Azərbaycançılıq və xalq mahnıları
Azərbaycançılıq ideyaları milli varlığımızın ayrılmaz tərkib hissəsi olan xalq mahnıları ilə də sıx bağlı olan ideyadır. Xalq mahnıları Azərbaycan xalq musiqisinin əsas hissəsini təşkil edir və bu musiqi irsi müxtəlif tarixi şəraitdə öz şəklini bu və ya başqa dərəcədə dəyişmiş, formalaşmış və inkişaf etmişdir. Xalq mahnılarında xalqın yüksək mənəviyyatı-onun ümid və arzuları, əhval-ruhiyyəsi milli ideyaları tərənnüm olunur. Bədii-estetik gücünə və tez qavranılmasına görə xalq mahnıları ən geniş yayılmış bir janrdır. Mahnı sözü müxtəlif dövrlərdə dilimizdə saya, soy, nəğmə, hava, şərqi kimi ifadə olunmuşdur.
R.İsmayılzadə yazır ki, Azərbaycan xalq mahnıları rəngarəng mövzu və məzmununa, aydın və konkret xüsusiyyətlərinə, eləcə də, ictimai motivlərinə görə bir-birindən fərqlənir. Bu baxımdan onları dörd janr qrupuna bölmək olar:
I. Əmək mahnıları,
II. Mərasim mahnıları,
III. Məişət mahnıları,
IV. Tarixi mahnılar.
Qeyd etmək lazımdır ki, bunlar da, öz növbəsində, müxtəlif növlərə ayrılır. Mahnılarda Azərbaycan xalqının əməyə, təbiətə, sevgi, ailə və uşağa münasibəti, ənənə və adətləri, istək və mehribanlığı, igidlik və qəhrəmanlığı tərənnüm olunur.
I. Əmək mahnıları xalq mahnı yaradıcılığının ən qədim janrıdır. Əldə olan qədim nümunələrin təhlili göstərir ki, onlar əsasən iki qrupa bölünür: kişi əməyi ilə bağlı olan və qadın əməyi ilə bağlı olan mahnılar.
Xalqın təsərrüfat həyatı və mövsüm mərasimləri ilə bağlı mahnıları çoxdur. Maldarlar arasında ən geniş yayılmış sayaçı mahnıları quzulama, qırxım və sağımla əlaqədardır. Əkinçiliklə məşğul olanlar arasında isə ən geniş əmək mahnıları holavarlar olmuşdur. Bu mahnılar şumlama, səpin, biçin, döyüm və s. kimi əmək prosesi ilə bağlı olaraq yaranmışdır.
Sayaçı mahnılar, əsasən, maldarların, çobanların nəğməsidir. Bunlarda adətən maldarlıq həyatının istər kişi və istərsə də qadın əməyi ilə əlaqədar bir çox sahəsi əks olunmuşdur. Rus musiqişünası V.İ.Krivanov 1936-1938-ci illərdə Azərbaycana gəlmiş, musiqi folklorumuzu toplayaraq, onlardan bəzilərini nota salmışdır.
Qədim mahnı növlərindən biri də əkinçiliklə əlaqədar yaranan əmək mahnılarıdır. Bunlardan ən məşhuru holavarlardır. Holavar cüt sürülən zaman hodaqçı tərəfindən oxunan mahnıdır. Buna qədim holavar mahnıları “Çək şumla yeri” və “Şum nəğməsi” misal ola bilər. R.İsmayılzadə qeyd edir ki, beləliklə, hələ çox qədimlərdən, ibtidai icma quruluşu dövründən belə qabaqlar əmək prosesində yaranmış və izləri bu günə kimi xalq şifahi poeziyasında və musiqi folklorunda qalmış əmək nəğmələri əməkçi xalqın həyatını, onun mübarizəsini, ictimai münasibətlərini, dünyagörüşünü, hiss və həyəcanlarını, istək və arzularını əks etdirir.
II. Mərasim mahnıları da, əmək mahnıları kimi, Azərbaycan xalq mahnı yaradıcılığının qədim növlərindən biridir. Bu mahnılar başlıca olaraq iki qismə bölünür.
1) təsərrüfatla əlaqədar yaranan mərasim mahnıları,
2) ailə və məişətlə əlaqədar yaranan mərasim mahnıları.
Qədim dövrlərdə Azərbaycan xalqının təsərrüfat həyatı ilə əlaqədar bir sıra mərasimlər yaranmışdır ki, bunlar kütləvi mahnı oxumaqla müşayiət olunmuşdur. Belə ənənələrdən və mərasimlərdən ən geniş yayılmışı mövsüm mərasimləri olmuşdur.
