“Hər adam
90 il yaşamır”
Modern.az
saytı Şərqin ilk qadın opera müəllifindən ad
günü ərəfəsində müsahibə
alıb.
Bu
gün tanınmış bəstəkar Şəfiqə
Axundovanın ad günüdür. 1924-cü il doğumlu
Ş.Axundova Şəki şəhərində dünyaya gəlib.
A. Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən
Üzeyir Hacıbəyovdan dərs alıb. O, 1972-ci ildə “Gəlin
qayası” operasını yazmaqla Şərqin ilk opera qadın
müəllifi kimi tarixə düşüb. Ş. Axundova bir
sıra populyar mahnıların da bəstəçisi kimi
tanınır. 1998-ci ildə Xalq artisti adına layiq
görülüb. 2004-cü ildə isə “Şöhrət”
ordeni ilə təltif edilib.
Ad
günü ərəfəsində Şəfiqə Axundova
Modern.az-a müsahibə verib.
–
Şəfiqə xanım, necəsiniz? Necə hiss edirsiniz
özünüzü?
–
Yaxşıyam. Ağrıyan yerim yoxdur, şükür
Allaha.
–
Ötənləri heç xatırlayırsınızmı?
Yadınıza nələr düşür keçən
günlərdən?
–
Ziyalı ailəsində doğulmuşam. Atam 3 rayonun – Şəki,
Qax, Zaqatala rayonlarının katibi idi. O, mətin bolşevik
idi, qolçomaqlarla mübarizə aparırdı. Anam isə
evdar qadınıydı. Ailədə 2 qardaş, 4 bacı
idik. Əvvəl Şəkidə məktəbə getdim,
sonra isə təhsilimi Bakıda davam etdirdim.
–
Üzeyir bəydən də dərs almısınız.
–Onun
tələbəsi olmaq böyük fəxr idi.
– Tələbələrinə
münasibəti necə idi?
–Çox
diqqətli bir insan idi.
–
Sizdəki musiqi istedadının üzə
çıxmasına kim kömək etdi?
–
Bacım Zümrüd Axundova universitet müəllimi idi, həyat
yoldaşı da akademiyanın prezidenti idi. Onların evlərinə
şəhərin bütün ziyalı qaymaqları
yığılırdı. Onlar üçün tez-tez piano
çalırdım, birgə əylənirdik. Bir gün
bacım yazıçı Mirzə İbrahimova dedi ki, “ay Mirzə,
bəlkə sən Şəfiqənı aparıb Üzeyir bəylə
tanış edəsən. Deyərsən, belə bir
istedadlı qız var”.
–
Musiqi seçiminiz ailənizdə necə
qarşılanmışdı?
–
Atam heç razı deyildi. Amma anam həmişə deyirdi ki,
Şəfiqə əli ilə çalır, ayağı ilə
oynayır, o mütləq artist olacaq. Elə də oldu. Anam və
böyük bacım məni çox dəstəklədi.
–
İlk bəstələriniz nələr olub? Kimə təqdim
etmisiniz?
–
“Bala” mahnısı idi. Onu Üzeyir bəyə təqdim etdim,
bəyəndi.
–
İlk opera yazan qadın kimi tanınırsınız, nədən
sonra bu sahədə fəaliyyətinizi davam etdirmədiniz?
– Elə bilirsiniz opera yazmaq asandır? Həm də həmin operanı neçə il
bundan əvvəl yazmışam, amma səhnəyə qoymurlar ki! Deyirlər, yaxşı rejissor
yoxdur.
Söhbətə Ş. Axundovanın bacısı
Rəfiqə xanım
da qoşulur:
Rəfiqə xanım: - Siz Şəfiqə xanımın
yaşından danışın.
Yanvarın 21-də 89 yaşı olur. Görək 90 yaşında hörmətli
prezidentimiz Şəfiqə
xanıma necə diqqət göstərəcək.
