Azərbaycançılıq və ədəbi-bədii
irs
Ədəbi-bədii irs Azərbaycan söz sənəti korifeylərinin yaratdığı zəngin mənəvi xəzinədir. Mənəvi mədəniyyətimizin tərkib hissəsi olan ədəbi-bədii irsdə azərbaycançılıq ideyaları öz dərin təzahürünü tapmışdır. Varisliyə, irsə, o cümlədən, ədəbi-bədii irsə, özündə azərbaycançılığı əks etdirən bu dəyərli xəzinəyə Ulu Öndər Heydər Əliyevin münasibəti haqqında professor Qoşqar Əliyevin fikirləri maraq doğurur: “Ulu Öndərin dövlətçilik fəaliyyəti göstərir ki, “milli inkişaf və azərbaycançılıq siyasəti ilə bağlı mümkün potensial imkanları real gerçəklikdə yalnız əxlaqi və intellektual düşüncə gərginliyi sayəsində həyata keçirmək olar.
Ola bilsin, məhz belə halda o, fəlsəfi düşüncələrə dalır, bu dəyərin təfəkkür keyfiyyətinə çevrilməsini vacib sayır, soydaşlarına mənəviyyat deyilən sərvətə yiyələnməyi tövsiyə edir. Çünki fəlsəfi düşüncələrə dalmaq, fəlsəfi fikrin nəhəngləri ilə “məsləhətləşmək” insanın intellektinin hüdudlarını genişləndirməklə yanaşı, həm də onun cəmiyyətin təlatümlü hallarında milli varlığın sağ qalmaq missiyasını əxlaqi problem kimi dərk etmək qabiliyyətini inkişaf etdirir. Fəlsəfi düşüncələrə dalmağın bir danılmaz məntiqi də budur ki, fəlsəfi intellekt varislik kateqoriyasında düşünür, fikir və ideya varisliyindən qaynaqlanır”.
Hələ qədim dövrlərdə ədəbi-bədii irsin ilkin mifik təfəkkür və inancları ümumtürk, Şərq mədəniyyətinin tərkib hissəsini təşkil edirdi. Bu mənada, bəzi tədqiqatçılar azərbaycançılığı daha geniş hadisə - ümum Şərq hadisəsi kimi səciyyələndirirlər. Professor Nizaməddin Şəmsizadənin “Azərbaycançılıq əsərində belə bir fikir səslənir: “Mifik təfəkkür və inanclarımızda - erkən ideoloji sistemdə kodlaşan azad ruh sonrakı ictimai tarixi dövrlərdə də silinməz bir iz qoydu. Ona görə də azərbaycançılığın təşəkkülünü coğrafi bir məkan kimi yalnız bu ölkənin ərazisi ilə hüdudlaşdırmaq olmaz. O, Şərq dünyası, qədim türk təfəkkürü, farsdilli mədəni-tarixi region və heç şübhəsiz ki, ümummüsəlman elmi-nəzəri konteksti ilə bağlıdır. O zaman nəinki təfəkkürdə, Azərbaycanla Şərq və Turan arasında coğrafi sərhəd yox idi. Köçlər, müharibələr, yürüşlər və ticarət əlaqələri xalqları bir yerdən başqa yerə sürükləyir, milli özgürlüyün və dini ehkamların möhkəm olmaması üzündən tayfalar bir-biri ilə qaynayıb-qarışır, düşüncələr də məkandan-məkana köç edirdi. Çox-çox sonralar dahi alman filosofu Hegel ümumdünya tarixinin hərəkətindən bəhs edərək yazacaqdır: “Biz Şərqdən gəlirik; ümumdünya tarixi Asiyadan Avropaya hərəkət edib... Şərqin ilkin şərti və zəmini ailəyə əsaslanan millilikdir”.
Fikrimizcə, çox dəyərli qənaətdir, Şərq ən qədim zamanlardan üzü bəri Avropaya və bütün dünyaya klassik təfəkkür nümunələri verib, antik yunan elm və mədəniyyətini öz qoynunda bəsləyərək, müdrikcəsinə orta əsrlər Avropasına təqdim edib.
