"Azərbaycan ədəbiyyat tarixçiliyinin babası"

 

AMEA Ədəbiyyat İnstitutunda Firidun bəy Köçərlinin anadan olmasının 150 illiyinə həsr edilmiş elmi sessiya keçirildi

 

Bu gün AMEA Nizami adına Ədəbiyyat İnstitutunda Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, tanınmış maarifpərvər, ictimai xadim, publisist-yazıçı, tənqidçi və tərcüməçi Firidun bəy Köçərlinin anadan olmasının 150 illiyinə həsr edilmiş elmi sessiya keçirildi.

Tədbiri giriş sözü ilə açan institutun direktoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Teymur Kərimli F.Köçərlinin həyat və yaradıcılığı, ictimai fəaliyyəti haqqında ətraflı məlumat verdi, Azərbaycan ədəbiyatının inkişafı naminə göstərdiyi xidmətlərdən söz açdı.

Tədbirin ölkə Prezidenti İlham Əliyevin “Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, tanınmış maarifpərvər Firudin bəy Köçərlinin 150 illik yubileyi haqqında” 14 fevral 2013-cü il tarixli Sərəncamına müvafiq olaraq keçirildiyini söyləyən T.Kərimli bu addımı ədəbiyyatşünas alimin yaradıcılığına dövlət tərəfindən verilən böyük qiymət kimi dəyərləndirdi: “Ölməz tənqidçi ədəbiyyatşünas Firudin bəy Köçərlinin sayəsində min illik ədəbiyyat tariximiz milli elmi səviyyəyə qalxmışdır. O, ətrafındakı ədibçilərə böyük təsir göstərmişdir”.

Sonra fil.e.d. Zaman Əsgərli “Azərbaycan ədəbiyyat tarixçiliyinin babası” mövzusunda məruzə ilə çıxış etdi. Z.Əsgərli ədibin Azərbaycan ədəbiyyatının tarixi inkişaf yoluna dair qiymətli mənbə təşkil edən əsərlər yaratdığını, çoxcəhətli zəngin fəaliyyəti ilə ictimai-mədəni fikrin təşəkkülünə mühüm töhfələr verdiyini qeyd etdi: “Ölkəmizdə təhsil sisteminin milli əsaslar üzərində qurulması prosesində onun maarifçi ziyalı kimi apardığı işlər böyük əhəmiyyətə malikdir”. Firudin bəy Köçərlinin Azərbaycan folklorşünaslığında xüsusi xidmətləri olan şəxsiyyətlərdən olduğunu söyləyən Z.Əsgərli onun bir ədəbiyyatşünas kimi araşdırmalarına folklor nümunələrini yazıya almaqla başladığını nəzərə çatdırdı.

Z.Əsgərli bildirdi ki, F.Köçərlinin ölümündən sonra onun Azərbaycan ədəbiyyatına dair topladığı materiallar 1925-1926-cı illərdə “Azərbaycan ədəbiyyatı tarixi materialları” adı altında nəşr olunmuşdur. 1978-ci ildə professor Ə.Mirəhmədovun redaktorluğu ilə R.Qənbərqızı F.B.Köçərlinin elmi irsini iki cild şəklində “Azərbaycan ədəbiyyatı” adı ilə çapa hazırlamışdır.

Elmi sessiyada ”Firidun bəy Köçərlinin mətnşünaslıq fəaliyyəti” mövzusunda məruzə edən fil.ü.f.d. Aslan Salmanov özünəxas poetikası, bayatı kimi qafiyə sistemi, çoxsaylı nümunəsi olan sayaçı sözlərinin toplanılması və nəşri sahəsində Firudin bəy Köçərlinin fəaliyyətinin yüksək olduğunu bildirdi. Məruzəçi bildirdi ki, Firudin bəy Köçərlinin folklorşünaslıq fəaliyyətində aşıq yaradıcılığına aid araşdırmaları dəyərlidir. Geniş müşahidə, dərin təfəkkür sahibi olan F.Köçərli müasirləri sırasında şifahi və yazılı ədəbiyyat arasında oxşar və fərqli xüsusiyyətləri ilkin olaraq qələmə almışdır.

Məruzələr ətrafında fikir mübadiləsi aparıldı.

 

 

Hacı Tofiq

 

Azad Azərbaycan.- 2013.- 24 may.- S.5.