AMEA-nın
Naxçıvan Bölməsində yeni kitabxana
AMEA Naxçıvan Bölməsinin
elektron kitabxanasının
açılışı olub. AMEA-dan verilən
məlumata görə,
açılış mərasimində
çıxış edən
bölmənin sədri,
akademik İsmayıl Hacıyev bu gün Muxtar Respublikada elmin inkişafına hərtərəfli
qayğı göstərildiyini,
AMEA Naxçıvan Bölməsinə
də bu qayğıdan pay düşdüyünü,
bölmənin maddi-texniki
bazasının gücləndirildiyini,
əməkdaşların fəaliyyəti
üçün lazımi
şəraitin yaradıldığını
bildirib.
Açılış mərasimində iştirak
edən Naxçıvan
Muxtar Respublikası
Ali Məclisinin sədri
Vasif Talıbov 1972-ci ildən fəaliyyət göstərən bölmənin
kitabxanasının elektron
kitabxana statusu alması münasibətilə
əməkdaşları təbrik
edib. O, elektron kitabxanalarda
müasir texniki avadanlığın quraşdırılması
ilə yanaşı, onlardan səmərəli istifadənin vacibliyinə
də nəzəri cəlb edib.
Muxtar Respublikanın rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov
bildirib ki, elektron kitabxananın yaradılması məqsədi
ilə 12 terabayt yaddaşı olan əsas və ehtiyat server quraşdırılıb,
elektron oxu zalı üçün 6
oxucu yeri yaradılıb. Kitabxana lazımi avadanlıqla
təmin edilib, surətköçürmə aparatı,
printer, elektron daşıyıcılarda
olan məlumatların
vizual və səsli izlənməsi üçün televizor və mobil elektron
lövhə qoyulub.
Surətköçürmə aparatı kitabların elektron versiyalarının
yaradılmasına və
köhnə kitabların
bərpasına imkan verir. Hazırda kitabxananın fondunda
33 minə yaxın kitab var. Kitabxanaya fiber-optik kabel çəkilib,
daxili şəbəkə
yaradılıb və
internet səhifəsi hazırlanıb.
Elektron kitabxananın resursları
oxuculara lokal şəbəkə və
internet vasitəsilə təqdim
olunur.
Bu da fondun
mühafizəsinə, oxucuların
zamandan və məkandan asılı olmayaraq, istənilən vaxt kitabxananın xidmətlərindən səmərəli
istifadə etmələrinə
şərait yaradır.
Kitabxananın
www.e-kitab.ameanb.nmr.az İnternet saytı dünyadakı istənilən elektron kitabxana ilə informasiya mübadiləsi aparmağa imkan verəcək. İlkin mərhələdə kitabxanada 788 kitabın elektron kataloqu, 246 kitabın isə tam mətnli elektron versiyası hazırlanıb.
Saytın "Kitabxana",
"Elektron kataloq",
"Bizimlə əlaqə"
bölmələrində kitabxana
ilə operativ əlaqə saxlamaq, elektron axtarış xidmətlərindən istifadə
etmək, dövri mətbuatla tanış olmaq imkanı var. İnternet saytında kitablar haqqında biblioqrafik məlumat və kitabların elektron variantları,
"Media" bölməsində isə audiokitablar və videofayllar yerləşdirilmişdir. "Elektron kitablar" bölməsində hər
bir elm sahəsi üzrə ədəbiyyatlarla
təchiz olunan ayrıca keçidlər
var.
Bu da oxuculara kitabları həm əlifba sırası üzrə, həm də müxtəlif elm sahəsi üzrə axtarmaq imkanı verir. "Faydalı linklər" bölməsində
isə digər kitabxanaların internet saytlarından
istifadə etmək mümkündür.
Seyidzadə Hacı Tofiq
Azad Azərbaycan.- 2013.- 8 sentyabr.- S.7.