"Yalançı
Bakı"
Bu
layihəni təkcə Bakının yox, həm də
bütün SSRİ-nin tarixində ən qeyri-adi və sirli
layihələrdən biri (bəlkə də birincisi) saymaq
olar. Onun barəsində bilgilər olduqca cüzidir, üzərindəki
sirr haləsi hələ də götürülməyib, bir
çoxları isə onun mümkünlüyünü
ümumiyyətlə, şübhə altına alırlar.
Ancaq indiyədək heç kim onun mövcudluğunu birmərrə
təkzib etməyib. Müəllifi isə Sovet
arxitekturasında dərin iz buraxmış bir şəxsdir -
Konstantin Sençixin (1905-1985). Və bu böyük arxitektorun
xatirələrində də həmin taleyüklü layihə
barədə yetərincə məlumatlar var.
Söhbət
Böyük Vətən müharibəsi illərində
Bakını düşmən bombardmanından qorumaq
üçün təklif olunmuş “Yalançı Bakı”
layihəsindən gedir.
***
Müharibə
illərində ön cəbhənin neft və yanacağa olan
böyükehtiyacının ilk növbədə
Bakının hesabına ödənilməsi ümumməlum
faktdır. Hitlerin Bakını ələ keçirmək
iştahası, alınmazsa, havadan məhv etmək planları
da sirr deyil. Sençixinin “Yalançı Bakı” layihəsinin
Bakının xilasında hətta həlledici rol
oynadığını yazanlar bir tərəfdən
paytaxtımızı gözləyən təhlükənin
reallığını qabardırlarsa, digər tərəfdən
də arxitektorun orijinal ideyalarına öz hörmətini ifadə
etmiş olurlar.
Müharibənin
ilk günlərindən Bakını hava hücumlarından
qorumaq üçün ya şəhərin mühüm və
çoxsaylı sənaye obyektlərinin, ya da
bütünlüklə paytaxtın maskalanması ideyası
aktuallaşır. SSRİ Dövlət Müdafiə Komitəsinin
Baş Qərargahı müvafiq qərar qəbul edir və 36
yaşlı arxitektor Sençixin şəhərin
maskalanması xidmətinə rəis təyin olunur. Onun
ixtiyarına şəhərin obyektlərini həm gecə, həm
də gündüz vaxtlarında havadan müşahidə etmək
üçün təyarrə verilir. Konstantin
İvanoviç indiki Bakıdan 30 kilometr aralıda
yalançı şəhərin yaradılmasını layihələşdirir
və hətta reallaşdırır. Buraya avtomobillərin,
şəhər tramvaylarının, qatarların hərəkətini
imitasiya edən konstruksiyaların qurulması da daxil edilir.
Yalançı şəhərin miqyası real Bakının
miqyasına uyğun gəlməli və uçuş edən
təyyarələrdə heç bir şübhə
yaratmamalıydı. Mənbələrə inansaq, layihələşdirmə
və tikinti az vaxt ərzində həyata keçirilir.
***
Kim
idi Konstantin Sençixin? Azərbaycan
SSR-in əməkdar arxitektoru, şəhərimizdəki bir
çox binaların müəllifi, “Bakımetrolayihə”nin
direktoru Sençixin 1905-ci ildə Bakıda dünyaya gəlib
və bütün ömrünü bu şəhərdə
yaşayıb. Təhsilini Azərbaycan Politexnik İnstitutunda
alıb və 20 yaşında oranı bitirib. Onun tələbə
yoldaşları sırasında Azərbaycanın
tanınmış arxitektorlarından akademik Sadıq
Dadaşovun, SSRİ xalq arxitektoru Mikayıl Hüseynovun
adlarını çəkmək olar.
Sençixinin diplom layihəsi
Sabunçuda tikilmiş
Fabrik-mətbəxdir. Şəhərin digər tikililərindən
öz üslubu ilə fərqlənən
həmin binadan sonra Sençixini “Bakının Le Korbüzyesi”
adlandırırlar (Le Korbüzye
1887-1965-ci illərdə yaşamış
məşhur fransız
arxitektoru, modernin pioneridir).
1930-cu illərdə Sençixinin
Bakı arxitekturasının
yenilənməsində misilsiz
xidmətləri başlayır. O özü
həmin dönüş
nöqtəsini xatırlayaraq
baş vermiş bir epizodu misal
çəkir: bir gün onu Bakı
NKVD-sinin rəisi çağırtdırır. Qarışıq dövr olduğundan, arxitektor xof içində və tutulacağının gözləntisi
ilə həmin ünvana yollanır.
Qəbul otağında
Sençixin həmkarı
Qusmanla rastlaşır,
sonra hər ikisini rəisin otağına çağırırlar. Rəis söhbəti Sovet
Azərbaycanında arxitektorların
üzərinə düşən
böyük missiyadan və gələcək nəsillər üçün
yaraşıqlı binaların
tikintisinin vacibliyindən
başlayır. Sonra izah
edir ki, bu missiyanı gerçəkləşdirmək üçün Sençixin
və Qusman SSRİ-nin şəhərlərini
gəzməli, tarixi yerlərə baş vurmalı, arxitektura nəzərindən əhəmiyyətli
və gözəl olan tikililəri öz gözləri ilə görməlidirlər.
“Bilirəm, bu, asan və ucuz
başa gələn iş deyil”, - rəis deyir və seyfi açaraq
oradan bir qalaq pul çıxarır,
- “Bu da sizin yol xərciniz. Biz sizlərə etimad
göstərir və inanırıq ki, bu məbləği müdrikcəsinə sərf
edəcəksiz. Pulları götürün
və ailələrinizlə
birlikdə bir neçə aylıq səfərə çıxın,
qayıdanda isə Bakı üçün vacib layihələr üzərində işə
başlayın”.
