Sədərəklilər
həmişə mübariz olub
Sədərəklilər
hər zaman Vətənimizin düşmənlərdən təmizlənməsində
gücünü, əməyini əsirgəməyən fədakar
insanlar olmuşlar. Hələ ötən əsrin əvvəllərində
Azərbaycanın müxtəlif yerlərində, o cümlədən
İrəvanda, Vedibasarda, Zəngəzurda, Şərur-Dərələyəzdə
yerli əhaliyə qarşı olmazın vəhşiliklər
həyata keçirmiş ermənilər Sədərəyə
də hücumlar təşkil etmiş, dağıntılar
törətmişlər. Lakin yerli əhali boş
durmamış, silaha sarılıb düşmənə
layiqli müqavimət göstərmiş, öz
elini-obasını qorumağa
çalışmışdır. Onlar Vedibasar mahalında
böyük nüfuz sahibi Abbasqulu bəy Şadlinskinin
daşnaklara qarşı mübarizəsinə qoşulmuş,
mərdliklə vuruşmuşlar.
Abbasqulu
bəyin dəstəsində 70 nəfər sədərəkli
döyüşçü var idi. Onlardan birinin— Cəlil Məşədi
Qədim oğlu Bayramovun söylədiklərindən. Abbasqulu
bəy deyirdi: “Mənim əziz əsgərlərim, mehriban
döyüşçülər. Durun ayağa, əgər
kim torpaq üçün, ailə üçün
vuruşursa, qorxmayın, o əsgərə güllə dəyməz.
Biz öz torpağımızı ermənidən təmizləyəcəyik.
Bizim işimiz haqq işidir”.
Sovet
hakimiyyəti qurulduqdan sonra sədərəklilər Abbasqulu bəyin
“Qırmızı Tabor”unda çox cəsarətlə
mübarizə aparmışlar (460 döyüşçü
- o cümlədən, Sədərək
kəndində öz mərdliyi ilə tanınan Qasım
kişi, Tatoğlu Həbib, Dayı Süleyman və onlarca
başqaları). Onu da qeyd edim ki, Sədərək
döyüşçüləri Ucubiz dağını
aşıb, erməni daşnaklarının topunu əlindən
alıb Vediyə, Abasqulu bəyin köməyinə
çatmışlar. Andranikin Naxçıvana hücumu
zamanı əhalinin - uşaqların, qadınların Arazdan təhlükəsiz
İrana köçməsini təmin etmək məqsədilə
Abbasqulu bəy axıracan döyüşmüşdü.
Axırda onun özü də İrana getmişdir. İrandan
qayıdandan sonra türk batalyonu və Abbasqulu bəyin
döyüşçüləri müxtəlif istiqamətlərdə
hücum edib daşnakları məhv etmişlər.
Abbasqulu
bəy Şadlinski sədərəklilərə daha yaxın
olmuş və onların qüvvəsinə, gücünə,
mərdliyinə bel bağlamışdır. O, məktublarının
birində yazırdı: “Mən daha çox sədərəklilərə
arxalanıram, onlar hər cür tərifə layiqdirlər.
Onlar həm qoçaq, həm dost yolunda mallarından keçən,
həm də xüsusən qonaqpərvər, mübariz
döyüşçülərdir”.
Naxçıvan
Muxtar Respublikasından Böyük Vətən Müharibəsinə
29 min 24 əsgər göndərilib. Onlardan 500-dən
çoxu keçmiş SSRİ-nin orden və medalları ilə
təltif olunub. Əgər Azərbaycan üzrə müharibədə
43 döyüşçü Sovet İttifaqı Qəhrəmanı
adına layiq görülübsə, onlardan üç nəfəri
— Nəcəfqulu Rəfiyev, Abbas Quliyev və Qəzənfər
Əkbərov naxçıvanlıdır.
1941-1945-ci
illər Böyük Vətən müharibəsinə Sədərək
kəndindən 441 nəfər əsgər göndərilib.
Onlardan cəmi 199 nəfəri geri qayıdıb. Bunun da 67 nəfəri müxtəlif dərəcəli
əlil olub.
Cəbhədən
qayıtmayan sədərəklilərin 91 nəfəri Rusiya və
xarici ölkə torpaqlarında gedən döyüşlərdə
həlak olub, 131 nəfəri isə
itkin düşüb. Bunlardan 31 nəfəri
nişanlı oğlan idi.
