Azərbaycan maarifçiliyində azərbaycançılıq ideyası  

 

XIX  əsrin II dövrü  Azərbaycan xalqının həyatında mühüm  rol oynayan bir dövr oldu. M.F.Axundzadə və H.B.Zərdabi ilə yanaşı, bu dövrdə Ş.C.Əfqani, N.B.Vəzirov, Ə.Heydəri, Ə.Gorani, S.Ə.Şirvani də azərbaycançılıq milli ideologiyasını inkişaf etdirdilər.

Akademik Feyzulla Qasımzadə XIX əsri “Azərbaycan xalqının iqtisadi və mədəni inkişafı tarixində ziddiyyətli bir dövr kimi” qiymətləndirərək yazmışdır: Bu dövrdə bir tərəfdən məfkurə və mədəniyyət sahələrində köhnə feodal qalıqları hökm sürür, o biri tərəfdən qabaqcıl rusAvropa mədəniyyəti, demokratik fikirlər, azadlıq ideyaları yayılmağa başlayır. Azərbaycan Rusiya tərkibinə daxil olduqdan sonra yeni şəraitlə əlaqədar olaraq elm və mədəniyyətdə, ictimai və fəlsəfi fikirdə, ədəbiyyatda müasirlik meyilləri getdikcə daha da güclənir, həyatla bağlılıq, xalqla əlaqə telləri artmağa başlayır. Bədii ədəbiyyatda, elmin müxtəlif sahələrində yeni xarakterli əsərlər meydana çıxır... Azərbaycan ədəbiyyatında yeni realist demokratik xətt yaranır və inkişaf etməyə başlayır”.

Realizmin qanunauyğun, əsas yaradıcılıq metodu və ədəbi cərəyan kimi meydana gəlməsi obyektiv şəraitlə əlaqələndirilir. Realizmin bədii surətlər vasitəsilə  həyatın həqiqi tarixi məzmununu, mahiyyət və mənasını açdığını, həyatı doğru, düzgüntipikliyi ilə əks etdirdiyini, onun dərin iqtisadi, ictimai və fəlsəfi ideya əsaslarına malik olmasını qeyd edirlər.

Azərbaycanda meydana gələn yeni kapitalist münasibətləri ənənəvi köhnəlmiş həyat tərzi, sosial-mədəni adət-ənənələr sistemi, ehkamçı təfəkkürü, bədii yaradıcılıqdakı hökm sürən prinsipləri dəyişdirdi.

Yeni dövr mədəniyyətin bütün sahələrini, o cümlədən, ədəbiyyatı və incəsənəti, bədii fikri həyata yaxınlaşdırır və tələb edir ki, cəmiyyətdə hökm sürən geriliknöqsanlara qarşı mübarizəni gücləndirsin, millətin maariflənməsində vaxtında iştirak etsin. “Bu isə öz növbəsində, bədii təfəkkürün özünü yeniləşdirmək, ədəbiyyatın həyatı dərk etmək imkanlarını genişləndirməklə bilavasitə, əlaqəli idi. Sosial-siyasi, tarixi-mədəni şərait bədii təfəkkürü yeniləşdirməyi, hər şeydən əvvəl, yeni tarixi şəraitin tələblərinə cavab verə bilməyən ənənəvi ədəbi-estetik prinsipləri yeniləri ilə əvəz etməyi, yeni yaradıcılıq metoduna, yeni ədəbi janrları keçməyi və s. nəinki zəruri edir, eyni zamanda, buna şərait də yaradırdı. İctimai inkişafın keçid mərhələsilə əlaqədar olan bu yeniləşmə mürəkkəb və uzun müddət davam edən proses olmuşdur. Cəmiyyətin keçid mərhələsini səciyyələndirən dəyişikliklər və  kəskin sosial-siyasi ziddiyyətlər özünəməxsus bədii təfəkkür tipi meydana gətirdi.

