Duyğulardan
qanadlanan rənglər
Gənc rəssam Məryəm Ələkbərlinin bu yaxınlarda işıq üzü görmüş kitab-albomu haqqında ştrixlər
Bu yaxınlarda
UNESCO xətti ilə işıq üzü görmüş,
gənc rəssam Məryəm Ələkbərlinin həyat və
yaradıcılığını əks etdirən
kitab-albomla tanış oldum. Fransız dilində nəfis
şəkildə nəşr edilmiş kitab-albomda bu rəssamın
mənalı, işıqlı rənglərlə zəngin sənət
yoluna ətraflı nəzər yetirilir.
Kitab-albom məndə böyük maraq oyatdı. Çünki buradakı rəsmlərdən həyat eşqi aşıb-daşan bir gəncin dünyaya olan nikbin və həyati baxışları boylanır. Elə buna görə də həmin kitab-albom haqqında öz fikirlərimi açıqlamaq qərarına gəldim.
Kitab-albomda gənc rəssamın rəngarəng rəsmləri yer almışdır. Məryəm mürəkkəbliklərlə dolu dünyamızı reallıqda olduğundan daha çox özünün görmək istədiyi kimi çəkir. Elə buna görədir ki, Məryəmin rəsmlərinə bir uşaq səmimiyyəti hakimdir. O, tablolarında əlvan rənglərə üstünlük verməklə sanki dünyanı daha əlvan, işıqlı görmək istəyir. Gənc qızın sadə, lakin səmimiyyətlə dolu sənət fəlsəfəsi bu işıqlı istəyə köklənmişdir. Bunu duymaq, hiss etmək insanı riqqətə gətirməklə bərabər, həm də sevindirir.
Məryəmin palitrası kimi, mövzu dairəsi də çox zəngindir. Peşəkar dillə desək, bu gənc rəssam mənzərə, natürmort, portret, tematik və başqa janrlarda işləyir. Məryəmin rəng duyumu da çox həssas və genişdir. O, məsum, uşaqlıq dünyasından ayrılmayan kövrək duyğularını rənglərlə çox inandırıcı şəkildə əks etdirir.
Məryəm rənglərin dili ilə danışmağı xoşlayır. Onun çəkdiyi rəsmlərin əhval-ruhiyyəsini, mahiyyətini, estetikasını məhz rənglər ifadə edir. Bu baxımdan Məryəmin palitrası impressionizm koloritinə bənzəyir. Gənc rəssamın əlvan rəngləri K.Mone, E.Mane, K.Pisarro kimi sənətkarların işıqlı plener üslubunu xatırladır. Parlaq günəş şəfəqləri altında bir qədər də işıqlanan rənglər Məryəmin tablolarına impressionizm ab-havası gətirir.
Məryəmin hər bir əsəri sanki insanlara ünvanlanmış bir çağırışdır. Bu çağırış qeyri-səmimilikdən qaçmaq, həyatda və təbiətdə gözəl olanı görmək çağırışıdır. Doğrudan da onun əsərlərinə baxdıqda, buradakı sadəliyi, saflığı anladıqda insan sanki həyatda dəfələrlə gördüyü, lakin fikir vermədiyi, etina etmədiyi kiçik gözəllikləri bir daha kəşf edir. Bu kəşf insana ruhi rahatlıq bəxş edir, onu həyatın gözəlliklərini, əlvanlığını daha dərindən qiymətləndirməyə səsləyir.
Haqqında söz açdığım kitab-albom gənc rəssam Məryəm Ələkbərlinin yaradıcılığını əks etdirən tutumlu bir nəşrdir. Məryəmin bu vaxta qədər 4 albomu işıq üzü görüb. Bu albomlar 2010, 2011 və 2012-ci illərdə Bakı, Paris, Moskva, İstanbul və Ankarada çap olunmuşdur. Bu siyahıya əlavə olunan yeni nəşrdə gənc rəssamın sənət yolu fərqli mövzular, yeni rəsmlər əsasında sıralanır.
Kitabda görkəmli şəxsiyyətlərin, tanınmış sənətçilərin Məryəm haqqındakı fikirləri, onun yaradıcılığına verdikləri qiymət öz əksini tapır.
Məryəmin rəngarəng əsərləri həm respublikamızda, həm də xaricdə dəfələrlə sərgilənib. 2010-cu ilin sentyabrında onun Bakıda iki sərgisi keçirilib. Bunlardan biri «Qız qalası» qalereyasında, digəri isə «Art Garden» salonunda baş tutub. Hər iki sərgi haqqında mütəxəssislərin, sənət xadimlərinin müsbət fikirləri səslənib.
