M.F.Axundzadənin əsərlərində azərbaycançılıq ideyaları

 

XIX əsrdə Azərbaycan mədəniyyətinin, azərbaycançılıq milli ideyasının inkişafında mühüm xidməti olan nəhəng şəxsiyyətlərdən biri M.F.Axundzadədir. Sona xanım Vəliyevanın təbirincə desək: “Mirzə Fətəli Axundov bu dövrdə Azərbaycan xalqının mütərəqqi ideallara inteqrasıyası baxımından,  əsil  tarixi    müstəsna əhəmiyyətli xidmətlər göstərirdi. O, yeni, Avropa tipli ədəbiyyatın dram, bədii   nəsr,   ədəbi  tənqid,  publisistika  kimi  janrlarını anadilli ədəbiyyatımıza daxil etməklə, xalqla canlı ünsiyyətin yeni metodlarını tapır və xalqını zamanın ruhunda düşünməyə, fəaliyyət göstərməyə səsləyirdi.

Axundov öz komediyalarında milli həyatımızın gerçəkliklərini, adət-ənələrini, ictimai davranış normalarını güzgü kimi əks etdirir, bu həyatın gerilikçi tərəflərini tənqid etməkdən çəkinmir, xalqa şirin yalanlar söyləməkdənsə, əsil maarifləndirmə - acı gerçəkləri göstərmək yolunu tuturdu”.

Başda Azərbaycan xalqı olmaqla, bütün türk-müsəlman xalqlarının dünya sivilizasiyasının müasir dəyərlərinə qovuşmaq məqsədi ilə latın qrafikalı yeni əlifba uğrunda sonradan geniş vüsət tapmış hərəkatını da məhz Mirzə Fətəli Axundov başlamışdı.

Akademik F.Qasımzadənin fikrincə, 50-60-cı illərin maarifçiliyi isə əvvəlki maarifçilikdən özünün daha mübariz və təsirli olması ilə, demokratik ideyalarla daha çox çulğalaşıb qarışması ilə, nəhayət, azadlıq hərəkat ilə bilavasitə bağlı olması ilə seçilir. Bu sonrakı, kamil maarifçiliyin əsas fərqləndirici cəhətidir  ki,  öz  əksini   daha  dolğun   şəkildə M.F.Axundzadənin yaradıcılığında tapmışdır. Belə ki, XIX əsrin 50-60-cı illərində feodalizmin dağılması posesinin sürətlənməsi, xalq azadlıq hərəkatının genişlənməsi realist  ədəbiyyatın inkişafını sürətləndirdi. Xalqın millətə çevrilməsi prosesi başladı. Xalq şüuru inkişaf edib milli şüura çevrilirdi. Milli şüurda ictimai həyata qarşı oyanan fəal münasibətin getdikcə artması ədəbiyyatın həyatla olan əlaqəsini möhkəmləndirdi. Ədəbiyyat həyat həqiqətini nisbətən daha geniş və daha dərindən əks etdirməyə başladı: onun mövzuları əhəmiyyətli dərəcədə ictimailəşdi. Ədəbiyyatın əsas aktual mövzuları feodal ətalət və süstlük, cəhalət və nadanlıq, gerilik və irtica, mənəvi boşluq, mütləqiyyət və zorakılıq əleyhinə mübarizə milli şüurun, milli ruhun dirçəldilməsi oldu.

M.F.Axundzadə bu barədə özü yazırdı ki, məqsədi bundan ibarətdir ki, xalqın içərisində bütün siniflərə mənsub olan adamlar elmlərin və sənayenin tərəqqisinə nail olsunlar. M.F.Axundzadə öz ideya mübarizəsində təkamülə üstünlük verdiyini belə ifadə etmişdi ki, əsas məqsəd azadlıq və ədalət bayrağını yüksəklərə qaldırmaqda xalqa öz yaşayışının dinc yolla qurmağa, firəvan və xoşbəxt həyata gəlib çıxmağa imkan verməkdir. M.F.Axundzadə milli şüurun oyanmasında əsas əngəl olan müstəbid, zalım, despotik dövlət quruluşuna qarşı mübarizə aparırdı.