Ailə məişətlə əlaqədar yaranmış mahnılar isə ənənəvi toy, bayram və matəm mahnılarından ibarətdir. Xalqın təsərrüfat həyatı ilə əlaqədar ənənəvi mahnılardan ən qədimi hələ əsatiri mahiyyət daşımayanı “Günəşi dəvət” mərasim nəğməsidir. Qədim Azərbaycanda müqəddəs hesab edilən Günəşin çıxmasını qarşılamaq mərasimləri olmuşdur. Bu mərasim daha çox əsatiri mahiyyət daşıyıb. Müəllif düzgün olaraq göstərir ki, Azərbaycan xalqının istər çox qədimlərə aid olub, hələ əsatiri mahiyyət daşımayan, istərsə də, sonralar xalqın şüurunda əsatiri mahiyyət alıb onun gündəlik həyatı müşayiət edən ənənəvi mövsüm mərasimlərinin və bu mərasimlərdə xalq tərəfində icra olunan mahnıların tədqiqi göstərir ki, bu mahnılar öz poetik məzmununa və melodik quruluşuna görə xalq yaradıcılığının ən qədim növüdür və sonrakı daha inkişaf etmiş musiqi forma və janrları musiqi üslubu cəhətindən öz başlanğıcını buradan götürmüşdür. Qədim mövsüm mərasimlərində oxunan mahnıların poetik mətnlərindən məlum olur ki, bu mahnılar kütləvi şəkildə ifa olunmuş və onların musiqi məzmununu çox təkrar olunan qısa melodiyalar təşkil etmişdir. Bu nəğmələrin mətni üçün isə sadə bəhrli bayatı forması səciyyəvi olmuşdur.
Azərbaycan xalq mahnı yaradıcılığının müəyyən bir hissəsini də matəm mərasimlərində ifa olunan nümunələr təşkil edir. Belə nümunələrə yas mərasimlərində çağırılan ağılar, bayatılar, oxşama və s. ədəbi-musiqi formaları daxildi.
III. Məişət mahnıları Azərbaycan xalq mahnı yaradıcılığının böyük bir hissəsini təşkil edir. Bu mahnılar mətninə, məzmununa, bədii formasına, ifadə etdiyi hisslərə və surətlərinə görə çox müxtəlifdir. Məişət mahnıları 4 növə bölünür; 1. Uşaq mahnıları; 2. Lirik mahnılar; 3. Yumorlu mahnılar; 4. Satiralı mahnılar.
R.İsmayılzadə Azərbaycan məişət mahnılarının rus bəstəkarlarının da diqqətini cəlb etdiyini diqqətə çatdırır. Məşhur rus bəstəkarı M.M.İppolitov-İvanov hələ 1930-cu ildə simfonik orkestr üçün yazdığı “Türk fraqmentləri” əsərində ninni melodiyasından, bir mövzu kimi istifadə etmişdir ki, bunun da əsasını loq-deyişmə şəklində ifa olunan mahnılar təşkil edir. Musiqi folklorunun bu gözəl inciləri-dialoq mahnılar müxtəlif məzmunlu olduğu kimi, müxtəlif surətlər tərəfindən də ifa olunur. Burada, adətən, sevgi və öyüd-nəsihət məzmunlu mahnılara rast gəlirik ki, onlar ana ilə qız, ata ilə, qız, nişanlı oğlanla qız arasında ifa olunur. Yüngül yumor, səmimiyyət, zərif lirika bu mahnılar üçün səciyyəvidir. (“Getmə bulaq başına”, “Dəsmal”, “Qızım” və s.).
Azərbaycan milli ideyası ilə bağlı olanı daha çox tarixi mahnılardır. Tarixi mahnılar içərisində qəhrəmanlıq mahnıları əsas yer tutur. Bu cəhətdən də R.İsmayılzadənin fikirləri maraq doğurur: “IV. Tarixi mahnılar. Azərbaycan xalq mahnı irsinin bir hissəsini hələ qədim dövrlərdən yaranmağa başlamış tarixi mahnılar təşkil edir. Bunlar xalqın həyatında baş vermiş hər hansı tarixi hadisəyə və ya ölkənin ictimai-siyasi həyatında görkəmli rol oynamış xalq qəhrəmanlarına həsr edilmiş mahnılardır. Bu mahnılarda başlıca olaraq xalqın xarakteri, vətən məhəbbəti, qəsbkarlara qarşı amansızlıq, müstəqillik, səmimilik kimi xüsusiyyətləri əks olunmuşdur.
Qəhrəmanlıq mahnıları da öz poetik və musiqi məzmununa, ifa üslubuna görə iki qrupa bölünür: birincisi, şifahi xalq poeziyasında, aşıq musiqisində öz gözəl əksini tapmış xalq qəhrəmanı Koroğlu və onun “dəlilərinə” həsr olunmuş aşıq mahnıları, ikincisi isə X1X əsrin ikinci yarısında yerli feodalların, bəy və xanların ağır zülmünə qarşı Azərbaycanda başlamış olan kəndli hərəkatına, onun başçılarına, xalq intiqamçıları qaçaqlara həsr olunmuş mahnılardır.
