YAP Xətai rayon təşkilatının
X konfransını
keçirib
YAP Xətai rayon təşkilatının X konfransı keçirilib. Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək, abidəsi önünə əklil və qızıl gül dəstələri qoyublar.
Sonra YAP Xətai rayon təşkilatının qərargahında davam edən konfransı giriş sözü ilə açan YAP Xətai rayon təşkilatı İdarə Heyətinin üzvü, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi inkişaf yolundan, bu gün sıralarında yüz minlərlə insanı birləşdirərək gələcəyə böyük inamla irəliləməsindən geniş bəhs edib.
R.Məmmədov ümummilli lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının yaradılmasının ikinci ildönümü münasibətilə keçirilən ümumrespublika müşavirəsində söylədiyi bu fikri xatırladıb: "Siz artıq fırtınalardan çıxmısınız. Məsələn, adamı atırsan dəryaya ki, görüm nəyə qadirdir. Görürsən ki, fırtınalı dənizdən çıxır. Siz artıq bu fırtınalara tab gətirib sahilə çıxmısınız, bərkimisiniz, ayaq üstə möhkəm dayanırsınız. Bundan sonra da beləcə fəaliyyət göstərəcəksiniz, mən buna tamamilə əminəm".
Bu fikirlər bir daha bu gün ölkəmizin ictimai-siyasi həyatında əsas rol oynayan Yeni Azərbaycan Partiyasının fırtınalardan üzüağ çıxaraq böyük şərəfli yol keçdiyinin təsdiqidir. Partiyanın keçdiyi 20 illik tarixi yola nəzər saldıqda ötən bu dövrdə biri-birindən əhəmiyyətli uğurlara imza atdığının şahidi oluruq. Bu gün partiyanın sıralarında 600 min üzvün birləşməsi təbii ki, sadəcə statistika kimi dəyərləndirilməməlidir. Bu, partiyanın bu gününə, gələcəyinə inamdan, Heydər Əliyev ideyalarına sədaqətdən, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəkdən irəli gəlir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatına çevrilib.
R.Məmmədov Azərbaycanın bu gün inkişafın ən yüksək mərhələsində olduğunu qeyd edərək, bildirdi ki, bugünkü reallıqlar gələcəyə daha böyük inamla baxmağa əsas verir. Ölkəmizin 20 illik müstəqillik tarixində qazandığı uğurlara əsaslanaraq işlənib hazırlanan və dövlət başçısı İlham Əliyevin fərmanı ilə təsdiq olunan «Azərbaycan 2020: Gələcəyə baxış» İnkişaf Konsepsiyası da qarşıya qoyulan hədəflərin reallığa çevrilməsinə xidmət edən əsas sənəddir. Dövlət başçısı İlham Əliyev bildirir ki, qarşıdakı on il üçün əsas hədəf Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görməkdir. Bunun üçün bütün imkanlar mövcuddur. Ölkəmizin hərtərəfli inkişafının təmin edilməsinə yönələn Dövlət Proqramlarının uğurlu icrası nəticələrdə də özünü qabarıq şəkildə büruzə verir. Azərbaycanı qarşıda daha möhtəşəm uğurlar gözləyir.
YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov gündəliyə uyğun olaraq IX konfransdan ötən dövr ərzində görülən işlər barədə tədbir iştirakçılarına məlumat verdi.
H.Mirələmov öncə bu gün müstəqil
Azərbaycanın inkişafında müstəsna xidmətləri
olan Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf
yolundan bəhs etdi. Bildirdi ki, YAP monolit birliyi, böyük sosial bazası
olan bir partiyadır. Azərbaycan xalqı yarandığı
gündən Yeni Azərbaycan Partiyasını Heydər Əliyev
partiyası kimi tanımışdır.
H.Mirələmov bildirdi ki, zaman hadisələrə
düzgün dəyər vermək baxımından
yaddaşdır. Yeni Azərbaycan Partiyasının
zamanın tələbi, xalqın istəyi ilə yaranan partiya
olduğunu həmin dövrə nəzər salmaqla bir daha təsdiq
etmiş olarıq. Bu o dövr idi ki, Azərbaycanda
xaos, anarxiya, özbaşınalıqlar, iqtisadi tənəzzül
baş alıb gedir, torpaqlarımız bir-birinin ardınca
işğal olunur, xalqın sabaha ümidi tamamilə itirdi.
Belə bir çətin dövrdə xalq
üzünü Naxçıvana-öz xilaskarına tutdu.
Ümumilikdə Azərbaycan vətəndaşlarının
ictimai maraq və mənafelərinin ifadəsi olan 91 nəfər
ziyalının ulu öndər Heydər Əliyevə «Azərbaycan
Sizin sözünüzü gözləyir» adlı müraciətində
həmin dövrün xarakteristikası öz əksini taparaq
bu inam ifadə edilmişdir ki, indiki vəziyyətdə bu
çətin, məsuliyyətli işi respublikada öz üzərinə
götürməyə qadir yeganə şəxs Sizsiniz.
