Azərbaycançılığın qaynaqları: “Kitabi  Dədə Qorqud” dastanı və azərbaycançılıq ideyası

 

Məlumdur ki, azərbaycançılıq ideyası öz əksini “Kitabi-Dədə Qorqud” dastanında da tapmışdır. Dastan ayrı-ayrı xalqların müxtəlif tarixi dövrlərdəki ədəbi-bədii, ictimai-fəlsəfi düşüncəsinin bir sıra cəhətlərini əks etdirən yaradıcılıq sahəsidir. Bu şifahi irs aləmində türkdilli xalqların, o cümlədən, azərbaycanlıların dastan yaradıcılığının xüsusi yeri vardır. Dastan yaradıcılığı dünya xalqlarının şifahi sənətinin zəngin bir qolunu təşkil edir. Dastanlar bəşər mədəniyyətinin nadir incilərindən biri kimi, şifahi söz xəzinəsinin ayrılmaz tərkib hissəsidir.

“Kitabi- Dədə Qorqud” dastanlar toplusu, müxtəlif məzmunlu oğuznamələr və “Boz Qurd” kimi qiymətli epos nümunələri indi də dünya mədəniyyətinin sayılıb-seçilən inciləri sırasında özünəməxsus və diqqətəlayiq yer tutur.

Dastanlarda xalqın gündəlik məişəti və həyat tərzi, təsəvvürləri, cəmiyyətə baxışları, milli adət-ənənələri, psixoloji-mənəvi keyfiyyətləri, məşğuliyyəti və həyatda apardığı mübarizənin təsviri mühüm yer tutur. Elə bu səbəbdəndir ki, dastanları xoşbəxt həyat uğrunda aparılan mübarizəsiz təsəvvür etmək çətindir. A.N.Veselovski yazırdı: “Epos həmişə beynəlxalq xarakterindəki əlamətinə görə seçilir: o, bir qəbilənin digəri ilə mübarizəsini tərənnüm edir. Buna görə də həmin mübarizədən bəhs edən hekayət mübarizə aparan hər iki tərəf üçün maraqlı olur. Buradan da eposun qəbilələrin mübarizəsindən yarandığı məlum olur”.

“Kitabi- Dədə Qorqud” və “Manas” belə epos-dastanlardan hesab olunur. Qəhrəmanlıq motivləri ilə zəngin olan bu dastanlarda milli adət-ənənələr, əxlaq normaları və davranış qaydalarının təsviri də mühüm yer tutur.

“Kitabi-Dədə Qorqud” tayfa-qəbilə birləşmələri çağındakı bahadırlıq ənənələrindən tutmuş, XIII-XIV əsrlər də daxil olmaqla, böyük bir tarixi kəsimin mifoloji elementləri ilə səsləşən bədii salnamədir. “Kitabi-Dədə Qorqud” həm də Azərbaycan xalqının tarixidir, onun ictimai-siyasi varlığının poetik inikasıdır. Ensiklopedik mahiyyət daşıyan bu abidənin VI-VII əsrlərdə yarandığı ehtimal edilməkdədir.

İstər ən qədim dövrlərdə, istərsə də, erkən orta yüzilliklərdə türkdilli xalqların, o cümlədən, azərbaycanlıların yaradıcı düşüncə və təfəkkürünün dəyərli abidələrindən biri olan dastanlar sosial-siyasi və hüquqi fikrimizin zənginləşməsində mühüm tarixi rol oynamışdır. Çox maraqlı və diqqətəlayiq bir haldır ki, epos-dastanlarda, o cümlədən, “Kitabi-Dədə Qorqud”da ehtiva olunmuş ideyaların bəziləri bu günlə də səsləşir. Ədalətli hökmdar, ədalətli qanun və ədalətli cəmiyyət və s. bu kimi ideyalar deyilənlərə nümunə ola bilər. Sosial ədalət problemi bəşəriyyəti müasir mərhələdə və dərindən düşündürən məsələlərdən biridir. O, indi beynəlxalq xarakter olmaqla, qlobal problemlərdən birinə çevrilmişdir.

