Çoxmillətlilik və Azərbaycançılıq
ideyası...
Tarixən Azərbaycan çoxmillətliliyi, sosio-mədəni tolerantlığı ilə fərqlənib. Azərbaycanda məskunlaşan müxtəlif dinə, etnik xalqlara məxsus millətlər burada sərbəst, azad və qarşılıqlı hörmət şəraitində yaşayıb. Bu gün ölkədə yaşayan gürcü, yəhudi, rus, ukraynalı, ləzgi və s. etnik icmalar məhz bu tarixi tolerantlığın, xoş münasibətin təzahürü olaraq öz varlığını, milli adət-ənənələrini, dinini və dilini nəinki qoruyub saxlayıb, hətta inkişaf etdirib.
Son illər isə Azərbaycana yeni etnik icmaların nümayəndələri (çinli, inglis, amerikan, pakistanlı, hindu və s.) köç edir. Bunun müəyyən siyasi, iqtisadi səbəbləri ilə bərabər, ən başlıca amil Azərbaycanda hökm sürən dini, milli, sosio-mədəni tolerantlıq, insan hüquq və azadlıqlarının meyarı olan demokratik dövlət quruluşudur. Xüsusən də ölkədə müşahidə olunan iqtisadi inkişaf əcnəbi əmək miqrantlarını Azərbaycana cəlb edir.
Digər tərəfdən, bu gün bütün dünyada qloballaşma prosesi gedir. Qlobal inteqrasiya dünyanın hər tərəfini bir-birinə bağlayır, dünyanın istənilən nöqtəsində baş verən hadisələr (mənfi və ya müsbət) dərhal müəyyən əks-səda və fəsad doğurur. Belə bir vəziyyətdə Azərbaycanın qarşısında duran mühüm məqsədlərdən biri qabaqcıl dövlətlərlə ayaqlaşmaq və bu zaman Azərbaycan xalqının milli zənginliyini dünyaya layiqincə təqdim etmək, milli-mənəvi dəyərlərimizin mütərəqqi dünya dəyərlərilə üzvi sintezinə nail olmaqdır. Qeyd olunan məqsədə nail olmaq üçün başlıca şərt bu prosesdə ölkənin milli inkişaf yolunu təmin edəcək, xalqın bütün etnik kəsimlərinin həmrəyliyinə əsas yarada biləcək ümummilli ideyanın mövcud olmasıdır. Qədim dövrlərdən başlayaraq bugünümüzə qədər Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini, polietnik zənginliyini özündə yaşadan və birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideyası təşəkkül tapmağa başlayıb. Azərbaycan tarixən çoxmillətli ölkə, milli və dini tolerantlığın bərqərar olduğu məkan kimi tanınıb. Bütün bu üstün cəhətlər də azərbaycançılıq məfkurəsinin əsasını təşkil edib. Xalqımızın böyük mütəfəkkirlərinin, dövlət adamlarının, ictimai xadimlərin fəaliyyətində bu ideya zaman-zaman özünü bu və ya digər formada göstərib. Məlumdur ki, müstəqilliyimizin ilk illərində Azərbaycanın düşdüyü dərin böhran təkcə Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, Qarabağdakı aqressiv erməni separatçılığı ilə bağlı deyildi. Həmin dövrdə bütövlükdə respublikada milli-etnik ixtilaf, bölücülük tendensiyası cücərməkdə idi və bu ayrı-ayrı bölgələrdə özünü göstərirdi. O zaman mərhum Prezident Heydər Əliyevin azərbaycançılığı ümummilli ideologiya olaraq irəli sürməsi bir sıra çətinliklərin öhdəsindən gəlməyə kömək etdi. Məhz azərbaycançılıq Azərbaycana bir çox istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi etnik bölücülük əsasında parçalamaq cəhdlərinin qarşısını almaqda kömək etdi. Çünki azərbaycançılıq keçmişimizdən gələn dəyər olaraq ölkədə bütün etnosların həmrəylik və anlaşma içində birgə yaşayışının tarixi təcrübəsidir. Heydər Əliyev öz çıxışlarında bir vacib məqamı hər zaman diqqətə çatdırıb ki, Azərbaycanın çoxmillətli, tolerant ölkə olması bizim böyük sərvətimizdir və biz bunu qoruyub saxlamalı, dünyaya ən yüksək səviyyədə təbliğ etməliyik: "Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Azərbaycanın ən başlıca sərvətlərindən biri qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır. Biz bunu qiymətləndiririk və saxlayacağıq. Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Azərbaycanlı sözü bizi həmişə birləşdirib".