M.F.Axundzadə dövlət məsələsində islahatlar yolu ilə əldə edilmiş xalq hakimiyyətini, onu daha da demokratikləşdirmək, parlament təsis etmək tərəfdarı idi. Bununla əlaqədar F.Qasımzadə yazır: “Onun dövlətdə yaratmaq istədiyi islahatlar cəmiyyəti dəyişdirmək, xalqı azadlıq və xoşbəxtliyə çıxartmaq məqsədi güdürdü. İstibdad quruluşuna qarşı tərəddüd etmədən amansız mübarizə aparmaq, çirkinlik və haqsızlıqların hökm sürdüyü feodalizmi ədalətli bir cəmiyyətlə əvəz etmək, xalqa siyasi, cismani və mənəvi azadlıq vermək, onu elm və mədəniyyətin nailiyyətlərilə tanış etmək, kütləni savadlandırmaq və tərəqqiyə çatdırmaq, xalqa səadət və xoşbəxtlik vermək Axundzadənin başlıca siyasi ideyalı mübarizəsinin əsas məqsədidir”.

M.F.Axundzadənin fikrincə, məhz bu ictimai-siyasi proseslərin reallaşması, son nəticədə, bütövlükdə, millətin milli şüurunun dirçəldilməsinə xidmət edə bilər. M.F.Axundzadə bu ictimai-siyasi və fəlsəfi idealını “Kəmallüdövlə məktubları” traktatında və ondan sonra yazılmış məqalə və məktublarında əks etdirmişdir.

M.F.Axundzadə mütərəqqi, ədalətli maarifçi hökmdar Yusif Sərracı “hakimiyyətə gətirməklə” cəmiyyəti islahatlar yolu ilə dəyişdirmək ideyasını müdafiə etmişdir.

XIX əsrin 60-cı illərində M.F.Axundzadə ədalətli hökmdar və parlament, habelə, konstitusiyaya əsaslanan geniş seçkili hakimiyyətin olması ideyasını irəli sürur, bu məsələdə xalqın fəal iştirakından, geniş rolundan danışırdı. M.F.Axundzadənin fikrincə, padşahı özünü vəkili-millət hesab eləsə, xalqın müdaxiləsinə parlamentlər tərtib etsə, dövlət maddi və mənəvi mədəniyyətlərin məcmusu olan sivilizasiya və tərəqqi qayğısına qalıb onu inkişaf etdirsə xalq dövləti sevər, vətəninə böyük məhəbbət bəsləyər, onun yolunda malını və canını belə əsirgəməz. Əks-təqdirdə, yəni geniş hüquqlar, parlament olmadıqda, sivilizasiya əvəzinə zülm və vəhşilik hökm sürdükdə xalqın qorxu cəhətindən göstərdiyi itaətin etibarı və səbatı olmur. O, bunu “yalançı vətənpərvərlik” adlandırır və tənqid edirdi.

60-cı illərdə böyük bir demokrat və azadlıq tərəfdarı kimi çıxış edən M.F.Axundzadə insan ağlının hər cür ətalətdən, din, cəhalət və mürtəce quruluşun bütün buxovlarından azad olması ideyasını irəli sürür. O, Avropada, Asiyada və bütün dünyada ağlın əbədi həbsdən tamam azad olmasını bəşəriyyətin xoşbəxtlik və səadətinin əsas açarı hesab edirdi.

Akademik F.Qasımzadə M.F.Axundzadənin ictimai-siyasi, fəlsəfi baxışlarında, o cümlədən, maarifçilik görüşlərində zaman keçdikcə ciddi dəyişikliklər baş verdiyini qeyd etmişdir. “Aldanmış kəvakib”də irəli sürülmüş siyasi fikirlər, “Kəmalüddövlə”də inkişaf etdirilmiş fəlsəfi və siyasi ideyalar öz kamil yetkinliyini bu illərdə yazılmış İranın “Millət” qəzeti münisilə müsahibə, “Molla Ələkbərlə mübahisə”, “Yek kəlmə haqqında”, “Mollayi Ruminin və onun təsnifinin babında”, “Con Stüart milli azadlıq haqqında” digər əsərlərdə və məktublarda tapmışdır. “70-ci illərdə onun dünyagörüşünün inkişafı öz yetkin və kamil həddinə çatır və inqilabçı-demokrat səviyyəsinə yüksəlir; o, bütün Yaxın Şərq ölkələrində azadlıq ideyalarının carçısı olur”.

