Azərbaycan Milli Kitabxanasının
90 illik yubileyi qeyd edilib
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyi təntənəli şəkildə qeyd edilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev çıxış edərək Azərbaycanda kitabxana işinin yüksək səviyyədə qurulması istiqamətində görülmüş işlərdən danışıb. Azərbaycan paytaxtında III Bakı Beynəlxalq kitab sərgi-yarmarkasının yüksək səviyyədə təşkil olunduğunu söyləyən nazir 3 gün ərzində minlərlə insanın bu sərgini ziyarət etdiyini söyləyib.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə fəxri adlara layiq görülmüş Azərbaycan Milli Kitabxanasının əməkdaşlarını təbrik edən Mədəniyyət və Turizm naziri bütün kollektivə uğurlar arzulayıb.
Tədbirdə geniş məruzə ilə çıxış edən baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev Azərbaycan Milli Kitabxanasının keçdiyi şərəfli tarixi yola bir daha nəzər salıb, görülmüş işlər, əldə olunmuş uğurlar və qarşıda duran vəzifələrdən danışıb. E.Əfəndiyev hazırda Milli Kitabxanada 25 şöbə, 26 bölmə fəaliyyət göstərdiyini, həmçinin kitabxananın fondunda 5 milyondan çox çap məhsulu saxlanıldığını dilə gətirib.
Xalq yazıçısı xüsusi olaraq vurğulayıb ki, elm və mədəniyyətə daim yüksək qiymət verən Ulu Öndərimiz Heydər Əliyev 4 dəfə Milli Kitabxanada olub və öz şəxsi kitabxanasından yüzlərlə kitabı bu bilik ocağına hədiyyə edib.
Natiq son illər ölkəmizdə latın qrafikalı yeni nəşrlər hesabına kitabxanaların zənginləşdirilməsi istiqamətində xeyli iş görüldüyünü diqqətə çatdırıb. Vurğulayıb ki, bu işlər Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı əsasında həyata keçirilib.
Nəzərinizə çatdıraq ki, 37 min daimi oxucusu olan kitabxananın virtual oxucu sayı isə 500 mindən çoxdur. Gün ərzində bu mədəniyyət ocağının xidmətlərindən 1500-dən çox insan istifadə edir. 1999-cu ildə respublikamızda ilk internet zalı Milli Kitabxanada yaradılıb. Ötən illər ərzində beynəlxalq əlaqələrə üstünlük verən Azərbaycan Milli Kitabxanası beynəlxalq kitab mübadiləsini bərpa edərək, dünyanın 60-a yaxın kitabxanası ilə əlaqə yarada bilib. 2003-cü ildən kitabxanada avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqinə başlanılıb.
Tədbirdə Avropa Milli Kitabxanaları Konfransının prezidenti, Fransa Milli Kitabxanasının rəhbəri Bruno Rasine və Avrasiya Kitabxanalar Assambleyasının prezidenti, Rusiya Dövlət Kitabxanasının baş direktoru Aleksandr Vislıy çıxış edərək, Azərbaycan Milli Kitabxanasının əməkdaşlarını yubiley münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıblar.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyinin keçirilməsi haqqında” 2013-cü il 24 iyun tarixli Sərəncamını kitabxana işinə verilən yüksək qiymət kimi dəyərləndirən Milli Kitabxananın direktoru Kərim Tahirov bundan sonra da inamla çalışacaqlarını söyləyib. Tədbir geniş konsert proqramı ilə başa çatıb.
Seyidzadə Hacı Tofiq
Azad Azərbaycan.- 2013.- 1 oktyabr.- S.7.