XIX əsr maarifçilik fəlsəfəsində azərbaycançılıq ideyası     

 

XIX əsrin birinci yarısında A.A.Bakıxanovla yanaşı İ.Qutqaşanlı, M.Ş.Vazeh, Q.B.Zakir, Natəvan kimi  maarifçilər də azərbaycançılıq ideyalarına dair əsərlərilə diqqəti cəlb etmişdir.

Akademik Feyzulla Qasımzadə XIX əsr Azərbaycan ictimai fikrində maarifçiliyin üç inkişaf mərhələsi keçirdiyini, birinci mərhələnin Azərbaycanın parçalanma dövrünün son illərini və 30-40-cı illəri əhatə etdiyini, A.Bakıxanov, İ.Qutqaşınlı, Mirzə Şəfi Vazeh kimi az-çox realizmə meyl göstərən yazıçıların simasında meydana çıxdığını qeyd etdirdi. Təəssüf ki, bir çox tədqiqatçılar realizm yaradıcılıq metodumaarifçilik fəlsəfəsi arasındakı bağlılığı açıb göstərməmişdir. O, bu mərhələdə Azərbaycan maarifçiliyinin hələ çox zəif, ibtidairüşeym halında olduğunu, milli şüurla bağlı bəzi xüsusiyyətləri ilə (xalqa, vətənə məhəbbət, azadlıq ideyalarının tərənnümü, maarifi yaymaqs.) ancaq cüzi bir nisbətdə rus maarifçilərinə yaxınlaşa bildiyini göstərmişdir. O, ikinci mərhələnin 50-60-cı illəri əhatə etdiyinibu zaman Azərbaycan maarifçiliyinin M.F.Axundzadənin simasında kamala çatdığını, üçüncüson dövrün 70-90-cı illərə təsadüf etdiyini, bu dövrdə maarifçiliyin M.F.Axundzadənin varisləri Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirovun simasında inkişaf etdiyini və əsrin sonunda Bakıda kapitalizmin inkişafı ilə əlaqədar olaraq, öz qabaqcıl mövqeyini itirməyə başladığını qeyd etmişdir.

Lakin bu tədqiqatçılar kapitalizmin inkişafı ilə maarifçiliyin mövqelərinin itirilməsinin əlaqəsini göstərə bilməmişlər. F.Qasımzadə Azərbaycan maarifçiliyinin ilk təşəkkül dövründən danışarkən, maarifçilərin ümummilli dəyərləri tərənnüm etmələrini “kəndli sinfinin mənafeyinə xidmət etmək” kimi təqdim edir: Doğrudur, maarifçiiliyin təşəkkülü dövründə, ilk Azərbaycan maarifçiləri, xüsusən, Bakıxanov - çar mütləqiyyəti əleyhinə açıq və müstəqil mübarizə aparmadıqları kimi, kəndli hüququnu bilavasitə açıq müdafiə etməmişlər. Onların əsərlərində feodal istismarı şəraitində yaşanır. Azərbaycan kəndliləri -ağır vəziyyətinin, kəndli mübarizəsinin təsvirinə rast gəlmirik. Lakin bundan ilk maarifçilərin guya çar mütləqiyyətinə müsbət bir münasibət bəsləmələri və kəndli hüququnun müdafiəsinə laqeyd qaldıqları nəticəsini çıxarmaq düzgün olmaz. İlk maarifçilər vətənpərvərlik, xəlqilik, azadlıq ideyalarını tərənnüm etmək, avam kütlələrin maarifləndirilməsi məsələsini ortaya atmaqla, məhz kəndli sinfinin mənafeyinə xidmət edirdilər və təhkimçilik quruluşuna zidd bir cəbhədə dururdular”.