“Kitabi-Dədə Qorqud” türk xalqlarının, xüsusilə, oğuz tayfalarının bədii təfəkküründən doğan folklar incisidir. Lakin eposun ideya məzmunundan onun, eyni zamanda da, möhtəşəm ictimai-siyasi fikir abidəsi olduğu aydın olur. “Kitabi -Dədə Qorqud” azərbaycanlıların və bütövlükdə, bütün oğuzların ictimai-siyasi görüşlərinin klassik və parlaq aynasıdır. Eposda türkdilli xalqların azadlıq, istiqlaliyyət qazanmaq, qurub-yaratmaq meyilləri, dövlətin müstəqilliyi və suverenliyi, əmin-amanlıq uğrunda mübarizə aparmaq, habelə, işğalçı qüvvələri dəf etmək istəyi öz dolğun ifadəsini tapmışdır. Bütün bunlar “Kitabi- Dədə Qorqud” eposunu həm də Azərbaycan xalqının ictimai-siyasi fikir abidəsi olduğu aydın olur. “Kitabi-Dədə Qorqud” azərbaycanlıların və bütövlükdə, bütün oğuzların ictimai-siyasi görüşlərinin klassik və parlaq aynasıdır. Eposda türkdilli xalqların azadlıq, istiqlaliyyət qazanmaq, qurub-yaratmaq meyilləri, dövlətin müstəqilliyi və suverenliyi, əmin-amanlıq uğrunda mübarizə aparmaq, habelə, işğalçı qüvvələri dəf etmək istəyi öz dolğun ifadəsini tapmışdır. Bütün bunlar “Kitabi-Dədə Qorqud” eposunu həm də Azərbaycan xalqının ictimai-siyasi fikir tarixinin əzəmətli abidələrindən biri kimi dəyərləndirməyə əsas verir. Eposun dərin vətənpərvərlik ruhunda olması, Oğuz elinin öz suverenliyi uğrunda qəhrəmanlıq mübarizəsi, cəmiyyətdə mövcud olan davranış qaydalarının və əxlaq normalarının müqəddəsliyi və möhkəmliyinin qorunması sahəsində nümayiş etdirilən mütəşəkkillik, bütövlükdə, oğuzların əxlaqi düşüncəsini, ictimai-siyasi təfəkkürünü və dünyagörüşünü əks etdirir.

“Kitabi-Dədə Qorqud”dakı ictimai-siyasi hadisələr qədim oğuzların ictimai və dövlət həyatı, cəmiyyətdə mövcud olan bəzi sosial-siyasi təsisatlar və s. haqqında təsəvvürlər əldə etməyə imkan verir. Belə ki, oğuzlarda qəbilədaxili hakimiyyət və cəmiyyətin idarəetmə rejimi o dövrdə məhdud məkanda kifayət qədər möhkəmliyə malik olmuş, lakin yazılmamış adət-ənənələr və hüquq normaları ilə tənzimlənmişdir. Cəmiyyətdə hökm sürən adət-ənənə normaları, davranış qaydaları, eləcə də, idarəetmənin ədalət mühakiməsinin həyata keçirilməsində tətbiq edilən normalar, hər şeydən əvvəl, əxlaqi köklərə bağlı olmuşdur. Belə quruluşa malik cəmiyyətdə sosial ədalətin yüksək səviyyədə olduğu bir daha təsdiq olunur. Ədalət şərtlərinə əməl edilməsinin özünün də əsasını əxlaqi dəyərlər təşkil edirdi. Bütün bunlar Oğuz elinin yüksək mənəviyyatlı bir cəmiyyət olmasına şəhadət verir.

“Kitabi-Dədə Qorqud” boylarının ideya-məzmunu göstərir ki, qədim oğuzlarda azərbaycançılıq “yurd”, “vətən”, “cəmiyyət” və “dövlət” anlayışlarının vəhdəti şəklində öz inikasını tapmışdır. Qədim oğuzlar bir məkan tanıyırdı. Bu məkan onlar üçün həm doğma yurd, el-oba, vətən, həm də heç zaman basılmaz olan möhtəşəm və qüdrətli bir dövlət idi. Ona görə də dastanlarda nəzərə çarpan vətən istəyi, eləcə də, xalqın və dövlətin taleyi uğrunda mübarizə aparmaq əzmi təsadüfi və ötəri hisslərdən ibarət olmamışdır. Bu istəkdə mənəvi paklıq və dərin bir inam var idi. Çünki Oğuz dövlətinin mayası ədalətdən yoğrulmuşdu. Onun təsisinə Dədə Qorqud, Bayandur xan və Salur Qazan kimi ər igidlər yenilməzlik və sarsılmazlıq möhürü vurmuşdu.