80 yaşında İlham
Əliyev ona “Şöhrət” ordeni verdi. Deyirlər, 90 yaşında yubileyini keçirəcəklər. Bu qadın 70 il
Azərbaycan incəsənətinə
can qoyub.
Şəfiqə xanım: – İlk
opera yazan qadın mən olmuşam. “Ev bizim, sirr bizim” operattasını,
600-ə qədər mahnı
yazmışam. Uşaq
mahnıları bəstələmişəm:
“Pişik”, “Kukla”, “Bacılar”, “Şagird” və s.
– Şəfiqə xanım
bəs opera yazmağı
davam etdirməyi özünüz istəmədiniz?
Şəfiqə xanım: - Əvvəla
yazmağa səhhətim
imkan vermədi, həm də opera yazmaq çox çətindir. O operanı
mən neçə ilə yazmışam. Odur ki, daha o təşəbbüsdə
olmadım. Beləliklə də, mənim yaradıcılığım demək
olar ki, yavaş-yavaş dayandı.
Yaşa doldum, hər yaşın öz məziyyətləri
var. Hər il
xəstələnirdim, iki
ildir ki, xəstələnmirəm. İki dəfə
infarkt olmuşam, çox əzablar çəkmişəm. Başım özümə
qarışdı. Sonra
oğlum xəstələndi,
neçə il yataq rejimində olduqdan sonra vəfat etdi (göz yaşlarına boğulur,
danışa bilmir).
- Yaxın rəfiqələriniz
kimlər idi?
– Allah rəhmət eləsin, Lətafət xanım adı ilə şairə dostum var idi, onunla
çox yaxın idim. Sonra Xanımana
Əlibəyli, “Qadınlar
Cəmiyyəti”nin sədri var idi, onlarla yaxın
idim. Demək olar ki, mənə yaxın olan insanların çoxu artıq dünyasını dəyişib.
Rəfiqə xanım: – Şövkət
Ələkbərova, Sara Qədimova
Şəfiqəylə çox
yaxın idi. İndi onun tanışları, dostları hamısı rəhmətə gedib.
Bir Şəfiqə xanım qalıb. Allah ona da ömür
versin.
– Müsahibələrinizdən birində
demişdiniz ki, ikinci övladınızın
olmamasından peşmansınız.
İkinci övladınızın olmamasına səbəb nə oldu?
– İmkan olmadı. Yəni yoldaşımdan
ayrıldım, artıq
ikinci övladım olmadı.
– Şəfiqə xanım,
deyirlər sevgi ölməz. Doğurdan da bu belədir?
– Yox (gülür), ölməz. Mənim bir mahnım var: “Sevgi ölmür”.
Sözləri də Bəxtiyar
Vahabzadəyə aiddir.
Eldar Ələkbərov oxuyur.
– Yaradıcı insanlar sevməsələr nə
yaşaya, nə də yarada bilərlər. Şəfiqə xanım sevib
ailə qurmusunuz?
– Yadıma gəlmir o vaxtlar...
Rəfiqə xanım: - Hər
şey yadından çıxıb. Ailə qurduğu
insan Şəfiqə
xanımı çox
sevmişdi.
– İnsan neçə
dəfə sevə bilər?
Şəfiqə xanım: – İnsan
bir dəfə sevir. Sonra da izi həmişə xatirələrdə
yaşayır.
Rəfiqə xanım: – Onun ürəyində indi sevgi yoxdur. Oğul yarası
var. Qəlbində onun
indi xalqının dərdi var. Həmişə
oturur-durur bundan danışır. Başqa nə
sevgi olacaq ki?
- Şəfiqə xanım,
sənət aləmində
dedi-qodular, şayiələr
heç vaxt əskik olmayıb. Elə sizin arxanızca da az danışmırlar. Məsələn, deyirlər ki, cavan vaxtlarınızda İranda, şah dövründə “Azad Azərbaycan
qadını” adlı
rüsvayçı bir
məqalə dərc edilib. Üstəlik, həmin qəzetdə
intim fotolarınız
da yer alıb.
