Daşkəsəndə 20 Yanvar
şəhidləri böyük ehtiramla anılıb
Tariximizin
həm qanlı, həm də şərəfli səhifəsi
olan 20 Yanvar faciəsi illər keçsə də
yaddaşlardan silinmir və silinməyəcəkdir. Ona görə
ki, 20 Yanvar hadisəsi Azərbaycanda müstəqilliyin bərpası
üçün çox mühüm rol oynamışdır.
SSRİ-nin "beynəlmiləl bayrağı” altında qərinələr
boyu aldanan, şirin vədlərdən artıq bezikən xalq
70 ildən bəri topladıqları qəzəb, nifrət və
etiraz hissləri ilə məhz həmin gecədə, təpədən
dırnağa qədər silahlanan təcavüzkar ordunun
qarşısına əliyalın
çıxmışdı. Bu təcavüzkar ordunun tərkibində
həm də tarixi düşmənlərimiz olan erməni
könüllü əsgərlərinin çoxluğu həmin
faciənin daha dəhşətli olmasına bir stimul
vermişdir. 70 ildən bəri aldadılan, haqqı dəfələrlə
tapdanan xalq SSRİ-nin keçmiş rəhbəri Mixail
Qorbaçovun "göy muncuq” siyasətinə artıq tabe
olmaq istəmirdi.
Daşkəsəndə
ümumrayon anım tədbirində iştirak edənlərin
hər biri yuxarıda qeyd edilən bu hisslərlə və
şəhidlərə ehtiram əlaməti olaraq səsləndirilən
qəmli musiqilərin sədaları altında Şəhidlər
xiyabanına üz tutmuşdular. Çox böyük ehtiramla
keçirilən anım tədbirinə daşkəsənlilər
ciddi hazırlıqla gəlmişdilər. Belə ki, Daşkəsən
Rayon İcra Hakimiyyəti Başçısı cənab Əhəd
Abıyevin sərəncamı əsasında tədbirlər
planı hazırlanmış, aidiyyəti üzrə idarə,
müəssisə və təşkilatlara
paylanmışdır. Rayonun inziabti ərazi dairəsi üzrə
nümayəndəliklərində, idarə, müəssisə
və təşkilatlarında 20 Yanvar faciəsi ilə
bağlı toplantılar, dəyirmi masalar, müzakirələr
və digər anım mərasimləri keçirilmişdir.
Ümumrayon tədbirində Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı cənab Əhəd Abıyevin adından Şəhidlər xiyabanındakı əbədi məşəlin önünə əklil qoyulmuş, ictimaiyyətin nümayəndələri şəhid qəbirləri üzərinə tər çiçəklər düzmüşlər.
Keçirilən anım tədbirində Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı cənab Əhəd Abıyev Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları, rayon ağsaqqallları və veteranları ilə görüşmüş, onların ehtiyac və qayğıları ilə maraqlanmışdır. Qısa görüşdə İcra Hakimiyyətinin Başçısı qeyd etmişdir ki, hər biriniz yaxşı bilirsiniz kədərimiz böyük, itkimiz ağırdır. Neyləməli, bu da bir tale qismətidir. Nə yaxşı ki, həmin dövrdə xalqın dərdinə şərik çıxan ulu öndərimiz Heydər Əliyev var idi. Yaxşı bilirsiniz ki, bu qətliamda 147 nəfər, o cümlədən qoca, uşaq, qadın amansızcasına qətlə yetirildi. 1000-ə qədər dinc əhali yaralandı. 600-dən artıq insan itkin düşdü. Bu qanlı faciə Azərbaycan xalqından, həmçinin beynəlxalq təşkilatlardan gizli saxlanıldı.
Hadisənin baş verməsindən bir gün sonra ulu öndər Heydər Əliyev sovet ordusunun Azərbaycanda törətdiyi dəhşətli qətliam barəsində beynəlxalq aləmə məlumat verdi. Həmin vaxt Moskvada ciddi nəzarət altında yaşayan, xalqına son dərəcə sadiq olan ümummilli lider Heydər Əliyev təqiblərə məruz qaldığı bir dövrdə, heç bir təhlükəyə baxmayaraq, böyük bir cəsarətlə baş verən hadisəyə qarşı etiraz səsini ucaltmaq üçün Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəldi və orada mətbuat konfransı keçirdi. Ulu öndər SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi qanlı faciə barəsində ətraflı məlumat verərək demişdir: "...Azərbaycanda baş verən hadisələrə gəlincə, onları antihüquq, demokratiyaya yad, humanizm prinsiplərinə tam zidd hesab edirəm. Yanvarın 19-dan 20-nə keçən gecə Bakıya Sovet Ordusunun iri kontingenti və SSRİ DİN-nin qoşunları yeridilib. Bunun hansı faciə ilə nəticələndiyi indi bizə yaxşı məlumdur. Belə qərar qəbul etmiş insanların hərəkətlərini siyasi səhv hesab edirəm. Kobud siyasi səhvə yol verilmişdir”.
