Quranda təsvir edilən itmiş şəhər- Atlantida

 

Kosmos əsrində yaşayırıq. Necə deyərlər, bir ayağımız Yerdə, o biri ayağımız Ayda, Marsda, Merkuridə, amma yenə də Yer üzündə nə qədər sirli-sehrli məkanlar var ki, hələ də sirrinə vaqif ola bilməmişik. Misir ehramlarını kim tikib, texnikanın bu qədər kasıb və ibtidai bir dönəmində Mayya ehramları necə inşa olundu, Pasxa heykəllərini kimlər bu cür riyazi dəqiqliklə yonub-təraş etdi və neçə-neçə sirli-sehrli suallar...

Bunlardan biri də Atlantidadır. Kulis.Az Atlantida haqqında maraqlı araşdırmanı təqdim edir.

Hər şey Platondan başladı

Atlantida... bu adı dəfələrlə eşitmişik. Onun haqqında neçə-neçə əfsanələr oxumuşuq. Guya orda hətta atom enerjisini kəşf etmiş qədim sivilizasiya var imiş. Hətta Atlantidanı yadplanetlilərlə bağlayanlar belə var. Amma bilmirik; o ada idimi, yoxsa, qitə. Harada yerləşirdi bu Atlantida? Bax bunlar hamısı böyük bir sual işarəsi altında gizlənib.

Atlantida haqqında ilk yazılı məlumatlar Platonun “Timey” və “Kriti” dialoqlarında yer alır. Əsərdəki məlumatlara görə Kiriti Atlantida haqqında məlumatları babasından, o da öz babasından, babası isə Misir rahiblərindən eşidib. Kitabda deyilənlərə görə Atlantida 9000 il öncə dəhşətli bir fəlakət nəticəsində bir günün içində dağılaraq məhv olmuşdur. Belə çıxır ki, Atlantida bizim eradan əvvəl 9500-cü ilə qədər mövcud olmuş, təxminən bu tarixdə isə dağılmışdır.

Bəzi mütəxəssislər Paltonun fikirlərini həqiqət hesab etmirlər. Onu Platonun təfəkkürünün məhsulu və ya fəlsəfi mif adlandırırlar. Buna baxmayaraq əlimizdə başqa məlumatlar yoxdur və buna görə də böyük filosofla razılaşmağa məcburuq.

Bəs alimlər bu haqda nə deyir?

Elmdə Atlantida haqqında fikirlərin əksəriyyəti hipotezadan o yana getmir. Amma bir sıra alimlərin, o cümlədən rus alim Nikolay Jirovun da bu sahədə bir çox araşdırmaları yer alır. O hətta elmdə ayrıca atlantologiya adlı sahənin yaradılmasını da təklif edib.

Platonun da yazdıqlarına inansaq Atlantida bizim eradan 9500 il əvvəl Atlantik okeanında, indiki Cəbəllütariq boğazının yanında yerləşirdi. Sahəsi Liviya və Asiya qitəsinin birlikdə götürülmüş sahəsindən də böyük olub. Platona görə adada yaşayanlar dəniz və zəlzələlər tanrısı Poseydonun soyundan gələn kralların qurduğu ittifaq tərəfindən idarə olunurdu. Həmçinin adada ayrı-ayrı krallar tərəfindən idarə olunan şəhər dövlətləri var idi. Ancaq bunların içində ən möhtəşəmi paytaxt şəhəri idi.

Bu paytaxt şəhəri quru sahəsini bir-birindən ayıran 3 ayrı su sahəsi ilə əhatə olunurdu. Bu su sahələrinin ətrafında da müdafiə məqsədilə divarlar çəkilmişdi. Bu divarların hər biri ayrı-ayrılıqda fərqli metallardan hazırlanmışdı. Ən kənardakı divar bürüncdən, ortadakı divar misdən və ən iç divar isə nadir tapılan, yalnız bu adada olan mədəndən çıxan “orikalkumun” ilə hazırlanmışdı. İç divarın hazırlandığı metal parıldayaraq özündən qırmızı işıq saçırmış. Atlantlar şəhəri çevrələyən bu xəndəklərin arasında şəhər mərkəzi ilə dənizi bir-birinə bağlayan bir kanal da qazıbmışlar. Adanın sahilindəki qayaları yararaq liman inşa edibmişlər. Zəngin təbii sərvətlərə malik olan bu adanın sakinləri incə zövqə malik insanlar olublar. Onlar buğalara sitayiş edir, fil, o cümlədən başqa vəhşi heyvanlar da saxlayır, qozla qidalanırdılar.