Ağzıgöyçəklər deyir ki, buna
görə başınız
az ağrımayıb.
Sizi hətta Dövlət Təhlükəsizlik
Komitəsində dindirib
izahat alıblar...
Şəfiqə xanım: - Yox, yox, yalan söhbətdir,
nə danışırsınız.
Rəfiqə xanım: – Yox, belə şeylər olmayıb. Elə şeyləri də
qurdalamaq lazım deyil. Mən belə şeyi
birinci dəfədir eşidirəm.
– Şəfiqə xanım
kimin üçün
darıxır?
Şəfiqə xanım: – Keçmiş
həyatım və yaradıcılığım üçün
darıxıram. Mənim bir
günüm olmazdı
ki, musiqi bəstələməyib, pianino
çalmayım. İndi artıq
yaşa dolmuşam, o vaxtları xatırlamaqla kifayətlənirəm. Həm fəxr
edirəm, həm də ki təəssüflənirəm
ki, yaşa dolmuşam.
Mən istəyərdim
ki, xalqımın Qarabağ dərdi tez qurtarsın. Ümumiyyətlə, mən xalqımı çox sevirəm, xalq da məni
sevir. Mən onu hiss edirəm.
– Sizi kimlər axtarır, kimlər arayır?
Rəfiqə xanım: – Hamı
ürəyində axtarır,
indi zəmanə elədir ki, hər kəs öz işindədir. Hərə öz çörəyinin
dalınca gedir. Hamı indi qaçaqaçdadır.
Ona görə də Şəfiqə xanım heç kimdən incimir. Şəfiqə xanımı tez-tez
artistlər yada salır. Məsələn, Şəkidən yada salıb, çoxlu adamlar zəng edir. İndi onun yaşıdları vəfat edib, cavanların da çoxu Şəfiqə
xanımın mahnılarını
oxumayıb. Röya,
Səidə, Sevda onun mahnılarını oxumayıb və onlar Şəfiqə xanımı axtarmayacaq ki?! Hansısa bir məclisdə
görəndə, öpüb,
qucaqlayırlar. Gülyanaq, Gülyaz
da öz yerlimizdir, onlar çox yaxındırlar.
Demək
olar ki, onlarla ailəvi yaxınıq. Bu yaxında Ombudsman Elmira Süleymanova
gəlmişdi. O həmişə
Şəfiqəni yada
salır.
Daha sonra bu il Qəbələdə
Şəfiqə xanıma
çox böyük diqqət yetirdilər. Biz ora istirahətə
getmişdik. Orada Şəfiqə
xanıma çox gözəl şərait yaratdılar. Biz Şəfiqə xanımı
Qəbələdən apara
bilmirdik.
Şəfiqə xanım: – Qəbələdə
mənə o qədər
hörmət edirdilər
ki. Heç qoymurdular oradan
gəlim. Ora mənim
üçün artıq
unudulmaz xatirəyə
çevrildi.
Rəfiqə xanım: – Qəbələnin
İcra Hakimiyyəti,
deputatları çox
böyük hörmət
edirlər. Əbülfəs Qarayev də
orada idi. Şəfiqə xanımı görən
kimi dərhal yanına gəldi, öpüb-qucaqladı. Biz həmişə Şəkidə
istirahət eləmişik,
amma bu il Şəfiqə Qəbələdən getmək
istəmirdi. Özünü öldürürdü ki, mən Şəkiyə
getmirəm.
– Gələn il
90 yaşınız olacaq.
Özünüzə nə arzulayırsınız?
Şəfiqə xanım: – Allahdan can sağlığı istəyirəm və prezidentimizdən diqqət gözləyirəm. Hər adam 90 il yaşamır.
Sevinc
Azad Azərbaycan.- 2013.- 22 yanvar.- S.7.