Bakıxanov yaradıcılığında azərbaycançılıq

 

Azərbaycanşünaslığın inkişafında mühüm rol oynamış A.A.Bakıxanov azərbaycançılıq ideyasının təşəkkülünə öz töhfəsini bəxş etmiş görkəmli mütəfəkkir və tarixçi ziyalılarımızdan biridir.

Tədqiqatçı Zöhrə xanım Əliyevanın “Azərbaycan maarifçiliyi və dünya ədəbi-nəzəri fikri” əsərində düzgün olaraq göstərdiyi kimi: Azərbaycan ədəbi-bədii fikri və mədəniyyəti Şərq və Qərbin səmərəli və mənəvi dəyərlərinin sintezidir. Şərq ölkəsi kimi islam mədəni-mənəvi dəyərlərini mənimsəmiş Şimali Azərbaycan Rusiya imperiyası tərkibində yeni mədəni-mənəvi dəyərlər sistemilə əlaqəyə girmiş, Rusiya vasitəsilə qabaqcıl Avropa ictimai-siyasi, ədəbi-bədii və maarifçilik ideyalarını mənimsəmiş, özündə Qərb və Şərq dəyərlər sistemini birləşdirmişdir. XIX əsrdə yaşayıb-yaratmış Azərbaycan ziyalılarının əksəriyyəti Şərq və Qərb sivilizasiyaları arasında mənəvi körpü rolunu oynamışlar. Beləliklə, “Bir milli ideoloji hərəkat kimi maarifçilik öz böyük tarixi-tipoloji funksiyasını Yaxın və Orta Şərqdə, eləcə də, Azərbaycanda da icra etmiş olur. İctimai və bədii təfəkkürün məhz maarifçilik mərhələsində Azərbaycanda da antifeodal məfkurənin və realist metodun müstəqil milli tipi yarana bilir. Məhz bu zaman - XIX əsrin ortalarından ümummilli ədəbi dilin təşəkkülü prosesi başa çatır, demokratizm ideologiya kimi formalaşır, rus və Qərb mədəniyyəti ilə əlaqələr güclənir, klassik romantik poeziyanın, həmçinin, Vaqif, Zakir, Vazeh və Bakıxanovun timsalında “yeni dövr” ədəbiyyatının təşəkkülü üçün bilavasitə bədii-estetik ənənələr də öz tarixi keçid və zəmin rolunu icra etməyə başlayır.

Maraqlıdır ki, bədii fikrin həm tam müstəqil, xalis milli realist təfəkkür mədəniyyətinin ümumi sistemindən (regionlar və ədəbi məhəllələr müstəvisindən) kənara çıxaraq, daha böyük genişliyə qədəm qoyması XIX əsrin ikinci yarısına təsadüf edir.

Professor Yaşar Qarayevin dediyi kimi, maarifçiliyin həmişə və hər yerdə həll etdiyi tarixi vəzifə -vətəndaşlıq qüruru və azadlıq hissinin tərbiyəsi XIX əsrin məhkum və asılı Şərqində daha qabarıq meydana çıxır və Azərbaycanda maarifçilik təkcə fatalizmdən, dini və dünyəvi qəflətdən yox, həm də milli qəflətdən xilas olmağın təliminə çevrilə bilir”. A.A.Bakıxanovun maarifçiliyə, o cümlədən, azərbaycançılığa münasibətinə dair elmdə müxtəlif mülahizələr, yanaşmalar mövcuddur. Tanınmış Azərbaycan filosofu Zümrü Quluzadənin Azərbaycan maarifçiliyində A.Bakıxanovun müstəsna rol oynadığı fikirləri daha inandırıcıdır.

Z.Quluzadə “VII-XVI əsrlərdə Azərbaycan fəlsəfəsi tarixindən” adlı çox dəyərli monoqrafiyasında bakıxanovşünasların ciddi tədqiqatlarına baxmayaraq, “Bakıxanov və maarifçilik” probleminin daha dərindən tədqiq olunması zəruriliyini qeyd edir. Müəllif çox düzgün olaraq mədəniyyət tarixinin, xüsusilə, Azərbaycan mədəniyyəti tarixinin müxtəlif aspektlərini tədqiq edən müasir elmi ədəbiyyatda “maarifçilik ideologiyası” anlayışının mahiyyəti barədə qeyri-müəyyənlik hökm sürdüyünü göstərir: “Bu məsələyə dair Azərbaycan elmi ədəbiyyatında iki rəy mövcuddur: 1) H.Hüseynov və Z.Göyüşova görə, A.Bakıxanov Azərbaycan maarifçiliyinin nümayəndələrindən biridir; 2) Ə.Əhmədovun fikrincə, isə Azərbaycan maarifçiliyinin banisi M.F.Axundzadədir”.