Atlantların yaşadıqları əraziyə gəldikdə isə Platon öz əsərində dəqiq məkan göstərməyib. O yalnız indiki Cəbəllütariq boğazının ətrafını nişan verməklə kifayətlənib. Bəzi alimlərin dediyinə görə Atlantida Atlantik okeanından Aralıq dənizinə, cənubda Misir, şimalda İtaliyaya qədər uzanan böyük bir imperiyaya malik olub.

Hətta bəzi araşdırmaçılar Cəbəllütariqin sahillərində yerləşən Azor və Kanar adalarının Atlantidanın qalıqları olduğunu qeyd edirlər. Ümumiləşdirmə aparsaq dünyanın hər yerində Atlantidanın qalıqlarının olduğunu iddia edənlər var: Antraktida, İrlandiya, İspaniya, Cənubi Çin dənizi, Amerika qitəsi, And dağları, hətta Dominikan Respublikasında yerləşən bir gölü də bu əraziyə aid edənlər var.

1882-ci ildə Danelli “Tufandan əvvəlki dünya-Atlantida” adlı kitabını nəşr etdirir. Danelliyə görə Atlantida yer üzündəki cənnət, yunan allahlarının vətəni imiş. Danelli Atlantidanın Azor adalarının yaxınlığında yerləşdiyini bildirir.

Quranda Atlantida haqqında nələr yazılıb?

Quranın 89-cu Fəcr surəsinin 6-cı ayəsi bu cürdür: “Ya peyğəmbər, məgər görmədinmi Rəbbin nələr etdi Ada (Hud peyğəmbərin Ad qövmü)?” Mütəxəssislərin fikrincə Ad qövmü, ilk insan Adəmin adı ilə eyni kökdəndir. Türklərdəki “ata” kəliməsi də bu kökdəndir. Ola bilsin ki, atlnatlar, elə Ad qövmüdür.

Ad qövmü haqqında Quranın “Əl-Əhqaf” (“Qum təpələri”) surəsində də bəhs olunur. Onların yaşadıqları ərazi isə Əlqaf, adından da bəlli olduğu kimi qumluq bir ərazi imiş.

Quran təfsirçilərin fikrincə Ad qövmü yüksək binalar və yüksək məbədlər inşa etmiş və bununla da özlərinə tanrıya tay tutmaq istəyirmişlər. Buna görə də tanrı onları şimşək və yeddi gecə səkkiz gün sürən dondurucu küləklə (Buz dövrünün soyuqlaşması nəzərdə tutula bilər-red.) cəzalandıraraq məhv etmişdir.

Ezoteriklər Atlantida haqqında Atlantida zaman-zaman ezoterikanın da maraq dairəsində olmuş, bir sıra teosoflar, gizli təşkilatlar, ezoterika mütəxəssisləri bu barədə kitablar yazmışlar. Onların bir çoxu Atlantidanın varlığına inanmış, bəziləri isə atlantların fiziologiyalarını da təsvir etmişlər.

Belə ki, onların iddialarına görə atlantlar müasir insandan qat-qat hündür olmuşlar. Onlar alınlarının ortasında isə üçüncü gözləri yəni bəsirət gözləri, “həe şeyi görən gözləri” olmuşdur ki, bu mistik göz vasitəsilə bir-birinə informasiya ötürmək və bir sıra fövqəlbəşər qabiliyyətlərini həyata keçirmək imkanları olubmuş. Ezoteriklərin fikrincə Atlantida haqqında məlumatlar əslində itməyib, Tibet monastrları, Misir ehramları və Mayya sivilizasiyası da onların sivilizasiyalarının qalıntılarıdır.