Fəlsəfə elmləri doktoru, Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Şeydabəy Məmmədovun 1962-ci ildə nəşr etdirdiyi “M.F.Axundovun dünyagörüşü” monoqrafiyası yubiley nəşrləri arasında xüsusilə diqqəti cəlb edir. M.F.Axundzadənin fəlsəfi, ictimai-siyasi maarifçilik görüşlərini əhatə edən bu əsər, ilk növbədə, axundzadəşünaslıq üçün əhəmiyyətli olan bir sıra yeni faktlar üzə çıxarılmışdır. M.F.Axundzadənin dünyagörüşünün formalaşması və inkişafını şərtləndirən amilləri düzgün müəyyənləşdirmiş, qoyulan məsələlər yüksək elmi-nəzəri səviyyədə təhlil olunmuş, elmi cəhətdən obyektivliyi ilə seçilmişdir (63).

Professor S.Məmmədovun əsərində M.F.Axundzadəni yetişdirən mühitin - XIX əsrin birinci yarısı və ortalarında Azərbaycanın iqtisadi-siyasi və mədəni həyatının xülasəsi verilmiş, ədibin dünyagörüşünün nəzəri mənbələri - Şərq fəlsəfəsinin mütərəqqi ənənələri, mütərəqqi rus mədəniyyəti, Qərbi Avropa fəlsəfəsi kimi mühüm problemlər haqqında dəyərli fikirlər söylənmişdir.

Ş.Məmmədov M.F.Axundzadənin dünyagörüşünün formalaşması və inkişafında Şərq ədəbi-fəlsəfi fikrinin roluna xüsusi diqqət vermişdir. Əsərdə M.F.Axundzadənin rus və Qərb fəlsəfi fikrinə münasibəti məsələsi, M.F.Axundzadənin Şərq, rus, Qərb fəlsəfi və ictimai-siyasi fikri ilə əlaqəsi problemi geniş işıqlandırılmışdır. Əsərdə M.F.Axundzadənin fəlsəfi görüşləri, M.F.Axundzadə tərəfindən Şərq sxolastikası və mistisizminin, Şərq panteizminin tənqidi, onun dini-sxolastik Şərq fəlsəfəsinə zərbə vuran və Azərbaycanda mübariz materializmin əsaslarını qoyan bir filosof kimi böyük rolu açılıb göstərilmişdir.

Monoqrafiyada M.F.Axundzadənin fəlsəfi görüşləri bir sıra Şərq və Avropa filosoflarının fəlsəfi görüşləri ilə müqayisə edilmişdir. Professor Şeydabəy Məmmədov XIX əsrdə M.F.Axundzadənin mərkəzi yer tutduğunu qeyd edərək, onu “Azərbaycan ədəbiyyatı və fəlsəfəsinin klassiki” adlandırmışdır: “Azərbaycan xalqının mənəvi mədəniyyətinin inkişafında bütöv bir xətt onun adı ilə bağlıdır. M.F.Axundzadə görkəmli maarifçi-demokrat, feodal quruluşu və islam dini-mistik ideologiyasının qatı əleyhdarıdır. O, ilk dəfə olaraq, ərəb əlifbasının latın əlifbası ilə əvəz olunmasını irəli sürmüşdür, dini fanatizmə və Şərq despotizminə qarşı öz güclü səsini qaldırmışdır” (63, 16).

Ş.Məmmədovun fikrincə, M.F.Axundzadənin fəlsəfi-siyasi ideyaları Azərbaycan və İranın ictimai və fəlsəfi fikrinin sonrakı inkişafına daha güclü təsir göstərmişdir. Ş.Məmmədov M.F.Axundzadəni     Azərbaycanın  ictimai-siyasi fikir tarixində “ilk maarifçi-demokrat” kimi qiymətləndirmişdir.

Professor Şeydabəy Məmmədov İran, Azərbaycan və Yaxın Şərq xalqlarının milli şüurunu oyatmaq və inkişaf etdirmək sahəsində  M.F.Axundzadənin  ictimai-siyasi    fəlsəfi  görüşlərini  aşağıdakı  kimi qruplaşdırmışdır:

1. M.F.Axundzadə tərəfindən feodal quruluşu və Şərq despotizminin tənqid edilməsi;

2. Hüquq və azadlıqların müdafiə edilməsi;

3. Feodal cəmiyyətinin yenidən qurulması zərurəti haqqında;

4. İnqilabi-demokratik ideyalara doğru;

5. İctimai tərəqqiyə doğru yolda

Ş.Məmmədov da Heydər Hüseynov kimi M.F.Axundzadənin müasiri olduğu hökmdarları və despotizmi tənqid etmək üçün tarixi keçmişə müraciət etdiyini, tarixdəki müdrik hökmdarları xatırlatmaqla, onların mütərəqqi idarəçiliyi vasitəsilə müasiri olan despotik hökmdarlara təsir etmək istədiyini göstərmişdir.