Böyük
Vətən müharibəsindəki döyüşlərdə
184 sədərəkli SSRİ-nin müxtəlif orden və
medallarına layiq görülmüşlər ki, onlardan 97 nəfər
BVM-nin 1-ci, 2-ci və 3-cü dərəcəli ordenləri ilə,
87 nəfər isə medallarla təltif olunmuşlar. Bundan
başqa, Sədərəkdə 173 nəfər arxa cəbhədə
göstərdiyi hünərə görə orden və
medallarla ilə təltif olunub.
Qədim
Oğuz yurdu Sədərək çox qədim və məşəqqətli
bir tarixə malikdir. Ancaq daim mübariz olub, öz igidləri
ilə həmişə döyüşlərdən üzü ağ çıxıb.
Sədərəkdəki 24 kənddən
biri Kərki olub. Bu kəndlərin tarixi, mənbələrdə
1728-ci il göstərilir. O zaman
Sədərəkdə 878 ailə olub ki, ondan 29-u Kərki
sakinləri olub. Kərki kəndi Cəfərli, Yelpin,
Çanaqçı, Qədili, Asnı, Genişlik,
Kalafaağıl, Palantökən, Əmioğlu,
Günnüt, Çivə, Daş Xırman, Qozulca kəndləri
ilə yanaşıdır. Lakin zaman-zaman bu kəndlərin çoxu yer
üzündən silinib. Kərki isə inkişaf etdirilərək
böyük kəndə çevrilib. 1990-cı ilədək
Sədərəyin ayrılmaz hissəsi olan Kərkidə 1000
hektara yaxın torpaq sahəsi olub. 1990-cı ilin 22 avqust
tarixində Sədərək kəndi rayona çevriləndə
Kərki bu inzibati ərazinin tərkibinə verilib. 1990-cı
ilə qədər Kərki və Sədərək Şərur
rayonunun tərkibində olmuşdur.
Kərki
1988-ci ildən erməni təcavüzünə məruz
qalanda Sədərəyin igid oğulları doğma Kərkini
qəhrəmanlıqla qorudular. Ermənilər 1990-cı ilin
17 yanvarında Kərki kəndinə güclü hücuma
keçdilər. Sədərəyin könüllü dəstə
üzvləri Kərki kəndini 3 gün müdafiə edərək
qorudular, nəhayət sovet hərbçilərinin əli ilə
alınıb ermənilərə verildi. Yəni, rus komandir
hiylə işlədib: “Kərkini biz qoruyacağıq”,—deyərək
döyüşçülərimizi aldadıb, kəndin
boşaldılmasına nail oldu.
Tarix
üzrə fəlsəfə doktoru, dosent Vaqif Məmmədov
kənd haqqında məlumat verərək bildirir ki, Kərki
kəndi Naxçıvandan 90 kilometr, Sədərəkdən
isə 12 kilometr şimal-qərbdə yerləşir. Tarixi mənbələrdən
məlumdur ki, bu yaşayış məskəninin yaşı
aşkar edilmiş nekropol, müdafiə istehkamları, daş
qutu qəbirləri, maddi mədəniyyət abidələrinə
əsasən eramızdan əvvəl VI-III minilliyə təsadüf
edir. Bu barədə məlumatlı şəxslər bilirlər
ki, 1963-cü ildə Moskvada SSRİ Dövlət Xəritəçəkmə
və Geodeziya Baş İdarəsi tərəfindən
çap olunmuş “Azərbaycan SSR Atlası”nda verilən 70-dən
artıq xəritədə, hətta 1917-ci ilə qədər
olan xəritədə (səh.210), 1917-1918-ci illəri (səh.211)
1918-1920-ci illəri (səh.212) əhatə edən xəritədə
və 5 dekabr 1936-cı il sərhədləri təsdiq edən
xəritədə də (səh.213) Kərki kəndi aydın
şəkildə əks olunub. Azərbaycan Sovet
Ensiklopediyasındakı (1983-cü il) xəritədə də
(VII cild, səh.304) Kərki kəndi Azərbaycanın tərkibində
verilib. Kəndin 5 min ildən artıq yaşı, 1000 hektar ərazisi
olduğu göstərilib. Bu tarixi heç kəs inkar edə
bilməz. Ancaq bu gün bizi ən çox narahat edən bir məsələ
var ki, bəzi mətbuat orqanlarında və televiziya
kanallarında işğal olunmuş torpaqlarımız
haqqında informasiya verilən zaman nümayiş etdirilən xəritələrdə hazırda
erməni “əsirliyində” olan Kərki kəndinin adı nədənsə
nəzərə çarpdırılmır.