Müraciətdə o da bildirilmişdir ki, yaratmaq istədiyimiz
Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə
qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və
yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına
qoyduğu məqsədə çatar, respublikanın
bütün zümrələrdən olan xalq kütləsini
öz ətrafında birləşdirərək Azərbaycanın
siyasi, iqtisadi həyatında mövcud olan boşluğu
doldurar, dövlət quruculuğu işlərində öz
layiqli töhfəsini verə bilər. Əgər
bu partiyanın bünövrəsini Sizin kimi güclü
dövlət xadimi qoyarsa, o uzun illər xalqımızın
bir neçə nəsli üçün də siyasi yetkinlik
məktəbi olar. Yeni qüvvələrin
öncülü, aparıcısı Sizin kimi şəxsiyyət
olarsa, tezliklə müstəqil respublikamızın inkişaf
istiqamətləri həm müəyyənləşdirilər,
həm də uğurlu addımlar atılar. Dahi şəxsiyyət Heydər Əliyev müraciətə
cavabı ilə müstəqil dövlətimizin gələcək
taleyini müəyyənləşdirdi.
Bildirildi
ki, bu gün böyük fəxr və inamla deyirik ki,
müasir Azərbaycan dövləti öz
başlanğıcını 1992-ci il
noyabr ayının 21-dən, Yeni Azərbaycan
Partiyasının yaranması tarixindən götürüb. 20 ildən artıqdır ki, YAP ölkəmizin siyasi
səhnəsində uğurlu fəaliyyət göstərir və
bu gün cənab İlham Əliyevin rəhbərliyi
altında öz prinsiplərinə sadiqlik nümayiş
etdirir. Azərbaycan bu gün Heydər Əliyev
siyasi kursunun uğurla davam etdirilməsi nəticəsində
bütün sahələrdə inkişaf, tərəqqi
dövrünü yaşayır.
H.Mirələmov partiyanın Xətai rayon təşkilatının
keçdiyi inkişaf yolundan bəhs etdi. Bildirdi ki, təşkilat
IX konfransdan ötən dövr ərzində fəaliyyətini
daha da genişləndirmiş, üzvlərinin sayı
artmışdır. 1993-cü il
fevralın 13-də təsis konfransını keçirən təşkilat
25 ərazi ilk partiya təşkilatını özündə
birləşdirirdi. Təşkilatın üzvlərinin
sayı 500 nəfər idi. Ötən
dövr ərzində YAP Xətai rayon təşkilatı tərkibini
genişləndirərək, ilk ərazi təşkilatlarının
sayı 144-ə çatmış, üzvlərinin sayı isə
20 mindən çoxdur. IX konfrnsdan ötən
dövr ərzində təşkilatın sıralarına 518
nəfər daxil olmuşdur. Partiya üzvlərinin
3938 nəfəri gənclər, 9000 nəfəri isə qadınlardır.
Təşkilat YAP-ın Proqram və Nizamnaməsinə
uyğun olaraq qarşıya qoyulan vəzifələrin
icrasını layiqincə yerinə yetirir.
H.Mirələmov təşkilatın Xətai Rayon
İcra Hakimiyyəti ilə birgə həyata keçirdiyi tədbirlərdən
də bəhs etdi. Bildirdi ki, əlamətdar günlərdə
tədbirlər davamlılığı ilə diqqət
çəkir. Bu günlərdə dahi
şəxsiyyət Heydər Əliyevin, görkəmli
oftalmoloq alim Zərifə xanım Əliyevanın 90 illik
yubileyləri ilə əlaqədar geniş tədbirlər
planı hazırlanaraq silsilə tədbirlər
keçirilmişdir.
Çıxışında
diqqəti bir daha qarşıdan gələn prezident
seçkilərinə yönəldən H.Mirələmov bu əminliyi
ifadə etdi ki, YAP Xətai rayon təşkilatı ötən
seçkilərdə olduğu kimi, bu seçkilərdə də
yüksək fəallıq nümayiş etdirərək, cənab
İlham Əliyevin qələbəsinə öz töhfəsini
verəcək. Cənab İlham Əliyevin
seçkilərdə qələbəsi şəksizdir.
Onun ötən dövr ərzində
gördüyü işlər, Azərbaycana
qazandırdığı uğurlar bu inama əsas verir.
Sonra məruzə ətrafında
çıxışlar oldu. YAP Xətai rayon
Qadınlar Şurasının sədri Vüsalə Məcidova
və YAP Xətai rayon Gənclər Birliyinin sədri Sərxan
Əliyev Yeni Azərbaycan Partiyasının bu gününə
və gələcəyinə inamı şərtləndirən
amillərdən bəhs etdilər. Bildirdilər ki,
qarşıdan gələn prezident seçkilərində daha
fəal olacaq, YAP-ın yeganə namizədi cənab İlham Əliyevi
dəstəkləyərək, Azərbaycanın uğurlu gələcəyinə
səs verəcəklər.