Heydər Hüseynov mədəniyyət və ictimai fikir tariximizdə ilk dəfə olaraq, XIX əsr Azərbaycan fəlsəfi tarixinin ümumi inkişaf yolunu izləmiş, bu dövrün görkəmli nümayəndələrinin ictimai-siyasi və fəlsəfi görüşlərini ətraflı şərh etmişdir. Əsərin M.F.Axundova həsr olunmuş hissəsində müəllif M.F.Axundovun “Kəmalüddövlə məktubları” fəlsəfi traktatı ilə yanaşı, ədibin digər fəlsəfi və publisist məqalələrini, eləcə də, o zaman hələ çap üzü görməmiş bir sıra məktublarını tədqiq etmiş, onun dünyagörüşünü bütün ziddiyyətləri ilə açıb təhlil etməyə çalışmışdır (65, 22).

H.Hüseynov vətənpərvər mütəfəkkir-filosof haqqında Ə.Haqverdiyevin 1928-ci ildə “Maarif və mədəniyyət” jurnalının 3-cü sayında çap olunmuş “M.F.Axundzadə haqqında” adlı məqaləsindən obrazlı bir sitat gətirmişdir: “Epoletli, mükafatlar, medallarla bəzədilmiş mundirlər altında hisslərilə yanan odlu bir ürək döyünürdü”. Bu ürək sahibi Azərbaycanın milli varlığı, milli ləyaqəti, milli şüurunun formalaşması, milli mədəniyyəti və maarifi uğrunda mübarizə aparan alovlu inqilabçı-demokrat, filosof, mütəfəkkir, yazıçı, dramaturq M.F.Axundzadənin ürəyi idi”.

H.Hüseynov “Kəmalüddövlə məktubları”nda M.F.Axundzadənin cəmiyyəti dəyişdirmək, yeni mütərəqqi dövlət idarəçiliyi formalarının müəyyənləşdirilməsi ideyasını şərh etmişdir. H.Hüseynov göstərmişdir ki, M.F.Axundzadənin demokrat kimi xalqın idarəetmədə iştirakını, hökmdarın öz xalqının qayğısına qalmasını, idarəçilikdə itaət və qorxunun aradan qaldırılmasını, millətin maariflənməsi və sivilizasiyaya qovuşmasını, dövlət müəssisələrində, məhkəmələrdə xalqın qayğısına qalan təmiz, ləyaqətli adamların işləməsini arzulayır, insanın üç növ tələbata - mövcudluğa, əqli və mənəvi tələbata malik olduğunu bildirirdi.

H.Hüseynov M.F.Axundzadənin pessimist olmadığını, demokrat kimi öz xalqının gücünə inandığını bildirir: “Vaxt gələcək, indi istismar altında inləyən xalq despotizmə qarşı çıxacaq, fanatizmdən və despotizmdən xilas olacaq, dünyanın sivilizasiyalı xalqları ilə bir səviyyədə duracaq”. H.Hüseynov   M.F.Axundzadənin   insan   şəxsiyyətinin   azadlığı fikrinə xüsusi diqqət ayırdığını (“Con Stüart milli azadlıq haqqında” məqaləsındə) qeyd edirdi. M.F.Axundzadə göstərmişdir ki, heç bir bəşər tərəqqisi, o cümlədən, milli-mənəvi dəyərlərin, milli şüurun inkişafı da, düşüncə və təfəkkür azadlığı olmadan mümkün deyildir. Bizim tərəqqimizin nəticələrini əsrimizdə ümumi anlayış olan sivilizasiya adlandırmaq olar. Sivilizasiya anlayışı incəsənəti, elmi, dövlətin qüdrətini, millətin rifahını və mədəniyyətin digər əsaslarını əhatə edir. Sivilizasiya və tərəqqi üçün cəmiyyətin və millətin hər bir   prosesində, o, heç bir məcburiyyət hissi keçirməsin, nə fikirləşdiyini və nə edəcəyini sərbəst deyə bilsin. Belə hallarda mütərəqqi ideyalar digər fərdlərin gözündə qalxacaq, bütün cəmiyyətin xeyirinə olan ideyalar kimi   qəbul ediləcək.

 

 

VAHİD ÖMƏROV

 

Azad Azərbaycan.- 2013.- 28 may.- S.5.