Xaricdə müasir Azərbaycanın izləri
və azərbaycançılıq izləri...
Azərbaycançılıq əsl milli ideyadır. Milli ideya mənəvi dəyərlərin universallığıdır. Bütün etnik fərdlərin, dinlərin, etnosların, məzhəblərin bir ölkənin sərhədləri daxilində, vahid mənəvi məkanda, beynəlmiləlçilik adlı ortaq milli səma altında birliyidir, vətən adlı vahid kökə bağlılığıdır, milliliyin beynəlmiləlçiliyə sintezidir.
Məşhur yazıçı Viktor Hüqonun belə bir fikri var: "Milli olmadan bəşəri olmaq qeyri-mümkündür". Əsl azərbaycançılıq da millilikdən bəşəriliyə start nöqtəsidir. Xalqın milli mənliyinin yaşam pasportudur. "Mən"in dərk edilməsi bütövlükdə ölkənin, vətənin, millətin dərkidir.
Millət vahid
bir orqanizmdir. İnsan isə
bu orqanizmin cüzi bir hissəsidir. Bu
cüzü hissə həmin orqanizmin bütün hissələrilə
ayrılmaz əlaqədədir. Bu əlaqədir
onu yaşadan. Azərbaycançılıq
adlı milli ideologiyanın doğuluş məkanı təkcə
çağdaş günlərimiz deyil. O nəhəng
bir dəryadır. Əsl azərbaycançılığı
öyrənmək üçün hər şeydən
öncə ulu tariximizin səsçatmaz, ünyetməz dərinliklərinə
baş vurmaq gərəkdir.
XX əsrin əvvəlində bir
müsəlman dövləti olaraq dünyaya ilk cumhuriyyəti,
demokratik respublikanı vermiş Azərbaycan və azərbaycanlılar
üçün bu gün "biz dünyada haradayıq" sualına
cavab axtarmaq vacib və zəruridir. Bu baxımdan
Azərbaycanın hazırkı dünyadakı yeri, nüfuz
çevrəsi barədə söz edərkən
dünyanın bizi, bizim isə dünyanı necə, hansı
dəyərlərlə tanıyıb qəbul etməyimiz
üzərində düşünmək lazımdır.
Bu gün bütün dünyada qloballaşma
prosesi gedir. Qlobal inteqrasiya dünyanın
dörd yanını bir-birinə bağlayır,
dünyanın o tayında baş verən olaylar (mənfi və
ya müsbət) bu tayda əks-səda və fəsad
doğurur. Belə bir vəziyyətdə Azərbaycanın
qarşısında duran mühüm məqsədlərdən
biri qlobal inteqrasiya prosesində qabaqcıl dövlətlərlə
ayaqlaşmaq və bu zaman Azərbaycan xalqının milli
"Mən"ini, milli zənginliyini dünyaya layiqincə təqdim
etmək, milli-mənəvi dəyərlərimizin mütərəqqi
dünya dəyərlərilə üzvi sintezinə nail
olmaqdır. Qeyd olunan məqsədə nail olmaq
üçün başlıca şərt bu inteqrativ prosesdə
ölkənin milli inkişaf yolunu təmin edəcək,
xalqın bütün kəsimlərinin həmrəyliyinə əsas
yarada biləcək ümummilli ideyanın mövcud
olmasıdır.Qədim dövrlərdən başlayaraq bu
günümüzə qədər Azərbaycan xalqının
adət-ənənələrini, milli-mənəvi dəyərlərini,
polietnik zənginliyini özündə yaşadan və birləşdirən
baxışlar sistemi kimi azərbaycançılıq
ideyası təşəkkül tapıb. Azərbaycan
tarixən çoxmillətli ölkə, milli və dini
tolerantlığın bərqərar olduğu məkan kimi
tanınıb və bu üstün cəhətlər azərbaycançılıq
məfkurəsinin əsasını təşkil edir. Xalqımızın böyük mütəfəkkirlərinin,
dövlət adamlarının, ictimai xadimlərinin fəaliyyətində
bu ideya zaman-zaman özünü göstərib. Lakin birmənalı şəkildə qeyd edə bilərik
ki, azərbaycançılığın ümummilli ideya
halına gəlməsi, bütün dünya azərbaycanlılarını
birləşdirən məfkurəyə, müstəqil Azərbaycan
dövlətinin ideya əsasına çevrilməsi məhz
Heydər Əliyevin tarixi xidmətidir. Heydər
Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan
sonra Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə,
onun güclü dövlətçilik xəttini, siyasi-iqtisadi
əsaslarını yaratmaqla yanaşı, Azərbaycan
xalqının milli inkişafının ideya təməli ola biləcək konsepsiyanın - azərbaycançılığın
banisi olub. Vahid və bölünməz Azərbaycanın
ideya əsası olan Azərbaycançılıq iki təməl
ideyanı - "dövlətçilik" və "vətənpərvərliyi"
özündə birləşdirir. Məlumdur
ki, müstəqilliyimizin ilk illərində Azərbaycanın
düşdüyü dərin böhran təkcə Ermənistanın
ölkəmizə qarşı hərbi təcavüzü,
Qarabağdakı aqressiv erməni
separatçılığı ilə bağlı deyildi.