Ümummilli liderimiz Heydər Əliyev elə həmin mətbuat konfransında başda Mixail Qorbaçov olmaqla Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar adlandırdı.
Sonra Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı cənab Əhəd Abıyev qeyd etmişdir ki, sabiq SSRİ prezidenti M.Qorbaçov Azərbaycan xalqının bu əzmkarlığı, cəsarəti, mübarizliyi qarşısında həm silahlı ordusunun, həm də mənəviyyatının nə qədər cılız olduğunu dərk etdiyindəndir ki, 1995-ci ilin aprel ayında Türkiyə səfərində 1990-cı ilin yanvar qırğınından bəhs edərkən: "Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımda ən böyük səhvim idi” - deyərək, öz günahını etiraf etmişdi.
"20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" məhz Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi. Qərarda, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.
Bakıda Vətən şəhidlərinə böyük ehtiramla xatirə kompleksi ucaldıldı. Şəhidlər Xiyabanı xalqımızın müqəddəs and yerinə, ziyarətgahına çevrildi.
Şəhidlər Xiyabanında 40-cı qəbrdə dəfn olunmuş şəhidlərimizdən biri də daşkəsənli həmyerlimiz Ülvi Yusif oğlu Bünyadzadədir. Ülvi xalqımızın azadlıq aşiqləri ilə birgə 19 yanvar 1990-cı ildə gecə Bakıya girən Sovet ordusunun yolunu kəsmiş, dinc əhalinin gülləbaran edilməsinə dözməyərək, sinəsini xalqına tuşlanmış gülləyə sipər etmiş və həlak olmuşdur. Yanvarın 20-də axşamüstü dostları, tələbə yoldaşları və müəllimləri onun cəsədini Semaşko adına xəstəxanadan tapmışdılar.
İndi hər birimiz daxilən rahatlıq tapırıq ki, azadlıq aşıqlərimizin qanı yerdə qalmadı. Azərbaycan böyük itkilər versə də, iki əsrdən bəri davam edən Rus İmperiyasının əsarətindən xilas oldu, azadlığına qovuşdu. Bir vaxtlar taleyi tükdən asılı qalan Azərbaycan dövləti bu gün bir sıra Avropa dövlətlərinə, qonşu ölkələrə atalıq qayğısı göstərir, problemsiz həyat bəxş edir. Bayrağımız qürürla beynəlxalq təşkilatlarda dalğalanır.Azərbaycan dünyanın ən nüfuzlu təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurasında nöbəlilik qaydasında sədrlik edir.
Bu gün ulu öndər Heydər Əliyevin siyasi xəttini böyük ustalıqla davam etdirən möhtərm Prezidentimiz İlham Əliyev Azərbaycanın regiondakı, qitədəki, dünyadakı mövqeyini daha da gücləndirməyə nail olub. Ölkə başçısı 20 Yanvar hadisələrinin beynəlxalq müstəvidə siyasi -hüquqi qiymətini alması üçün əlindən gələni edir. Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar faciəsini xalqımıza qarşı törədilən qətliam kimi qiymətləndirərək, bunun məqsədli qırğının bir halqası olduğunu beynəlxalq təşkilatların diqqətinə çatdıraraq demişdir: "20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq eyni zamanda Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. O gündən keçən müddət ərzində Azərbaycan demək olar ki, tamamilə yeni mərhələyə qədəm qoydu. Bu gün ölkəmiz dünyada ən sürətlə inkişaf edən ölkədir. Azərbaycan sübut etdi ki, xalqının iradəsinə əsaslanaraq müstəqil, azad ölkə kimi uğurla inkişaf edir. 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir. Şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq”.
Bəli, biz 1990-cı il yanvarın 20-də şəhid verdik! Lakin, nə əyildik, nə də sındıq! Biz qanımız bahasına müstəqillik qazandıq! Biz hər dəfə Şəhidlər Xiyabanını ziyarət edərkən onların qəhrəmanlığından güc, qüvvət, əzəmət alırıq. Şəhidlərimizin ruhu bizə vətəni canımız kimi sevməyi, göz bəbəyi kimi qorumağı öyrətdi.
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı cənab Əhəd Abıyevin Şəhidlər xiyabanında Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları, rayon ağsaqqallları və veteranları ilə görüşündən sonra ictimaiyyət nümayəndələri rayon mədəniyyət evinin foyesində məktəblilərin əl işlərindən ibarət hazırlanmış fotostend və rəsmlərə baxış keçirmişlər. Anım tədbiri bu qanlı faciəyə həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatdırılmışdır.
Arastun Tapdıqoğlu,
Sahib Əhmədov
Azad Azərbaycan.- 2013.- 23 yanvar.- S.3.