A.Quliyevin fikrincə, Oğuz dövlətinin başlıca amalı və məqsədi cəmiyyətdə insanlar və bütün xalqlar arasındakı münasibətlərdə birlik və həmrəylik yaratmaqdan, bəşər övladına dinclik, əmin-amanlıq verməkdən, insanların xoşbəxtliyə və səadətə qovuşdurmaqdan ibarət idi. Biz sonralar ictimai-siyasi və hüquqi fikir tariximizdən görəcək və öyrənəcəyik ki, dövlətlərin uzun müddət yaşaması möhkəmliyinin ədalətlə bağlı ilk ideyalarının rüşeymlərini siyasi-hüquqi fikir tariximizə Oğuz cəmiyyətinin tarixi təcrübəsi ərməğan vermişdir. Belə tarixi təcrübənin və tarixi reallığın orijinallığı öz dəyərini bu gün də itirməmişdir. Bəlkə neçə-neçə nəsillər, tayfa və xalqlar Oğuz cəmiyyətinin dövlətçilik təcrübəsindən və idarəetmə ənənələrindən bəhrələnmiş, onun hərb mədəniyyətini, düşmənə qalib gəlmək və onunla sülh yaratmaq siyasətini əxz və özünə örnək etmişdir. 

Vətəndaş mərdliyini folklorda şəxsi və ümumi mənafelərin qarşılıqlı münasibətlərinin nəticəsi kimi nəzərdən keçirmək olar. Məlumdur ki, folklorun yarandığı dövrlərdə mənafelər ümumiliyi xalqın daxilində ziddiyyətlər olduğuna görə nisbi xarakter daşıyır. Müəyyən tarixi dövrlərdə “xalq” anlayışı zəhmətkeş kütlələrlə yanaşı, aralıq qrupları və hakim siniflərin bir hissəsini də əhatə edir. Xalqın mərdlik anlayışının öyrənilməsi xalq yaradıcılığının sosial-tarixi xarakterinin dərk olunmasında, xalqla qəhrəmanın qarşılıqlı münasibətinin aydınlaşdırılmasında mühüm rol oynayır.

Xalq mərdlik haqqında (xüsusən, vətəndaş mərdliyi haqqında) düşüncə və baxışlarını axıradək öz vətəninə sadiq qalan, kamil qəhrəman obrazları vasitəsilə ifadə etmişdir. Belə qəhrəmanların ləyaqətinin əsas meyarını, məzmunu doğma təbiətə, elə, vətənə məhəbbətdən və xalqın azadlığına qəsd etmək istəyənlərə nifrətdən ibarət olan vətənpərvərlik təşkil edir.

Vətənpərvərliyin maddi əsası olan “vətən” anlayışı ictimai-siyasi və mədəni mühiti, ərazini, insanların tarixi birlik formalarını, dilini də əhatə edir. Folklor müxtəlif tarixi dövrlərin məhsulu olduğu üçün “vətən”, vətəndaş mərdliyi (vətənpərvərlik) anlayışları da müxtəlif məzmun kəsb etmişdir. “Kitabi-Dədə Qorqud” dastanında oğuzlar nisbətən məhdud ərazini - bir tərəfi Dərbənd, bir tərəfi Bərdə, digər tərəfi Ağrı dağı və Göyçə gölünün də daxil olduğu ərazini özlərinə “vətən tutmuşlar”. Oğuzlar yaşadıqları mühitə - Vətənə kortəbii, şüursuz formalaşan vətənpərvərliklə bağlanmışlar. Göstərilən sərhədlər oğuzların Azərbaycanda yaşamasına dəlalət edir. Təsadüfi deyildir ki, tədqiqatçılar dastanın Azərbaycanla sıx bağlı olduğunu göstərirlər. V.V.Bortold dastanın Qafqazda yarandığı təsdiq edir.

