Milli Kitabxanada görüş

 

Bakıda Avropa Milli Kitabxanaları Konfransının (CENL) 27-ci illik görüşü keçirilir. Trend-in məlumatına görə, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov bildirib ki, bu konfransın məhz Bakıda keçirlməsi, eyni zamanda bunun Milli Kitabxananın 90 illik yubileyi ilə eyni vaxta təsadüf etməsi böyük hadisədir: "Bu gün Azərbaycan mədəniyyət tədbirlərinin keçirilməsində yüksək səviyyədə iştirak edir. Biz mədəniyyətin kitablar vasitəsilə təbliğinə böyük yer veririk. Azərbaycanda kitabla təbliğat işinin aparılmasına çox diqqətlə yanaşılır".

K.Tahirov bildirib ki, bugünki iclasda Avropanın Milli Kitabxanalarının rəhbərləri iştirak edirlər. İclasda bır sıra layihələr müzakirə ediləcək. Kitabxanaının baş direktoru hesab edir ki, bu tədbirdən sonra qarşılıqlı əməkdaşlıq istiqamətində çox böyük addımlar atılacaq.

K.Tahirov qeyd edib ki, Azərbaycan CENL-in tədbirlərində 2003-cü ildən fəal iştirak edir. Azərbaycan bundan sonra da CENL-in tədbirərinə ev sahibliyi etməyə hazırdır.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycanda mədəniyyət sahəsi üzrə keçirilən beynəxalq tədbirlər beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir. Nazir Azərbaycanın bır sıra mühüm tarixi məqamlarını da tədbir iştirakçılarının nəzərinə çatdırıb: "Siz elə bir ölkədəsiniz ki, Şərq dünyasında parlament ilk dəfə Azərbaycanda qurulub, operabalet ilk dəfə burada səhnələşdirilib. Siz elə bir ölkədəsiniz ki, qadınlara səs vermək hüququ bəzi Avopa ölkələrindən daha tez-1918-ci ildə verilib".

Nazir qeyd edib ki, iclasda milli kitabxanaların öz işlərini daha yaxşı qura bilmələri üçün məsələlər müzakir ediləcək və burada problemlərin həlli üçün təklif edilən yollar milli kitabxanaların işinə töhfə verəcək. Ə.Qarayevin fikrincə, bu tədbirdə veriləcək qərarlar milli kitabxanaların işinə təsirsiz ötüşməyəcək.

CENL-in prezidenti Bruno Rasineni bildirib ki, CENL ilə hər bir kitabxana arasında əməkdaşlıq haqqında sənəd imzalanmalıdır: "Demək olar ki, bütün kitabxanalar büdcə kəsiri problemi yaşayırlar. Çalışmalıyıq ki, maliyyə məsələlərini həll edək. Bununla bağlı müzakirələr aparılmalıdır".

 

Hacı Tofiq

Azad Azərbaycan.- 2013.- 25 sentyabr.- S.7.