AZƏRBAYCAN FİLOLOGİYASININ GöRKƏMLİ ALİMLƏRİ

 

Naxçıvan Dövlət Universitetində “Ədəbiyyatşünaslıq və dilçilik: Azərbaycan filologiyasının görkəmli alimləri” mövzusunda elmi konfrans keçirildi. Filologiya elmləri doktoru, professor Kamran Əliyevin 60, Adil Babayevin isə 75 illik yubileylərinə həsr olunmuş konfransda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli  giriş sözü ilə çıxış etdi. Natiq professor Kamran Əliyevin müasir Azərbaycan realizmşünaslığının ən görkəmli nümayəndələrini, professor Adil Babayevin isə Azərbaycanda “Ümumi dilçilik” elminin, məktəbinin əsas yaradıcılarından biri olduğunu vurğuladı. Akademik, millət vəkili İsa Həbibbəyli hər iki yubilyar haqqında xoş ürək sözlərini söyləyərək onları çoxsaylı universitet kollektivi adından da təbrik etdi.

Universitetin Azərbaycan ədəbiyyatı kafedrasının professoru, filologiya elmləri doktoru, Əməkdar elm xadimi Hüseyn Həşimli “Professor Kamran Əliyevin həyatı və elmi fəaliyyəti” mövzusunda məruzə edərək Kamran Əliyevin romantizmşünaslıqla, cavidşünaslıqla bağlı sanballı elmi tədqiqatlarından, folklorşünaslıq, xüsusən epos yaradıcılığından bəhs edən “Romantizm və folklor”, “Eposun poetikası: “Dədə Qorqud” və “Koroğlu”, yenicə nəşr olunmuş “Eposşünaslıq: problemlər, mülahizələr”  monoqrafiyalarından bəhs etdi. 

Universitetin Azərbaycan dilçiliyi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Sevindik Vəliyev “Görkəmli alim Adil Babayevin dilçilik sahəsindəki fəaliyyəti” adlı məruzəsində filologiya elmləri doktoru, professor, Azərbaycan Dillər Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri Adil Babayevin Azərbaycan dilçiliyinin inkişaf yolları ilə bağlı elmi tədqiqatları, dilçiliyin aktual problemlərindən bəhs edən monoqrafiya və dərs vəsaitləri, bədii yaradıcılığı haqqında məlumat verdi.  

Konfransda AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əbülfəz Quliyev,  Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərli çıxış edərək yubilyarları həmkarları adından təbrik etdilər. Sonda yubilyarlar çıxış edərək tədbir təşkilatçılarına minnətdarlıq edərək Naxçıvan elmi-ədəbi mühitinin inkişafı, Naxçıvan Dövlət Universitetində elm və təhsilin səviyyəsi ilə bağlı xoş ürək sözlərini bölüşdülər. Konfransda filologiya elmləri doktoru, professor Kamran Əliyevin və filologiya elmləri doktoru, professor Adil Babayevin həyat və yaradıcılığını əks etdirən kitab sərgisi də nümayiş olundu.

 

 

Seyidzadə Hacı Tofiq

 

Azad Azərbaycan.- 2013.- 5 may.- S.7.