1887-1945-ci illərdə yaşamış ABŞ ezoteriki, medyumu Edqar Keysi isə Atlantidanın bir neçə adada mövcud olan bir qitə olduğunu iddia edirdi. Keysiyə görə bu qitənin əhalisi lazerə bənzəyən kristal enerji stansiyaları hazırlayıbmışlar. Elə bu enerji stansiyalarından birində baş vermiş nasazlıq nəticəsində yaranmış partlayışdan qitə məhv olmuşdur.

Keysi Sfinks məbədi ilə Atlantidanın bağlılığının olduğunu da iddia edir. Onun fikrinə görə Atlantida fəlakətindən sağ qurtaran atlantlar Sfinks məbədini inşa etmiş və öz gizli bilikləri haqqında məlumatları Sfinks məbədinin gizli otaqlarındakı arxivlərdə gizlədiblər.

Hitler də Atlantidanı axtarırdı

Almanları ari irq adlandıran və bu məqsədlə Yer üzündə olan bütün sirli məkanları araşdıran, sanki özlərinin ali olmalarını sübut etməyə çalışan, ikinci bir tərəfdən öz qüvvəsini fövqəl güclərlə birləşdirməyə çalışan “Üçüncü Reyx” dövləti də Atlantidanın axtarışında idi. Hətta bu araşdırmaların bəziləri Hitler Almaniyasından əvvəlki dövrlərə, 1900-cu illərə gedib çıxır. Belə ki, Tuli adında gizli bir cəmiyyət ari xalqının varlığını araşdırmaq və onların Atlantida ilə hər hansı bir əlaqəsinin olduğunu sübuta yetirmək üçün axtarışa başlayırlar.

Onlar dünyanın bir çox yerində axtarışlar aparsalar Atlantidanın daha çox Qrelandiya və İslandiya adaları arasında yerləşdiyinə inanırdılar. Hətta Hitler II Dünya Müharibəsi vaxtında Hərbi Hava Qüvvələrini də bu işə səfərbər etmişdi. Bununla belə tutarlı faktlar əldə olunmamışdı.

Atlantida ekspedisiyaları

1968-ci ildə Baham adalarından uçan pilotlar Mimini adasının ətrafında nə isə görürlər. Hal-hazırda da “Mimini yolu” adlanan bu tapıntı 1460 metr uzunluğunda olan, döşənmiş daşlardan ibarət tikilidir. Bu təbiət hadisəsi ola bilməzdi, insan əməyinin nəticəsinə bənzəyirdi. Alimlərin ehtimalına görə bu tikili liman ətrafında çəkilmiş dalğaqıran idi.  

Bir neçə il sonra bu cür tapıntı Endres adasında tapılır. Buna da “Endres yolu” adı verilir. Alimlər bu “yollar”ın Atlantida ilə bağlarının ola biləcəyini iddia edirlər.

1995-ci ildə Fidel Kastro hökuməti ispan gəmilərinin batmış xəzinələrini tapmaq üçün ekspedisiya qrupu yaradır və ona Polina Zeliski rəhbərlik edir. Keçmiş Sovet mühəndis olan Zeliski Kuba sahillərinin 670 m qərbində, okean dibində qəribə tikililər aşkar edir. Polina bu qədər dərinlikdə təbiətin simmetrik, olduqca səliqəli olan bir tikili yarada biləcəyinə inanmır. Baxmayaraq ki, o Atlantida möcüzəsinə qəbul eləmir, amma yenidən səyahət edib araşdırma aparmaq istəsə də Kastro hökuməti buna icazə vermir.

Platonun əsərindəki qeydləri əsas götürərək bir çox alimlər, araşdırmaçılar, arxeoloqlar, antropoloqlar, atlantoloqlar tədqiqatlar aparmış və qəribə nəticələr eldə etmişlər. Atlantların Misir ehramları ilə, Krit mədəniyyəti, hətta Mayya mədəniyyəti ilə bağlarının olduğunu iddia edənlər var.

Mayyaların allahı atlantlar

Meksikada yayılmış bir əfsanəyə görə əsirlər əvvəl dənizin o biri tərəfindən saqqallı tanrılar gəlib. Yerli əhalinin dediyinə görə bu tanrılar atlantlar olublar. Onlar Mayya mədəniyyətinin yaranmasına öz töhfələrini veriblər.