Həmin dövrdə bütövlükdə
respublikada milli-etnik ixtilaf, bölücülük
tendensiyası cücərməkdə idi və bu,
ayrı-ayrı bölgələrdə özünü
göstərirdi. Bu baxımdan Heydər
Əliyevin azərbaycançılığı ümummilli
ideologiya olaraq irəli sürməsi onun Azərbaycan dövlətçiliyi
naminə göstərdiyi tarixi xidmətdir. Məhz azərbaycançılıq Azərbaycana
qarşı bir çox istiqamətlərdən yönələn
təhdidlərin, ölkəmizi etnik bölücülük əsasında
parçalamaq cəhdlərinin qarşısında
güclü ideoloji və siyasi sipər oldu. Çünki azərbaycançılıq bizim
keçmişimizdən gələn dəyər olaraq vahid Azərbaycanın
ideya əsası, ölkədə bütün konfessiya və
etnosların həmrəylik və anlaşma içində
birgəyaşayışının tarixi təcrübəsidir.
Heydər Əliyev öz çıxışlarında bir vacib
məqamı hər zaman diqqətə çatdırıb ki,
Azərbaycanın çoxmillətli, tolerant ölkə
olması bizim böyük sərvətimizdir və biz bunu
qoruyub saxlamalı, dünyaya ən yüksək səviyyədə
təbliğ etməliyik: "Azərbaycan əhalisinin
çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür.
Azərbaycanın ən başlıca sərvətlərindən
biri qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, həyatını
bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən
adamlardır. Biz bunu qiymətləndiririk və
saxlayacağıq. Dövlət, ölkə
nə qədər çox xalqı birləşdirsə, bir o
qədər zəngin olur, çünki onların hər biri
ümumdünya mədəniyyətinə və
sivilizasiyasına öz töhfəsini verir. Azərbaycan onun ərazisində yaşayan
bütün millət və xalqların ümumi vətənidir.
Azərbaycanlı sözü bizi həmişə
birləşdirib". Azərbaycançılıq
ideologiyası bir tərəfdən Azərbaycan türklərinin
ölkədəki digər etnik qruplara tolerant münasibətinin,
sülh içində yaşamaq istəyinin bariz göstəricisidirsə,
digər yandan Azərbaycanın türk dünyasının
ayrılmaz parçası olduğunun təsdiqidir. Odur ki, azərbaycançılığı realist
milli inkişaf modeli olaraq qəbul edən Azərbaycan türk
dövlətləri arasında da bəlağət və
pafosdan uzaq, səmimi və qarşılıqlı faydalı
tərəfdaşlığa tərəfdar olduğunu daim
nümayiş etdirir.