YAP icra katibinin müavini, Milli Məclisin
deputatı Mübariz Qurbanlı çıxışında
bildirdi ki, partiyanın 600 min üzvünün hər biri
qurultayda iştirak etməyə layiqdir. Amma
qurultayların özünəməxsus xüsusiyyətləri
var. Bu seçki ilə əlaqədar keçirilən
qurultaydır. Qurultay nümayəndələrinin say tərkibindən
asılı olmayaraq, reallıq budur ki, Yeni Azərbaycan
Partiyasının sıralarında birləşən hər kəs
Heydər Əliyev siyasətini təbliğ edən
insanlardır.
M.Qurbanlı qeyd etdi ki, qurultayda cənab İlham Əliyevin
namizədliyi rəsmi şəkildə irəli sürüləcək. «Artıq bir
ildən çoxdur ki, Yeni Azərbaycan Partiyasının rəhbərliyində
təmsil olunan şəxslər cənab İlham Əliyevin
namizədliyinin irəli sürüldüyünü bəyan
ediblər. Eyni zamanda bir sıra ictimai
qurumlar da toplantılarını keçirərək, cənab
İlham Əliyevin namizədliyini irəli sürüblər.
Amma cənab İlham Əliyevin namizədliyinin
rəsmi şəkildə Mərkəzi Seçki
Komissiyasına təqdim etmək iqtidarına malik olan qurum Yeni
Azərbaycan Partiyasıdır».
«Bu günə qədər ölkəmizdə
keçirilən seçki proseslərinə diqqət yetirsək,
görərik ki, partiyaların seçkilərə qatılma
prosedur qaydaları var» söyləyən M.Qurbanlı bildirdi
ki, hər bir partiya Seçki Məcəlləsinin tələblərinə
əməl etməlidir.
Konfransın işini uğurla başa
çatdırdığını qeyd edən M.Qurbanlı
bildirdi ki, söylənilən fikirlər gələcək fəaliyyətdə
mühüm rol oynayacaq. «Qarşımızda çox ciddi vəzifələr
dayanır. Əsas vəzifə ondan ibarətdir
ki, cənab İlham Əliyevin qələbəsini təmin etmək
üçün bütün gücümüzü sərf
etməliyik. Rəqiblərimizin zəifliyi
bizdə arxayınlıq hissi yaratmamalıdır. Ona görə də Yeni Azərbaycan Partiyası
xüsusilə təbliğat-təşviqat kampaniyası
dövründə fəallıq nümayiş etdirməli,
dövlətimizin uğurlu siyasəti, cənab İlham Əliyevin
gördüyü işlər, əldə olunan uğurlar əsaslı
şəkildə təbliğ olunmalıdır».
Qeyd olundu ki, Azərbaycanın bugünkü
reallıqları göz qabağındadır. İqtisadiyyatımız
sürətlə inkişaf edir. İqtisadi
tərəqqi maliyyə imkanlarının artması ilə
müşaiyət olunur. İqtisadi və
maliyyə imkanlarının genişlənməsi mühüm
sosial-iqtisadi layihələrin həyata keçirilməsinə
stimul verir. Dövlət
başçısı İlham Əliyevin
vurğuladığı kimi, iqtisadi tərəqqi
güclü sosial siyasətlə tamamlanır. Dövlətin siyasətinin önündə insan
amili dayanır. Konstitusiyamızda da bu maddə öz əksini
tapır ki, dövlətin ali məqsədi
insan hüquq və azadlıqlarını qorumaq, onların
layiqli həyat səviyyəsini təmin etməkdir.
O da
vurğulandı ki, bu uğurlarda ölkədə yaradılan
sabitlik də əsas rol oynayır. Ulu öndər
Heydər Əliyev bildirirdi ki, sabitlik olmasa, hansısa
sosial-iqtisadi proqramın icrasından danışmaq
qeyri-mümkündür. Cənab İlham Əliyev
də bütün çıxışlarında uğurlardan
bəhs edərkən vurğulayır ki, Azərbaycan sabitlik
adasıdır. Ölkədə sabitlik,
iqtidarla xalq arasında birlik, vəhdət vardır. Xarici siyasətin daxili siyasətin davamı
olduğunu nəzərə alsaq, bu gün Azərbaycanın
beynəlxalq aləmdə yeri və rolu göz
qabağındadır. Ölkəmizin 155
ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilməsi böyük
uğurdur, Azərbaycanın xarici siyasətinin,
diplomatiyasının təntənəsidir. Azərbaycan öz siyasətində müstəqildir.
Məhz bu amil uğurlarımızın
davamlılığında əhəmiyyətli rol oynayır.
M.Qurbanlı bu uğurların fonunda cənab İlham Əliyevin
prezident seçkilərində qələbəsinin şəksiz
olduğunu diqqətə çatdırdı. Bir daha qeyd
olundu ki, Yeni Azərbaycan Partiyası olaraq, bu bizdə
arxayınlıq yaratmamalı, səylərimizi daha da
artırmalıyıq.
Sonda gündəliyə uyğun olaraq YAP Xətai rayon təşkilatından
partiyanın V qurultayına nümayəndələr
seçildi.
Azad Azərbaycan.-
2013.- 19 may.- S.4.