Arxitektorlar xoşbəxt sonluqla
bitən görüşdən
o qədər özlərini
itirirlər ki, yalnız NKVD binasından çıxandan bir qədər sonra anlayırlar: pulu onlara heç bir kağıza qol çəkdirmədən,
sənədsiz veriblər.
Və Sençixin həyat yoldaşı Sofya Leonidovla ilə birlikdə SSRİ-nin müxtəlif şəhərlərinə
uzunmüddətli səfər-gəzintiyə
yollanır.
***
1941-ci ildə Sençixin
“Yalançı Bakı”
layihəsini işləyib
bitirir və Baş Qərargahın xüsusi komissiyasının
Bakıya gəlişindən
2 gün əvvəl onu yerli hakimiyyətə
təqdim edir.
Azərbaycan rəhbərliyində “Yalançı Bakı”nın tikintisi ilə bağlı layihə nəinki entuziazm doğurmur, hətta bəyənilmir. Arxitektoru ciddi çətinliklərlə
üzləşəcəyi barədə xəbərdar
edirlər və o, Moskvadan gələn komissiyanı özü üçün bir hökm kimi gözləyir. Ancaq hər şey tərsinə olur: Komissiyanın üzvləri
bir neçə dəfə real Bakının
və “yalançı
Bakı”nın üzəri ilə uçur, müqayisə edir, məsləhətləşmələr
aparırlar. Komissiyanın
sədri yerli hakimiyyət nümayəndələrindən
layihənin müəllifinin
kim olduğunu
soruşur və ona bayaqdan bəri
sərt verdikt eşidəcəyini gözləyən
arxitektoru təqdim edirlər.
Sençixin xatırlayır: “Fikirləşirdim
ki, məni yerimdəcə güllələyəcəklər.
Hamının təəccübünə
səbəb olan səhnə yaşandı
- Moskvadan gəlmiş
general mənə yaxınlaşdı,
əlimi sıxdı və dedi: “Ölkəmiz üçün
hazırladığınız çox yaxşı və unikal layihəyə görə
sağ olun. Bu, o qədər realdır
ki, hətta mən də bilərək ki, gördüyüm real Bakı
deyil, fərqləri
hiss edə bilmədim”.
Həmin an mən hiss
etdim ki, son günlərdə yaşadığım
gərginlik necə birdən-birə yoxa çıxdı. Azadolma hissi
o qədər güclü
idi ki, həmin
gün barədə daha heç nəyi, hətta evə necə gəlib çatdığımı
da xatırlamıram”.
***
Bakıda Konstantin Sençixinin layihəsi ilə ucaldılmış
binaların sayı olduqca çoxdur. Bəzilərini
xatırladaq: Azərbaycan
Tibb İnstitutunun binası, “Dinamo” İdman Kompleksi, Azərbaycan Müdafiə
Nazirliyinin binası, Səməd Vurğun və Bakıxanov küçələrinin kəsişməsindəki
yaşayış və
inzibati binalar kompleksi, Lökbatanda Mədəniyyət Sarayı,
“Monolit”, “Artistlər Evi” və s.
“Artistlər Evi”nin
yaranmasının maraqlı
tarixçəsi var və Sençixin onu bu cür
xatırlayır: "1938-ci ildə Moskvada Azərbaycan SSR mədəniyyəti
dekadası keçirilir.
“Koroğlu” operasında əsas
rolu Bülbül oynayır. Tamaşaçılar
arasında yer alan Stalin operadan
sonra deyir: “Bu cür istedadlı artistlər Bakıda yaxşı mənzillərdə
yaşamalıdır”. Sovet hökuməti
Bakıda artistlər və musiqiçilər üçün yaşayış
binasının tikintisinə
dərhal 3 milyon rubl vəsait ayırır”.
Biz Konstantin Sençixinə həm də Bakı metropoliteninə görə minnətdar olmalıyıq. Məhz o, Moskvada SSRİ Nəqliyyat Nazirliyi qarşısında sürətlə
böyüyən Bakıda
metro çəkilişinin vacibliyi məsələsini
qaldırır və ideyanın təsdiqlənməsinə
nail olur. “Bakımetrolayihə”yə rəhbərlik
edən arxitektorun layihələrinə əsasən
metronun “Gənclik”, “Depo” və “20 Yanvar” stansiyaları tikilir. Bakı metrosunun birinci
növbəsi istifadəyə
veriləndən sonra
Konstantin Sençixin Qırmızı
Əmək Bayrağı
ordeni ilə təltif olunur.
“20 Yanvar” stansiyasının
tikintisi Sençixinin
son işidir (Bu layihəni
o, Tokay Məmmədovla birlikdə
işləyib hazırlayıb).
Layihəni başa çatdıranda
o, artıq ağır
xəstə idi, ancaq işini xəstəxanada da davam etdirirdi. Sençixin
1985-ci ildə, 80 yaşında
vəfat edir. “20 Yanvar” (o vaxtlar
“11-ci Qızıl Ordu”)
stansiyasının açılış
tədbirində Azərbaycan
Kommunist Partiyasının
1-ci katibi Kamran Bağırov arxitektorun həmin ərəfədə
vəfat etdiyindən xəbər tutur və mətbuatda bu barədə heç bir məlumatın getmədiyindən
əsəbiləşir. Səhərisi gün respublika qəzetlərinin
hamısı nekroloq dərc edirlər...
Məmməd
Azad Azərbaycan.- 2013.- 21 may.- S.7.