Akademik H.Araslı bu fikri inkişaf etdirərək oğuzların, gürcülər, və abxazlarla qonşu olduğunu göstərmişdir. “Koroğlu və “Oğuz qəhrəmanlıq eposu” əsərində oğuzların Azərbaycanda yaşaması ideyasını əsaslandırmışdır.

Eposda Oğuz eli (“Kalın oğuz”) “İç oğuz” və “Taş oğuz” olmaqla iki yerə bölünmüşdür. Doğma elə məhəbbətdən doğan əxlaqi hisslər güclü mənəvi stimul kimi oğuz tayfalarının ağır günlərində oğuz qəhrəmanlarına dayaq olur. Bu hisslər, xüsusən, qonşu tayfaların basqınına qarşı mübarizədə oğuzların mərdliyində ifadə olunur. Tarixi ədəbiyyatda oğuzlara peçeneqlərin, karlukların, başqır və xəzərlərin basqını haqqında məlumat verilir.

Cəmiyyətin sonrakı inkişafı vətəndaş mərdliyinin məzmununa təsir etməyə bilməzdi. Əvvəllər ancaq kişilərin əxlaqi keyfiyyəti kimi təşəkkül tapan mərdlik cəmiyyət və onun mənəviyyatının daha da inkişaf etməsi sayəsində, adamların cinsindən asılı olmayaraq, həm də yalnız ayrı-ayrı şəxsiyyətlərin deyil, kollektivin əxlaqi keyfiyyətinə çevrilir. “Kitabi-Dədə-Qorqud”da qadınların əldə silah vuruşmalarına (Burla xatun) dair epizoda təsadüf olunsa da, mərdliyin kollektiv keyfiyyət kimi özünü büruzə verməsi hiss olunmur.

 Tədqiqatçı Sona xanım Vəliyevanın çox doğru olaraq göstərdiyi kimi bu dastanda xalqımızın ümummilli ruhu, azərbaycançılıq ideyası, ana kultu, qadın - kişi bərabərliyi, etnik birlik, icma birliyi, etnik təhlükəsizlik ideyaları ilə vəhdət təşkil edir. Ulu Öndər Heydər Əliyev 1997-ci ildə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyindəki çıxışında dastanın azərbaycançılıq ideyalarının əhəmiyyətindən bəhs edərək demişdir: “Biz indi - birincisi, “Kitabi-Dədə Qorqud” dastanını xalqımıza yaxşı tanıtdıq, ikincisi, dünyaya tanıtdıq, üçüncüsü, tam təsdiq etdik ki, bu, Azərbaycana məxsusdur. Bəli, bu, türk xalqlarına məxsusdur, ancaq Azərbaycana məxsusdur. Onun vətəni Azərbaycandır və varisi, sahibi Azərbaycandır, yəni Azərbaycan xalqıdır. Biz gələcək işlər üçün böyük yol açdıq.

Bizim tariximiz - ümumi tariximiz, o cümlədən, mədəniyyətimizin və ədəbiyyatımızın zəngin tarixi indiyədək lazımi qədər tədqiq olunmadığına görə bu yubiley tədbirləri bizə məlum olmayan məsələləri açır, aşkar edir. Beləliklə, biz zənginləşirik, yəni tariximizin zənginliyini hiss edirik və onun nə qədər zəngin olduğunu ictimaiyyətə çatdıra bilirik. Tarixi şəxsiyyətlər və xüsusən, qədim dövrdə Azərbaycan xalqının tarixi şəxsiyyətləri, ümumiyyətlə az öyrənilib, tədqiq olunub və müasir nəsillərə çox az məlumdur. Buna görə də belə tədbirlərin keçirilməsi o demək deyildir ki, yubiley keçirib hansısa konsert dinləyəsən, yaxud hansısa bir şənliyin iştirakçısı olasan. Bunların əsas mənası və məqsədi zəngin tariximizin hər bir səhifəsini açmaq, geniş tədqiq etmək, onu xalqımıza və dünyaya təqdim etmək və beləliklə də, əsrlər boyu tarixşünaslıq nöqteyi-nəzərindən itirdiyimiz şeyləri bərpa etməkdir”.

 

 

VAHİD ÖMƏROV

 

Azad Azərbaycan.- 2013.- 21 may.- S.5.