Azərbaycançılıq və  Azərbaycan təsnifləri

 

Azərbaycançılıq ideyası həm muğamın bədii dəsgah kimi təşkilində böyük əhəmiyyət kəsb edən, həm də müstəqil janr şəkli almış təsnif və rənglərlə də bağlıdır. Böyük Azərbaycan bəstəkarı Fikrət Əmirov milli təsniflərin yad ünsürlərdən qorunmasına, onun milliliyinin saxlanmasına xüsusi əhəmiyyət verirdi: “Muğam dəsgahlarımız musiqi folklorumuzun elə klassik forması, elə zəngin irsidir ki, Azərbaycan musiqisinin köküdür, mayasıdır.

Məlumdur ki, Yaxın və Orta Şərq xalqlarının da öz muğamları vardır. Azərbaycan muğam sənətini əsrlərlə qəlbində yaşadan, onun paklığını qoruyan ustalara biz borclu qalırıq. Onlar söz ilə musiqinin çox böyük vəhdətini tapmışlar. O, xanəndələrin Nəsimidən, Xətaidən, Füzulidən, müasir şairlərdən oxuduqları böyük bəşəri duyğular tərənnüm edən qəzəllər musiqi ilə o qədər qaynayıb-qarışıb ki, elə bilirsən bu muğamlar, bu dəsgahlar elə bu sözlər üçün yaranmışdır.

Təəssüflə qeyd etməliyik ki, muğam ifaçılarımızın ən yaxşı ənənələri daha da inkişaf etdirilməkdənsə, bəzi müasir ifaçılar tərəfindən unudulur. Xüsusi hazırlıq, incə zövq, zəngin səs tələb edən muğamatı bilən də, bilməyən də oxuyur. Elə olur ki, xanəndələr öz üslublarını müəyyən etmək qayğısına qalmır, səsi çatdı-çatmadı zilə çıxmağa çalışır və camaatı bir növ əl çalmağa təhrik edirlər, qəsdən yumşaq, həzin oxumağı özlərinə layiq bilmirlər, amma çox nahaq yerə. Bəzən də musiqini süni surətdə müasirləşdirmək həvəsi söz ilə musiqi arasındakı vəhdəti pozur, onu hətta acınacaqlı hala salır. Buna görədir ki, ən nikbin duyğular oyadan, yaşamağa, yaratmağa çağıran, işıqlı, parlaq ifadələr iniltili bir xanəndə nəfəsi ilə oxunur.

İndi muğam ifaçılığında mühüm məsələlərdən biri də Azərbaycan muğamlarını yad təsirdən qorumaq işidir. Bəzən elə olur ki, məsələn, “Şur” dəsgahı elan edilir. Qulaq asanda görürsən, bir təsnif yaxud bir rəng, məsələn, İran musiqisidir. Əlbəttə, İran, yaxud ərəb təsnif və rənglərini ifa etmək olar, lakin onu Azərbaycan muğamatına qatmamaq şərtilə. Bu məsələ birona görə ciddidir ki, əgər muğamlarımız indi təmiz ifa olunmazsa, orada yad musiqi ünsürləri özünə yer taparsa, gələcək nəsil də onu beləcə qəbul edəcəkdir”.

N.Məmmədov da təsnif və rənglərin milli duyğularideyalarla sıx əlaqəsinə üstünlük verir.

İmprovizasiya-reçitativ vokal melodiyalar daimi xanə ölçüsünə malik dəqiq ritmli melodiyalarla növbələşir. Onlardan bəziləri təsniflər, digəri isə rənglərdir. Təsnif və rənglər bilavasitə mahnı-rəqs sənətinin təsiri ilə yaranmışdır.

Təsnif və rənglər şifahi ənənəyə malik Azərbaycan professional musiqisində geniş inkişaf edib öz mahiyyəti etibarilə müstəqil janr şəkli almışdır. Bununla bərabər onlar muğam sənətində muğamın tam bədii əsər (dəstgah) kimi təşkilində böyük əhəmiyyət kəsb edən müəyyən obraz-məna və müəyyən forma yaradıcı vəzifə daşıyır. Həm təsniflər, həm də rənglər muğama obraz-emosiya təzadları gətirir. Lakin burada seyrçi xəyalpərvərlik, düşüncələrə dalmaq, hisslərin gərgin şəkildə ifadəsi kimi hallar olmur. Əksinə, təsnif və rənglərə tipik xalq mahnı və rəqs melodiyalarına məxsus “yumşaqemosiyalar xasdır. Təsnif və rənglər intonasiya-funksional baxımdan müstəqil bölmələr təşkil etmir, əksinə, onlar bilavasitə sırf muğam melodiyaları ilə, reçitativ-improvizasiya ilə əlaqədardır. Təsniflərdə və rənglərdə əvvəlki melodiya improvizasiyaların intonasiya məzmunu başqa tamamlanmış melodik-ritmik formalarda bitiryaxud təsniflər və rənglər iptonasiya cəhətdən bağlayıcı rolu oynayır. Çox təbii olaraq, instrumental muğamlarda (solo ifa zamanı) təsniflərin, habelə, bir çox hallarda rənglərin də üstündən keçilir, yəni onlar çalınmır ki, bu da muğamın bölmələri arasındakı sərhədi aradan qaldırır və musiqiyə daha artıq rəvanlıq, axıcılıq, fasiləsizlik gətirir.   