Z.Quluzadə doğru olaraq üçüncü bir rəy söyləyir: “Bu məsələni yalnız maarifçiliyin meyarlarını və Azərbaycan maarifçiliyinin təzahür spesifikasını dəqiqləşdirməklə həll etmək olar. Bu məsələyə dair indiyədək dəqiq elmi mövqe yoxdur. Beləliklə, müasir bakıxanovşünaslıq Bakıxanovun maarifçiliyə münasibətini aydınlaşdırmaqdan öncə, ümumiyyətlə, maarifçiliyin, xüsusilə, Azərbaycan maarifçiliyinin özünün mahiyyətini açıb göstərməli, bundan sonra maarifçilik və Bakıxanov irsinin qarşılıqlı münasibətlərini aydınlaşdırmalıdır. Daha doğrusu, bu problemə dair bu üç məsələnin dəqiq elmi təhlili tələb olunur”.

Z.Quluzadə mövcud ədəbi, fəlsəfi, ensiklopedik ədəbiyyatda və maarifçilik anlayışının yalnız maarifçilik dövrünü əhatə etdiyini və burjua sinfinin feodalizmin siyasi və mədəni sistemi ilə ideya mübarizəsi kimi səciyyələndirildiyini (bax: Literaturnaya Ensiklopediya, t. 9, Moskva, 1935, s. 323), maarifçiliyin ümumdünya xarakteri daşıdığı kimi göstərildiyini (Bolşaya Sovetskaya Ensiklopediya), bəzi ədəbiyyatlarda, xüsusilə, “Sovet Tarixi Ensiklopediyası”nda keçmiş sovet Şərq xalqları mədəniyyətinin maarifçilik ideologiyası daşıyıcısı olmasının heç xatırlanmadığını təəssüflə qeyd edir.

Sovet dövrünün “Fəlsəfə lüğəti”ndə maarifçilik “elə bir ictimai-siyasi cərəyan kimi təqdim edilir ki, onun nümayəndələri mövcud cəmiyyətin nöqsanlarını aradan qaldırmağa, onun adətlərini, siyasətlərini və məişətlərini xeyir, ədalət ideyaları və elmi biliklərin yayılması yolu ilə dəyişdirməyə cəhd edirlər”. Burada maarifçilik burjua inqilabı ərəfəsində “xırda burjuaziyanın ideologiyası kimi göstərilir. Maarifçilərin daha çox kilsəyə, dini ehkamlara, sxolastikaya qarşı mübarizə apardıqları qeyd edilir.

Z.Quluzadə doğru olaraq mövcud elmi və elmi-sorğu ədəbiyyatında maarifçiliyin müəyyənləşdirilməsində və səciyyələndirilməsində, ayrı-ayrı ölkələrdə tarixi inkişaf dövrünün işıqlandırılmasında, xüsusilə, onun ayrı-ayrı nümayəndələrinin irsinin (Lomonosov və Bakıxanov və digərlərinin maarifçiliyə münasibətində) şərhində qeyri-dəqiqliyə yol verildiyini göstərərək bildirir ki, “Fəlsəfi ensiklopediya”da maarifçiliyə dair iki nöqteyi-nəzərin şərhi: maarifçiliyin dar mənada, feodalizmin ya dinc yolla, ya maarifçilik yolu ilə, ya da inqilabi yolla dəyişdirilməsi. Geniş mənada, maarifçiliyin dinc və inqilabi yolla dəyişdirilməsi kimi anlaşılması tamamilə aydın deyildir.

“Böyük Sovet Ensiklopediyası”nda maarifçiliyin Azərbaycanda XIX əsrdə meydana gəldiyi nümayəndəsi kimi isə M.F.Axundzadə “Azərbaycan Sovet Ensiklopediyası”nda isə Azərbaycan maarifçiliyinin nümayəndələri kimi A.Bakıxanov və M.F.Axundzadə göstərilmişdir. Azərbaycançılıq üzrə tədqiqatçı Sona xanım Vəliyeva “Azərbaycançılıq milli ideologiya və ədəbi-estetik təlim kimi” əsərində A.A.Bakıxanovu azərbaycanşünaslığın banilərindən biri hesab edir: “Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərini haqlı olaraq, azərbaycanşünaslığın ilk elmi qaynaqlarından sayırlar. Bu əsər fars dilində yazılmış, müqəddimə, beş fəsil və nəticədən ibarət tarixi, coğrafi və etnoqrafik traktatdır. Əsərin ən qiymətli cəhəti müəllifin yerli məxəzlərlə birlikdə yunan, Roma, rus, erməni, ərəb və fars qaynaqlarından istifadə etməsidir. Əsərdə Herodot, Strabon, Tatsit, Plutarx, Moisey Xorenski, Təbəri, Məsudi, İbn-Hövşəl, İbn-əl-Əsir, Yaqut Həməvi, Əbülfida, Həmdullah Qəzvini, Mirxond, Xandəmir, Yəzdi, Katib Çələbi. Məhəmməd Rəfi Şirvani, Qolikov, Karamzin, Ustryalov və başqa məşhur müəlliflərə istinadən Azərbaycanın qədim tarixi, coğrafiyası, adət-ənənələri, mədəniyyət nümunələri haqda ətraflı məlumatlar verilmişdir.

Azərbaycanşünas alim fransız F.Jarqon milli Azərbaycan ideyasının əsas amillərindən olan azərbaycandilli dərsliklərin hazırlanmasında A.Bakıxanovun da adını hörmətlə çəkmişdir.