Azərbaycanı dünyaya tanıdan milli-mənəvi irs
azərbaycançılıq həm də Azərbaycanın tarixinin, mədəniyyətinin dünyada təbliği deməkdir. Azərbaycanın böyük ədib və mütəfəkkirlərinin, alimlərinin, mədəni irsimizin beynəlxalq miqyasda tanıdılması da bu işin mühüm tərkib hissəsidir. Əlamətdar haldır ki, bu istiqamətdə, dövlət qurumları ilə yanaşı, qeyri-dövlət xəttilə də mühüm işlər görülür. Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq səviyyədə layiqincə təqdim olunması nəticə etibarilə ölkəmizin beynəlxalq nüfuzuna xidmət edir. Dünyada qloballaşmanın yayıldığı zamanda bu prosesə öz milli-mənəvi irsi ilə qoşulmaq hər bir xalq üçün böyük önəm daşıyır. Azərbaycançılıq ideyası da məhz bu qlobal çağırışlara arzuolunan səviyyədə cavab verir. Bu nöqteyi-nəzərdən azərbaycançılıq Azərbaycanın dünya birliyinə inteqrasiyasının ideya əsasını təşkil edir. Biz bu ideya ilə özümüzü dünyaya tanıdır, onu mütərəqqi dünya dəyərlərini (tolerantlıq, etnik müxtəliflik) özündə birləşdirən ideologiya kimi təbliğ edirik. Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Azərbaycan üçün bu ideologiya mədəniyyətlərarası dialoqa mühüm bir körpüdür. Görəndə ki, Azərbaycanda yaşayan müxtəlif etnik köklərə mənsub azlıqlar azərbaycançılığın təbliğində daha fəal şəkildə iştirak edir, bu, insanı riqqətə gətirir. Eyni zamanda bu, etniklərin azərbaycançılığa bağlılığından və sadiqliyindən xəbər verir. Başqa bir tərəfdən, tolerantlığı, polietnik zənginliyi özündə ehtiva edən azərbaycançılıq ideologiyası Azərbaycanın şovinist siyasətli, monoetnik Ermənistanla apardığı informasiya mübarizəsində güclü siyasi və təbliğati silahdır. Çünki ifrat ksenofobiya, davakar milətçilik üzərində köklənən ermənilik ideologiyasından fərqli olaraq, azərbaycançılıq sağlam vətənpərvərlik ideologiyasıdır. Həmçinin, onun mayasında başqa xalqlarla sülh içində yaşamaq, milli və dini dözümlülük fəlsəfəsi dayanır. Bu baxımdan dünyaya açıq, mütərəqqi ümumbəşəri dəyərlərin təcəssümü olan azərbaycançılıq özünütəcrid üzərində köklənən, qonşu xalqlara düşmənçilik, milli nifrət aşılayan ermənilik ideyasının tam əksidir. Odur ki, azərbaycançılıq fəlsəfəsini vahid Azərbaycanın ideya əsası, dünya azərbaycanlılarını birləşdirən ortaq dəyər, Azərbaycanı dünyaya tanıdan milli-mənəvi irs olaraq öyrənmək və təbliğ etmək lazımdır. Bununla yanaşı, onu ölkəmizin milli təhlükəsizliyinin mühüm postulatı kimi də diqqətdə saxlamaq gərəkdir. Bu baxımdan, Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğu, sürətlə dünyaya inteqrasiya olunduğu indiki vaxtda azərbaycançılığın beynəlxalq miqyasda təbliği təkcə bu günün deyil, həm də sabahın tələbidir. Çünki çoxmillətli Azərbaycanda mövcud olan tolerantlıq, birgə yaşayış münasibətləri olduqca mükəmməl səviyyədə özünü göstərir. Bütün bunlardan çıxış edərək, milli-mənəvi sərvətimiz olan azərbaycançılığı daha da inkişaf etdirərək gənc nəslin timsalında yeni-yeni hədəflərə çatmaq lazımdır.