R.Zöhrabov Azərbaycan təsniflərinin xalqımızın idealları və milli ideyaları ilə bağlılığına toxunaraq göstərir ki, Azərbaycan xalq-professional musiqisinin əsas janrlarından olan təsniflər xalqımızın mənəvi sərvətinin mühüm və ayrılmaz hissəsidir. Xalqın düha və təfəkkürünün, arzu və ideallarının, kədər və iztirablarının ifadəsi olan bu qiymətli incilər əsrlərin sınağından keçib yaşamış, illər keçdikcə cilalanmış, yeni-yeni xallarla zənginləşmişdir.

Qədim tarixə malik Azərbaycan təsnifləri xalqımız arasında geniş yayılmışdır. Buna baxmayaraq, hələ bu günə qədər bu janrın elmi və musiqi-nəzəri cəhətdən tədqiqinə aid heç bir elmi əsər yazılmamışdır. Əlbəttə, birinci növbədə buna səbəb təsniflərin nota yazısının olmamasıdır. Halbuki təsniflərin toplanıb nota yazılması və nəzəri cəhətdən tədqiqi bu günün vacib məsələlərindəndir.

Təsniflər muğam dəstgahlarının daxilində yaranmış və inkişaf etmişdir. Onlar vokal-instrumental janrlar qrupuna daxildir.

Adətən, muğam dəstgahlarında hər şöbənin oxunmasından sonra rəng çalınır və ya təsnif oxunur. Kiçik həcmli muğamlarda çox zaman təsnif muğamın axırlarında ifa olunur. Beləliklə, dəraməd və bərdaştdan (giriş-prelüd) sonra improvizasiya səciyyəli muğam şöbələrinin rəng və təsniflərlə ardıcıllaşması onun dəsgah formasını yaradır.

Dəstgahın hər bir şöbəsindən sonra təsnifin oxunması vacib deyildir. Bu, əsas etibarilə bütöv şəkildə muğamın və ya onun ayrı-ayrı şöbələrinin improvizasiya xüsusiyyətlərindən asılıdır. Əgər vokal improvizasiya öz həcminə görə kiçikdirsə və əslində, intermediya xarakteri daşıyırsa, həmin şöbədən sonra təsnif oxunmur. Məsələn, “Rast” dəsgahının “Hüseyni” şöbəsində təsnif tələb olunmur, çünki əslində, bu şöbənin özü intermediya səciyyəsi daşıyır.

Kiçik formalı muğamlara, adətən, birya bəzən iki təsnif daxil edilir. Dəstgahdakı sənətkaranə şöbələr də özündən sonra təsnifin oxunmasını tələb etmir. Məsələn, mürəkkəb vokal texnikasını, müxtəlif zəngulələri, bəzəkləri və başqa musiqi ifadə vasitələrini özündə toplayanRast” muğamının “Pəncgah” və ya “Bayatı-Şiraz”ın “Hüzzal” şöbələrində adətən təsnif oxunmur, rənglə əvəz edilir.

Muğamların geniş yayılması və inkişafı ilə əlaqədar folklorumuzda çoxlu təsnif yaranmışdır. R.Zöhrabov təsniflərin dəsgahda ifadə edilməsinin aşağıdakı xüsusiyyətlərini göstərir. Lirikya bəzən rəqsvarı səciyyə daşıyan təsniflərin dəsgahda ifa edilməsinin bir sıra xüsusiyyətləri vardır ki, bunlar da:

1) muğamın təsir gücünü artırır;

2) muğam şöbələri arasında bədii təzad yaradır;

3) muğam şöbələrini bir-birilə bağlayır;

4) muğamda metro-ritm cəhətdən konstruktiv ciddilik yaradır.

Təsniflər iki şəkildə təzahür edir: həm vokal-instrumental muğamın şöbələri arasında, həm də müstəqil şəkildə.

Təsnif müstəqil şəkildə ifa olunanda da muğamsız oxunmur; təsnifin ya əvvəlində, ya da orta hissəsində mütləq muğam parçasından istifadə edilir.

Təsniflərin adları öz mətnlərinin məzmununa görə deyil, tərkibinə daxil olanonlara əsaslanan muğamyaxud şöbələrin adı və musiqi məzmunu ilə əlaqədardır. Məsələn, “Rast” muğamının “Vilayəti” şöbəsində oxunan təsnif “Vilayəti təsnifi”, “Çahargah” muğamının “Bəstənigar” şöbəsindən sonra oxunan təsnif “Bəstənigar təsnifi” və yaxud “Bayatı-Şiraz” muğamının “Bayatı-İsfahan” şöbəsindən sonra oxunan təsnif “Bayatı-İsfahan təsnifi” adlanır. Lakin təsniflərin hər birinin muğamın müəyyən şöbəsinə aid olmasına baxmayaraq, çox zaman onlar əsas muğama görə də fərqləndirilir. Məsələn, “Segah” muğamında nə qədər təsnif olursa-olsun, onların hamısına ayrılıqda “Segah təsnifi” və həmçinin, “Şur” muğamına daxil olan təsniflərə “Şur təsnifi” deyilir.

