Azərbaycançılıq - birləşdirici ideya

 

Azərbaycançılığın milli mədəniyyət, milli bədii fikir, ictimai dünyagörüşü istiqamətində qədim tarixi vardır. Millətin formalaşma prosesi ilə tarixən üst-üstə düşən azərbaycançılıq  fərddən cəmiyyətə, cəmiyyətdən dövlət səviyyəsinə qədər  böyük bir inkişaf yolu keçmişdir. Mədəniyyətin müxtəlif  pillələri tədrici təkamülün mərhələləri hesab oluna bilər. Onların hər biri keçmişin bəhrəsi olduğu kimi, həm də gələcəyin formalaşmasında rol oynayır. Mədəniyyətin müxtəlif pillələri bizim kontekstdə həm də azərbaycançılığın çeşidli pillələrini özündə ehtiva edir. Bütün millətlərin milli mədəniyyəti onu təmsil edən xalqın milli dəyərləri üzərində inkişaf edir.

Azərbaycan mədəniyyəti və bədii fikri, bədii söz sənəti tarixən vətən və xalq anlayışını özündə birləşdirən azərbaycançılıq ideologiyasının ifadəsinə xüsusi səy göstərmişdir. Azərbaycançılıq vətən əxlaqının tərkib hissəsi kimi zaman-zaman ziyalıların inanc yeri  olmuşdur. Bu ideologiyanın milli bədii söz sənətində daimi mövzu kimi qalması da həmin zərurətin dərk edilməsindən doğur. Ümummilli lider Heydər Əliyev azərbaycançılığı dövlətçiliyə şamil etməklə onu dövlət siyasəti səviyyəsinə qaldırmışdır. İndi azərbaycançılıq ideologiyası ölkəmizin bütün əhalisinin başlıca düşüncə tərzidir. Ölkəmizdə azərbaycançılıq rəsmi dövlət ideologiyasıdır. Bunu deyərkən ilk növbədə vətənçilik, torpaq sevgisi, siyasi dövlət millətçiliyi, Azərbaycanın maraqlarının hər şeydən üstün olması, güclü Azərbaycan dövlətinin yaradılması, inkişaf etməsi, dünyanın hər bir yerində yaşayan azərbaycanlıların maraqlarını lazımi qədər qoruya bilən güclü Azərbaycan dövlətinin qorunması və digər amillər nəzərdə tutulur.

Azərbaycan bədii fikir tarixində azərbaycançılıq sənətkarın estetik idealı səviyyəsinə yüksəlmiş və əbədi mövzu olaraq bədii söz sənətində özünə yer tapmışdır.  Lakin bu mövzunun güclənməsi, xalqın birləşmək, azadlıq və müstəqillik uğrunda mübarizə ideyasının meydana gəlməsi ilə yeni təkanla üzə çıxması prosesi  həqiqətdir. XIX əsrin əvvəllərində güclənən bu proses bədii fikirdə və bədii söz sənətində Seyid Əzim Şirvanini, Mirzə Fətəli Axundovu, Qasım bəy Zakiri, Həsən bəy Zərdabini, Ünsizadə qardaşlarını, daha sonra Əli bəy Hüseynzadəni, Əhməd bəy Ağaoğlunu, Cəlil Məmmədquluzadəni və nəhayət, mollanəsrəddinçiləri meydana gətirdi. Qeyd edək ki, azərbaycançılıq bir ideoloji-estetik ideal kimi mükəmməl sənət  əsərlərinin  özəyindədir.

