Masallıda “Dolu” filminə baxış keçirilib

 

Masallı Mədəniyyət Mərkəzinin geniş zalına toplaşan rayon ictimaiyyətinin nümayəndələrini, tamaşaçıları maraqlı bir görüş gözləyirdi. Onlar Millət vəkili, yazıçı-publisist Aqil Abbasın ssenari müəllifi olduğuDolu” filminə (yazıçının eyni adlı romanı əsasında çəkilib) baxacaq, yaradıcı heyətlə görüşəcəkdilər.

Təqdimatı giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açıb, tədbir barədə danışdı.

Masallının tələbkar tamaşaçıları filmin yaradıcı kollektivini alqışlarla qarşıladılar. Ssenari müəllifi filmin məram və məqsədlərindən danışıb yaradıcı heyyəti təqdim etdi. Qeyd edək ki, filmin quruluşçu rejisoru Elxan Cəfərovdur. Rollarda Məmməd Şəfa, Fuad Poladov, Rza Rzayev, Elçin Əhmədov və başqaları çəkilib. A. Abbasın çıxışında vurğulananbizi öldürmək olar, məğlub etmək olmaz”, “şəhidlik qaliblikdir” fikirləri çağırış kimi səsləndi. Bildirdi ki, əsərin leytmotivini xalqın qəhrəmanlığı, igid oğullarımızın vətən torpaqları uğrunda döyüşlərdə yekdilliyi, düşmənə qarşı birgə mübarizəsi təşkil edir. Bu qanlı döyüşlərdə Azərbaycanın bütün bölgələrindən, o cümlədən Masallıdan da igid oğullar döyüşmüş, şəhid olmuşlar.

Müəllifin ifadə etdiyi bir fikrin filmin qayəsi ilə daha çox bağlılığı var, “Möhtərəm prezidentimiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan istənilən şəraitdə özünün ərazi bütövlüyünü bərpa edəcək, təcavüzkarlar işğal edilmiş ərazilərdən çıxarılacaqdır”.

Filmin son səhnələrində insanların Qarabağa yürüşü bu inamın rəmzidir, nurudur, işığıdır. Bu, təkcə müəllif təxəyülünün məhsulu deyil, tam həqiqətdir, həyatın, zamanın diqtəsidir və xalqımız bu səfərə hazırdır, müntəzirdir.

Filmdə rəmzlərdən daha çox və yerli-yerində istifadə olunması onun məziyyətini artırır, daha çox maraq yaradır.

İlk səhnələr dolu yağması ilə başlanır. İri buz parçaları qab-qacağı qırır, stəkən nəlbəkini sındırır, sanırsan ki, dünya qarışır...

Təbiətin bu sərt, fəlakət gətirən hadisəsi cəmiyyətdə baş verənlərin paralelinə dönür. Doludan sonra mənfur düşmənin gözlənilməz hücumu başlanır, top-tüfəng səsləri dolu kimi yağır.

Təpədən dırnağadək silahlanmış düşmən dinc əhalinin qanını axıdır, şəhər, kəndləri viran qoyur.

Neçə illərdir ki, nankor qonşularımız torpaqlarımıza göz dikib. Zaman-zaman kəndlərimizi, şəhərlərimizi talan edir, soydaşlarımızı doğma yurd-yuvalarından didərgin salıblar. Əsərdə bu istiqamətdə hadisələr cərəyan edir. Düşmən namərdliyi, nankorluğu, qəddarlığı, qaniçənliyi, ən çirkin xüsusiyyətləri onların öz dililə, hərəkətilə açılır. Epizodların birində erməni komandir tabeliyində olan əsgərin “qocaları, uşaqları da güllələyək” sualını onun özünü güllələməklə cavablandırır.

Budur erməni qisasçılığı, vandalizmi, bəşəriyyətə qarşı vəhşiliyi. Bu alman faşizmin insanlığa yönələn düşmən mövqeyidir, ondan da irəli gedib.

Bu hadisə böyük Azərbaycan şairi Məmməd Arazın “Bir almanla tanış oldumşeirini yada salır. Seirdə müharibələrin dünya sivilizasiyasına, insanların mənəviyyatına vurduğu zərbələr sadalanmaqla insanlığın faciəsi, bəlası olduğu göstərilir.

 

Çox analar ağlatmışam, yəqin ki, mən də,

Yüz ocaqda od sönmüşdü hər qumbaramdan.

Öz xarabam sordu məndən geri dönəndə:

“Hanı evin, uşaqların ay evlər yıxan?!”

 

Bəli, tarix cəlladlardan, qısasçılardan, müharibə, qırğın aşiqlərindən cavab istəyəcək. Tarixin mühakiməsi, ittihamı isə çox sərt olacaq!

Filimdə erməni faşistlərinə qarşı xalqın müharibəsi mütəşəkkildir. Müəllifin sözlərinə görə “Burada torpağı qoruyan camaat var. Hamı könüllü əsgərdir. Raykom katibi də, milis rəisi də, ruhani də, adi vətəndaş da! Lakin xalq əliyalındır, dişinə-dırnağına qədər silahlanmış düşmənlə qeyri bərabərdir. Filimdəki dialoqların biri belədir:

-Ruhdan düşmə!