Faiq Ələkbərov XIX  əsrdə azərbaycançılıq ideyası və milli dövlətçiliyin qarşılıqlı münasibətlərindən bəhs edərkən ikinci amilin Azərbaycan xalqının milli şüurunda zəiflədiyini göstərir: “Azərbaycanın şimalı zorla Rusiyaya birləşdirildikdən sonra, imperiya ideoloqları xalqın şüurunda yaşanan milli dövlətçilik ənənəsini aradan qaldırmaq üçün əllərindən gələni etmişdilər. Bunun nəticəsi idi ki, Şimali Azərbaycan xalqı, zaman keçdikcə, həmin dövlətlərin onlara, yaxud başqalarına aid olduğunu müəyyənləşdirə bilmirdilər. Onlar üçün yaxın tarixdə yalnız Azərbaycan xanlıqları mövcud olmuşdur ki, həmin xanlıqlar da dövlətçilik ənənələri baxımından zəif nöqtə idi. Əgər bu xanlıqların birləşməsi mümkün olsaydı, onda Azərbaycanda qədim və orta əsrlərdə mövcud olan dövlətçilik ənənələri yeni nəslə daha tez ötürülə bilərdi. Lakin bu, baş vermədiyi üçün XIX  əsrdə Azərbaycanın şimalında, demək olar ki, milli dövlətçiliyə bağlılıq ənənəsi aradan qalxmaq üzrə idi. Hətta o yerə gəlib çatmışdı ki, XIX əsrdə yaşamış bəzi mütəfəkkirlərimiz (M.F.Axundzadə, S.Ə.Şirvanib.) Şimali Azərbaycanın Rusiyanın  işğalına qədər  Osmanlı Türkiyəsinin və  İran şahlarının əsarəti altında olduğunu yazırdılar.”

Bu baxımdan, XIX  əsrin II yarısında M.F.Axundzadə, Ş.C.Əfqani, H.Zərdabi və b. indi bizim üçün milli ideyalar hesab olunan bu işləri həyata keçirərkən, ola bilsin ki, onlar heçmilli Azərbaycan dövləti qurmaq  iddiasında olmamışdılar və bunu, bəlkə də heç xəyallarına belə gətirməmişlər. Hətta M.F.Axundzadə, Ş.C.Əfqani və b.  bu işləri görərəkən,  Azərbaycanın deyil,  ancaq İranı düşünmüş, İranın xoşbəxtliyindən və azadlığından bəhs etmişlər. Lakin  zaman  elə  gətirdi  ki,   konkret  M.F.Axundzadə və Ş.C.Əfqaninin timsalında onların ideyaları İrana-farslara deyil, Azərbaycana-türklərə xidmət etmiş oldu.

Hər halda, Azərbaycanda köhnə ictimai münasibətlərə qarşı mübarizə aparmaqyeni ictimai münasibətlər qurmaq, yəni çağdaş dövrün tələblərinə uyğun cəmiyyət, dövlət yaratmaq asan olmamışdır. Bütün bunları doğru əks etdirmək üçün, fikrimizcə, XIX  əsrin ictimai-siyasi və fəlsəfi mühitinə, həmin dövrdə yazıb-yaratmış ziyalılarımızın yaradıcılığına obyektiv qiymət verilməlidir. Belə ki, hələ də həmin dövrün mənzərəsi və bu dövrdə yaşayıb-yaratmış ziyalılarımızla bağlı ziddiyyətli fikirlərə və ideyalara rast gəlirik. Ən çox təəssüf doğuran hal odur ki, SSRİ dövründə möhr vurulmuşideyalar”, “mülahizələr” və s. bir qədər kosmetik dəyişikliklərlə hələ də öz statusunu qoruyub saxlayır. Məsələn, sovet dövründə Azərbaycanda inqilabi-demokratiyanın banisi, materializmin görkəmli filosofu sayılan M.F.Axundzadə bu gün “milli-demokrtatiya”nın banisi, eləcə də, milli ideyaların banisiideoloqu hesab olunur.

XIX  əsrin II yarısında S.Ə.Şirvani, N.Vəzirov, Ə.Heydəri,  Ə.Goranib.  da Bakıxanov, Axundzadə, Zərdabi və başqaları tərəfindən bünövrəsi qoyulmuş milli məsələləri inkişaf etdirməklə, milli ideologiyanın təşəkkülünün ilk mərhələsində müəyyən yer tutmuşlar. Əgər S.Əzimdə, əsasən, Zərdabinin təsiri duyulursa, N.Vəzirov daha çox Axundzadənin   ideyalarını   davam  etdirməyə  çalışmışdır.

