Universitetlərdə azərbaycançılıq ideyasının təbliğat üsulları:

"Azərbaycan tarixinin ən yaxşı səhifələrini üzə çıxarıb onu universitet tələbələri arasında təbliğ etmək lazımdır"

 

Azərbaycan xalqı mənəvi-əxlaqi keyfiyyətlərilə bütün dünya xalqlarına örnək ola biləcək bir xalqdır. Ulu babalarımızın həyatı, məişəti, adət-ənənəsi, mərdanəlik keyfiyyətləri xalqımızın yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik olmasından xəbər verir. Bununla belə, Azərbaycan xalqını digər xalqlardan fərqləndirən bir sıra özünəməxsus xüsusiyyətlər var ki, onlar bir sıra üstünlüklərə malikdir.    

   Məsələ ondadır ki, Azərbaycan xalqının mentalitetində yüksək qonaqpərvərlik, dostluğa, əmanətə sədaqət, dürüstlük, valideynə, böyüyə hörmət, tolerantlıq hər xalqda bizdəki qədər zəngin və çoxşaxəli xüsusiyyətlərə malik deyil. Məsələn, Aleksandr Düma Qafqaza səfərindən sonra yazmışdı ki, Azərbaycanda verilən sözün qüvvəsi vurulan möhür qədər etibarlıdır. Digər tərəfdən, Azərbaycan xalqının çox gözəl və zəngin ailə ənənələri var. Həmin ailə ənənələri dərin və sarsılmaz köklərə malikdir. O da məlumdur ki, milli ideologiyamız olan azərbaycançılıq get-gedə daha yüksək səviyyədə intişar tapmaqdadır. Cəmiyyətin bütün təbəqələrinə sirayət edən bu ideologiya getdikcə əhatə dairəsini genişləndirir. Ona görə də sözügedən ideologiyanın təbliği və onun təməl prinsiplərinin cəmiyyətə çatdırılması mühüm əhəmiyyət kəsb edir. Burada bir məqamı da unutmaq olmaz ki, dövlətin möhkəmlənməsində və dayanıqlı əsaslara söykənərək inkişaf etməsində adıçəkilən ideologiya mühüm rol oynayır. Çünki azərbaycançılıq həm də birləşdirici bir missiyanı həyata keçirir. Bu da ondan irəli gəlir ki, Azərbaycanda yaşayan bütün xalqlar azərbaycançılıq ideyasını birləşdirici, vəhdət yaradıcı bir ideya kimi qəbul etməklə yanaşı, həm də bunu dərindən dərk edir. Azərbaycançılıq ideyasının fundamental əsaslarından birini də məhz bu faktor təşkil edir. Ümumiyyətlə, Azərbaycanda xalqların tarixi, adət-ənənələri, dil və mədəniyyətləri də qorunub inkişaf etdirilir. Eyni zamanda, bu ideologiya siyasi, dövlətçilik ideologiyası olmaqla, Azərbaycan xalqının və dövlətinin güclü olmasına yönəlib. Bu ideologiyanın hər bir azərbaycanlıya hakim olmasından ötrü isə daha geniş tədbirlər həyata keçirilməlidir. Habelə, güclü maarifləndirmə işi aparılmalıdır. Azərbaycan tarixi, coğrafiyası, iqtisadiyyatı, mədəniyyəti, hərb sənətilə bağlı sadə və konkret biliklər verilməlidir. Azərbaycanın regiondadünyada tutduğu mövqe izah edilməlidir. Azərbaycançılıq ideologiyası çox taleyüklü bir məsələdir.  

