Azərbaycançılıq, Novruz mərasim milli dəyər kimi
Məlum
olduğu kimi, Novruz bayramının
yaranışından üzü bəri şənlikdə
mahnılar oxunar, rəqs edilər, yallı gedərlərmiş.
Tarixi bayram şənliklərində ibrətamizliklə dolu
bayatı söyləmək, mahnı oxumaq və deyişmələrlə
yanaşı, müxtəlif rəqslər, güləş,
tutaş, dirədöymə, cıdır və onlarla
başqa əyləncələr icra edilmişdir.
Professor
Nizaməddin Şəmsizadə Novruz bayramını kökə
qayıdış, azərbaycançılığın təntənəsi
kimi səciyyələndirir: Şərq-türk təfəkküründə
ünsiyyətə çatmağın ali formalarından biri
Novruz mərasimi idi. Kökü insanın yaranış,
yer-göy haqqındakı əski təsəvvürlərə
dayaqlanan, nəğmə və deyimləri mifik təfəkkürümüzün
zoomorfik və kosmoqonik anlayışlarında təcəssüm
tapan Novruz adi bayram deyil, tarixi-fəlsəfi bir
özünüifadə tərzidir. Ünsiyyət
aliliyi-idrakın aliliyidir. Bu baxımdan, Novruz cəmiyyətçiliyimizin,
milli-mənəvi birliyimizin qədimliyini təsdiq edən
ünsiyyət mərasimidir. Bu mərasim icra olunarkən, nəinki
uzaq-uzaq əqidə və düşüncə sahibləri səmimi
bir əlaqəyə girir, hətta küsülülər
barışır, qan düşmənləri
doğmalaşır.
Tarixin
təcrübəsi göstərir ki, azad cəmiyyət azad
ünsiyyətdən başlanar. Ən amansız köləlik
fikrin köləliyidir. Şüurun məhbəsi olan yerdə
ruhun qanadları qırılar, insanla ünsiyyət baş
tuta bilməz.
Novruz
bayramının keçirilməsi təkcə iqtisadi
imkanları yox, həm də cəmiyyətin, insanların mənəvi-psixoloji
halətini əks etdirir.
Novruz
təsərrüfat, iqtisadi
dirçəliş, iqtisadi təməl, əkinçilik-insanın
torpaqla təmas bayramıdır. Onun nəğmə və
şərqilərində, ayinlərində əməyə
çağırış, bərəkət və bolluq təşnəsi
ifadə olunur. Beləliklə də, Novruz fəlsəfəsində
həyat haqqında konsepsiya, sevinc və xoşbəxtlik barəsində
ideal öz əksini tapıb.
Təbiətin,
torpağın oyanışı-insanın oyanışı
deməkdir. Belə ki, Novruz mərasimləri, xüsusilə
günəşə, suya, işığa müraciət əsasında
yaranmış, şərqi və şeirlər göstərir
ki, Novruz idrak anlamıdır, rəmz bayramıdır. Səməni
dirçəliş, təzələnmə rəmzidir!
Novruzda
qalibiyyət təntənəsi var: yaz qışa qalib gəlir,
isti soyuğu məğlub edir, insanın qanı istilənir,
o, qan yaddaşının enerjisi ilə təbitələ,
ünsiyyətə girir, ona qovuşur.
Novruz insansevərlik, humanizm
bayramıdır. Ona görə də, insanın milli ruhunu
dustaq edən, onun əbədi və əzəli
arzularını buxovlayan totalitar cəmiyyət və total
ideologiya onu qadağan edə bilmədi.
Novruz ayinlərində və məraisimlərində
əslə, kökə qayıdış, milli mənliyi uca
saxlamaq qayəsi əks olunur. Novruz süfrəsi - milli brəkət
rəmzidir.
Novruz
tamaşaları içərisində igidlik, cəngavərlik
rəmzi olan cıdır tamaşaları fərqlənir.
Professor Azad Nəbiyev göstərir ki, cıdır
tamaşalarının icraçıları əsasən igid
və cəngavər cavanlar olardı. Cavanlar arasında
yaxşı at çapmaq igidlik hesab edilərdi. Yaxşı
at çapanların baxışına elat
çıxardı. Cıdırda qalib gələnə el
içində böyük ehtiram bəslənərdi. Sonralar
xalqın bir sıra məraisimləri-adqoyama, bəylik vermə,
qızseçmə və s. cıdır tamaşaları ilə
sıx əlaqələndirilmiş, cıdır xalq məişətini
geniş lövhələrdə əks etdirən kütləvi
meydan tamaşasına çevrilmişdir.