N.Vəzirovda milli məsələ ilk olaraq özünü köhnəpərəstliyə, mühafizəkarlığa, bir sözlə, sxolastik dünyagörüşünə etirazda öz əksini tapmışdır. Buna səbəb isə, Moskva institutlarının birində təhsil alan N.Vəzirovun, yeni mühitdə gözü açıldıqdan sonra, rusbaşqa millətlərlə müqayisədə soydaşlarının avamlığı və millət təəssübkeşliyindən uzaqlığı ilə tanışlığı olmuşdur. Məhz düşdüyü yeni şəraitin təsiri altında Vəzirov “Əkinçi”də yazdığı məqalələrində başqa millətlərlə müqayisədə xalqının geriliyinə səbəb kimi köhnəpərəstliyi, xurafatçı adət-ənənələri göstərmişdir. N.Vəzirov Qafqaz müsəlmanları arasında mövcud olan köhnəpərəstliyin aradan qalxması ilə millətin nicat tapacağına inanırdı.

O, hesab edirdi ki, ifrat mühafizəkarlıqla millət inkişaf edə bilməz və köhnə adət-ənənələrdən imtina edib elm öyrənməyin vaxtıdır: “F.Ələkbərovun  qeyd etdiyi kimi, XIX  əsrin II yarısında milli  özünüdərk yolunu  davam  etdirən ziyalılarımızından Seyid Əzim Şirvaninin mənəvi dəyərlərə bağlılığında və Qərb mədəniyyətinə meyil etməsində M.F.Axundzadənin “Təmsilat”ı, H.Zərdabı və onun “Əkinçi” qəzetinin rolu olmuşdur. S.Ə.Şirvanidə “türk” anlayışı, Zərdabidə olduğu kimi, daha çoxtürk dili” məfhumunda öz əksini tapmışdır. Yəni S.Ə.Şirvani “müsəlman”, “islam milləti”, “əhli-islam”, “əhli-Qafqaz” anlayışlarından isə Qafqazda yaşayan türk müllətinə müvafiq olaraq istifadə etmişdir.

S.Ə.Şirvaninin yaradıcılığında mill-məsələyə münasibət iki halda: 1) Qafqaz müsəlmanlarının-türklərinin savadsızlığı, avamlığı, başqa millətlərlə müqayisədə geridə qalmasına münasibətdə; 2) Bütün bunlardan çıxış yolu tapıb, millətinin tərəqqisinə nail olmaq üçün dünyəvi elmlər öyrənməkdə, məktəblər açmaqdas. özünü büruzə verir.

Tədqiqatçıların  gəldikləri  qənaətinə görə,  təzadlı XIX  əsrdə Azərbaycan tarixində yeni dövrə başlanır. Bu, hər şeydən əvvəl, Azərbaycanın ikiyə parçalanması və nəticədə, xalqımızın iki müxtəlif yadelli dövlətin tabeçiliyində bir-birindən fərqli ictimai-mədəni mühitdə yaşamağa məhkum olması ilə bağlıdır. Bu haqda çox yazılıb. Lakin bu günümüzün tələbindən irəli gələrək, bu istiqamətdə yeni əsasda elmi tədqiqatların aparılmasına həmişəkindən daha çox ehtiyac vardır. Bizə kimliyimizi olduğu kimi dərk etmək olduqca vacibdir, ələlxüsus, böyüyən nəsil üçün. İndiki qloballaşma şəraitində milli mənliyimizin qoruyub inkişaf etdirmək. Düşünən zəkalar yetişdirmək sosial-mənəvi sahədə qarşıda duran ən əsas vəzifələrdəndir. Bu baxımdan, soykökümüzə, keşməkeşli milli tariximizə və ən başlıcası, XIX əsrin ikinci yarısı -XX əsrin əvvəllərinin nəzəri bəhrəsi olan Azərbaycan ideallığı ilə bağlı mövzuya dərindən bələd olmağın müstəsna əhamiyyəti vardır.

