Naxçıvanda
aparılan arxeoloji araşdırmaların hesabatı
AMEA
Naxçıvan Bölməsində Naxçıvan ərazisində
aparılan arxeoloji araşdırmalarla bağlı
dördüncü hesabat toplantısında bölmənin sədri,
akademik İsmayıl Hacıyev gələn il Naxçıvan
şəhəri ərazisində arxeoloji
araşdırmaların aparılması imkanlarının nəzərdən
keçirildiyini deyib. SİA-nın məlumatına
görə, “Ərəbyengicədə arxeoloji
araşdırmalar – 2013” adlı hesabat
yığıncağını giriş sözü ilə açan
AMEA Naxçıvan Bölməsinin sədri, akademik
İsmayıl Hacıyev bu il
ərzində Naxçıvan ərazisində arxeoloji
araşdırma aparan IV ekspedisiyanın da uğurlu nəticələr
əldə etdiyini diqqətə
çatdırıb. Bölmə sədri qeyd edib ki,
həm Ordubad ərazisində arxeoloji araşdırmalar aparan
AMEA Arxeologiya və Etnoqrafiya
İnstitutunun “Xarabagilan”
arxeoloji ekspedisiyası, həm Azərbaycan
(Naxçıvan) – ABŞ, həm Azərbaycan
(Naxçıvan) – Fransa, həm də
AMEA Naxçıvan Bölməsinin Ərəbyengicə arxeoloji ekspedisiyalarının əldə etdiyi nəticələr Naxçıvan
ərazisinin arxeoloji cəhətdən nə
qədər zəngin olduğunu göstərir.
Təqribən 150 ilə yaxındır ki,
Naxçıvan ərazisində arxeoloji tədqiqatlar
aparılsa da, Naxçıvanda çoxlu abidələr var
ki, öz tədqiqini
gözləyir. Akademik İsmayıl
Hacıyev Ərəbyengicə arxeoloji
ekspedisiyasının AMEA Naxçıvan Bölməsi tərəfindən
bu il təşkil edilən
yeganə müstəqil ekspedisiya olduğunu diqqətə çatdırıb.
Sonra
Ərəbyengicə arxeoloji ekspedisiyasının rəhbəri,
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və
Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın
müxbir üzvü Vəli Baxşəliyev slayd vasitəsi
ilə ərazidə aparılan arxeoloji tədqiqatlar, əldə
edilən maddi-mədəniyyət nümunələri və
onların xarakterik xüsusiyyətləri barədə məlumat
verib. O qeyd edib ki, indiyə qədər
ən qədim mədəni təbəqəsinin Erkən Tunc dövrünə aid edildiyi Ərəbyengicədə aparılan arxeoloji tədqiqatların əsas məqsədlərindən
biri burada Eneolit dövrünə aid
mədəni təbəqənin olub-olmadığını
araşdırmaq olub. 2009-cu ildə ərazidə
ilkin arxeoloji kəşfiyyat
işləri aparılıb. Bu il həyata keçirilən qazıntı
işləri zamanı Eneolit dövrünə
aid xarakterik keramika nümunələri, Kür-Araz
mədəniyyətinə aid edilən saxsı
qablar, məişət və bəzək
əşyaları aşkara
çıxarılıb. Tədqiqatların sonunda
aşkara çıxarılan gil fiqur isə xüsusilə
maraq doğurur. İlkin ehtimallara
görə, bunun inanc sistemi ilə
bağlı olduğu
ehtimal edilir.
Hesabat yığıncağına yekun
vuran AMEA Naxçıvan
Bölməsinin sədri,
akademik İsmayıl Hacıyev arxeoloji ekspedisiyanın təşkilinə
göstərdiyi yüksək
diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri cənab Vasif Talıbova bölmə əməkdaşları
adından minnətdarlığını
ifadə edib. O da vurğulanıb ki, artıq növbəti ildə Naxçıvan şəhəri
ərazisində arxeoloji
tədqiqatların aparılması
imkanları da nəzərdən keçirilir.
Seyidzadə Hacı Tofiq
Azad Azərbaycan.- 2013.- 8 noyabr.- S.6.