Cıdır
keçirilən gün elat bayram edərdi. Xonçalar
düzülər, şamlar yandırılardı. Novruz
günlərinə düşən cıdırlar daha təmtəraqlı
keçirilərdi. Cıdır vaxtında zurna, balaban, qaval
çalınar, bəzən də tüfəng
atılardı.
Novruz
tamaşalarının ən kütləvisi zorxana tamaşalarıdır.
Axır çərşənbədə açıq havada
keçirilən bu tamaşalar göy otun üstündə
olardı. Dairə şəklində olan meydança kəndirlə
dövrəyə alınar, cızıqla işarə edilərdi.
Güləşçilərin ayağı cızıqdan çıxsaydı,
oyun dayandırılıb, yenidən başlanmalı idi.
Tamaşalar zamanı zorxana pəhləvanlarına
tamaşaçılar pul bəxşiş eləyərdilər.
Tamaşalarda yığılan puldan ehtiyacı olan pəhləvanlara
hər ay yardım edilərdi.
Zorxanada
müxtəlif tamaşalar göstərilərdi. Onlardan biri də
mil tamaşası idi. Hüseynqulu Sarabski “Köhnə
Bakı” əsərində yazmışdır: “Hərə əlinə
bir mil alıb başının üstünə
qaldırardı. Dumbul çalınmağa başlanardı.
Dumbul əvvəlcə lap ahəstə, sonra get-gedə
yuxarı qalxıb, yenə də enərdi. Mil oynadan adam
da həmin templə
başının üstdə milləri hərləyərdi.
Oyun qurtardıqdan sonra camaat onları alqışlayardı. Bəziləri
camaatın xatiri üçün mili tək əlilə
yuxarı atıb yenə dəstəsindən tutardı.
Yaxşı mil oynadanlar mili qıçının altından
atıb havada tutardı.”
Novruz
bayramı günlərində zorxanalar daha təmtəraqlı
görünərdi. Yeraltı zorxanalar səməni, bayram
xonçaları, rəngli yumurtalarla bəzədilər,
qırmızı parçalardan pəncərələrə
və taxçalara örtüklər salınardı.
Yüngül
geyimdə meydana çıxan cavanlar bir-birinin əlindən
qılıncı düşənə qədər
döyüşərdilər. Qılınc oynatma bəzən
at üstündə, bəzən də xüsusi yerdə
düzəldilmiş meydançada olardı. Qılınc
oynatma döyüşlərinə də qabaqcadan
hazırlıq görülərdi. Qılınc oynadanların
qılıncından qırmızı asılar, qalibə
Novruz xonçaları verilərdi. Onların atlarına da
qulluq edilər, yallarına qırmızı asılar, qalibə
Novruz xonçaları verilərdi.
Onların atlarına da qulluq edilər, yallarına
qırmızı qotazlar vurulardı.
Cəldlik,
çeviklik tələb edən kəmənd atma zamanı rəqibi
at üstündə kəməndə salma xüsusi məharət
hesab edilirdi. Bu məqsədlə xüsusi kəmənd toxuyanlar
meydana gəlmişdi. Ovçuluqla daha çox bağlı
olan kəmənd atma cıdır tamaşalarında
böyük marağa səbəb olardı. Bəzən kəməndə
düşən igidlər kəməndi qırıb yenidən
at belinə qalxır, bəzən də kəmənddən
çıxa bilməyərək, məğlub olurdular.
Sonralar
çaparlar kəməndini meydana buraxılan buğaların,
atların, əvvəlcədən tutulub gətirilmiş
cüyürlərin dağ keçirilərinin üstünə
atmağa və beləliklə, Novruz tamaşalarının
ümumi bayram əhvali-ruhiyyəsini qoruyub saxlamağa
başlardılar.
Novruz
tamaşalarından zorxanada ən geniş yayılanı
qurşaqtutma (güləşmə) idi. Bu tamaşalar yaz-yay
vaxtları açıq havada, qışda isə
üstüörtülü zorxana meydanlarında keçirilərdi.