Atlantidanın Qəraib dənizi tərəfdə olduğunu iddia edənlərdən biri də Corc Eriksondur. O, “Endris” və “Mimini” yolunun Atlantida ilə bağlılığını vurğulayır. Bundan başqa Erikson bildirir ki, Baham adaları Platonun

Atlantidanın dağıldığını iddia etdiyi dövrdə su səviyyəsindən yuxarıda olub.

Erikson atlantlarla Mayya mədəniyyəti arasında oxşarlıqlar da tapıb. Belə ki, Mayya mədəniyyətinin nümunəsi olan heykəllərdə, o cümlədən Günəş allahının təsvir olunduğu heykəldə mayyalara məxsus olmayan üz quruluşu var. Qalın qaşlar, uzun sifət, iri gözlər, uzun burun, qalın bığlar mayyalara məxsus sifət quruluşu deyil. Bu ancaq atlantlara məxsus ola bilər. O, israr edir ki, mayyalıların üzləri tüklü olmayıb və sifətləri isə yumru olub.

Eriksonun Günəş allahının simasında atlantların tərənnüm olması iddiası bəzi alimlər tərəfindən inkar olunur. Belə ki, mayalıların sifətlərində tük olması faktı öz sübutunu tapıb və Eriksonun “bığ” dediyi şey əslində ya “ilan”dır, ya da ağızdan çıxan tüstü.

Eriksonun fikrincə Yukatan yarımadasında məskunlaşan ilk insanlar Sibirdən Alyaskaya keçənlər deyil, məhz dənizdən gələn atlantlar olublar. Onun dediklərinə və elmin təsdiqlədiyi fakta görə Buz dövründən sonrakı dövrdə Yukatan yarımadası, Kuba və Baham adaları daha böyük quru sahələri olublar.

Arxivlər necə oldu?

Bir çoxları Misir ehramların tikilişini yad planetlilər və atlantlarla əlaqələndirirlər. Bu fikri təbliğ edən bir çox incəsənət nümunəsi də mövcuddu. Lakin tarix elmi sübut edir ki, piramidalar b.e.ə. 2500-cü illərdə qədim misirlilər tərəfindən tikilib. İnşaatda isə yad planetlilərin deyil, qullar və həmçinin vergi mükəlləfiyyətlərini ödəmək üçün bura gələn kəndlilərin əməyindən istifadə olunub.

Sfinks abidəsinin altındakı gizli otaqlarda isə Atlantlara aid heç bir arxiv aşkar olunmayıb.

Bir gecədə məhv olan ada hansıdır?

Bəzi alimlər Atlantida ilə Krit mədəniyyəti arasında əlaqələr tapmağa çalışırlar. Onların fikrinə görə Atlantida Platonun yaşadığı, yazıb-yaratdığı məkana yaxın olmalıdır. Buna ən uyğun gələn yer isə Tira, başqa adı ilə Santorini adası ola bilər.

Santorininin əhalisi öz yüksək mədəniyyəti ilə, o cümlədən dənizçilikdə uğurlarına görə seçilirdilər. Santorini xalqı Aralıq dənizi ətraflarında dəniz ticarətinə ağalıq edirdi. Bu ada Platondan əsrlər əvvəl var olmuş və bir gecədə, b.e.ə. 1640-cı ildə, yəni Platonun məlum əsərlərini yazmasından 1300 il əvvəl güclü bir vulkan püskürməsi nəticəsində yerlə-yeksan olmuşdur. Atlantida əfsanəsinə çox bənzəyir, deyilmi?

Santorini adasındakı vulkanın püskürməsinin gücünün 1883-cü ildə İndoneziyada püskürən Krakatau vulkanı ilə eyni olduğu deyilir. Alimlərin fikrincə bu təbii fəlakət Krit adasının məhv olmasına da səbəb olub. Bəzi alimlərin fikrinə görə Santorini vulkanının püskürməsi o qədər böyük bir fəlakətə yol açıb ki, onun haqqında danışılan əhvalatlar Platonun dövrünə qədər gəlib çıxıb. Yəqin böyük filosof da bundan bəhrələnərək “Atlantida” mifini yaradıb.

 

Elnarə

Azad Azərbaycan.- 2013.- 3 noyabr.- S.7.