XIX əsrin ikinci yarısında  milli   ideologiyanın   əsas  prinsiplərinə  çevrilən ideyaları, sözün həqiqi mənasında, millətin gündəliyinə gətirən M.K.Axundzadə, H.B.Zərdabi və Ş.C.Əfqanidir. Onların milli əməlləri sayəsində milli özünüdərk prosesi milli ideyaların yaranmasına səbəb oldu. Başqa sözlə, Qafqaz Azərbaycanında   milli   ideologiyanın   təzahürlərinin   meydana çıxmasında və Qərb mədəniyyətinin bu bölgədə yayılmasında onların böyük rolu oldu. Bu ziyalılar həm nəzəri ideyaları, həm də novatorluqları ilə milli ideologiyanın təşəkkül prosesinə təkan vermiş və Qərb mədəniyyətinin müsbət cəhətlərini vaxtında görərək müsəlmanlar, o cümlədən, Azərbaycan türkləri arasında yaymışlar. Son dövrlərdə aparılan elmi araşdırmalarda da A.A.Bakıxanov, Mirzə Kazım bəy, M.F.Axundzadə, H.Zərdabi və C.Əfqaninin adının milli ideologiyanın, milli azadlıq, milli oyanış hərəkatının təşəkkülünün baniləri kimi çəkilməsi, bu fikrimizi bir daha təsdiq edir. XIX  əsrin II yarısı maarifçilik fəlsəfəsində azərbaycançılıq ideyası məsələsinə toxunan Ənvər Əhmədov  və Nizaməddin Şəmsizadə göstərirlər ki, Azərbaycanın tarixi taleyində sonrakı əsrlərdə baş verən parçalanmalar istər-istəməz vahid milli cəmiyyətin təşəkkülünə imkan vermədi və bu proses özlüyündə milli ideologiyanın formalaşmasını XX əsrə qədər ləngitdi. Azərbaycanın Rusiya tərəfindən işğalından sonra ideologiyamızın təşəkkülündə yeni bir proses - Şərq və Qərb dəyərlərinin sintezi başlanır. Bunu maarifçi ideologiya adlandırmaq olar. Mifdən, zərdüştizm işraqilikdən gələn işıq (nur), hürufizmdə ürfankamal vəhdətindən gələn zəka və intibahın bayrağına iri hərflərlə yazılmış insan maarifçi ideologiya konsepsiyasında vəhdət təşkil edir.

...Orta əsr ideoloji sistemlərindən fərqli olaraq Azərbaycan maarifçi ideologiyası insan və cəmiyyət problemini ön plana çəkir. özündə Şərq-Qərb dəyərlərini uğurla sintez etmiş Azərbaycan maarifçilərini müəyyən bir sinfin ideoloqları kimi  qələmə vermək cəhdləri əbəsdir.

Tarixi təcrübədən bəllidir ki, hər bir xalqın azadlıq istəyi, tərəqiyyə meyili onun özünü dərk etməsi prosesində qərarlaşır və müəyən ideyalar əsasında aydın yönüm kəsb edə bilir. Məhz bu prosesin zəruri ifadəsi kimi yaranan milli idealbunun gerçəkləşməsinə xidmət edən ideyalar getdikcə milli hərəkatı şüurlu cəhətdən istiqamətləndirməyə mühüm təkan vermişlər. Doğrudur, XIX  əsrin yarısından Azərbaycanda başlanan, demokratik maarifçilik hərəkatı  milli azadlıq hərəkatı səviyyəsinədək yüksələ bilməmişdi. Lakin bu mədəni-maarifçilik hərəkatı XX əsrin əvəllərində milli istiqlalçılıq mübarizəsinin formalaşmasında böyük rolu olmuşdur.

Tədqiqatçı Sona xanım Vəliyeva azərbaycançılığın XIX  əsrdə formalaşdığını göstərərək yazır, zəngin doktrina kimi azərbaycançılıqdan bəhs ediriksə, onun ilk yaranış və formalaşma dövrü XIX əsrin son illərinə və XX əsrin əvvəllərinə təsadüf edir. Bu dövr Azərbaycan xalqının milli varlığını dərindən dərk etdiyibir daha təsdiqlədiyi dövrdür.

Müşahidələr göstərir ki, milli ideyanın kütləviləşməsi, çoxsaylı insanların əqlinə hakim kəsilməsi üçün Azərbaycan milli elitasının geniş və məqsədyönlü hərəkatını məhz XIX əsrin sonlarında Azərbaycan maarifçiləri başlamışlar. Kapitalist münasibətlərinin Azərbaycanda həmin dövrdə yaranıb inkişaf etməsi və Bakının Qafqazda ən iri  iqtisadi mərkəzə çevrilməsi, bütövlükdə, iqtisadiyyata təsir göstərmiş və milli burjuaziyanın meydana gəlməsinə səbəb olmuşdur. Bu isə, son nəticədə, milli şüurun yüksəlməsinə, milli oyanışa təkan vermişdir.

 

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 Azad Azərbaycan.- 2013.- 20 sentyabr.- S.5.