   Müasir dövrdə hansısa dövlətin inkişaf göstəricilərindən biri də həmin ölkədə yüksək səviyyəli ali məktəblərin mövcud olmasıdır. Bir növ, ali məktəblər dövlətin beyin mərkəzi rolunda çıxış edir. O üzdən, azərbaycançılığın universitetlərdə təbliğinə zəruri ehtiyac var. Bu yöndə, ən azından, ölkədəki bütün ali məktəblərdə məşğələlərin keçirilməsi vacibdir. Çünki tələbələrin hansı ixtisasa yiyələnməsindən asılı olmayaraq, ali təhsil alan gənclər arasında milli ideologiyanın sistemli təbliğ olunması dövlət üçün perspektivdə strateji əhəmiyyət kəsb edir. Ona görə ki, çağdaş dünyada təhsilli gənclərin aparıcı qüvvəyə çevrilməsi get-gedə yüksələn xətt üzrə inkişaf edir. O baxımdan, məsələnin bu cür qoyuluşu prinsipcə reallığa uyğundur. Məsələ ondadır ki, gənclərə bütün təhsil ocaqlarında, o cümlədən universitetlərdə azərbaycançılıq aşılanmalıdır. Sosial psixologiyanı az-çox bilən, insan psixologiyası ilə, cəmiyyətlə işləyən adam bilir ki, hər hansı bir sosial sistemdə ideya konkret olmayanda, bu müəyyən fəsadlara gətirib çıxarır. Xüsusən də ideoloji baxımdan müəyyən boşluq yaşanan sahələrdə. O baxımdan, ideyanın aydın olması çox vacibdir. Bütün məqamlar nəzərə alınmaqla, azərbaycançılıqla bağlı ali məktəblərdə məşğələlər keçilməlidir. Başqa bir tərəfdən, diqqəti azərbaycançılığın daha da mükəmməlləşməsinə, hər şeyin yerinə oturmasına yönəltmək lazımdır. Bəzi düşüncə sahibləri məsələyə bir qədər fərqli rakursdan yanaşıb mülahizə irəli sürür. Onların qənaətincə, ideologiya öyrətmə yolu ilə meydana gəlmir. İdeologiya ortalıqda olan praktik işlərin nümunəsində yaranır. Bütün hallarda, kimin nə düşünməsindən asılı olmayaraq, məsələyə rasional yanaşma olmalıdır. Yəni istər ali məktəblərdə, istərsə də orta ümumtəhsil məktəblərində, harda olursa-olsun, ümumi şəkildə azərbaycançılıq haqda söhbətlər getməlidir. Bütün tədbirlərdə, mühazirələrdə, hətta ekskursiyaların özündə belə azərbaycançılığı qabartmaq lazımdır. Ailədən başlayaraq, təhsilin son pilləsinə qədər ümumi azərbaycançılıq mövqeyi aşılanmalıdır. Pedaqoji baxımdan azərbaycançılıq bütün fənlərin timsalında aşılanmalıdır. Təkcə humanitar fənlər vasitəsilə bu ideologiyanı təbliğ etmək kifayət deyil. Texniki fənlər vasitəsilə də azərbaycançılıq təbliğ olunmalı və gənc nəslə təlqin edilməlidir. Ən mühümü, tələbələrə mühazirə oxuyan, dərs deyən müəllim azərbaycançılıq ideyasının daşıyıcısı olmalıdır. Tərbiyə işlərində, hərbi vətənpərvərlik tərbiyəsinin kökündə azərbaycançılıq dayanmalıdır. Bu minvalla, azərbaycançılıq ideologiyası böyüyən nəslin canına, ideyalarına, baxışlarına, əməllərinə hopmalıdır. Bu həm də o zaman təsirli olur ki, bu ideologiya onu tədris edənin əməlində olsun. Yəni praktik fəaliyyətlə, şəxsi nümunələrlə nəzəri baxışlar, fikirlər vəhdətdə olmalıdır. Belə qurularsa, gənclərimiz azərbaycançılıq ideyasının mahiyyətinə vararaq ölkənin layiqli vətəndaşı ola bilər.  

   Həmçinin, ictimai təşkilatların özündə də azərbaycançılıqla bağlı tədbirlər keçirilməlidir. Yəni bu məsələyə sistemli yanaşma olmalıdır. Həmin sistemli yanaşmadan çıxış edərək, ortalığa qoyulmalıdır. Yalnız bu halda azərbaycançılıq nəinki tələbələr arasında, o cümlədən cəmiyyətin bütün təbəqələrində oturuşacaq. Yəni bütün hallarda azərbaycançılıq ideologiyası əsas götürülməlidir. Necə deyərlər, azərbaycançılıq ideologiyası bir növ vətəndaşlıq mövqeyinə çevrilməlidir. Bütün bunların əhəmiyyətini lazımınca nəzərə almaq faydalı olar. Digər tərəfdən, bunun birbaşqa özəllikləri də var ki, həmin məqamlara xüsusi diqqət yetirilməlidir. İş ondadır ki, milli ideologiya sistemli şəkildə gənc nəslə aşılanırsa, o zaman dövlətin bütövlüyü, dövlətçilik təhlükə altında qalmır. Bəzi müsəlman ölkələrində milli ideologiyanın təkmil olmaması bir sıra ciddi problemlərin yaranmasına rəvac verib. Nəticədə bu natamamlıq zaman-zaman müəyyən fəsadların yaranmasına və cəmiyyətdə təbəddülatlara gətirib çıxarır. Bütün bunlardan çıxış edərək, azərbaycançılıq ideologiyasının əhatəli şəkildə universitetlərdə təbliğ edilməsinə ehtiyac var. Hansı variant daha optimal hesab edilirsə, biz ona üstünlük verməliyik. Başqa bir tərəfdən, azərbaycançılıq ideologiyasının sistemli şəkildə təbliğ olunması bu gün bizim birlik bərabərliyimizin sübutu ola bilər. Proqramlı şəkildə sözügedən işlərin görülməsi millətimizin mənafeyinə ancaq fayda vermiş olacaq. Bununla bağlı dayanıqlı davamlı bir siyasət olmalıdır. Onu da nəzərə almaq lazımdır ki, get-gedə ali məktəblərdə oxuyan tələbələrin sayı artır. Ölkədə dövlət ali təhsil ocaqları ilə yanaşı, xeyli sayda özəl universitet fəaliyyət göstərir. Yəni ölkədə böyük bir tələbə kontingenti var. Tələbə kontingentinin ilbəil artması yaxşı tendensiya olduğuna görə, həmin tələbələrə milli ideologiyanın aşılanması çox əhəmiyyətlidir.    

