Azərbaycançılığın və dövlətçiliyimizin əsas atributları - dövlət gerbimiz

 

Dövlət gerbi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin, dövlətçiliyin və azərbaycançılığın müqəddəs rəmzlərindən, atributlarından biridir. “Xarici sözlər lüğəti”ndə gerb polyakca “herb”, almanca ecvi sözündən olub “vərəsəlik” mənasında işlənir. Gerb sözü dövlətçilikdə bir dövlətin, şəhərin, nəslin  fərqləndirici rəmzi nişanı kimi, əsas etibarı isə bayraqda, möhürdə, puhidində və s. təsvir edilir.

Ulu Öndər Heydər Əliyev dövlət gerbini mühüm atributlardan biri hesab edirdi. “Azərbaycan gerbini təbliğ etmək lazımdır. Azərbaycanın gerbi, bayrağı ilə bərabər, bizim dövlət müstəqilliyimizi təmsil edən atributdur”. Dövlət bayrağından fərqli olaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövründə digər rəmzlər rəsmi şəkildə qəbul olunmamış, yalnız onların qəbul ediləcəyi barədə 1920-ci il yanvar ayının 30-da hökumət tərəfindən müsabiqə elan edilmişdir. Müsabiqənin müddəti 1920-ci il mayın 1-də qurtarmalı idi.

Müsabiqə Xalq Cümhuriyyətinin rəmzlərinin, orden və medallarının ilk nümunələrinin meydana çıxmasını sürətləndirdi. Həmin rəmzlərin bədii həllində zamanın nəfəsi əsrin əvvəllərində yaşayıb-yaratmış “Molla Nəsrəddin”çi rəssamlardan Ə.Əzimzadənin, O.Şmerlinqin, İ.Rotterin, R.Telinqalerin yaradıcılığına xas üslub xüsusiyyətləri diqqəti cəlb edir.

1991-ci ildə Azərbaycan Respublikasının yeni milli gerbinin  yaradılması  üçün  müsabiqə elan  olundu. Lakin təqdim olunan gerb esgizləri Milli Məclis üzvlərini qane etmədiyi üçün vaxtilə mövcud olmuş gerb layihəsini bərpa etmək məqsədəuyğun hesab edildi.

Qəbul olunmuş Azərbaycan Respublikasının gerbi Xalq Cümhuriyyəti dövrünün 1921-ci ildə yaradılmış gerbinin təkrarıdır. Onun kompozisiyası  ilk orijinalda olduğu kimi saxlanılmış, yalnız bəzi detallar-alovun, palıd yarpaqları və sünbüllərin təsviri rəssam R.Məmmədov tərəfindən bir qədər təkmilləşdirilmişdir.

Dövlət gerbində verilmiş rəmzi elementlər milli və bəşəri dəyərlərə əsaslanır. Səkkizguşəli ulduz Azərbaycanın memarlıq, şəbəkə sənətində geniş istifadə olunan ornament növlərindəndir. Memar Əcəminin yaratdığı abidələrdə, Bakı Şirvanşahlar sarayındakı divanxananın plan quruluşu və ornamentlərində, Pirsaat çayı üzərindəki Xanəgahın mayolika naxışlarında ulduz təsvirləri vardır.

Qalxan dünya heraldika sənətində ölkənin hərbi qüdrətini, xalqın qəhrəmanlıq əzmini ifadə edir. Palıd yarpaqları və sünbüllər şöhrət çələngini, qüvvəti, bolluğu ifadə edən ənənənin simvollanndandır.

M.Mərdanov və Ə.Quliyevin qeyd etdikləri kimi, Azərbaycanın Dövlət Gerbinin hazırlanması və təsdiqi məsələsinə bir də 70 il sonra 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində möhtərəm Heydər Əliyevin təşəbbüsü ilə baxıldı, üçrəngli milli bayrağımızın bərpası və qəbulu ilə yanaşı, dövlət gerbihimnimizin də qəbul edilməsi üçün müsabiqə elan olunması qərara alındı. Bu məsələləri kompleks halda həll etmək üçün Azərbaycan Respublikasının keçmiş Ali Sovetinə müraciət olundu. Azərbaycan Respublikası Ali Soveti 1991-ci il 5 fevral tarixli qərarı ilə üçrəngli dövlət bayrağını bərpa və qəbul etməklə yanaşı, “Azarbaycan Respublikasının Dövlət Gerbinin ən yaxşı təsviri üçün müsabiqə elan olunması haqqında” xüsusi qərar da qəbul etdi. Qərara görə, Azərbaycan Respublikasının Dövlət Gerbinin ən yaxşı təsviri üçün 5 min manat mükafat təsis edilmiş, müsabiqəyə yekun vurulması isə Respublika Ali Soveti Rəyasət Heyətinə həvalə edilmişdi. 1991-1992-ci illərdə müxtəlif mətbuat orqanlarında çoxlu yeni gerb layihələri çap olundu və 1993-cü ilin əvvəllərində Azərbaycan Respublikasının Milli Məclisində həmin layihələrin, eləcə də, 1919-20-ci illərdə hazırlanmış gerb layihəsi müzakirə edildi. Gərgin müzakirələrdən sonra Azərbaycan Respublikasının Milli Məclisi 1919-1920-ci illərdə hazırlanmış gerb layihəsini (anonimdir, deyilənə görə onun müəllifi Azərbaycanda yaşamış yəhudi rəssamdır) müəyyən düzəliş və təkmilləşdirmələrlə Azərbaycan Respublikasının Dövlət Gerbi kimi təsdiq etdi. Beləliklə, bugünkü Dövlət gerbimizin rəngli və ağ-qara təsviri “Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında” Azərbaycan Respublikasının 19 yanvar 1993-cü il tarixli 460 saylı Konstitusiya Qanunu ilə təsdiq edilmişdir. Dövlət gerbindən istifadə qaydaları isə “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 23 fevral 1993-cü il tarixli, 516 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında Əsasnamə” ilə tənzimlənir. Həmin “Əsasnamə”də Dövlət rəngli təsviri haqqında deyilir:

“Azərbaycan Respublikasının Dölət Gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşərək qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikası dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz. ulduzun mərkəzində alov təsviri vardır.

Azərbaycan Respublikası Dövlət Gerbinin rəngli təsvirində ulduz , alov qırmızı palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqlar, habelə, qalxanın düymələri və palıd qozaları qızılıdır”. (2-ci maddə)

Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə mexanizmi Azərbaycan Respublikasının Konstitusiyası yuxarıda adı çəkilən Qanunlar və Əsasnamə ilə tənzimlənir. “Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında Əsasnamə”yə görə gerbin rəngli və ağ-qara təsvirindən iki formada - a) gerbin qabarıq təsviri və b) gerbin adi təsviri-istifadə edilməlidir.

“Əsasnamə”yə görə, Azərbaycan Respublikasının Dövlət Gerbinin QABARIQ TƏSVİRİ aşağıdakı yerlərə vurulur:

Azərbaycan Respublikası Prezidentinin iqamətgahına və xidməti otağına,

Azərbaycan Respublikası Parlamentinin binasına, iclas salonunaMilli Məclis Sədrinin xidməti otağına,

Azərbaycan Respublikası Nazirlər Kabinetinin binasına, iclas salonunaBaş nazirin xidməti kabinetinə,

Azərbaycan Respublikasının bütün məhkəmələrinin, hərbi tribunaların binalarına, məhkəmə iclaslarının salonlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Ali Məhkəməsi və Ali İqtisad Məhkəməsi sədrlərinin xidməti kabinetlərinə;

Yerli nümayəndəli dövlət orqanlarının binalarına və iclas salonlarına,

Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda dövlət orqanlarının binalarına,

Azərbaycan Respublikasının diplomatik və ticarət nümayəndəliklərinin, konsulluq idarələrinin binalarına,

Azərbaycan Respublikası Dövlət GERBİNİN TƏSVİRİNDƏN aşağıdakı hallarda istifadə olunur:

Azərbaycan Respublikası Dövlət möhüründə, bütün dövlət orqanlarının möhürlərində,

Azərbaycan Respublikası Qanunlarının, Parlamentin qərarlarının, Prezidentin Fərman və Sərəncamlarının blanklarında;

Azərbaycan Respublikası Prezidenti Aparatının, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, Ali İqtisad Məhkəməsinin, yerli icraseçkili dövlət orqanlarının, məhkəmə və prokurorluq orqanlarının, bütün digər dövlət təşkilatlarının sənədlərinin blanklarında (binaların lövhələrində),

Azərbaycan Respublikası Milli Bankının biletlərində və metal pul vahidlərində, Azərbaycan Respublikası qiymətli kağızlarında, dövlət istiqraz vərəqələrində və lotereya biletlərində,

Azərbaycan Respublikası vətəndaşının pasportunda Azərbaycan Respublikası vətəndaşına verilən diplomatik başqa xarici pasportlarda,

Azərbaycan Respublikası Parlamentinin rəsmi nəşrlərində:

Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş hallarda dövlət sərhəd nişanlarında,

Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin mütləq vurulmalı olduğu başqa hallar da nəzərdə tutula bilər.

Bu göstərilən hallardan başqa, Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirindən istifadə hüququ Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən verilə bilər s.

Azərbaycançılığın əsas atributu olan dövlət gerbi üzərindəki təsvirlər azərbaycanlıların Şərq xalqlarından biri olmasını, Azərbaycanın Şərq dövləti olmasını, milli dövlət bayrağımızın simvollarını əbədiyaşarlıq rəmzi, günəşi, odlar yurdu Azərbaycanı, milli hərbi qüdrətimizi, bolluğu, sülhsevərliyimizi göstərir. Dövlət gerbimiz azərbaycançılığımızın özünəməxsusluğumuz simvolu olduğundan Azərbaycanın bütün vətəndaşlarında, gənc nəsildə ona hörmət hissi aşılanmalıdır.

 

 

Vahid ÖMƏROV

 

Azad Azərbaycan.- 2013.- 8 may.- S.5.