Məsələyə münasibət bildirən tanınmış şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, Azərbaycanda çoxmillətlilik timsalında azərbaycançılıq ideologiyası uğurlu formada öz təcəssümünü tapıb: "Bunu danmaq günah sayılar. Niyə? Çünki azərbaycançılıq ideyasını əsas gətirən hər bir şəxs, ayrı-ayrılıqda milli və dini tolerantlığın dünyanın heç bir ölkəsində müqayisə olunmayacaq tərzdə Azərbaycanda intişar tapmasının fərqindədir. Azərbaycanda millətlərarası münasibətlərin sivilizasiyası istər milli, istərsə də dini dözümlülük, özünü dünyanın demokratik ölkəsi hesab edən dövlətlərin heç biri ilə müqayisəolunmaz dərəcədə yüksək səviyyədədir. Bu məsələlərdə, təbii ki, Azərbaycanda azərbaycançılıq ideyasının təbliğ olunmasında, yayılmasında digər etniklərin də özünəməxsus əməyi var. Azərbaycançılıq birbaşa digər millətlərin bir çətir altında birləşməsinə, dövlətin bütövlüyünün təmin olunmasına xidmət edir. Digər tərəfdən, Azərbaycan xalqının digər millətlərə, dinlərə dözümlü, mehriban qonşuluq münasibəti göstərməsi ölkəmizdə millətlərarası münasibətlərin sistemli şəkildə formalaşmasına ayrıca xidmət göstərir. O baxımdan sevinməliyik ki, ölkəmizdə azərbaycançılıq ideyasının təbliği, inkişafı baxımından digər millətlərə və ənənəvi dinlərə münasibət dünyanın heç bir yerində olmadığından yüksək səviyyədədir. Bu, Azərbaycan xalqının və dövlətinin nailiyyətidir. O üzdən, biz bu nailiyyətlərin qorunmasına hər zaman çalışmalıyıq. Bu nailiyyət bizə hansısa məqamda arxayınlaşmağa əsas verməməlidir. Zaman-zaman elə situasiyalar olub ki, hansısa məsələyə vaxtında adekvat münasibətin sərgilənməməsi və laqeydlik sonradan çox ciddi problemlərin yaranmasına gətirib çıxarıb. Ona görə də hesab edirəm ki, bu və buna bənzər məsələlərə həssas yanaşmaq, eyni zamanda, son dərəcə diqqətli olmaq lazımdır".
C.Əzimbəyli hesab edir ki, Azərbaycanda etniklərin dinlərinə tolerant münasibəti olduqca yüksək səviyyədədir: "Bir neçə gün əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri hörmətli Elşad İsgəndərovun udinlərlə görüşü buna əyani misaldır. Eyni zamanda, bunu dövlətin açıq şəkildə etniklərə hörməti kimi təqdir etmək və qiymətləndirmək lazımdır. Çünki dövlətimiz hər zaman etniklərə münasibətdə tolerant münasibət sərgiləyib. Etniklər də azərbaycançılıq ideyası ətrafında sıx birləşərək, bu ölkənin inkişafına öz töhfəsini verib. Çünki azərbaycançılıq ideyasının mahiyyəti dövlətin daha da çiçəklənərək inkişaf etməsini və tərəqqinin əldə olunmasını özündə ehtiva edir. Ona görə ki, azərbaycançılıq birləşdirici bir məfkurədir. Belə ideologiyanın qədrini bilmək lazımdır".
Ömərov Vahid
Azad Azərbaycan.- 2013.- 8 noyabr.- S.5.