Xarici ölkələrdə də Məryəmin dəfələrlə fərdi sərgiləri təşkil olunub. Yeni nəşrdə bu barədə məlumatlar öz əksini tapır. 2011-ci ildə gənc azərbaycanlı rəssam qızın sərgiləri Berlində və Parisdə keçirilib. Parisdəki sərgi iki ünvanda - UNESCO-nun iqamətgahında və «Vivienne Art Galerie» salonunda reallaşdırılıb. Belə mötəbər ünvanlarda sərgilərin keçirilməsi, şübhəsiz ki, Məryəmin yaradıcılıq uğurlarının göstəricisidir.
Yeni kitab-albomun ilk səhifələrində bu gənc rəssamın işlədiyi maraqlı vedutalar - şəhər görüntüləri öz əksini tapır. Maraqlıdır ki, Məryəm tablolarında Parisdəki məşhur Eyfel qülləsini də təsvir etmişdir. Qüllənin digər tikililərdən təcrid olunmuş halda, ağacların və səmanın fonunda kontrast rənglərlə təsviri onun simvolik mahiyyətini xeyli qüvvətləndirir. Yeni alboma Eyfel qülləsinin rəssam tərəfindən 2011-ci ildə işlənmiş üç ayrıca rəsmi daxil edilmişdir. Parisin digər görüntüləri də koloritli rəng həlli ilə diqqət çəkir. Bu təsvirlərdə isti və soyuq tonlar ardıcıllıqla növbələşir.
Paris mövzusu Məryəmin yaradıcılığında əsas yerlərdən birini tutur. Buraya təkcə Eyfel qülləsinin təsvirləri deyil, bir çox digər kompozisiyalar da daxildir. Bu silsilədə «Parisin görünüşü» kompozisiyası maraq doğurur. Soyuq və isti rənglərin özünəməxsus sintezindən yaranmış bu koloritli tabloda şəhərin bir görüntüsü, yaşıl ağacların əhatəsində qədim, qülləli bina təsvir olunmuşdur. Tünd-mavi səmanın fonunda bina daha da əzəmətli görünür. Binanın boz, sarı və çəhrayı rənglərlə işlənmiş fasadı, tünd qəhvəyi pəncərələri onun monumental xarakterini daha da qüvvətləndirir.
Paris seriyasına «Paris göyləri», «Bastiliya qalası»
kimi zəngin koloritli tablolar da daxildir. «Paris göyləri»
tablosunda şəhər səmasında, evlərin
üstündən uçan təyyarə kompozisiyaya sanki bir
nikbinlik, yüngüllük, asudəlik əhval-ruhiyyəsi
verir. Bunun əksinə, «Bastiliya qalası» əsərində
göy-yaşıl fonda
qırmızı-qara rənglərlə işlənmiş qədim
qala ağır silueti, tutqun görkəmi ilə zəhmli, hətta
qorxunc hisslər oyadır. Bununla belə, gənc
rəssamın işıqlı çalarlarla işlənmiş
tablolarının əksəriyyəti tamaşaçılara
şən əhval-ruhiyyə bəxş edir.
Məryəm bəzən kontrast çalarları bir
kompozisiyada birləşdirməklə effektli kolorit təzadları
yaradır. Bu maraqlı, bir qədər kəskin xarakterli təzadlar
vaxtilə Niderland rəssamı Frans Halsın çox sevdiyi
ifadə tərzi olan parlaq əlvan rənglərin qara rənglə
növbələşməsini xatırladır.
Məryəmin natürmortları da maraq doğurur. Rəssam daha
çox gülləri təsvir edir. Həm də bu
güllər müxtəlif rənglərə -
qırmızı, sarı, bənövşəyi, ağ rənglərə boyanmışdır.
Məryəmin əlvan palitrasındakı az
qala bütün rənglər bu güllərdə öz əksini
tapır. Burada yenidən impressionizmə xas
Avropa boyakarlığı ənənələri yada
düşür. Ümumiyyətlə,
gül təsvirləri Məryəmin
yaradıcılığında xüsusi çəkiyə və
məna çalarlarına malikdir. Güllərin
rəngi, forması, düzülüşü rəssamın
yaradıcılığının ruhi cəhətləri
haqqında bitkin təsəvvür yaradır. İnsanlarda xoş əhval-ruhiyyə yaradan bu
güllər, mən deyərdim ki, onun
yaradıcılığının bədii kodudur. Burada rəssamın
dünyagörüşünün, sənət fəlsəfəsinin
estetik mahiyyəti simvolik vasitələrlə ifadə
olunmuşdur.
