xüsusiyyətləri vardır ki, bunlar da:
1)
muğamın təsir gücünü artırır;
2)
muğam şöbələri arasında bədii təzad
yaradır;
3)
muğam şöbələrini bir-birilə bağlayır;
4)
muğamda metro-ritm cəhətdən konstruktiv ciddilik
yaradır.
Təsniflər
iki şəkildə təzahür edir: həm vokal-instrumental
muğamın şöbələri arasında, həm də
müstəqil şəkildə.
Təsnif
müstəqil şəkildə ifa olunanda da muğamsız
oxunmur; təsnifin ya əvvəlində, ya da orta hissəsində
mütləq muğam parçasından istifadə edilir.
Təsniflərin
adları öz mətnlərinin məzmununa görə deyil,
tərkibinə daxil olan və onlara əsaslanan muğam və
yaxud şöbələrin adı və musiqi məzmunu ilə
əlaqədardır. Məsələn, “Rast”
muğamının “Vilayəti” şöbəsində oxunan təsnif
“Vilayəti təsnifi”, “Çahargah” muğamının “Bəstənigar”
şöbəsindən sonra oxunan təsnif “Bəstənigar təsnifi”
və yaxud “Bayatı-Şiraz” muğamının
“Bayatı-İsfahan” şöbəsindən sonra oxunan təsnif
“Bayatı-İsfahan təsnifi” adlanır. Lakin təsniflərin
hər birinin muğamın müəyyən şöbəsinə
aid olmasına baxmayaraq, çox zaman onlar əsas muğama
görə də fərqləndirilir. Məsələn,
“Segah” muğamında nə qədər təsnif olursa-olsun,
onların hamısına ayrılıqda “Segah təsnifi” və
həmçinin, “Şur” muğamına daxil olan təsniflərə
“Şur təsnifi” deyilir.
Təsniflər
öz-özlüyündə bir-birinə bənzər, eyni tərzli,
yeknəsəq olmur. Onlar çoxşəkilli və rəngarəng,
forma etibarilə müxtəlifdir. Bu cəhətlər
varlığın geniş əhatə olunması ilə,
mövzuların rəngarəngliyi, ifaçılıq
üslubunun fərdiliyi, tarixi laylanmanın (laylara ayrılma)
mövcudluğu və s. ilə izah oluna bilər. Lakin təsniflər,
adətən, ağır temp, melodiyanın pillə-pillə hərəkət
tərzi, həm də onun hərəkətlərinə
vokalizlər tətbiq edilməsi, çoxhecalı musiqi
cümlələri, sərbəst muğamvarı kadanslar, nəqəratlı
sözlərin işlədilməsi (bəzən nəqəratlı
sözlərin əsasında yeni musiqi cümlələrinin
yaranması) və s. musiqi məziyyətlərinə görə
də seçilirlər.
Keçmişdə
dəstgahlarda oxunan təsniflər, adətən, kiçikhəcmli
olurdu, quruluşca intermediya səciyyəsi
daşıyırdı.
Tədriclə
təsnif mürəkkəb forma və məzmunla, yeni keyfiyyətlərlə
zənginləşib, intensiv inkişaf edir, onun tematikası
genişlənir; təsniflərin mündəricəsinə
sevgi lirikası ilə yanaşı, insanın ülviliyi, onun
həyata münasibətində ictimai-fəlsəfi dərinlik
və s. xüsusiyyətlər də daxil olur. Eyni zamanda, təsniflərin
quruluşunda da dəyişikliklər yaranır: bəndlərin
və beytlərin sayı çoxalır (bununla əlaqədar
melodik ibarələrin sayı da artır), lad əsası daha
da dolğunlaşır, diapazon genişlənir, metro-ritm
mürəkkəbləşir, ifa üslubu dəyişilir. Təsnifin
“canı” olan melodiya da, öz növbəsində,
transformasiyaya uğrayır.
Müəllif
daha sonra qeyd edir ki, hazırda təsniflər Azərbaycan
xalq-professional musiqi janrı kimi yüksək inkişaf səviyyəsindədir.
Onlar xalq və xalq-professional incəsənətin qədim ənənələri
ilə sıx bağlı olaraq Azərbaycan musiqi şeir
yaradıcılığının geniş bir sahəsini təşkil
edir. Müasir dövrdə yaranan təsniflər artıq təkcə
bir muğam şöbəsinin deyil, əsaslandığı
muğamın bütün xüsusiyyətlərini
özündə toplayır, ona görə də son zamanlar
müstəqil şəkildə də ifa olunur.
Məlumdur
ki, təsniflərin ifaçıları xanəndələrdir.
Onlar ifaçılıqla bərabər, həm də bu incilərin
yaradıcılarıdır. Bu prosesdə çox zaman xanəndələrlə
birlikdə müşayiətçi sazəndə dəstəsi
də iştirak edir. Beləliklə, təsniflər instrumental
ansamblların müşayiətilə oxunduğu
üçün onların musiqisi bəzi hallarda harmonik və
polifonik ünsürlərlə zənginləşdirilir.
Təsnifdə
aşağıdakı ünsürlər üzvi surətdə
birləşir:
1.
Şeir bəndləri və beytləri ilə ifadə olunan,
onun tematik və surətli məzmununu təşkil edən ədəbi
mətn və 2. Lad-məqam, melodika, metro-ritm və forma kimi musiqi ifadə vasitələri.
Məhz dediyimiz keyfiyyətlərlə
əlaqədar bu oçerkdə müəllif
Azərbaycan təsniflərinin
həm mətninə,
həm də musiqi cəhətlərinə
eyni dərəcədə
diqqət yetirir, bu iki komponentin
qarşılıqlı əlaqəsi
prinsipini təhlildə
meyar götürür.
Təsniflərdə aşiq hər cəfaya dözür və ancaq zülm
həddən aşanda
öz taleyindən, bəxtindən, “fələkdən”
şikayətlənir. Təsniflərin mətnlərində məhəbbət
motivləri ilə yanaşı, ictimai motivlər də əsas yer tutur.
Bir çox təsnif mətnlərində Azərbaycanın
təbiətini təsvir
edən simvolik surətlər işlənir.
Xüsusilə, məhəbbət simvolu kimi bülbül
və qızılgül
surətlərinə daha
çox təsadüf
olunur. Təsniflərin mətn əsasını
qəzəl, qoşma,
bayatı, gəraylı
və başqa şeir formaları təşkil edir.
Vahid ÖMƏROV
Azad Azərbaycan.- 2013.- 15 mart.- S.5.