Ümummilli
lider Heydər Əliyev Sədərək və sədərəklilər
barədə danışarkən demişdir: Muxtar
respublikanın sərhəd kəndləri dəfələrlə
silahlı təcavüzə məruz qalmışdır. Lakin
biz hamımız yaxşı bilirik ki, əsas
ağırlıq Sədərəyin üzərinə
düşmüşdür. Sədərək
Naxçıvanın qeyrət qalasıdır. Sədərəklilər
həm döyüşkən, həm torpaq sevən, həm də
zəhmətə qatlaşan insanlardır”.
1990-1993-cü
illərdə ermənilərin 14 hücumu zamanı Sədərək
109 şəhid vermişdir:
Ermənilərin 1-ci hücumu 18-25
yanvar 1990-cı il; 2-ci hücumu
28 mart 1990-cı il; 3-cü
hücumu 28 aprel 1991-ci il; 4-cü
hücumu 2 may 1992-ci il; 5-ci
hücumu 6 may 1992-ci il; 6-cı
hücumu 18 may 1992-ci il; 7-ci
hücumu 18 sentyabr 1992-ci il; 8-ci
hücumu 20 oktyabr 1992-ci il; 9-cu
hücumu 26 noyabr 1992-ci il; 10-cu hücumu 25 mart 1993-cü il;
11-ci hücumu 25 aprel 1993-cü il; 12-ci hücumu 4 may
1993-cü il; 13-cü hücumu 10-15 iyul 1993-cü il; Ermənilərin
14-cü hücumu 13 avqust 1993-cü il.
Xatırladım
ki, 1992-ci ilin 18 mayı Sədərəyin tarixində ən
ağır, faciəli günlərdən biri kimi həmişə
yaşayacaqdır: Həmin gün döyüşlərdə
sədərəklilər son güllələrinə qədər
vuruşmuş, Sədərək kənd məktəbinin 10 məzunu
şəhid olmuşdur. Həmin gün Şərur, Babək,
Culfa və Naxçıvan şəhəri üçün
23 şəhid itkisi ilə tarixdə “yaşayır”.
Sədərəkdə
əzəmətli Ucubiz dağı ermənilər tərəfindən
alınanda sədərəklilər kənddə mitinq
keçirdilər, hamını bir olmağa, torpaq uğrunda
mübarizəyə çağırışlar oldu. Bu
çağırışın nəticəsi o oldu ki, Ucubiz
dağı ertəsi günü düşməndən geri
alındı.
1992-ci
ilin 18 mayında Sədərəyin Mil yüksəkliyi
uğrunda gedən döyüşlərdə 50 nəfər
şəhid olub, 80 igidimiz ağır yaralanıb, 500-dən
çox ev dağıdılıb, 1400 adam müvəqqəti
olaraq yurdlarını tərk edib, müvəqqəti olaraq
yaxınlıqdakı meşədə qurduqları
çadırlara sığınmışdır.
Şəhid
olmuş döyüşçülərin nəşləri
ümummilli lider Heydər Əliyevin səyi və Beynəlxalq
Qırmızı Aypara Cəmiyyətinin və müxtəlif
təşkilatların köməyi ilə geri alınmış, doğma Sədərək
torpağında dəfn edilmişdir.
Biz azərbaycanlılar, bütün
müsəlman dünyası xalqımıza Xocalı müsibəti,
Şuşa, Ağdam, Qubadlı... itkiləri kimi ağır dərdlər
verən, tarix boyu torpağımıza göz dikmiş məkirli
namərd düşmənin vəhşiliklərini, qəddarlığını
unutmamalıyıq. Daxilimizdəki “sapı özümüzdən
olan baltalar” xəyanətini bağışlamamalıyıq. Əgər
bunları unutsaq, tarix bizi bağışlamaz. Əgər
bunları unutsaq, müqəddəs şəhid ruhları bizi
bağışlamaz.
Hacı Tofiq SEYİDZADƏ
Azad Azərbaycan.-
2013.- 22 may.- S.7.