Təsniflər öz-özlüyündə bir-birinə bənzər, eyni tərzli, yeknəsəq olmur. Onlar çoxşəkilli və rəngarəng, forma etibarilə müxtəlifdir. Bu cəhətlər varlığın geniş əhatə olunması ilə, mövzuların rəngarəngliyi, ifaçılıq üslubunun fərdiliyi, tarixi laylanmanın (laylara ayrılma) mövcudluğus. ilə izah oluna bilər. Lakin təsniflər, adətən, ağır temp, melodiyanın pillə-pillə hərəkət tərzi, həm də onun hərəkətlərinə vokalizlər tətbiq edilməsi, çoxhecalı musiqi cümlələri, sərbəst muğamvarı kadanslar, nəqəratlı sözlərin işlədilməsi (bəzən nəqəratlı sözlərin əsasında yeni musiqi cümlələrinin yaranması) və s. musiqi məziyyətlərinə görə də seçilirlər.

Keçmişdə dəstgahlarda oxunan təsniflər, adətən, kiçikhəcmli olurdu, quruluşca intermediya səciyyəsi daşıyırdı.

Tədriclə təsnif mürəkkəb forma və məzmunla, yeni keyfiyyətlərlə zənginləşib, intensiv inkişaf edir, onun tematikası genişlənir; təsniflərin mündəricəsinə sevgi lirikası ilə yanaşı, insanın ülviliyi, onun həyata münasibətində ictimai-fəlsəfi dərinlik və s. xüsusiyyətlər də daxil olur. Eyni zamanda, təsniflərin quruluşunda da dəyişikliklər yaranır: bəndlərin və beytlərin sayı çoxalır (bununla əlaqədar melodik ibarələrin sayı da artır), lad əsası daha da dolğunlaşır, diapazon genişlənir, metro-ritm mürəkkəbləşir, ifa üslubu dəyişilir. Təsnifin “canı” olan melodiya da, öz növbəsində, transformasiyaya uğrayır.

Müəllif daha sonra qeyd edir ki, hazırda təsniflər Azərbaycan xalq-professional musiqi janrı kimi yüksək inkişaf səviyyəsindədir. Onlar xalqxalq-professional incəsənətin qədim ənənələri ilə sıx bağlı olaraq Azərbaycan musiqi şeir yaradıcılığının geniş bir sahəsini təşkil edir. Müasir dövrdə yaranan təsniflər artıq təkcə bir muğam şöbəsinin deyil, əsaslandığı muğamın bütün xüsusiyyətlərini özündə toplayır, ona görə də son zamanlar müstəqil şəkildə də ifa olunur.

Məlumdur ki, təsniflərin ifaçıları xanəndələrdir. Onlar ifaçılıqla bərabər, həm də bu incilərin yaradıcılarıdır. Bu prosesdə çox zaman xanəndələrlə birlikdə müşayiətçi sazəndə dəstəsi də iştirak edir. Beləliklə, təsniflər instrumental ansamblların müşayiətilə oxunduğu üçün onların musiqisi bəzi hallarda harmonikpolifonik ünsürlərlə zənginləşdirilir.

Təsnifdə aşağıdakı ünsürlər üzvi surətdə birləşir:

1. Şeir bəndləri və beytləri ilə ifadə olunan, onun tematik və surətli məzmununu təşkil edən ədəbi mətn və 2. Lad-məqam, melodika, metro-ritm forma kimi musiqi ifadə vasitələri.

Məhz dediyimiz keyfiyyətlərlə əlaqədar bu oçerkdə müəllif Azərbaycan təsniflərinin həm mətninə, həm musiqi cəhətlərinə eyni dərəcədə diqqət yetirir, bu iki komponentin qarşılıqlı əlaqəsi prinsipini təhlildə meyar götürür.

Təsniflərdə aşiq hər cəfaya dözür ancaq zülm həddən aşanda öz taleyindən, bəxtindən, “fələkdənşikayətlənir. Təsniflərin mətnlərində məhəbbət motivləri ilə yanaşı, ictimai motivlər əsas yer tutur. Bir çox təsnif mətnlərində Azərbaycanın təbiətini təsvir edən simvolik surətlər işlənir. Xüsusilə, məhəbbət simvolu kimi bülbül qızılgül surətlərinə daha çox təsadüf olunur. Təsniflərin mətn əsasını qəzəl, qoşma, bayatı, gəraylı başqa şeir formaları təşkil edir.

 

 

Vahid ÖMƏROV

Azad Azərbaycan.- 2013.- 15 oktyabr.- S.5.