Mirzə Fətəli Axundovdan tutmuş mollanəsrəddinçilərədək dahi sənətkarların hər hansı biri "mən azərbaycançılıq ideologiyasını özümə əsas mövzu seçmişəm" iddiasında olmayıb və hətta bu anlayışın özünü belə çox nadir hallarda işlətmişlər. Azərbaycançılıq anlayışı bu ziyalıların əsərlərində birbaşa görünməsə də, onların ən böyük sənət nümunələrinin mayası azərbaycançılıqdan yoğrulmuşdur. Odur ki, Azərbaycan xalqının müstəqillik uğrunda ən yeni mübarizə tarixində azərbaycançılıq ideologiyasının klassik bədii nəsrdə, poeziyadramaturgiyada ifadəsi yenidən və bu dəfə daha güclü yada düşdü. Bir tərəfdən bu mövzunu qələmə almış klassiklərin məktəbləri yeni sənətkarlara örnək rolu oynadı, digər tərəfdən həmin məktəblərin  azərbaycançılıq ideologiyasına münasibəti elmi-tədqiqat sahəsinə çıxarıldı. Görkəmli ədəbiyyatşünaslar - İsa Həbibbəyli,  Bəkir Nəbiyev, Yaşar Qarayev, Akif Hüseynov, Əflatun Saraclı, Şamil Vəliyev, Ofelya Bayramlı və başqa alimlər  bu sahədəki tədqiqatlarını ortaya qoydular. Məşhur tədqiqatçı Yaşar Qarayev "Milli "mən" yaddaşı"nın bu unudulmaz səhifələrini canlandırır, azərbaycançılıq ideologiyasının əlimizdən alınmasının səbəblərini bir alim təfəkkürü, publisist-improvizator bacarığı ilə aşkarlayır.

Yaşar Qarayevin "Axundovla başlayan yaddaş - Azərbaycan türk intibahı", "Nəsrin və səhnənin ağrı yaddaşı - Cəlil Məmmədquluzadə", "Yaddaş özünü satirada dərk  edir - Sabir" və başqa əsərləri klassik ədəbi məktəb sahiblərimizin azərbaycançılıq ideologiyasının ifadəsinə çevrilmiş əsərlərinə məhz bu rakursdan yeni baxış, yeni qiymət kimi dəyərləndirilir.

Akademik Ramiz Mehdiyevin bu sahədə çoxsaylı  əsərlərinin yekunu kimi səslənən "Na puti k demokratii: razmışləə o nasledii" (2007), Anarın "Azərbaycançılıq haqqında düşüncələr" (2003), Sona Vəliyevanın "Milli dövlətçilik hərəkatının yüksəlişi və Xalq Cümhuriyyəti dövründə azərbaycançılıq ideyası" (2003), "Azərbaycançılıq milli ideologiya və ədəbi-estetik təlim kimi" (2003), Yaşar Qarayevin "Milli "mən" şüuru  etnik yaddaş - azərbaycançılıq" ("Azərbaycan" qəzeti, 14-16 fevral 2002), Azad Nəbiyevin "Azərbaycançılıq  - estetik dəyərdən milli ideologiyaya" (2003), Nizami Cəfərovun "Azərbaycanşünaslığa giriş" (2002), Rəhim Əliyevin "Azərbaycançılıq: dünən, bu gün, sabah" (2005), Akif  Hüseynovun  "Ədəbiyyat və ideologiya" (2004), İsa Həbibbəylinin "Azərbaycançılıq məfkurəsi yollarında" (2006), "Möhtəşəm azərbaycançılıq dərsliyi" (2006), Nazif Ələkbərlinin "Türkçülük, yoxsa azərbaycançılıq?" (2004), Səlahəddin Xəlilovun "Heydər Əliyev və azərbaycançılıq məfkurəsi" (2005), Mir Cəlalın "Azərbaycanda ədəbi məktəblər" (2004), İslam Ağayevin "Tarixi yaddaşımızın böyük yadigarı" (2006) və sair fundamental tədqiqat əsərləri problemin elmi nəzəri istiqamətdə xüsusi maraq doğurduğunu sübut etməkdədir.

Azərbaycançılıq ideyası daha yetkinkamil şəkildə böyük demokrat ədib Cəlil Məmmədquluzadənin 27 noyabr 1917-ci ildə "Molla Nəsrəddin" jurnalının 24-cü sayında dərc olunmuş "Azərbaycan" məqaləsində ifadə olunmuşdur. Bu məqalə Azərbaycan, onun dili, bütöv ərazisi barədə yazılmış ustadnamədir. Cəlil Məmmədquluzadənin anasına, elinə-obasına, dilinə olan sonsuz sevgisinin ən gözəl nümunəsidir.

