Aida Mahmudovanın sərgisi açılıb
“Kiçik
QalArt” sərgi salonunda istedadlı rəssam Aida Mahmudovanın
“Daxili sakitlik” adlı fərdi sərgisi açılıb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sərginin açılış mərasimində iştirak edib.
“Daxili Sakitlik” sərgisi insan yaddaşı və həsrətin təbiəti haqqında düşüncələrdir. Gənc rəssam öz yaradıcılığında hansısa müəyyən məkana bağlılıqdan daha çox həmin məkanla əlaqəli xatirələri qabardan Vətən həsrəti mövzusunu araşdırır. Əsərlərin müəllifi yaddaşla itirilmiş zəmanənin qəlpələri arasında incə rabitəni aşkar edir. Onun əsərlərində təsvir olunan tarix həyat anlarından, bir-biri ilə əlaqəli olmayan, yalnız fərdi emosional iztirablar və fövqəladə qavrama vasitəsilə duyulan fraqmentlərdən ibarətdir. Rəssamın baxışlarına əsasən həyatın nəhəng şəkilində fərdə məxsus olan ünsürlər sezilir, onun ərsəyə gətirdiyi əsərlər yaddaşın təkamül yolunu izləyir, xatirələrin canlandırılmasının tayı-bərabəri olmayan təcrübəni tamaşaçılara anladır.
Tanınmış ictimai-siyasi xadimlərin, incəsənət təmsilçilərinin iştirak etdikləri mərasimi açan Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov rəssam Aida Mahmudovanın yaradıcılıq axtarışlarını yüksək qiymətləndirib.
Bildirmişdir ki, bu sərgidə iştirak etmək olduqca xoşdur. Mən Aida Mahmudovanın yaradıcılığını ilk sərgilərindən izləməyə başlamışam. Bu gün təqdim etdiyi sərgi A.Mahmudovanın qısa müddətdə püxtələşməsindən, özünəməxsus yaradıcılıq axtarışlarından xəbər verir.
Aida Mahmudovanın əsl rəssam həyatı yaşadığını söyləyən F.Xəlilov onun yaratdıqlarının daxildən gəlməsini böyük sənət uğuru kimi dəyərləndirib. Bu, əsl sənətkarlara xas olan bir cəhətdir. Əgər sən daxildən gələn, ürəyinə yol tapan mövzuları fırçanın dili ilə tamaşaçıya çatdıra bilirsənsə, onda sənin yaradıcılığın əbədiyaşardır, ölməzdir.
F.Xəlilov Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın yaradıcı gənclərə, o cümlədən rəssamlara göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb.
Azərbaycan Rəssamlar İttifaqının sədri istedadlı rəssam Aida Mahmudovaya yeni yaradıcılıq uğurları arzulayıb.
Sərginin adının insanda xoş duyğular yaratdığını söyləyən Xalq Rəssamı Fuad Salayev deyib ki, bu sərgi insana daxili bir sakitlik gətirir. Bunun özündə də bir harmoniya vardır. Sərgi və burada nümayiş olunan rəsmlər bir daha göstərir ki, hər şey vəhdətdədir, bir-birini tamamlayır.
Fuad Salayev bildirmişdir ki, burada nümayiş olunan Bakının və Abşeronun köhnə vaxtları gənc rəssamın müasir sənət baxışları ilə elə yüksək səviyyədə təqdim edilir ki, insan bundan zövq almaya bilmir. Çox şadam ki, bu qalereyada, köhnə Bakıda gözəl bir sərgi ilə tanış oldum.
Gənc rəssama uğurlar arzulayan F.Salayev deyib ki, o, bundan sonra da sənətsevərləri yeni əsərləri ilə sevindirəcək.
Rəssam Aida Mahmudova çıxış edərək tədbirə gələn qonaqlara, ona bu işdə yardımçı olanlara minnətdarlığını bildirib.
Sonra qonaqlar “Daxili sakitlik” adlı sərgi ilə tanış olublar.
Gənc rəssamın işlərində əsas yer solğun çalarlara məxsusdur. Onun ərsəyə gətirdiyi əsərlərdə köhnə Bakıda və Abşeron yarımadasında yerləşən real və təsəvvür edilən yerlər sanki xəfif pərdəyə bürünüb. Vahid kompozisiya məhz keçmiş həyatın unudulmuş anları hesabına formalaşır.
İstedadlı fırça ustası yaratdığı əsərlər vasitəsilə qeybə çəkilən xatirələri həyata qaytarmağa çalışır. Onun vizual düşüncələri bizi fəza və zaman cəngəlliklərinə qərq edir. Belə bədii retrospeksiyalar Aida Mahmudovanın doğma diyarı olan Azərbaycana xasdır, lakin onun xaricdə yaşadığı təcrübə sayəsində bu üslub yeni formada səslənir.
Yüksək texnologiyaların inkişafı və ümumbəşəri urbanizasiya, habelə kütləvi qloballaşma və miqrasiya dövründə fəaliyyət göstərən rəssam bizim nəzərimizə çatdırmaq istəyir ki, Vətən həsrəti anlayışı artıq xəritədə göstərilən ayrıca məkana və ya kontekstə şamil oluna bilməz, bu hiss qoxuların, səslərin və hissiyyatların, keçmişin qəlpələrini təmsil etdiyi cismani iztirabların bütöv mücəssəməsini təşkil etməkdədir.
Qonaqlar sərgidəki əsərlərlə böyük maraqla tanış olublar.
Sərgi oktyabrın 21-dək davam edəcək.
Seyidzadə Hacı Tofiq
Azad Azəırbaycan.- 2013.- 22 sentyabr.- S.7.