Xalq artisti Məcnun
Kərimin xatirəsi yad edildi
Noyabrın 15-də Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyində
Qədim Musiqi Alətləri Ansamblının
yaradıcısı və
bədii rəhbəri,
Xalq artisti, sənətşünaslıq doktoru,
professor Məcnun Kərimin xatirə gecəsi keçirildi.
Tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət
işçisi Alla Bayramova açaraq sənətkarın bu il oktyabrın
2-də dünyasını dəyişdiyini dedi: “Bu bizim üçün ağır itki idi. Bu gün
isə onun xatirə gecəsinə toplanmışıq”.
Tədbirin aparıcısı, muzeyin
filial müdiri Təranə
Zeynalova tanınmış
musiqişünasın həyat
yolundan danışdı. Bildirdi ki, Məcnun Təbriz oğlu Kərim 1945-ci il
sentyabrın 1-də Zəngəzur
mahalının Şəki
kəndində müəllim
ailəsində anadan olub. 1972-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan
Dövlət Konservatoriyasının
“Xalq çalğı
alətləri” şöbəsini
bitirib. 1991-ci ildən Bakı Musiqi Akademiyasının “Qədim musiqi alətlərinin bərpası
və təkmilləşdirilməsi”
elmi laboratoriyasının
müdiri vəzifəsində
çalışıb. 1995-ci ildə “Azərbaycanın
qədim simli çalğı alətləri”
(tarixi-nəzəri, bərpa
və təkmilləşdirmə
məsələləri) mövzusunda
dissertasiya müdafiə
edib. 1996-cı ildə Qədim Musiqi Alətləri Dövlət Ansamblını
yaradıb və ansamblın bədii rəhbəri olub. 1998-ci ildən Bakı
Musiqi Akademiyasnın “Xalq çalğı alətləri” kafedrasında
pedaqoji fəaliyyət
göstərib. 2006-cı
ildə Əməkdar
artist, 2011-ci ildə isə
Xalq artisti fəxri adlarına layiq görülüb.
AMEA-nın müxbir
üzvü, Əməkdar
incəsənət xadimi
Zemfira Səfərova bildirdi ki, Məcnun
Kərim ötən əsrin 80-ci illərindən
musiqi sahəsində çalışıb. Azərbaycanın
qopuz, çoqur, çəqanə, rübab,
bərbəd, Şirvan
tənburu, çəng,
rud, səntur, qanun və ney kimi qədim musiqi alətlərini bərpa edib. Sənətşünasın bərpa etdiyi
24 musiqi aləti hazırda muzeydə saxlanılır.
Qeyd olundu ki, Məcnun
Kərim orkestrlə bərabər, orta əsrlərdə yaşayıb-yaratmış
məşhur musiqiçilər
və musiqi nəzəriyyəçiləri Əbdülqadir Marağai
və Səfiəddin
Urməvi tərəfindən
yaradılan, XIV əsrə
aid qədim əsərləri
bərpa edib. Ə.Marağaidən zəmanəmizə 34 təsnif gəlib çatıb. Məcnun Kərimin
yaratdığı Qədim
Musiqi Alətləri Ansamblı bu təsniflərin üçünü
ifa edir. S.Urməvidən dörd kiçik
əsər qalıb, həmin əsərlər
də ansamblın repertuarına daxildir.
O, dörd dildə nəşr olunan “Azərbaycanın musiqi alətləri” kitabının
da müəllifi idi.
Bildirildi ki, ümummilli lider Heydər Əliyev 1996-cı ildə
akademik Yusuf Məmmədəliyevin
yubiley gecəsində
ilk dəfə Qədim
Musiqi Alətləri Ansamblının ifasını
dinləyib. Ertəsi gün ulu öndər ansambla dövlət statusunun verilməsi barədə sərəncam imzalayıb.
Məcnun Kərim beynəlxalq konfranslara qatılıb, bərpa etdiyi musiqi alətləri dəfələrlə xarici
ölkələrdə nümayiş
olunub. O, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində
fəaliyyət göstərən
“Qədim musiqi alətlərinin bərpası
və təkmilləşdirilməsi”
laboratoriyasına xeyli
vaxt rəhbərlik edib, “alətşünaslıq”
fənninin əsasını
qoyub.
Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət siyasəti
şöbəsinin müdiri
Fikrət Babayev qeyd etdi ki,
Məcnun Kərim milli-mənəvi dəyərlərimizə
qayğı ilə yanaşan və musiqi mədəniyyəti
xəzinəmizə öz
töhfəsini verən
sənətkarlarımızdan olub: “Onunla yaxından
tanışlığım Novruz bayramında oldu. O öz ansamblı ilə bayram tədbirində çıxış edəcəkdi.
Nəzərdə tutulmuşdu ki,
bir mahnı ifa edəcəklər.
Çıxışları o qədər maraqlı
oldu ki, dörd mahnı ifa etdilər”.
Bakı
Musiqi Akademiyasının
prorektoru, professor Gülnaz Abdullayeva, fizika-riyaziyyat elmləri namizədi Şahin Hacıyev və başqaları sənətkarın
musiqi mədəniyyətimizin
inkişafına verdiyi
töhfələrdən danışdılar,
xatirələrini bölüşdülər.
Bildirildi ki, hər bir musiqi
alətinin bərpasına
bir neçə il vaxt sərf olunub. Məsələn, “Nüsxə” adlı
qədim musiqi alətinin bərpası 3
ilə başa gəlib. Ustad həmin musiqi
alətlərinin təsvir
olunduğu bədii ədəbiyyatı, əlyazmaları,
onların texniki parametrlərini öyrənib
və lazımi ağac növü seçmək üçün
rayonlara səfər edib. Məcnun Kərim həmişə
fəxrlə deyərdi
ki, heç bir xalq bizim
xalqımız qədər
zəngin orta əsrlər mədəniyyətinə
sahib deyil. Heç bir
xalqın bu qədər qorunub saxlanılan, bərpa edilən və istifadə olunan qədim musiqi aləti yoxdur.
Xatirə gecəsində Qədim Musiqi Alətləri Ansamblına Məcnun Kərimin adının verilməsi ilə bağlı təklif səsləndi. Məcnun Kərimin yaxın
qohumu Həsən Həsənov mərhumun ailəsi adından tədbir iştirakçılarına
dərin minnətdarlığını
bildirdi.
Sonda konsert proqramı təqdim olundu. Qədim Musiqi Alətləri
Ansamblı öz repertuarından əsərlər
səsləndirdi.
Savalan
Mədəniyyət.- 2013.- 20
noyabr.- S. 6.