“Məni öləndən
sonra kəşf edəcəklər”
Bu gün Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu dünyasını dəyişib. Xırdalan qəbiristanlığında dəfn olunan şairin ölümü ədəbi ictimaiyyətdə sarsıntı yaradıb. Modern.az şairin ən yaxın dostlarından olan və işlədiyi qurumda onunla son ünsiyyətdə olan qələm yoldaşlarının təəssüratlarını təqdim edir.
Sayman Aruz: “Özü haqqında düşüncələrini bir kitaba yığmışdı. Mən orda da Ədalətin barəsində yazmışam. Ədalət həmişə deyirdi ki, “məni öləndən sonra kəşf edəcəklər. Füzuli kimi, Nəsimi kimi, sufi şairlər kimi mən də sonradan kəşf olunacağam”. Müasir sufi şairlərin öndə gedənlərindən idi. Öz arifliyini qoruyub saxlamışdı. Elə bir vəzifədə işləyirdi ki, bəzi insanlara olan hücumlara o sinə gərirdi. Həmin insanlar ki, heç mən onları Ədalətin dəfnində və yasında görmədim. Ədalət Əsgəroğlunun bu vəzifəsi olmasaydı, o, tanınmış bir şair olardı. Vəzifəsi onu ikinci plana atdı. Heç kimə göstərmədiyi şeirlərini mənə söyləyirdi. Onun əleyhinə olan hücumların hamısı vəzifəsinə görə idi. Dünən də onunla AYB-də ən son söhbət edənlərdən biri mən olmuşam. Məişət qayğılarından çox gileyli idi. Maaşın azlığından, bəzi borclarından şikayət edirdi. Ailəsindəki problemlər onu çox sıxırdı. Kiçik bir bağı var idi. Təzə tikib qurtarmışdı. Həmişə şikayət edirdi ki, yanıma heç kim gəlmir. Heç olmasa siz gəlin, oturaq çay içək. Deyirdim, Ədalət müəllim darıxma gəlib yeyəcəyik də, içəcəyik də. Amma bu ona qismət olmadı”.
Əkbər Qoşalı: “Biz ən dəyərli sənət yoldaşlarımızdan birini itirdik. O elə bir insan idi ki, Yazıçılar Birliyi ilə bağlı hər hansı problem olanda ilk ona zəng vurulurdu. Az qala hər gün jurnalistlərlə kontaktda olan bir adamın vəfatı təbii ki, hamımızı məyus edir. O bizə başqalarından bir köynək daha yaxın idi. Həm yaradıcılıq, həm də ədəbi təşkilatlanma baxımından mərhumla işbirliyimiz olub. O, şair, qələm adamı kimi çox dəyərli bir insan idi. Onun xüsusən də son olaraq Xocalı faciəsi barədə yazdığı və beş dilə tərcümə olunan poeması daha çox diqqət çəkir. Bundan əlavə Ədalət bəyin irfani şeirləri də vardı ki, bunlar çox önəmli ədəbi hadisə sayılmalıdır. Mən həm ona görə, həm də bir qədər bundan öncə dünyalarını dəyişən Ələkbər Salahzadə və Elnarə Tofiqqızına görə çox üzgünəm”.
Elmin
Azad Azərbaycan.- 2013.- 2 oktyabr.- S.7