Azərbaycanda vətəndaş
sülhünü, ümumxalq vəhdətini, milli və dini
tolerantlığı təmin edən ideologiya olaraq azərbaycançılığın
digər tarixi missiyası dünya azərbaycanlılarının,
müxtəlif ölkələrdə yaşayan
soydaşlarımızın birlik və həmrəyliyinin təmin
olunmasından ibarətdir. Heydər
Əliyev hələ sovet Azərbaycanına rəhbərlik
etdiyi zaman dövrün mövcud reallıqları çərçivəsində
xaricdəki (təbii ki, ilk növbədə, SSRİ məkanında)
azərbaycanlı diasporunun təşəkkül tapmasına
mümkün dəstəyi göstərirdi. Mərhum prezident müstəqil Azərbaycanın
yenidən rəhbəri olduqdan sonra bu fəaliyyəti dövlətin
xarici siyasətinin prioritet istiqamətlərindən birinə
çevirdi. Prezident xarici dövlətlərə
ilk səfərlərindən başlayaraq getdiyi hər bir
ölkədə yaşayan həmvətənlərimizlə -
oradakı azərbaycanlı icmasının böyük və
ya kiçikliyindən asılı olmayaraq - görüşlər
keçirir, onların problemləri, qayğıları ilə
maraqlanır, tövsiyələrini verirdi. Azərbaycan diasporunun yeni mərhələdə
inkişaf tezislərini də məhz böyük öndərin
həmin görüş və çıxışlarda
söylədiyi fikirlər, müddəalar təşkil edir.
Özü də bu hər zaman
şüarçılıqdan uzaq, reallığı əks
etdirən, zərurətdən doğan fikir və müddəalar
olub. Bu baxımdan Heydər Əliyevin 2001-ci ilin
noyabrında Bakıda Dünya azərbaycanlılarının
I qurultayında bəyan etdiyi tezislər əslində azərbaycançılığın,
Azərbaycan təəssübkeşliyinin ən lakonik ifadəsi
idi: "Biz istəyirik ki, müxtəlif ölkələrdə
yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı
kimi, istədikləri kimi yaşasınlar. Ancaq
heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini
itirməsinlər. Bizim hamımızı
birləşdirən bu amillərdir. Bizim
hamımızı birləşdirən, həmrəy edən
azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini,
milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni
zamanda, onların ümumbəşəri dəyərlərlə
sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir.
Hər bir insan üçün milli mənsubiyyəti
onun qürur mənbəyidir. Həmişə
fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən
azərbaycanlıyam. Hər bir azərbaycanlı
öz milli mənsubiyyətinə görə qürur hissi
keçirməlidir və biz azərbaycançılığı
yaşatmalıyıq". Əminliklə
qeyd etmək olar ki, bu nəcib arzu bu gün uğurla həyata
keçməkdədir. Prezident İlham
Əliyevin rəhbərliyi altında, dövlət siyasətinin
bütün sahələrində olduğu kimi, azərbaycanlı
diasporunun güclənməsi, azərbaycançılığın
ümummilli ideologiya olaraq möhkəmlənməsi istiqamətində
ardıcıl addımlar atılır və bu ideologiya istər
dövlət xətti ilə, istərsə də fədakar azərbaycanlıların
fəaliyyəti nəticəsində xarici ölkələrdə
lazımınca təbliğ olunur. Xarici
ölkələrdə aparılan Azərbaycan təbliğatı
müxtəlif dövrləri əhatə etdiyi
üçün fərqli metodlarla aparılır. Hazırda dünyanın bir sıra ölkələrində
müasir Azərbaycanın izlərini əks etdirən
mühüm təbliğat vasitələrindən istifadə
edilir. Buna misal kimi dünyanın bir neçə ölkəsində
dahi Azərbaycan şairi Nizami Gəncəvinin, tarixi qəhramanımız
Koroğlunun abidələrinin ucaldılmasını, mərhum
prezident Heydər Əliyevin adını daşıyan
parkların salınmasını, onun adının müxtəlif
küçələrə verilməsini, Heydər Əliyev
Fondunun maliyyə dəstəyi ilə nisbətən zəif
inkişaf edən ölkələrdə məktəblərin
tikilməsini, Azərbaycan dövlətinin əlamətdar
gününə həsr olunan idman yarışlarının
keçirilməsini, xarici ölkələrdə olan səfirliklərimizin
təqvimə təsadüf edən bayramlarla bağlı ziyafətlər
təşkil etməsini müasir Azərbaycan təbliğatının
dünyaya çatdırılması istiqamətində ən
əhəmiyyətli iş saymaq olar.
