Fransada azərbaycanlı
rəssamın sərgisi açılıb
Fransanın Dovil şəhərində gənc azərbaycanlı rəssam Məryəm Ələkbərlinin “Rənglərin ruhu” adlı fərdi sərgisi açılıb. Şəhərdə keçirilən 39-cu “Amerika filmləri” festivalı çərçivəsində nümayiş etdirilən sərgiyə böyük maraq göstərilib. Qeyd edək ki, Fransanın Dovil şəhərində yerləşən “Royal Barier” və “Normandy barier” mehmanxanalarında açılan gənc rəssamımız Məryəm Ələkbərlinin fərdi sərgisi geniş tamaşaçı auditoriyasına təqribən 10 gün müddətində təqdim olunacaq. Bu müddət ərzində bundan əvvəl Roma, Moskva və İstanbulda olduğu kimi dovillilər və şəhərin qonaqları Məryəmin virtuoz istedadının bəhrəsi olan, xüsusi ilə də ölkəmizin və onun füsunkar gözəlliklərinin tərənnüm edildiyi əsərləri ilə tanış olmaq imkanı qazanacaqlar. Sərginin açılış mərasimin keçirildiyi Royal Barier mehmanxanasında geniş bir qələbəlik var idi. Xalq rəssamı, Fransa İncəsənət, İspaniyanın Kral, Rusiyanın İncəsənət Akademiyalarının üzvü Tahir Salahov bildirib ki, Məryəmin əsərləri ilə çoxdan tanışdır. Onun əsərlərində dünyaya özünəməxsus baxışının olması açıq-aydın müşahidə olunur. Gənc rəssamın əsərləri dünya festivallarında həmişə uğurlar qazanıb və inanırıq ki, bu nailiyyətlər gələcəkdə də davam edəcək. Qeyd edək ki, tədbirdə məhşur fransız aktyorları Vənsen Landon, Sandrin Bonner, həmçinin Dovil şəhərinin meri Filip Ojie də iştirk ediblər.
Fransanın məhşur kino aktrisası Juliett Binoşun da dəstəklədiyi Məryəm Ələkbərlinin Dovildə keçirilən fərdi sərgisi sentyabrın 8-nə kimi davam edəcək. Qeyd edək ki, Fransanın tanınmış “Magazin de Beauxart” jurnalında Məryəmin yaradıcılığı və Dovildəki sərgisi haqqında geniş məqalə dərc edib. “France 3” telekanalı Məryəm haqqında reportaj hazırlayıb. Mərasimdə Azərbaycan Respublikasının Fransadakı fövqəladə və səlahiyyətli səfir Elçin Əmirbəyov iştirak edib.
Hacı Tofiq
Azad Azərbaycan.-
2013.- 10 sentyabr.- S.7.