Natürmortların
bir qismində müxtəlif ev əşyaları,
çıraqlar, əntiq əşyalar diqqəti cəlb edir
ki, bu da Məryəmin geniş maraq dairəsindən və dərin
müşahidə qabiliyyətindən xəbər verir.
Maraqlıdır ki, gənc rəssamın bəzi
tabloları suprematizm xarakterlidir. Onun
yaratdığı qırmızı, yaşıl, göy,
qarışıq rəngli kompozisiyalarda müxtəlif
ölçülü və rəngli yaxmalar müxtəlif həndəsi
kombinasiyalarda birləşərək harmonik, ekspressiv
görünüş təşkil edir.
Yeni nəşrdə diqqəti cəlb edən əsas bədii
janrlardan biri də dəniz mənzərələridir. Dəniz təsvirləri
Məryəmin sevə-sevə müraciət etdiyi
mövzulardandır. Rəssam qoynunda
doğulub boya-başa çatdığı Xəzər dənizi
ilə gördüyü digər dənizləri, okeanı
sanki eyniləşdirərək maraqlı dəniz
görüntüləri yaradır. Bu
görüntülərin rəng həlli müxtəlifdir.
O, bəzən dənizi yüksək rakursda, fonsuz, perspektivsiz
təsvir edərək başdan-başa göy ənginlik
yaradır və bu ənginliyə ağ,
qırmızı, çəhrayı gəmilər daxil edir. Bir sıra rəsmlərdə rəssam dənizdəki
gəmiləri nisbətən iri planda işləyir. Bəzənsə o, dəniz mənzərələrinin
daha mürəkkəb, kompozisiya baxımından daha dolğun
nümunələrini yaradır və bunun üçün
göy-yaşıl rənglərin müxtəlif
çalarlarından məharətlə istifadə edir. Belə tabloların ümumi kolorit ahəngini soyuq rəng
tonları müəyyənləşdirir. Sanki bu rəsmlərdə K.Monenin məşhur «Təəssürat.
Günəşin çıxması» tablosununun
təsiri, müəyyən bir əks-sədası, sakit,
sürəkli ekspressiyası müşahidə olunur. Bəzən Məryəm dəniz mənzərələrində
isti və soyuq rənglərin təzadlı
kombinasiyasını da yaradır. Günəşin
dəniz üfüqlərindən boylanmasını təsvir
edən tablo məhz isti və soyuq rəng yaxmalarının
növbəli düzülüşündən
yaranmışdır. Burada isti rənglər
qırmızı-sarı günəş şüaları,
onların qızartdığı səma, dənizdəki əksi,
soyuq rənglər isə təlatümlü, narahat dənizin
göy sularıdır. Rəssam sanki soyuq,
narahat dünyamızın üzərinə nur çiləməklə
onun işıqlanan, rahatlıq tapan, arxayınlaşan
obrazını alleqorik tərzdə, simvollar vasitələrlə
əks etdirmişdir.
Məryəmin işlədiyi bir sıra animalistik fiqurlar
məhz onun dənizə olan məhəbbətindən
qaynaqlanır.
Kitab-albomdakı belə təsvirlərdə
çoxlu balıq, səkkizayaqlı dəniz ilbizi, su xərçəngləri
və başqa canlılar təsvir olunmuşdur. Onları birləşdirən ümumi cəhət
isə rəssamın çox sevdiyi mavi ümmandır.
Məryəm həmçinin müxtəlif təbiət
lövhələrinin, ağacların yer aldığı mənzərələr
də çəkir. Yeni nəşrdə belə mənzərələrin
maraqlı nümunələri yerləşdirilmişdir.
Onun göy, qəhvəyi və boz rəng
çalarları ilə işlədiyi mənzərə tablosu
sakit, romantik əhval-ruhiyyəsi ilə yadda qalır.
Məryəmin müraciət etdiyi kontrast rəng
tonallığı göy və qırmızı rənglər
üçün daha xarakterikdir. Gənc rəssam bu iki
rəngin qatışıqsız yaxmalarından istifadə etməklə
kompozisiya baxımından sadə, lakin zəngin rəng həllinə,
kolorit oynaqlığına malik rəsmlər işləyir.