Novruz tamaşalarının bu günə qədər
geniş şəkildə yayılıb və xalq arasında
yaşamaqda olanı əl üstdə gəzmədir. Əl
üstdə gəzmədə müəyyən əşyaları
yerdən dişlə götürmək, onu başqa yerə
aparıb qoymaq, dişlə sümük oynatmaq, əl
üstündə yüyürmək və s. idi. Zorxanalarda
daşlarla oynayan pəhləvanlarla-yekba oynayanlara da maraq
çox idi. Novruz şənlikləri içərisində
“daşqaldırma” adı ilə yayılan bu tamaşalar əsil
igidlik və fiziki sağlamlıq tələb edirdi.
Bütün bu tamaşalar Novruz şənliklərinə
xüsusi təravət verər, onların daha təntənəli
və şən keçməsinə səbəb olardı.
Novruz
şənlikləri xoş əhvali-ruhiyyə doğurar,
adamlar saatlarla açıq havada müxtəlif oyun və
şənliklərə baxar, deyər-gülər, əylənərdi.
Novruz şənliklərində əyləncə
tamaşaları göstərmək də dəbdə idi.
Bunlardan biri də gözbağlıca idi. Azərbaycanda
gözbağlıca tamaşalarından ən geniş
yayılanı məlum olduğu kimi “Musanın əsası”dır.
Öz
həyati meylinə görə, Novruz bayramı mərasimləri
professor Mirəli Seyidovun dediyinə görə, Orta Asiyadan,
Dağlıq Altaydan, Azərbaycan və Türkiyədən
tutmuş Avropaya qədər yayılmışdır. Azərbaycan
Sovet Ensiklopediyasında “Novruz bayramı” məqaləsində
göstərilir: “Hər xalqın təbiətə münasibətindən
asılı olaraq, bu törən-mərasimlər müxtəlif
formada keçirilmişdir. Ulu babalarımız yaz fəslinin
gəlməsini təbiətin canlanması ilə
bağlamış, bu münasibətlə şənliklər
keçirərək, onu yeni ilin başlanğıcı kimi
bayram etmişlər. Əksər xalqlarda bu və ya digər
formada qeyd edilən belə şənliklər Yerin şimal
yarımkürəsində astronomik yazın başlandığı gecə və
gündüzün bərabərliyi günə təsadüf
edir.
M.A.Süleymanov
“Novruz” metodik vəsaitində qeyd edir ki, Novruz Şərq
xalqlarının islamdan çox əvvəlki əkinçilik, məhsul
bolluğu etiqadları ilə bağlı
bayramlarındandır. Bu bayramın tarixi kökləri,
ayrı-ayrı görüş və etiqadlarla əlaqəsi,
zerdüştilik və islam mədəniyyəti ilə
bağlılığı orta əsrlərdən bu günə
qədər mübahisə obyekti olmuşdur. Bayramın
hüdudları genişləndikcə, hər bir xalq onu öz
milli məişəti ilə bağlamağa
çalışmış və beləliklə, bu haqda
müxtəlif mülahizələr, adət-ənənələr,
mərasimlər, əsatirlər, rəvayətlər
yaranmışdır. Türk xalqları da ümumxalq
bayramı hesab etdikləri bu bayrama öz milli xüsusiyyətlərini
əks etdirən cəhətlər vermişdir. Lakin
bütün müxtəlifliklərə baxmayaraq, demək olar
ki, hər yerdə bu bayramı yeni ilin
başlanğıcı hesab etmiş, onu bolluq, bərəkət
və firavanlığın əzəli kimi rəmzləşdirmişlər.
Novruz
bayramına qədər dörd ünsürlə bağlı
mərasimlər keçirilir. Bunlar - Su, Od, Yel, Torpaq çərşənbələridir. Birinci çərşənbə olan Su çərşənbəsi
haqqında çoxlu deyimlər var. Bu gün su ləpələnir, ona yeni ruh
gəlir. Deyilənə görə, Xızırın
dirilik çeşməsindən
su içdiyi gün də, Koroğlunun “Qoşa bulağı” tanıdığı
gün də elə bu gün
olmuşdur. Su çərşənbəsində su tanrısı Aban haqqında “Aban nəğmələri”
və “Yada nəğmələri” oxunurmuş.
İkinci çərşənbə el arasında
“Üsgü çərşənbə”,
“Od çərşənbəsi”
deyilir. Bu gün
türkdilli xalqlarda Ülgen tanrısının
yaranması ilə əlaqədar verilir.
Bu çərşənbədə
atəşpərəstlərin etiqadına görə “Şəhrivər’” adlı
şənliklər keçirilirmiş.
