Məktəblilər
bacarıqlarını nümayiş etdirdi
Kimi yanar dağını, kimi ekoloji kənd layihəsini, kimi çəkdiyi rəsmləri, kimi də hisslərlə öyrənmə metodlarını nümayiş etdirir. Bütün bunlar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkil etdiyi “Təhsil, texnologiya və tərəqqi” mövzusundakı sərgidəndir. Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş tədbirdə şagirdlər son altı ildə əldə etdikləri naliyyətləri nümayiş etdirirlər.
İdarənin müdiri Nailə Rzaquliyeva son altı ildə Bakı şəhəri məktəblərinin yüksək naliyyətlər əldə etdiyini, bunun qəbul imtahanları nəticələrində də əks olunduğunu bildirdi.“Son 5 ildə paytaxtın 108 məktəbi ən yaxşı məktəb, 233 müəllim isə ilin ən yaxşı müəllimi adına layiq görülüblər. Bundan başqa onlarla şagird müxtəlif müsabiqələr qızıl və gümüş medallar qazanıblar. Bu sərgidə nümayiş etdirilənlər BŞTİ-nin əldə etdiyi naliyyətlərin göstəricisidir”.
Tədbirdə elektorn kitabxana, Qala qədim yaşayış məskəni, mülki müdafiə, distant təhsil, psixoloji dəstək, innovativ məktəb, biologiya, neft-milli sərvətimiz kimi bölmələrdə şagirdlərin bacarıqlarını nümayiş etdirirdilər.
BŞTİ-nin mətbuat xidmətinin rəhbəri Zəminə Əliqızı bunun təhsil idarəsinin sayca üçüncü sərgisi olduğunu bildirdi:“Sərgidə Bakının bütün məktəblərində həm informasiya kommunikasiya texnologiyaları, həm də digər sahələr üzrə əldə edilən naliyyətlərin nümayiş etdirilir.Məktəbdənkənar yaradılcılıqla məşğul olan şagirdlərin də əl işləri nümayiş olunur. Gün ərzində paytaxtın bütün məktəblərindən şagirdlər sərgiyə baxış üçün gələcək. Sərgiyə baxış qrafikə uyğun olaraq rayonlar üzrə təşkil olunub. İdarənin prioritet 47 istiqaməti üzrə onlara məlumat veriləcək”.
23 nömrəli məktəbin dördüncü sinif şagirdləri dərslərdə multimedia, interaktiv vasitələrin tətbiqi, aktiv-interaktiv lövhə, planşetdən istifadə edirlər. Məktəbin müəlliməsi Nigar Mustafazadə şagirdlərin “bir şagird- bir netbuk” proqramı əsasında dərs keçdiklərini bildirdi. Onun sözlərinə görə, şagirdlər kompüterlə işləyərkən dərsə maraqları daha çox olur.
152, 62 nömrəli məktəbdə Montessori təlimi əsasında dərslərin keçilir. Bu təlimin əsas xüsusiyyəti şagirdlərin hissiyyat orqanlarının inkişaf etdirilməsidir. Bu proqram əsasında şagirdlər qoxu, dad bilmə metodların ilə hətta, riyaziyyatı da daha mükəmməl öyrənirlər. Bu cür üsulla öyrənilən dərslər şagirdlər tərəfindən daha yaxşı qavranılır, yadda qalan olur. Bundan başqa şagird toxunaraq özü qavrayır, hər hansı materialı əzbərləmir.
102 nömrəli məktəbin şagirdləri isə spirtlə qumu yoğurub, içərisinə kalium nitrat, natrium karbonat qatırlar, alınmış xəlitə şəkər tozu və kibritlə birləşdikdə yanar dağ yaradırlar.31 nömrəli məktəbin şagirdləri isə yaratdıqları elektron kitabxana barədə məlumat verdilər. Şagirdlər hər biri tarix üzrə hazırladıqları diskləri nümayiş etdirirdilər.
Onlar hər bir mövzuya uyğun olaraq kitabdan əlavə materialları toplayırlar. Bundan başqa videoçarxlar da hazırlayırlar. Bunun üçün isə proqramları informatika dərslərində öyrəniblər.Sərgidə həmçinin distant təhsil sahəsində əldə olunan nəticələr də nümayiş etdirilib. 219 nömrəli ev məktəb fiziki qüsurlu 33 şagird təhsil alır. Bu şagirdlərin hər biri kompüter və ineternetlə təmin edilib. Ümumilikdə isə respublika üzrə Şəmkir, Qazax, Tovuz, Ağstafa rayonlarında, həmçinin Gürcüstandan da 50 nəfər şagird qoşulub.
Xətai rayonu 17 nömrəli məktəbin bölməsində isə inteqrativ üsulla keçilən dərslər nümayiş olunur. Bu məktəbdə dərslər fənlərarası əlaqə ilə qurulub. Bu üsul şagirdlərdə məntiqi inkişafa yönəlib. Şagirdlərin özlərinin nəticəyə gəlməsinə yardımçı olur.Sərgidə diqqət çəkən məqamlardan biri də 291 nömrəli Araz Ekologiya liseyinin şagirdləri hazırladıqları ekoloji kənd, geni dəyişdirilmiş qidaların insan sağlamlığına təsiri ilə bağlı layihələr idi. Şagirdlər təmiz hava şəraiti, ekoloji cəhətdən təmiz məhsulların istehsalı, eyni zamanda geni dəyişdirilmiş qidalar barədə iştirakçılara ətraflı məlumat verirdilər.
Məhəmmədhəsən
Azad Azərbaycan.- 2013.- 1 may.- S.7.