Azərbaycan ədəbi-bədii irsində türkdilli poeziyanın oynadığı rol haqqında dəyərli tədqiqatçı Sona xanım Vəliyevanın da qiymətli fikirləri var: “Həsənoğludan başlayaraq, əsası qoyulan türkdilli poeziya məhz Nəvai və Füzuli yaradıcılığı ilə kamala yetişir. Füzuli türk dilində yüksək, ali poetik yaradıcılığın, xüsusən, qəzəl və məsnəvi yaradıcılığının estetik kanonlarını işləyib-hazırlayır ki, bunu da azərbaycançılıqda əsil inqilab hesab etmək olardı. Belə ki, Füzuli yaradıcılığı ilə azərbaycançılığın əsaslarından biri və birincisi olan Azərbaycan dili öz inkişafında tamamilə yeni mərhələyə qədəm qoyur, bütün müsəlman mədəniyyəti arealında fars və ərəb dilləri ilə eyni sırada ümumişləklik statusu qazanırdı.
Sonralar Nəsimi və Şah İsmayıl Xətai bu böyük işi davam etdirmiş və divan ədəbiyyatı dilini canlı xalq dilinə yaxınlaşdırmışdılar. Qüdrətli fateh olmaqla yanaşı, həm də ana dilində səmimi şeirlər yaradan Şah İsmayılın hakimiyyəti illərində Azərbaycan dilinin rəsmi dövlət dili statusuna yüksəlməsi öz təməlini məhz Füzuli poetik ənənələrindən götürmüşdür.
Azərbaycanşünaslığın, azərbaycançılığın birinci və ən vacib ünsürü dildir. Hər şey dildən başlayır. Xalqın dilini onun çoxəsrlik həyatının güzgüsü, nəsillər arasında ötürücü əlaqə, yaddaş vasitəsi, xalqın tam və həqiqi tarixi adlandırmaq olar. Kitabın, məktəbin olmadığı əyyamlardan üzü bəri və bu gün də insanların keçmişi, bu günü, gələcəyi arasında körpü salaraq onları maarifləndirməkdə, milli özünüdərk hisslərini formalaşdırmaqda və onu sonrakı nəsillərə ötürməkdə milli dil ən mühüm vasitə hesab olunur. Dil xalqın mahiyyəti deməkdir. Əgər o yox olarsa, xalq da yer üzündən silinər. Xalqın əlindən alınan hər şeyi yenidən ona qaytarmaq mümkündür, yalnız onun dili əlindən alındıqda həmişəlik məhvə məhkum edilir. Odur ki, dilə təkcə ünsiyyət vasitəsi kimi yox, milli fikrin, təfəkkürün, dünyabaxışının, dünyagörüşün, milli davranışın fundamental nizamı və qaydası kimi yanaşmaq lazımdır.
Ədəbi-bədii irsin azərbaycançılıq ideyasının inkişafında oynadığı tarixi rol haqqında elmi ədəbiyyatda bir çox mülahizələr mövcuddur: “İlk dəfə bədii təfəkkürdə klassik ənənələrlə türk xalq poeziyası ənənələrinin sintezi başlanır. Bu isə ədəbiyyat və sənətdə millilik və bəşəriliyin vəhdətinə səbəb olur.
Xalq ədəbiyyatının, xüsusilə, aşıq poeziyasının bədii-tarixi baxımdan qüvvətlənməsi ideologiyada mifdən gələn başlanğıca, el ruhu və psixologiyasına dayanan milli müəyyənliyin yaranmasına səbəb oldu. Azərbaycanda orta əsrlərdə milli birliyin əsası, enerji mənbəyi olan məfkurə məhz poetik formalarda meydana çıxıb. Bu dövrdə elm də, ədəbiyyat da sinkretik xarakter daşıyırdı. Orta əsrlər Azərbaycan etnik mədəni sistemində poeziya birinci yerdə dayanıb, poetik təfəkkür dünyadərkində həlledici olub. Bu zaman ədəbiyyat elmləri - “ülumi-ədəbi” özündə on beşə qədər elmi birləşdirirdi.
Azərbaycan, türk ədəbi-bədii irsinin oynadığı qlobal roldan bəhs edən tədqiqatçılar planetar inteqrasiyada onun əhəmiyyətini xüsusi qeyd edirlər. Bu baxımdan AMEA-nın müxbir üzvü Yaşar Qarayevin fikirləri diqqəti cəlb edir: “Etno-mədəni özünümüəyyənləşdirmə”, ideologiyanın təşəkkülündə liberalizm, neokonservatizm və onların qarşılıqlı əlaqəsi problemi, hamısı, artıq, həm də daha bütöv zaman (orta və qədim əsrlər) və daha qlobal məkan (Asiya - Şərq hüdudları) və onların irsilik münasibətləri miqyasında da izlənməyə, elmi-nəzəri şəkildə təhlil edilməyə başlamışdır.