Gənc Azərbaycan tədqiqatçısı Faiq Ələkbərov özünün “Milli ideologiyaya tarixi-fəlsəfi baxış əsərində Abbasquluağa Bakıxanovun azərbaycançılıq ideyasının təfəkküründə oynadığı rolu geniş təhlil etmişdir. Müəllif yazır: “Fikrimizcə,  A.A.Bakıxanov   Azərbaycan   elmi   tarixşünaslığının banisi olmaqla yanaşı, həm milli ideyalılığı ilə seçilən milli tarixi, həmçinin, milli ideologiyanın ilk yaradıcılarından biri oimuşdur. Bizim bu fikrimizi, XX əsr Azərbaycanın görkəmli ziyalılarından biri, türkçülük ideologiyasının daşıyıcısı Y.V.Çəmənzəminlinin A.A.Bakıxanovun tarix əsərinə verdiyi qiymət də təsdiq edir: “”Gülüstani-İrəm” indiyə qədər mövzumuza dair (söhbət “Azərbaycan tarixi” haqqında  yazılmış  əsərlərdən  gedir-F.Ə.)  qələmə  alınan əsərlərin ən qüvvətlisidir. Qüdsi tarixi yalnız siyasi hadisə kimi deyil, daha geniş olaraq təsəvvür edir. Coğrafiya, etnoqrafiya və ədəbiyyatımızı belə unutmur. Bizə görə etnoqrafın məlumatı son dərəcə maraqlıdır...”. XX əsrin başqa bir görkəmli mütəfəkkiri H.Hüseynov da Bakıxanovun “Tarix” əsərinə dolğun və oybektiv qiymət vermişdi. H.Hüseynova görə, bu əsər Azərbaycan xalqının tarxinə həsr olunmuş ilk böyük tədqiqat əsəridir: “Azərbaycanda ictimai fikrin, elmi mədəniyyətin və xüsusilə, tarix elminin inkişafında A.Bakıxanovun “Gülüstani-İrəm” əsərinin müstəsna əhəmiyyəti olmuşdur. Bu əsərdə A.Bakıxanov Azərbaycan xalqının tarixini şərh etmişdir. “Gülüstani-İrəm”də vətənpərvərlik hissi olduqca çoxdur. A.Bakıxanov öz vətənini, öz xalqını sevir və onunla fəxr edirdi. Onun “...bu ölkədən olmağımla fəxr edirəm” deməsi heç də təsadüfi deyildi”.

Ümumiyyətlə, fikrimizcə, yeni dövrdə A.A.Bakıxanov milli ideologiyamızın, Azərbaycan ideologiyasının ilk nümayəndəsidir. Çağdaş anlamda ilk millilik, milli özünüdərk, milli özünəməxsusluq və s. keyfiyyətlər A.A.Bakıxanovda özünü büruzə vermişdir. Əgər kimlərsə iddia edirsə ki, milli ideologiyanın başlanğıcı, ilkin mərhələsi M.F.Axundzadə ilə başlayır, bu, bir qədər mübahisəlidir. Doğrudur, M.F.Axundzadə Azərbaycan fəlsəfə və ictimai-siyasi fikir tarixinə bir sıra reformaları (ilk dəfə Şərq dünyasında Avropa üslubunda türkcə komediyalar yazmış, ərəb əlifbasının dəyişilməsi və latın əlifbasına keçilməsi təklifini irəli sürmüş, “millət” sözünü siyasi-ideoloji mənada işlətmiş, konstitusiyalı dövlət ideyasını müdafiə etmiş və s.) daxil olmuşdur. Ancaq apardığımız tədqiqatlar əsasında belə bir nəticəyə gəlmişik ki, M.F.Axundzadədən öncə və ondan fərqli olaraq yalnız qiyabi deyil, əyani şəkildə Qərb dünyası ilə yaxından tanış olan A.A.Bakıxanov öz dövrünün, XIX yüzilliyin ilk milli ideoloqu və milli maarifçisidir. Şübhəsiz, burada “milli ideoloq” və “milli maarifçilik” nisbi xarakter daşıyır. Çünki bu anlayışlar, ilk növbədə, yeni dövrün, kapitalist münasibətlərinin mövcudluğu şəraitində meydana çıxmışdır. Biz də, bu mənada, A.A.Bakıxanovu ilk milli ideoloq və milli maarifçi hesab edirik. Tədqiqatçılar azərbaycançılıq ideologiyasının ideya zəmininin hazırlanmasında İ.Qutqaşınlı, Mirzə Kazımbəylə yanaşı, Abbasquluağa Bakıxanovun da adını çəkirlər.

Azərbaycançılıq ideologiyasının formalaşmasında A.A.Bakıxanovun da elmi və bədii yaradıcılığı mühüm rol oynamışdır. A.Bakıxanovun əsərləri obyektivliyi, milli ruhu ilə fərqlənmiş və özündən sonrakı yaradıcı nəsillərə dəyərli azərbaycançılıq irsi qoymuşdur.

 

 

VAHİD ÖMƏROV

 

Azad Azərbaycan.- 2013.- 22 may.- S.5.