Azərbaycan tədqiqatçısı Zoya Əliyeva özünün “Azərbaycan və fransız maarifçiliyi - qarşılıqlı əlaqələr” əsərində XIX əsrin birinci yarısında Azərbaycanın intellektual mədəni mühiti formalaşdıran amillərdən bəhs etmişdir: “İntelektual-mədəni mühitin formalaşmasında dünyəvi, Azərbaycan və rusdilli məktəblər, Peterburq va Moskvadakı ali məktəblər əsas rol oynayırdı. Rus, Qərbi Avropa elmi müxtəlif yollarla Azərbaycana daxil olur, burada nəinki yeni intellektual mühit yaradır, nəticədə, yeni tipli ziyalılar, maarif və mədəniyyət xadimləri yaranır, eyni zamanda, köhnə ziyalıların bir çoxunun mənəvi aləmində də müəyyən yeniləşmə prosesi gedirdi”.

XIX əsrin intellektual-mədəni mühitinin ən uğurlu cəhətlərindən biri Azərbaycan dilində ədəbiyyatın yaradılması idi. Azərbaycanlıların yaşadığı ölkə gah İran, gah Türkiyə, sonra isə Rusiyanın hakimiyyəti altında olmuşdur. İran hökmranlığı zamanı yazı işləri fars dilində, Türkiyə hakim olduqda, Azərbaycan dilindən az fərqlənən türk dilində aparılmışdır. Nəticədə, azərbaycanlılar ədəbiyyatdan məhrum olmuşlar. M.Ağamirov yazır: “Əgər tatar (Azərbaycan dilində) dilində bəzi əsərlər varsa da, onlar ya başqa dillərdən tərcümə edilmiş, ya da fars, türk və ərəb sözləri ilə dolu anlaşılmaz bir dildə yazılmışdır. Beləliklə də, bu əsərlər, daha doğrusu, bu tərcümələr əsasında tatar dilinin ruhunu anlamaq, incəliklərini başa düşmək mümkün deyildir”.

Şimali Azərbaycanda formalaşan intellektual-mədəni mühit yeni tipli ziyalılar, maarif və mədəniyyət xadimlərinin, yaradıcı ziyalıların meydana gəlməsi Şimalı Cənubdan fərqləndirən əsas amillərdən hesab edilir. Şərq təfəkkürü, Şərq mədəniyyəti təsirinin üstünlük təşkil etdiyi Cənubi Azərbaycan ədəbiyyat və mədəniyyətinə nisbətən Şimalda formalaşan intellektual-mədəni mühit Şərq və Qərbin sintezi, milli-dini xarakter daşıyan türk-islam mədəniyyəti və ümumbəşəri, rus-Avropa mədəniyyəti milli realist ədəbiyyat və incəsənət uğrunda mübarizə aparırdı. Bu mədəniyyət azərbaycanlıların təmasda və sıx əlaqədə olduqları Qafqaz xalqlarının eyni dilə, etnik kökə, mənəvi dəyərlərə mənsub olduqları türkdilli müsəlman xalqlarının, eyni bir yaxın region kimi Avrasiya xalqlarının mədəniyyətilə qovuşmuş, təkrarolunmaz, özünəməxsus cəhətlərilə seçilən mədəniyyət olub, Şərq-Qərb sivilizasiyalarının, dünyadakı çoxsaylı və azsaylı millətlər və etnik qrupların dinləri  və ideologiyalarının  qovuşuğunda meydana gəlmişdir.

Şimali Azərbaycanda yaranmış yeni intellektual-mədəni mühit cəmiyyətdə Avropa-Qərb mədəniyyətinin daşıyıcısı olmaqla bərabər, həm də dəyişikliklərin, yeniləşmənin aparıcı qüvvəsi kimi çıxış edirdi. Bu yeni mühitdə yeni ideyalar meydana gəlir, inkişaf edir, cəmiyyətə müxtəlif cəhətdən təsir göstərirdi.

İctimai, siyasi, ədəbi-bədii ideyalarobrazlar ictimai həyatın, cəmiyyətin buya digər tərəflərinin müəyyən dərk olunması formalarından olub, tarixin bütün dövrlərində cəmiyyətin zəruri inkişaf meyillərini, arzu və tələbatlarını, sosial-tarixi gerçəkliyi özünəməxsus şəkildə əks etdirir.

İdeyalar, xüsusilə, cəmiyyətdəki dəyişikliklərin və yeniliklərin ifadəsi, millətin mənəvi tərəqqisinə xidmət edən ideyaların məcmusu olan milli ideyalar birinci növbədə öz əksini tapdı.

Fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərov XIX əsrin birinci yarısındakı maarifçilərin milli ideologiya təsirindən bəhs etmək göstərir ki, XIX əsrin I yarısında A.A.Bakıxanov və Mirzə Kazım bəyin gördüyü işlər səviyyəsində olmasa da, İsmayıl bəy Qutqaşınlı, Mirzə Şəfi Vazeh, Qasım bəy Zakirb. da milli özünüdərk prosesinə müəyyən töhfələr vermişlər. Məsələn, İsmayıl bəy Qutqaşınlının bu dövrdə gördüyü ən mühüm milli əməllərdən biri, 1835-ci ildə fransız dilində qələmə alaraq Varşavada nəşr etdirdiyi “Rəşid bəy və Səadət xanım” əsəridir. Bu əsər məzmununa görə, özündən əvvəlki ədəbiyyatlardan xeyli dərəcədə fərqlənmiş, millətin gerçək, real həyatını əks etdirmişdir. XIX əsrin birinci yansında gələcək nəslin taleyində müəyyən iz buraxmış, müasiri olduğu cəmiyyətin problemlərinə reallıqdan baxan maarifçi filosofumuz M.Ş.Vazehin isə ən çox diqqət yetirdiyi məsələ cəmiyyətin dinə münasibətidir. Vazeh hesab edir ki, din alimləri islamla bağlı əsil həqiqəti həmişə millətdən gizlədiblər.

 Ruhanilərin anlaşılmayan duaları və moizələrinin xalqın əzabını daha da artırdığını görən Vazeh dini təbliğ edən şairlərə də qulaq asmağın mənasız olduğunu açıq şəkildə bildirərək yazır: “Nəğməsindən məscid havası gələn şairlərin, Başları boşdur yəqin, ağılları deyil dərin”. Vazeh aşkar şəkildə xalqa bu gün ruhanilərə, müctəhidlərə deyil, vətənpərvər, millətsevər insanlara ehtiyacın olduğunu bildirir. Görünür, bu səbəbdən, Gəncə məscidlərinin birində M.F.Axundzadəyə dini elmləri öyrədərkən, Mirzə Şəfi onu ruhani olmaq fikrindən daşındırmışdır. Qasım bəy Zakirin isə daha çox Azərbaycan türkcəsində şeirlər yazması, türk dilinin saflığının qorunmasında və cəmiyyətdəki nöqsanları, geriliyi tənqid etməsində və s. məsələlərə münasibətdə müəyyən rol oynamışdır. Zakirin fikrincə, artıq onun dövründə heç kəs mollaya, qaziyə inanmır, çünki xalqı xarab edən ruhanilərin, qazilərin özüdür: “Haradan gəldi, bunlar, eylədilər xəlqi xərab, Biri der müctəhidəm, biri müsəlman qazi” F.B.Köçərliyə görə, sadə türk dilində yazanmilli şair olan Zakirin Axundzadəyə mühüm təsiri olmuşdur. Hətta Axundzadə bir neçə komediyasını Zakirin nəqlindən sonra yazmışdır: “Zakir xalqının dilini və dolanacağını çox yaxşı bildiyi üçün Mirzə Fətəliyə yazdığı namələrdə özünün həqiqi milli bir şair olduğunu göstərmişdir”.

Beləliklə, İ.Qutqaşınlı, M.Ş.VazehQ.Zakir isə öz yaradıcılıqlarında  həm  dövrlərinin  problemlərinə gerçək kontekstdən yanaşmaları və dini xurafatı daha cəsarətlə tənqid etmələri (M.Ş.Vazeh), həm müəyyən qədər də olsa, təmiz Azərbaycan türkcəsində yazmaları (Q.Zakir), həm də Qərb mədəniyyətinin müsbət cəhətlərini təbliğ etməklə (İ.Qutqaşınlı) fərqləniblər.  Bu xüsusiyyətlər o dövr üçün yenilik idi. Bu mütəfəkkirlər keçmişin geridə qalmış adət-ənənələrindən tamamilə qurtula bilməsələr də, ancaq onlara tamamilə bağlı olaraq da   qalmamışdılar. Onlar  təmsil olunduqları mədəniyyəti inkar etməsələr də, həmin mədəniyyətin bir yerdə dayanıb qalması ilə də razılaşa bilmirdilər. Bu məqsədlə həmin mütəfəkkirlər öz yaradıcılıqlarında birbaşa olmasa da, yeri gələndə artıq yeni dövrün tələblərinə cavab verməyən dinimilli adət-ənənələri tənqid edir, onlara yeni rəng qatmağa çalışırdılar. Bütün bunlar isə milli özünüdərk prosesinə təsir göstərir, millətin qarşısında yeni bir səhifə açırdı.