Akademik, Milli Məclisin deputatı İsa Həbibbəyli qeyd etmişdir ki, "Cəlil Məmmədquluzadə təkcə mətbuatda yox, həm də ədəbiyyatda azərbaycançılıq məfkurəsinin ideoloqudur". Qüdrətli ədib bu mövzunu ən parlaq şəkildə 1919-cu ildə qələmə aldığı "Anamın kitabı" dramında əks etdirmişdir. "Anamın kitabı" - Azərbaycanın milli istiqlal haqqında XX əsr boyu yazılmış əsərlərin mənəvi Anasıdır". Ümumiyyətlə, Cəlil Məmmədquluzadə başda olmaqla "Molla Nəsrəddin" ədəbi məktəbinin görkəmli nümayəndələrinin - Mirzə Ələkbər Sabirin, Əbdürrəhim bəy Haqverdiyevin, Əli Nəzminin, Ömər Faiq Nemanzadənin, Məmməd Səid Ordubadinin, Əliqulu Qəmküsarın, Mirzəli Möcüzün və başqalarının ədəbi-bədii və publisist yaradıcılıqları Azərbaycan ədəbiyyatında vətənçilik, azadlıq, müstəqillik, bərabərlik, qardaşlıq, dostluq haqqında milli taleistiqlal kitablarıdır. Elə azərbaycançılığın özü milli istiqlal ideologiyasıdır.

Müstəqillik də azərbaycançılığın tərkib hissəsidir. Müstəqillik - insan azadlığı kimi ən ciddi şəkildə məsuliyyət deməkdir. Öncə öz xalqının taleyi qarşısında məsuliyyətdir. Hər bir xalqın və hər bir vətəndaşın arzusudur və haqqıdır ki, vətənin sərhədləri daxilində, ərazi bütövlüyü və toxunulmazlığı şəraitində öz müstəqil suveren dövlətini qursun, yaşatsın və inkişaf etdirsin. Məhz bu səbəbdən milli müstəqillik uğrunda mübarizə azərbaycançılıq ideologiyasının əsas prinsipləri sırasındadır.

Azərbaycançılıq məfkurəsi birləşdirici, vəhdətyaradıcı bir amala xidmət edir.  Etnik mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə yaşayan bütün insanlar bərabərlik şəraitində, qardaşlıq və dostluq münasibətləri ilə yaşayırlar. Həmin yaşayışın əsasında  hamının azərbaycançılığa xidmət və qulluq etməsi dayanır. Ona görə ki, bu ideya ətrafında birləşən insanlar özlərini sərbəst hiss edir, inkişaflarını ona xidmətdə görürlər.  Xalq yazıçısı Anar azərbaycançılıq amalını  həm də bərabərlik, qardaşlıq, dostluq sözləri ilə ifadə edir. Həqiqətən sözdə deyil, işdə, gerçəkdən əhalinin sinfi, milli, irqi, dini, cinsi bərabərliyi demokratik cəmiyyətin, elə azərbaycançılığın da təməl prinsiplərindəndir. Hər kəs bacardığı işlə məşğul olmalıdır. Tolerantlıq dönmədən  həyata keçirilməlidir. Bu, millidini azlıqlara münasibətdə özünü daha aydın göstərməlidir.

Qardaşlıq ifadəsində türk qardaşlığı - oğuz mənşəli türklərin "tarixi kökləri, dil qaynaqları, düşüncə və davranış tərzi, adət-ənənələri, sənət, gözəllik, əxlaq anlayışları bir olan türk xalqları"nın qardaşlığı nəzərdə tutulur. Çünki "azərbaycançılıq - türkəsilli Azərbaycan xalqının milli ideologiyasıdır".