   Professor Vaqif Arzumanlı hesab edir ki, bu gün universitetlərdə azərbaycançılığın təbliğ olunmasına həqiqətən də ehtiyac var: "Azərbaycançılığı aşılamaq üçün ali məktəblərin xüsusən humanitar-ictimai ixtisaslar üzrə sahələrində işlər görülməlidir. Eləcə də digər sahələr üzrə ixtisaslarda birinci növbədə xalqımızın, millətimizin, torpağımızın tarixi dərindən öyrənilməlidir. Həmçinin, Azərbaycan mədəniyyəti dərindən öyrənilməlidir. Bugünkü nəsil bilməlidir ki, Azərbaycan xalqının ədəbiyyatı, mədəniyyəti, incəsənəti, elmi, texnikası, ali məktəblərin özünəməxsus ənənələri mövcuddur. Xüsusən də ictimai elmlər sahəsində Azərbaycan xalqının dövlətçilik ənənələri, xalqın tarixində mövcud olmuş ənənələr dərindən və obyektiv şəkildə öyrənilməlidir. Özü də Azərbaycan tarixinə əlavələr etməyə ehtiyac yoxdur. Azərbaycan tarixinin ən yaxşı səhifələrini üzə çıxarıb onu universitet tələbələri arasında təbliğ etmək lazımdır. Məsələn, ədəbiyyat tarixində demək lazımdır ki, Nizami bir sıra xalqların formalaşmadığı bir dövrdə azərbaycançılıqla bağlı çox böyük işlər görüb. Buna ən bariz nümunə kimi erkən orta əsrlərdə, konkret olaraq XI-XII əsrlərdə Azərbaycanda renessans dövrü ədəbiyyatının mövcud olmasını göstərmək olar. Azərbaycanda müsiqişünaslığın tarixi çox qədimlərə gedib çıxır. Orta əsrlərdə Azərbaycan musiqi nəzəriyyəsinə dair kitablar çap olunub. Əlyazma kitab ənənəsi, səma cisimlərinin öyrənilməsi sahəsində ənənələr mövcud olub. Bütün bunları ali məktəblərdə oxuyan gənclər bilməlidir".    

   V.Arzumanlı daha sonra bildirdi ki, Azərbaycan xalqının yetişdirdiyi görkəmli alimlər təkcə türk dünyasının deyil, dünya elminin, mədəniyyətinin inkişafında xüsusi rol oynayıb: "Bütün bunları öyrəndikcə, təbliğ etdikcə azərbaycançılıq ideyalarının kökləri daha tez üzə çıxır. Həmçinin, bu köklərin çox möhkəm bünövrə üzərində qurulduğu aydın olur. Bu ideyanı təbliğ etmək üçün Azərbaycan dilinin, ədəbi, danışıq dilinin təbliğinə fikir vermək lazımdır. Azərbaycan dilinin türk xalqları, dilləri arasında tutduğu mövqe təhlil olunmalıdır. Məsələn, təbliğ etmək lazımdır ki, XIX əsr bütün dünya xalqlarının tarixində yeni dövr, mədəniyyət, elm kimi qəbul olunur. Azərbaycan da bu dövrdə bütün türk xalqlarına nümunə olan ədəbiyyat yaradıb. Azərbaycanın görkəmli alimləri Qahirədən tutmuş, Hindistana qədər olan ərazilərdə dərs deyib, memarlıq abidələri yaradıb. Bütün bunları gənclik bilməlidir".

  

  

Cavanşir

Azad Azərbaycan.- 2013.- 17 noyabr.- S.5.