Fəlsəfə elmləri doktoru Rafail Əhmədov XIX əsrin birinci yarısındakı maarifçilərin ideya təsirindən bəhs edərək, göstərir ki, Mirzə Şəfi bədii yaradıcılıqla yanaşı, 1846-50-ci illərdə Gəncədə qəza məktəbində yerli şagirdlərə Azərbaycan-türk dilindən dərs deyir, 1850-ci ildə yenidən Tiflis gimnaziyasına ana dili müəllimi təyin edilir. Tiflisdə Mirzə Şəfi farsşünas İ.Qriqoryevlə birgə “Kitabi-türki” müntəxəbatını,      xrestomatiya. Azerbaydjanskoye nareçe” (Tiflis, 1852) dərsliyini hazırlayırlar. Mükəmməl dərslik olan bu kitab Mirzə Şəfinin vəfatından (16 yanvar 1852-ci il) sonra 1855-ci ildə qismən, 1856-cı ildə isə tam şəkildə həmmüəllifi olan İ.Qriqoryev tərəfindən nəşr edilmişdir. Bizcə, zəngin yaradıcılığa malik şagirdi F.Bodenştedtin yazdığı kimi, “adı bütün Avropada iftixarla çəkilən gəncəli söz ustadı Mirzə Şəfinin” Azərbaycan maarifçiliyindəki ən böyük xidməti Mirzə Fətəli Axundzadə kimi hər bir millətin iftixarı sayıla biləcək şəxsiyyəti Azərbaycana və bütövlükdə, Şərqə bəxş etməsidir. Faiq Ələkbərov azərbaycançılıq ideologiyasında varislik probleminə toxunaraq, yazır ki, XIX əsrdə milli-mənəvi varislik faktoru birincimühüm yer tutur. Xüsusilə, A.A.Bakıxanov Qafqaz-Azərbaycan türklərinin tarixinə aid ayrıca bir əsər yazmaqla, Qafqazda qədim bir millətin yaşadığını ortaya qoymuş oldu ki, bu da yeni nəslə böyük təsir göstərdi. Eyni zamanda, A.Bakıxanov, M.Ş.Vazeh, İ.B.Qutqaşınlı, Q.B.Zakirdə rüşeym halında olan milli ruh M.F.Axundzadələr, H.B.Zərdabilər, S.Ə.Şirvanilər və başqalarını yetişdirdi. Bir sözlə, yeni nəsildə milli xüsusiyyətlərin nisbətən qabarıq şəkildə ortaya çıxmasında milli-mənəvi varisilik amili, eyni zamanda, milli-mənəvi dəyərlərə ideoloji münasibət mühüm əhəmiyyət kəsb etdi. Belə ki, M.F.Axundzadə, H.B.Zərdabi və b. artıq millət, din, vətən və bu kimi anlayışlara fəlsəfi, siyasiideoloji yöndən baxmağa başladılar. Əgər A.A.Bakıxanov millətin keçmişini, əsasən, tarixi mövqedən işıqlandırırdısa, M.F.Axundzadə, H.B.Zərdabi və b. fəlsəfi, siyasi, ideoloji şərhlər verməyə başladılar. Bu da, istər-istəməz milli ideologiyamızın təzahürlərinin meydana çıxmasına səbəb oldu.

 

VAHİD ÖMƏROV

 

Azad Azərbaycan.- 2013.- 31 may.- S.5.