Bu cəhət özünü daha çox Məryəmin
dəniz mənzərələri və bəzi
natürmortlarında göstərir. Lakin
kolorit həlli baxımından bu tipli tablolar A.Matissin məşhur
«Rəqs» kompozisiyasını xatırladır. Göy və qırmızı rənglərin
harmonik düzülüşü bu rəsmlərə həmin
tabloda olduğu kimi müəyyən bir ritm, dinamika verir.
Məryəm portret janrına da müraciət etməyi
xoşlayır. Onun portret işləri o qədər də
çox deyil, lakin bu portretlərə səmimiyyət,
coşqun plastika, temperament kimi mühüm keyfiyyətlər
xasdır. «Avtoportret», «Səidin portreti»
kimi rəsmlərdə rəssamın obraza münasibəti rənglərdə
əks olunmuş səmimi duyğular vasitəsilə öz
ifadəsini tapır. Məryəmin portretləri
üçün hətta alleqorik ifadə tərzi də
xarakterikdir. Onun əsasən göy
yaxmalarla işlədiyi «Mərmərə dənizində rəqs»
tablosunda dənizin təlatümlü nəfəsi
qırmızı geyimli qadın surəti ilə əlaqələndirilmişdir.
Əsərə tamaşa edərkən istər-istəməz
A.Mayolun qadın surətində təcəssüm etdirdiyi
«Aralıq dənizi» heykəl kompozisiyası yada
düşür. Gənc rəssam alleqorik
formalara müraciət etməklə klassik Avropa incəsənətinin
bir çox xüsusiyyətlərini çağdaş dönəmdə,
həm də milli sənət müstəvisində və
milli koloritdə canlandırmışdır.
Məryəmin əksər əsərlərinə saf, məsum
dünyagörüşü xasdır. Onun çəkdiyi
rəsmlərdə çoxlu quşlar, heyvanlar var. Həm də
bunların bir çoxu dünyanın uzaq-uzaq yerlərində
- Afrikada, Hindistanda, əlçatmaz Arktikada yaşayır.
Gənc rəssamın yaradıcı təxəyyülü
gördüyü və görmədiyi yerləri gəzib
dolaşır, müxtəlif canlıların rəsmini
yaratmaqda ona kömək edir. Bu təsvirlərdə
ən müxtəlif heyvanları görürük. Ümumiyyətlə, animalistika janrı Məryəmin
çox xoşladığı, tez-tez müraciət etdiyi
janrlardandır. Onun rəsmlərində
atlar, dəvələr, ayılar, şirlər, timsahlar, fillər,
zürafələr, dovşanlar, it, Şimal maralı, pinqvinlər,
dələ, eləcə də balıqlar, quşlar, kərtənkələlər,
hörümçəklər, kəpənəklər,
tısbağalar, ilbizlər təsvir olunmuşdur. Rəssam qız tutuquşu rəsmləri
yaratmağı da çox xoşlayır. Bu,
yəqin ki, onun əlvan, parlaq rənglərə meyl etməsindən
irəli gəlir. Axı tutuquşuları
da çox zaman əlvan, parlaq tükləri ilə
seçilir. Məryəm al-əlvan
tutuquşularını güllərin əhatəsində təsvir
etməklə rəsmlərin rəngarəngliyini daha da
artırır.
Məryəmin bir sıra tablolarında milli xarakter, milli
adət və ənənələrimizin əks etdirilməsi
dəst-xətti güclüdür. Bu tablolarda el
bayramları, Novruz görüntüləri təsvir
olunmuşdur. Məryəm
palitrasındakı əlvan rəngləri bu tablolara daxil etməklə
milli koloritimizin rəngarəngliyini daha dolğun şəkildə
əks etdirir. Bu rəsmlərdə
al-qırmızı lentlə bəzədilmiş bayram səmənisi,
onun ətrafındakı narlar, müxtəlif milli
atributlarımız əks olunmuşdur. Gənc
rəssamın öz dünyagörüşündən
doğan bir məsumluqla əks etdirdiyi qırmızı lentli
kəllə qənd əsl bayram ovqatı yaradır. Bu maraqlı rəsm «Xonça» adlanır.
Məryəm yaşına görə çox məhsuldar
işləyir.
Al-əlvan rənglər dünyası onun həyatda
özünütəsdiqinin əsas yaradıcı
formasıdır. İnanıram ki, gənc
azərbaycanlı rəssam Məryəm Ələkbərli gələcəkdə
də öz rəngarəng tabloları ilə insanlara sevinc
hissi bəxş edəcək.
Timuçin Əfəndiyev
Professor
Mədəniyyət.- 2013.- 20
noyabr.- S. 8-9.