İrəvana  həsr edilmiş veb-saytın təqdimatı keçirilib

 

Prezident Kitabxanasında "İrəvan şəhəri" əsərinin veb- saytının təqdimatı keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq çıxış edən kitabxananın direktoru Mayıl Əhmədov bildirib ki, müasir dövrdə məlumat- informasiya mərkəzi rolunu oynayan kitabxanalar qarşısında qoyulan mühüm vəzifələrdən biri Azərbaycan tarixinə, dövlətçiliyinə və ölkəşünaslığa dair müxtəlif istiqamətlərdə elektron resursların hazırlanması məsələsidir.

Onun sözlərinə görə, hazırda istifadəçilərin ixtiyarına verilən "İrəvan şəhəri" elektron resursu məhz Azərbaycanın qədim elm və mədəniyyət, eləcə də dini mərkəzlərindən biri olan İrəvan şəhərinə həsr edilib: "Kitabxanamızın şöbə müdiri, eyni zamanda Tarix İnstitutunun əməkdaşı olan Nazim Mustafanın qələmə aldığı "İrəvan şəhəri" əsəri tarixi saxtalaşdıranlara qarşı sanballı cavabdır. Bu əsərdə ermənilərin tarixi Azərbaycan torpaqlarına haradan və nə zaman gəldikləri, azərbaycanlılara məxsus torpaqları hansı yollarla ələ keçirdikləri mənbələrə istinadən göstərilir. Bu elektron resursda İrəvan şəhərində azərbaycanlılara məxsus maddi- mədəniyyət nümunələrinin erməni vandalları tərəfindən yer üzündən necə silindiyi və yaxud başqa xalqlara məxsus tarixi- memarlıq abidəsi kimi necə qələmə verildiyi ayrı- ayrı faktlarla göstərilir".

Daha sonra Nazim Mustafa qələmə aldığı "İrəvan şəhəri" əsərinin əsasında hazırlanan veb- sayt haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək bildirib ki, materiallar 31 bölmədə qruplaşdırılıb. əsərin yazılması zamanı 300 ədəbiyyata müraciət edilib ki, onların da təxminən üçdə biri ilk dəfədir ki, elmi- tədqiqat dövriyyəsinə cəlb edilib.

Qeyd edək ki, layihənin elmi məsləhətçisi AMEA-nın müxbir üzvü, A.A. Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudovdur.

Elektron resurs kitabxananın əməkdaşları tərəfindən dizayn edilib və ayrıca www.iravan.info domenində yerləşdirilib. əsərin yaxın gələcəkdə ingilis dilinə tərcümə edilərək elektron versiyasının hazırlanması da nəzərdə tutulur.

 

 

Seyidzadə Hacı Tofiq

 

Azad Azərbaycan.- 2013.- 19 may.- S.5.