Şəhid Cəbrayıl Əsgərovun
xatirəsi anılıb
Səbail rayonunda yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi, onların vətənə sədaqət və məhəbbət ruhunda böyüdülməsi işləri çərçivəsində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun ən qədim və zəngin tarixə malik Bibiheybət qəsəbəsindəki 50 saylı orta məktəbdə şəhid Cəbrayıl Əsgərovun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. SİA-ya verilən məlumata görə, tədbirdən əvvəl məktəblilər, qonaqlar, ictimaiyyət nümayəndələri, şəhidin valideynləri, ailə üzvləri, sinif yoldaşları, qəsəbədəki hərbi hissənin əsgər və zabitləri Səbail rayon İcra Hakimiyyəti tərəfindən vaxtı ilə şəhidin oxuduğu və hazırda adını daşıyan 50 saylı məktəbin fasadına vurulmuş və ətraf ərazisi abadlaşdırılmış yeni xatirə lövhəsini ziyarət ediblər.
Sonra məktəbin akt zalında şəhid Cəbrayıl Əsgərovun xatirəsinə həsr olunan "Donmuş arzular" adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səslənib, şəhidin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Xatirə mərasimini 50 saylı orta məktəbin direktoru Sədaqət Həsənova açıq elan edərək şəhid Cəbrayıl Əsgərovun uşaqlıq və məktəb illərindən danışıb.
O, qeyd edib ki, Cəbrayıl Fəyaz oğlu Əsgərov 1965-ci ildə Bibiheybət qəsəbəsində anadan olub: "1972-ci ildə 50 saylı orta məktəbin birinci sinifinə daxil olub, 8-ci sinfi bitirdikdən sonra təhsilini Səbail rayonunun 49 saylı orta məktəbində davam etdirib. Sonradan isə peşə məktəbində təhsil alıb. Hərbi xidmətini başa vurduqdan sonra Cəbrayıl Əsgərov Neft daşlarında çalışıb. Ermənilərin Azərbaycanın dilbər güşəsi olan Qarabağda azərbaycanlılara qarşı hücumlarına, törətdikləri haqsızlıqlara dözə bilməyən Cəbrayıl 1992-ci ildə könüllü olaraq yenicə yaradılan Milli Ordu sıralarına gedib və bir sıra qanlı döyüşlərin iştirakçısı olub. 1992-ci ilin avqust ayının 28-də Ağdərə rayonunun Mehmanə kəndi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına həlak olub və Şəhidlər Xiyabanında dəfn olunub. Onun ailəsi hərtərəfli diqqət və qayğı ilə əhatə olunub. Bu gün onun vaxtı ilə oxuduğu məktəb adını daşıyır. Mütəmadi olaraq məktəbdə keçirilən tədbirlərə şəhidin atası Fəyaz kişi, anası Bağdagül xanım və ailə üzvləri dəvət olunur, məktəbin şagirdləri Şəhidlər Xiyabanında şəhidin qəbrini ziyarət edirlər".
Məktəbdə təşkil olunan ədəbi-bədii tədbirdə şagirdlərin ifasında Azərbaycana, şəhidlərimizə həsr olunmuş şeyrlər səslənib, ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Səbail rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Xalidə Bayramoıa yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi işlərində bu kimi tədbirlərin mühüm rol oynadığını bildirib, bu istiqamətdə görülən işlər barədə məlumat verib.
Qeyd edək ki, tədbirin sonunda şəhidin valideynləri Cəbrayıl Əsgərovun xatirəsinin yad olunmasına görə öz minnətdarlıqlarını bildiriblər.
Qasımov E.
Azad Azərbaycan.- 2013.- 26 may.- S. 3.