Akademik R.Mehdiyevin “Azərbaycanda siyasət: dünən, bu gün və sabah” adlanan məqaləsi də elə ona görə manifest xarakteri daşıyır ki, “azərbaycançılıq” ideologiyasından zaman və məkanın bu miqyaslarında bəhs edilir.
Bütün tarixləri boyu türklər, hətta hərbi-siyasi ixtilaflarda, türk dünya səltənəti uğrunda mücadilələrdə də yalnız kültürə güvənəndə qalib gəlmişlər. Sibirdə “maral kültürünü” yaradanda (hələ eradan əvvəlki Asiyada) qövmi-etnik dövlətçiliyin ilk türk coğrafiyasını da yaratmışlar. Səhra ilə bağlı mədəni dəyərlərə (“at kültürünə”) sahib olanda dünyaya (Avropaya!) da sahib olmuşlar.
Zaman “atdan düşəndə”, tarix irəliyə doğru gəmi və su yolu ilə hərəkət edəndə isə, türklər məhz dəryaya (dərya ilə bağlı elmi-mədəni dəyər və sərvətlərə) hakim olanda isə, artıq yeddi yüz illik imperiya - yeni türk dünya səltənəti yaratmışlar. Dünya hakimiyyətini itirəndə də, türklər onu öz kültürəl üstünlükləri ilə bir yerdə, eyni vaxtda itirmişlər.
Ümumiyyətlə, hər dövrdə cəmiyyət, xalq miqyasında baş verən ən səciyyəvi sosial-siyasi, milli-mənəvi proseslər cəmiyyətdən əvvəl humanitar düşüncədə - şeirdə və sənətdə əks olunmuşdur.
“Mən fəxr edirəm ki, azərbaycanlıyam” - bu sözləri deyərkən Ulu Öndər Heydər Əliyev doğma Vətənin kültür dəyərləri üçün hər bir azərbaycanlının milli qürur hissini ən ali səviyyədə dünyaya bəyan etmiş və bu kültürün tarixinin qədimliyini çıxışlarında dəfələrlə vurğulamışdır.
Ədəbi-bədii irsə, azərbaycançılığı yüksək qiymət verən Ulu Öndərin layiqli siyasi varisi, ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Əsrlər boyu xalqımız müstəqillik arzusu ilə yaşamışdır. Biz müxtəlif ölkələrin, imperiyaların tərkibində yaşamışıq, ancaq milli mənliyimizi heç vaxt itirməmişik. Hər zaman milli dəyərlər, Azərbaycan dəyərləri bizi daha da gücləndirirdi. Xalqımız üçün ən çətin anlarda bir millət kimi özümüzü qorumaq üçün, ilk növbədə, milli dəyərlərimiz, ənənələrimiz, milli bayramlarımız, ana dilimiz öz rolunu oynamışdır.
Bundan sonra müstəqil dövlət kimi Azərbaycan yalnız inkişaf yolu ilə gedəcəkdir. Müstəqilliyimizin qısa tarixi bunu deməyə əsas verir. İyirmi il tarix baxımından kiçik bir dövrdür. Ancaq bu illər ərzində ölkəmiz çox uğurlu yol keçmişdir. Müstəqilliyimizi bərpa etdikdə, Azərbaycanda gedən xoşagəlməz proseslər, faktiki olaraq, müstəqilliyimizi əlimizdən ala bilərdi. Ölkədə hökm sürən xaos, anarxiya, səriştəsizlik, siyasi rəhbərliyin xəyanəti ölkəmizi uçurum kənarına qoymuşdu. Ulu Öndər Heydər Əliyevin Azərbaycana gəlməsi, Azərbaycan xalqının ona göstərdiyi etimad və inam vəziyyəti köklü şəkildə dəyişdirə bilmişdir. Ölkəmiz 1993-cü ildən bu günə qədər inkişaf yolunu yaşayır, beynəlxalq mövqelərimiz möhkəmlənir, daxildə vəziyyət müsbət istiqamətdə inkişaf edir. Azərbaycan dünya miqyasında ləyaqətli ölkə kimi özünü tanıtdıra bilmişdir”.
Vahid ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Azad Azərbaycan.- 2013.- 29 sentyabr.- S.5.