“Heydər Əliyev adına” fotoalbomun təqdimatı olub
Sentyabrın 23-də Bakıda keçirilən III Beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Heydər Əliyev adına” fotoalbomu respublikamızın görkəmli elm və mədəniyyət xadimlərinə, ictimaiyyət nümayəndələrinə təqdim edilmişdir.
Gün.Az AzərTAc-a istinadən xəbər verir ki, təqdimat mərasimində Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı fotoalbomun Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunduğu diqqətə çatdırılmışdır.
Məlumat verilmişdir ki, “Renessans” Nəşrlər Evində çap olunmuş toplunun rəhbəri və “Ön söz”ün müəllifi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, məsləhətçisi nazirin birinci müavini Vaqif Əliyev, mətn müəllifləri isə Vaqif Bəhmənli və Ələddin Əsədzadədir.
“Heydər Əliyev adına” fotoalbomu ümummilli lider Heydər Əliyevin sevimli nəvəsi Leyla xanım Əliyevanın babasına həsr etdiyi şeirlə açılır. Həmçinin topluda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının yer alması da kitaba xüsusi əhəmiyyət verir.
Qeyd olunmuşdur ki, kitabda özül daşları ümummilli lider Heydər Əliyevin əli ilə düzülən, onun arzuları və istəkləri timsalında bəhər verən doğma ünvanlardan, Ulu Öndərin adını daşıyan küçə, yol, prospektlər, mədəniyyət ocaqları, limanlar, bağlar və parklar haqqında danışılır.
Tədbirdə çıxış edən nazir Əbülfəs Qarayev ensiklopedik təfəkkürlü, dərin erudisiyalı müdrik şəxsiyyət olan Heydər Əliyevin milli mənəvi və əxlaqi dəyərlərimizin ümumbəşəri ideyalarla zənginləşdirilməsində xüsusi xidmətlərindən danışmışdır. Qeyd etmişdir ki, Azərbaycan mədəniyyətinin yarım əsrdən artıq inkişaf yolu bilavasitə onun adı və şəxsiyyəti ilə bağlıdır. Nazir Ulu Öndərin xalqımızın qəhrəmanlıqlarla dolu tarixinə, zəngin mənəvi dəyərlərinə, maddi-mədəni irsinə və incəsənətinə həmişə qayğı ilə yanaşdığını diqqətə çatdırmışdır.
Qeyd edilmişdir ki, Ulu Öndərin əsasını qoyduğu mədəniyyət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Nazir demişdir ki, III Beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində silsilə tədbirlər keçiriləcəkdir. Bu tədbirlərin içərisində ən vacibi “Heydər Əliyev adına” fotoalbomun təqdimatıdır. Çünki Ulu Öndər elm və təhsil, ədəbiyyat nümayəndələrinə qayğı ilə yanaşırdı, kitablara xüsusi böyük əhəmiyyət verirdi.
Milli Məclis sədrinin müavini Bahar Muradova da çıxışında bütün həyatını və fəaliyyətini xalqımızın yüksəlişinə həsr etmiş unudulmaz insan, böyük azərbaycanlı, ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini xatırlatmışdır. Bildirmişdir ki, Ulu Öndərin Azərbaycana sevgisi Azərbaycan xalqının inkişafının əsas dayağıdır.
B.Muradova diqqətə çatdırmışdır ki, ümummilli lider ölkəmizi inkişaf etdirməyin yolunu mədəniyyətdə görürdü. Ədəbiyyata, incəsənətə, bütövlükdə mədəniyyətə sıx bağlılığı bu böyük şəxsiyyətin fitri istedadından, yaradıcı təbiətindən və milli irsə olan diqqətindən qaynaqlanırdı.
Tədbirdə filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə, Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycanın zəngin mədəniyyətinin dünyaya inteqrasiyasında və təbliğində müstəsna xidmətlərini xatırlatmışlar.
Çıxışlarda vurğulanmışdır ki, “Heydər Əliyev adına” fotoalbomu Ulu Öndərə xalqımızın sonsuz sevgisinin bariz nümunəsidir.
Təqdimat mərasimində, həmçinin Xalq Artisti Ağadadaş Ağayev və Əməkdar Artist Tünzalə Ağayeva Ulu Öndərin unudulmaz xatirəsinə həsr olunmuş mahnılar ifa etmişlər. Xalq artisti Məleykə Əsədovanın Ümummilli Lider haqqında söylədiyi şeir alqışlarla qarşılanmışdır.
Seyidzadə Hacı Tofiq
Azad Azərbaycan.- 2013.- 25 sentyabr.- S.7.