Oxşar təbliğat vasitələri
ilə müasir Azərbaycanın izlərinin xaricdə təbliği
ətrafında fikirlərini bizimlə bölüşən
Beynəlxalq Diaspor Mərkəzinin aparat rəhbəri Samir Adıgözəlli hesab edir ki, hazırda, ölkənin tarixi ilə yanaşı, müasir azərbaycançılığın da dünyaya çatdırılmasına böyük ehtiyac var. Onun sözlərinə görə, bu həm də Azərbaycan dövlətçiliyinin təbliğinə xidmət edəcək bir üsuldur: "Bildiyimiz kimi, müasir Azərbaycan dövləti əsrin əvvəlində mövcud olan Azərbaycan Xalq Cumhuriyyətinin varisidir. Bu baxımdan, biz qatıldığımız bütün beynəlxalq tədbirlərdə Azərbaycanı nə qədər müasir vasitələrlə təbliğ etsək də, bu tarixi dövrü mütləq xatırlatmalıyıq. Bu yaxınlarda Türkiyənin Kocaeli şəhərində tədbirdə olarkən heyətlə birgə mərhum prezident Heydər Əliyevin adını daşıyan parkda olduq. Həmin parkda Azərbaycan mədəniyyətinin bütün incilərinin əks olunduğunu gördük. Bu özlüyündə geniş bir təbliğat deməkdir. Çünki ora gələn istənilən şəxs hər bir incə detalla maraqlanmağa başlayır. Azərbaycanla bağlı olan hər bir detalın onlara izah olunması ölkənin mədəniyyətinin, incəsənətinin, dövlətçiliyin təbliğinə gətirib çıxarır".
Dövlətin müasir azərbaycançılığın təbliği ilə bağlı gördüyü bütün işləri qənaətbəxş sayan aparat rəhbəri hesab edir ki, Azərbaycanın müasir dövrdə əldə etdiyi nailiyyətlərin xaricdə təbliğində ən əvəzolunmaz rolu turizm oynaya bilər: "Mən bu yaxınlarda Mingəçevir Turizm Kollecində oldum. Kollec rəhbərliyi ilə ətraflı fikir mübadiləsi apardım. Turizmin özünün də diaspor fəaliyyətinə aid olduğunu nəzərə alsaq, onda bu sahədə əhəmiyyətli işlər görmək olar. Ölkədən xaricə gedən turistlər Azərbaycanı bütün vasitələrlə təbliğ edə bilər. Ölkəyə gələnlərə isə Azərbaycanın son vaxtlar qazandığı uğurlar canlı nümayiş oluna bilər. Bu istiqamətdə güclü maarifləndirmə də aparılmalıdır. Xaricə səfər edən şəxslər verdikləri hədiyyələrdə də çalışmalıdır ki, Azərbaycan təbliğ olunsun. Azərbaycançılığın təbliğinin ən qısa yolu Azərbaycanın tanıdılmasından keçir. Bunu elə etmək lazımdır ki, nə keçmiş unudulsun, nə də keçmişi təbliğ etməklə müasir inkişaf yaddan çıxsın. Bir sözlə, bu təbliğat ölkənin keçmişi ilə müasirliyi arasında körpü rolunu oynamalıdır. Biz bu amili mütləq nəzərə alırıq. Tədbirlərimizi keçirdiyimiz ərəfədə Azərbaycanın, mətbəxi ilə yanaşı, geyimini və başqa istiqamətləri də sərgi şəklində təbliğ edirik. Hesab edirəm ki, müasir Azərbaycanın təbliği istiqamətində işlər bir qədər də sürətlənməli və sistemli şəkildə aparılmalıdır"
Ömərov Vahid
Azad Azərbaycan.-
2013.- 22 noyabr.- S.5.