Koroğlu haqqında tam bir silsilə təşkil edən qəhrəmanlıq mahnılarında onun özü ilə bərabər sevgilisi Nigarın, mübariz yoldaşları dəlilərin məişəti və mübarizəsi, Qıratın vəfa və sədaqəti əks olunur. “Koroğlunun təlimi” mahnısında Koroğlunun öz elindən-obasından, Nigardan və dəlilərindən ayrı düşməsi lirik musiqi dili ilə tərənnüm edilir. Mahnıda Koroğlu göydə uçan durnalara müraciət edərək onlardan el-obası, Nigar və dəliləri haqqında soraq istəyir. “Koroğlunun atlandırılması” mahnısında Koroğlu Qıratı tərifləyib, vuruş meydanında özünə möhkəm arxa olmasından bəhs edir.
“Koroğlu əfşarısı” mahnısında isə Koroğlu dəlilərə müraciət edərək, onları düşmənlə mübarizəyə çağırır. Aşıqlar tərəfindən əsrlərdən bəri ifa olunaraq şifahi halda nəsildən-nəslə keçən qəhrəmanlıq mahnıları silsiləsinə “Qaytarma Koroğlu”, “Cəngi Koroğlu”, “Koroğlunun zil qaytağısı”, “Döşəmə Koroğlu”, “Atlı Koroğlu”, “Piyada Koroğlu”, “Koroğlunun cəngisi”, “Koroğlunun sürütməsi”, “Koroğlunun Çənlibeli” və s. kimi aşıq mahnıları daxildir. Bütün bu mahnılarda Koroğlu cəsur döyüşçü, bacarıqlı sərkərdə, gözəl aşıq və nəğməkar kimi göstərilir.
Qaçaq Nəbi, Qaçaq Kərəm, Qandal Nağı, Bozalqanlı Tanrıverdi, Dəli Alı, Qaçaq Qorxmaz, Qaçaq İsmayıl və başqaları X?X əsr kəndli hərəkatının fədakar başçılarındandır. Xalq şifahi ədəbiyyatında, mahnı və musiqisində bu qəhrəmanlar haqqında bir çox dastan və mahnılar yaranmışdır. “Gedən gəlmədi” xalq mahnısında isə amansız xanlarla mübarizənin ağırlığı tərənnüm olunur.
Qaçaq Kərəm haqqında xanəndə və aşıqlar müxtəlif poetik və musiqi formalı başqa mahnılar da qoşmuşlar ki, bunlardan “Qaçaq Kərəm”, “Kərəmxan sərtib” müxəmməslərini misal göstərmək olar. Azərbaycan xalq mahnıları Azərbaycan bəstəkarlarının diqqətini cəlb etmişdir”.
Dahi bəstəkarımız Üzeyir Hacıbəyov 1945-ci ildə “Azərbaycan xalq musiqisinin əsasları” adlı fundamental əsər yazmış, not yazısı S.Rüstəmov, F.Əmirov, T.Quliyev və Bülbülün tərtib etdiyi ikicildlik “Azərbaycan xalq mahnıları” 1954 və 1956-cı illərdə nəşr olunmuş 1960-cı ildə M.İsmayılov “Azərbaycan xalq musiqisinin janrları” əsərini, 1960-cı ildə isə D.Məmmədbəyovun tərtib etdiyi “Azərbaycan xalq lirik mahnıları”, Z.Ələkbərov 1966-cı ildə “İgidliyə çağıran musiqi” əsərini, Ə.İsazadə, N.Məmmədov, 1975-ci ildə “Xalq mahnıları və oyun havaları” nəşr olunmuşdur.
Azərbaycan bəstəkarları Fikrət Əmirov “Musiqi aləmində” kitabında mahnının milli və ümumbəşəri ideyalar təlqin etməsinə toxunaraq yazırdı: “Xalqın ən çox sevdiyi, oxuduğu, həmişə eşitməyə ehtiyac duyduğu kütləvi musiqi janrlarından biri və bəlkə də birincisi mahnıdır. Mahnı adi məişət məsələlərindən tutmuş, ta yüksək humanist, beynəlmiləl, fikirlərə qədər çox geniş bir sahəni, əhatə edə bilən ən demokratik, ən operativ janrdır. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının bütün milli-mənəvi dəyərləri kimi azərbaycançılığın təcəssümü olan xalq mahnılarının qorunub saxlanması və gələcək nəsilləri keçməsinin qayğısına qalmasıdır. Bu ənənə Ulu Öndərin layiqli siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, eləcə də, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.
Vahid Ömərov,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Azad Azərbaycan.2013.- 18 oktyabr.- S.5.