Od və
istinin mənbələrindən
biri Günəşdir
və onun şərəfinə də
Azərkan şənlikləri
düzəldilirmiş.
Üçüncü çərşənbə
isə “Yel çərşənbəsi”, “Külək çərşənbəsi”dir.
“Avesta”da “...Yelin gücü qüdrətli
Hörmüzdün gücüdür”...
deyilir. Şifahi ədəbiyyatımızda Yelin tanılığı
ilə bağlı nəğmələr, rəvayətlər
də vardır.
Axırıncı çərşənbə “Yer çərşənbəsi”,
“Torpaq çərşənbəsi”dir.
Artıq bu gün 4 ünsürün
“dirilməsi”, təzələnməsi
başa çatır.
Torpaq oyanır. İlin axır çərşənbəsi
ən əziz günlərdən biridir.
Xalq bu günü daha şən bayram edir. Bir çox mərasimlər, ayinlər də vardır ki, məhz bu gün
həyata keçirilir.
Məsələn, qapı pusma,
su falı, niyyət yozma çillə, çıxarmaq,
qurşaq atma və s.
Novruz bayramında
bir-birindən maraqlı,
əyləncəli oyun
və tamaşalar göstərilir. Bunlardan zorxana, kəndirbaz,
sinə, daşqaldırma,
masqara və fərdi tamaşalar daha geniş yayılıb. Novruzun özünəməxsus
nəğmələri də
vardır ki, onlar qədimdən indiyə qədər xalqın yaddaşında yaşamış və bizlərə gəlib çatmışdır. Hətta bu
bayramda biz qədim şirniyyat növlərimizdən
də istifadə edirik. Baharın simvolu olan səməni yetişdiririk.
Novruzda daha çox oynanılan rəqs “Yallı”dır. Bu da xalqın birliyi deməkdir.
Novruz - yeniləşmə,
gözəllik, barış
bayramıdır. Bu vaxt
təbiətdə olan
bu dirçəliş
mövcud olan bütün varlıqlara təsir göstərir.
Və bu təsir yeni
həyatın yaranmasına
gətirib çıxarır.
İnsanlar arasında əlaqə
genişlənir, küsülülər
barışır. Təbiət və eləcə də, insanlar dəyişir, gözəlləşir.
İl boyu həyatda, təbiətdə gördüyümüz
gözəllik, məhz
Baharda - Novruzda öz maksimum dərəcəsinə çatır.
“Novruz: ənənə
və müasirlik” mövzusunda elmi konfransda göstərilir ki, Novruz həm
də özünəqayıdış
bayramıdır. Biz yalnız
Novruzda qədim, neçə minilliklər
yaşayan adət-ənənələrimizi
həyata keçiririk.
Əsrlərin keçməsinə baxmayaraq, Novruz mərasimlərini, Novruz oyunlarını hətta etiqadlarını belə
biz yenidən həyata
gətiririk. Nə qədər
müasirləşsək də,
yeni həyata uyğunlaşsaq da, məhz Novruzda qədim adət-ənənələrimizi
səyahət edirik.
Novruz - gözəllik,
məhəbbət, özünəqayıdış
bayramı olduğu kimi, qoy xalqın
qəlbindəki həsrəti,
nisgili silən bir bayram olsun!
Novruz bayramını
dünyanın müxtəlif
ölkələrində yaşayan
bütün azərbaycanlılar
böyük məhəbbətlə,
əcdadlarına, el-obalarına, müstəqil Azərbaycan Respublikasına bağlılıq
hissləri ilə qeyd edirlər. Qoy bu hisslər Novruz nəfəsi ilə vətənin tərəqqisi,
xalqın xoş güzəranı naminə
çiçəklənib qüvvətlənsin!
Azərbaycanın müstəqilliyi və
ərazi bütövlüyü
uğrunda canlarından
keçərək, şəhid
olmuş övladlarımızı
bu bayram günlərində xatırlayaraq,
onlara Allahdan rəhmət diləyib, qəbirləri nurla dolsun deyirəm, şəhidlərin əzizlərinə
və bütün xalqımıza ulu Tanrıdan səbir arzulayıram.
Əziz
bacılar və qardaşlar! Bu bahar
bayramında hər birinizə möhkəm cansağlığı, ailə
səadəti və işlərinizdə müvəffəqiyyət
diləyirəm.
Vahid ÖMƏROV
Azad Azərbaycan.- 2013.- 19 mart.- S.5.