Azərbaycançılığın mühüm milli birlik rəmzi, dövlətçiliyin, müstəqilliyin bel  sütunu kimi qəbul edilməsi bugünümüzün ədəbi, fəlsəfi, ictimai və hətta  siyasi faktına çevrilmişdir. Azərbaycan maarifçilərinin, demokratik hərəkat iştirakçılarının klassik məktəbləri və bu sıradan Molla Nəsrəddin ədəbi məktəbi yaradıcılıq sənətində - bədii sözdə, publisistikada və digər növlərdə azərbaycançılığın yeni istiqamətdə, yeni estetik dəyərlər səviyyəsində qavranılmasında önəmli məktəb rolunu oynamaqdadır.

Azərbaycanda milli azadlıq məfkurəsi 1917-ci ilin fevralında çar istibdad rejiminin yıxılmasından sonra yeni bir mərhələyə qədəm qoyur. Bu hadisə ədəbi hərəkata yeni bir nəfəs gətirir. Belə bir təlatümlü dövrdə Bakıda siyasi hakimiyyət uğrunda gedən çarpışmalar kəskinləşdikcə müxtəlif ideoloji cərəyanlara məxsus qəzet və jurnalların nəşri çoxalır. Həmin illərdə bədii ədəbiyyatın operativ janrları və satirik publisistika bir aktuallıq kəsb edir. Məhz belə bir zərurətin nəticəsidir ki, xalqın azadlıq ideallarının böyük ifadəçisi olan satirik "Molla Nəsrəddin" jurnalı Tiflisdə yenidən nəşrə başlayır. Milli azadlıq məsələsi bu dövrdə "Molla Nəsrəddin"in əsas mövzusu olur. Cəlil Məmmədquluzadə 1917-ci ilin belə qarışıq məqamında xalqa milli nicatın harada olduğunu bu cür başa salırdı: "Gəlin, gəlin, ey unudulmuş vətənin cırıq-mırıq qardaşları! Gəlin görək beşikdə yad südünü əmmiş, vətənimizdən yadırğamış və millətimizin ruhundan xəbərsiz bir para millət başçılarımız sizə nə gün ağlayacaqlar?! Niyə sakitsiniz, ey mənim lüt-üryan vətən qardaşlarım?!".

Azərbaycanda Xalq Cümhuriyyətinin qurulması ərəfəsində milli özünüdərk məfkurəsi M.Hadi, M.B.Məmmədzadə, C.Cabbarlı, Ə.Cavad, Umgülsüm, S.Mənsur, Ə.Mütəlliboğlu, Ə.Müznib, Əbdürrahman Dai, Əli Yusif kimi şair və publisistlərin əsərlərində böyük inamla ifadə olunurdu.

Milli-azadlıq, onun başlıca xətti olan azərbaycançılıq bədii-ictimai fikirdə öz tematik zənginliyi, ideya istiqaməti ilə diqqəti cəlb edir. Bu ideyaların gerçəkləşməsində və bədii-estetik fakta çevrilməsində mövzu ilə bağlı taktiki gedişlər mühüm əhəmiyyət kəsb etmişdir. Azərbaycançılıq bu ideyaların zirvəsində dayanan vacib bir fakt kimi təkcə sənət adamlarını deyil, bütövlükdə ziyalı qüvvələrimizi həmişə düşündürmüşdür. Hətta bu sahədə fəlsəfi, ictimai və bədii fikir zaman-zaman o qədər güclü olmuşdur ki, onun ətrafında "azərbaycanşünaslıq" kimi ciddi bir elm sahəsi meydana çıxmışdır.

İstər azərbaycançılıq dünyagörüşü, istərsə də azərbaycanşünaslıq elmi son bir əsrdə xeyli inkişaf etmişdir. Lakin azərbaycançılıq dünyagörüşü özünün formalaşmaya can atma prosesi tarixini çoxdan başlamışdır. Bu prosesi xeyli sonradan izləyən və onun elmi əsaslarını işləyib hazırlamaqda olan azərbaycanşünaslıq bu gün özünün mühümvacib mərhələsini yaşayır.

