Tahir Salahovun fərdi
sərgisi açılıb
Sərgilər Heydər Əliyev
Mərkəzində Xalq
Rəssamı Tahir Salahovun “Əsrlərin qovşağında” adlı
fərdi sərgisi açılıb. Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgidə iştirak edib. AzərTAc xəbər verir
ki, sərginin açılışından əvvəl
xalq rəssamı Tahir Salahov jurnalistlərin
suallarını cavablandırıb.
Mərasim iştirakçılarına
dərin təşəkkürünü
bildirən xalq rəssamı Heydər Əliyev Mərkəzində
sərginin təşkilinin
onun üçün böyük şərəf
olduğunu bildirib:
"Mən bu gözəl sarayda fərdi sərgimin açılmasından öz
yaradıcılığım üçün böyük
impuls alıram. Bu sərgini xalqımızın
ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edirəm. Çünki 2013-cü il ulu öndər
Heydər Əliyev ilidir. Başqa cür ola
da bilməz."
Sonra mərasim
iştirakçıları sərgiyə baxıblar. Sərgidə məşhur fırça
ustasının müxtəlif
dövrlərdə, eləcə
də son illərdə
çəkdiyi 100-dən çox
əsər nümayiş
etdirilir. Onların
sırasında Azərbaycan
xalqının ümummilli
lideri Heydər Əliyevin portreti, həmçinin Qara Qarayev, Dmitri Şostakoviç
və Mstislav Rostropoviçin portretləri,
“Sənə bəşəriyyət”,
“Aydan”, “Neftçinin portreti”, “Alagöz – Şərq əfsanəsi”,
“Aydan – Şərq ulduzu”, “Odlar yurdu” triptixi –“Atəşgah”, “Xəzər
bu gün”, “Qız qalası” və digər məşhur əsərləri
də yer almışdır. Sərgidə, həmçinin Tahir Salahovun ilk dəfə məhz Heydər Əliyev Mərkəzində
sərgilənən işləri
də vardır.
Ekspozisiyada rəssamın həm
tabloları, həm də rəsmlərinin xalça versiyası təqdim olunur.
Tahir Salahovun
85 illik yubileyi ərəfəsinə təsadüf
edən bu sərgi Heydər Əliyev Mərkəzinin Azərbaycan rəssamları
ilə bağlı həyata keçirdiyi ilk layihədir. Bu layihə
Azərbaycanın klassik
rəssamlıq ənənələrinin
yaşadılmasına, tanıdılmasına
xidmət edir.
Sərgi noyabrın 6-dək davam edəcək.
Azad Azərbaycan.- 2013.- 2 oktyabr.- S.7.