-Ruhu topa qoyub atmırlar ki!..

Filmin tənqidi tərflərindən birio vaxtkı səriştəsiz rəhbərlik, hakimiyyət uğrunda çəkişmələrdir. Əslində döyüş texnikasının bir hissəsi elə bu çəkişmələrə, xidmət edirdi. Əsərin bədii obrazlarından birinin səsləndirdiyi “Bu saat ölkənin yiyəsi yoxdur” ifadəsi yuxarıda sadaladıqlarımızın lakonuk ifadəsidir.

Raykom katibi dəfələrlə səlahiyyətlilərə səng edib kömək istəsə də, səsinə səs verən olmur.

Lakin bütün bunların fonunda vətən uğrunda düşmənə qarşı mərdliklə vuruşan oğullarımızın öz canı bahasına olsa belə qalibiyyətinin şahidi oluruq. Həbsxanadan azad edilən məhbuslar belə silahlı, silahsız düşmənə qarşı vuruşur.

Komandir, müəllim drakon, pələng kimi obrazlar tamaşaçılarda xoş təssürat doğurur, vətənpərvərlik hisslərini coşdurur. Onlar döyüşü təşkil edir, qəddarlığı ilə seçilən düşməni məhv edir, əsir götürürlər...Onları yüksək vətənpərvərlik, vətənə sədaqət hissi, milli qeyrət, təəssübkeşlik birləşdirir.

Film Azərbaycan xalqının qəhrəmanlıq tarixini yaşadan uğurlu bir əsər kimi çox dəyərlidir. Tamaşaçı özünü filmin qəhrəmanları arasında hiss edir, onlara qoşulmaq istəyir ki, bu onun əsərin epiloqunda iştirakçıların kütləvi yürüşünə qoşulmaq arzusu ilə tamamlanır.

Filmin rayon tamaşaçılarında doğurduğu təəssüratları ifadə edənlər ilk növbədə “Dolunun insanlarda yüksək səfərbərlik hissləri aşıladığını göstərmiş, əsərin uğuruna görə yardıcı heyyəti təbrik etmişlər.

Dövlət qulluğu veteranı Ələşrəf Niftiyev deyib:

-Əsər tamaşaçını düşündürür. Filmin timsalında 1 saat 15 dəqiqədə təsirli bir tarix dərsi keçdik. Qarabağ uğrunda döyüşlərdə Masallı oğulları da şücaət göstərmişlər, 5 nəfər Milli qəhrəman adını alıb. (İkisi Masallıda doğulub, başqa yerdə yaşayanlardır). Mən də döyüş bölgələrində olmuşam, döyüşçülərlə çox görüşmüşəm. Ağcabədinin Hindarx kəndindən olan şəhid Etibar İsmayılovun adına Masallıda körpü salınıb ki, bu bizim bütün şəhidlərə ehtiramımızı ifadə edir.

Mən inanıram və bu inamı “Dolufilmi bir daha artırdı ki, torpaqlarımızı tezliklə geri alacağıq.

Azərbaycan Respublikası Vətən uğrunda, Şəhid ailələri və Milli Qəhrəmanları, birliyinin Masallı rayon şöbəsinin sədr müavini Yavər Yusubov filmi tarixi qəhrəmanlığımızın sənədi kimi dəyərləndirdi. Arzu etdi ki, filmin davamı Qarabağ torpaqları alınandan sonra çəkilsin. Müəllif A. Abbas bildirdi ki, bütün filimlərdə “sonsözü yazıldığı haldaDoluda bu sözün yazılmaması elə bu məqsədi daşıyır.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov filmin yaradıcılarına uğurlar arzulayıb dedi:

"Bu hadisələri o vaxt yaşamış bir insan kimi deyirəm ki, hər şey reallığın təcəssümüdür, bədii cəhətdən reallığı əks etdirir. Bir sözlə film alınıb. Bu təkcə vətənpərvərlik filmi deyil, həm də vətən filmidir.Yaşadığımız ay qürur ayıdır. Bu film də gənclərdə qürur hissi aşılayır, vətən yolunda döyüşmək, torpaqlarımızı qorumaq, bu yolda şəhidlik zirvəsinə yüksəlmək qürur və iftixardır. Bu qüruru Masallılar 5 Milli Qəhrəmanımıza, 200-dən argtıq şəhidlərimizə görə yaşayırlar. Bu bizim qəhrəmanlıq salnaməmizdir. Qarabağda döyüşən qəhrəmanların birinin burada iştirakı da bizi sevindirir".

Filmin ssenari müəllifi Aqil Abbasa və yaradıcı kollektivə uğurlar arzulayıram!

Təqdimat mərasimi alqışlarla sonuclanır. Bu təsirli, gözəl filmə görə yaradıcı heyyətə tamaşaçı minnətdarlığıdır.

 

Rəsul Rzayev,

Əlihüseyn Şükürov

Azad Azərbaycan.- 2013.- 15 noyabr.- S.5.