Azərbaycançılığın ən yeni mərhələsinin bütün parametrlərinin - azərbaycançılıq ideyasının yenidən gündəmə gəlməsi, bu sahədə klassikmüasir düşüncəyə qiymət, azərbaycançılığın köklərinin, mənbələrinin elmi araşdırmalara cəlb edilməsi birbaşa ulu öndər Heydər Əliyevin irəli sürdüyü müdrik fikirlərlə, tale yüklü təşəbbüslərlə bağlıdır və bu fikirlər, təşəbbüslər tədqiqatlar üçün xüsusi zəmin yaratmışdır. Ümummilli lider Heydər Əliyev azərbaycançılığın yeni dövrdə dayaq nöqtəsi oldu.

XX əsrin əvvəllərindəki ziyalıların ana dilinə, cəmiyyətin kamilləşməsi, maariflənməsi prosesinə yetirdikləri diqqət bu gün də davam edir. "XX əsrin önlərində böyük realist ədib Cəlil Məmmədquluzadə, türkçü romantik şair Abdulla Şaiq, realist-demokratik tənqidin başçısı Firidun bəy Köçərli, böyük bəstəkar Üzeyir Hacıbəyli, görkəmli ədib, ictimai-siyasi xadim Nəriman Nərimanov ana dili uğrunda mübarizəyə birgə başladılar. Tezliklə ana dili uğrunda mübarizə Ana Vətən uğrunda mübarizəyə çevrildi". Bu mübarizəyə 1978-ci ildə Azərbaycanın rəhbəri olan Heydər Əliyev ana dilini dövlət dili kimi Azərbaycan SSR-in Konstitusiyasına salmaqla yekun vurdu.

Ulu öndər Heydər Əliyev bütün həyatını doğma Azərbaycana, onun mədəniyyətinin, adət-ənənələrinin, dilinin inkişafına həsr edən böyük vətəndaş, böyük azərbaycançı olmuşdur. Xüsusi vurğulamaq lazımdır ki, ötən əsrin 90-cı illərində  ümummilli liderimiz Heydər Əliyev azərbaycançılıq ideyasını yenidən canlandıraraq və milli dövlət ideologiyası səviyyəsinə qaldıraraq, onun  birləşdirici rolundan məharətlə istifadə etməklə ölkənin dağılmasının, ərazisinin etnik əlamətlərə görə parçalanması  təhlükəsinin qarşısını aldı.

Böyük öndər Heydər Əliyev müstəqillik dövrünün dövlət ideologiyasını formalaşdırarkən XX əsr ziyalılarının əsərlərində milli ideya kimi türkçülüklə paralel olaraq azərbaycançılığı yeni tarixi şəraitdə milli dövlətçilik ideologiyası kimi sistemə saldı, ümummilli ideya, dünya azərbaycanlılarının ideologiyası, milli birlik təlimi kimi əsaslandırdı. Görkəmli dövlət xadimi  Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyəti dövrünə, XX əsrin əvvəllərindəki ziyalıların yaradıcılığına obyektiv yanaşma tələbi azərbaycançılığa güclü təkan verdi.

Xalqın, ölkənin müstəqilliyi azərbaycançılıqdan, milli birlikdən keçir. Bunun üçün xalq özünün bütün potensial imkanlarından istifadə etməlidir. Ölkənin zəngin iqtisadi potensialı və əlverişli geosiyasi mövqeyi buna lazımi şərait yaradır. Bu amil bu gün Azərbaycanın müstəqilliyinin  möhkəmləndirilməsində və dövlətçilik  mənafeyinin qorunmasında mühüm əhəmiyyətə malikdir. Azərbaycanın milli maraqlarının qorunması uğrunda mübarizə indi daha ciddidaha elmi əsaslarla aparılmalıdır.

 

 

Allahverdi MƏMMƏDLİ

 

Azad Azərbaycan.- 2013.- 17 mart.- S.5.