Azərbaycançılığın təşəkkül
tarixi
Məlum olduğu kimi, qədim xalqların, o cümlədən, azərbaycanlıların ideologiyası əvvəlcə mifologiya, sonra din - əski inamlar olmuşdur. N.Şəmsizadənin qeyd etdiyi kimi, “Azərbaycan ideologiyasının ana bətni, ilkin mərhələsi olan mif azərbaycançılığın tərkib hissəsi, azərbaycanşünaslıq isə türkçülüyün konkret tarixi-coğrafi məkanda formalaşan aparıcı istiqamətidir. Mifdə azərbaycançılığın həm ilkin ideyası, həm də obrazı maddiləşir.” A.F.Losev mifin aparıcı əlamətini belə izah edir: “Mif- ümumi ideya ilə adi hissi obrazın müstəqil maddi eyniyyətidir. Mücərrəd təfəkkürün məhz varlığı əks etdirən düzümü - mifologiya üçün bütün hissi keyfiyyətləri ilə, canlı varlıqlar və cansız əşyalar şəklində gerçəkliyin özüdür. Azərbaycan ideologiyasının türk mifik təfəkkürü ilə vəhdət məqamı “azad ruh” hissidir. Azad ruh türk qövmünün genetik enerji mənbəyi, dünyaya çıxış nöqtəsidir. N.Şəmsizadə və Y.Qasımov yazırlar: “Türklərin islama inam və sədaqətinin ərəblər və farslardan fərqli cəhətləri var. Bu, hər şeydən öncə türklərin azadlıqsevər və dünyasevərliyi ilə bağlıdır. Türk öz azadlığını, hətta ən müqəddəs qayə və əqidəsindən də üstün tutur.”
Azərbaycan ideologiyasının qaynaqlarından olan zərdüştizmdə azadlıq əsas yer tutur. Tədqiqatçıların fikrincə, zərdüştizmdə demokratik dövlət ideyası əksini tapıb. M.Cəlilov yazır: “Avesta”nın cəmiyyətə, dövlət idarəçliyinə baxışlarında qəbilə-tayfa münasibətlərinin demokratik prinsipləri və quldar demokratiyası təqdir olunsa da, “Avesta”nın sonrakı tərtibatlarında monarxiya üsul-idarəsi başlıca dövlət idarəçiliyi forması elan olunmuşdur. Bütün Şərqin qədim və mükəmməl fəlsəfəsi-dini təlimi olan zərdüştizm də Azərbaycan ideologiyasının konseptual qaynağı kimi çıxış edir.
A.Quliyev “Zərdüştnamə” eposunda Azərbaycan xalqının qədim ideologiyasının əks olunduğunu göstərir: “Əsas ideyası insanları real həyatdan təcrid etməkdə deyil, onlar üçün indiki və gələcək cəmiyyətdə xoşbəxtlik yaratmaqdan ibarət olan “Zərdüştnamə” özündə Zərdüştün əməllərini ehtiva edir.” Mif qədim azərbaycanlıların həyat tərzini və zərdüştiliyin ideologiyasını əks etdirir. Dinc quruculuq işlərinin təsviri və təsərrüfatı qorumağa qadir olan güclü hakimiyyət ideyası eposda mühüm yer tutur. Mifdə Azərbaycanın qədim sakinlərinin ictimai quruluşu və mədəniyyəti haqqında məlumatlar vardır.” “Zərdüştnamə”də dini-fəlsəfi, etik və sosial-siyasi görüşlər ifadə edilmişdir. Bunlar Zərdüştün cəmiyyətə və ictimai həyata, onun ayrı-ayrı sahələrinə və hadisələrinə baxışlarından ibarətdir. O, əfsanədə dinin yeganə banisi və peyğəmbər kimi təqdim olunur.
Azərbaycan folkloru da azərbaycançılıq ideyasının mənbələrindən biridir. Professor Camal Mustafayev yazır: “Kim ki, uşaqlıqdan, məktəb yaşlarından başlayaraq nağılları, dastanları, saz-söz ustalarının sənətini sevməyə alışmırsa və bütün bunlara laqeyd qalırsa, o adamın mənəvi varlığında böyük bir boşluq yaranır. O adam xalqımızın gözəllik xəzinəsindən pay götürmək səadətindən məhrum olur. Doğma xalqının şeriyyət və məna dolu zəngin söz sərvətindən, qüdrətli bədii təfəkküründən, heyrətamiz müdrikliyindən bəhrələnə bilmir, halbuki bu zəngin mənəviyyat xəzinəsi həmişə sağlam estetik zövqü, əxlaqi saflığı, yüksək idealları qidalandıran tükənməz mənbə olmuş və olacaqdır.”
Xalq yaradıcılığından bəhrələnən hər bir nəsil burada öz yüksək bəşəri və vətəndaşlıq səylərinə dayaq tapmışdır. Xalq yaradıcılığı ictimai həyata və onun bütün təzahürlərinə qida verən tükənməz, canlı bir mənbədir. Müdriklik, gözəllik, insan mükəmməlliyi, bir sözlə, cəmiyyətin yüksək idealları məhz bu mənbədən təşəkkül tapmışdır. Cəmiyyətimizin riayət etdiyi və hal-hazırda əsas götürdüyü başlıca əxlaqi prinsiplər də öz başlanğıcını bu mənbədən götürmüşdür.
Xalq yaradıcılığı ilə varislik əlaqəsi - nəsillərin tarixi varisliyinin təməl daşlarından biridir. Mədəniyyət və ictimai fikir xadimləri həmişə xalqın mənəvi təcrübəsinə müraciət etmişlər. Bu təcrübə sosial və bədii fikrin tarixi inkişafına səbəb olmuşdur. Fəlsəfə öz mənşəyi etibarilə (müdrikliyə məhəbbət mənasında) xalq müdrikliyi xəzinəsinə gedib çıxır. Xüsusən, fəlsəfə tarixinin etik və estetik məzmunu xalqın yaradıcılıq nəticələrini özündə ehtiva etmişdir. Bu substansional əsasda etika və estetikanın başlıca fundamental anlayışları - xeyir, şər, doğru, yalan, mərdlik, gözəllik, qəhrəmanlıq, ülvilik və s. anlayışlar formalaşmışdır. Onlar tarixən yeni məzmunla zənginləşmiş, təkmilləşmiş, lakin ilkin xəlqi əsasını mühafizə edə bilmişdir. Bu zaman onların başlıca fəaliyyəti bu ilkin əsasdan doğan tərkib ünsürlərilə şərtlənmişdir. Bunlar, məsələn, qədim Şərqin, antik Yunanıstanın incəsənətində, əxlaq fəlsəfəsində təcəssüm olunmuşdur. Zərdüşt, Konfutsi, Sokrat, Platon və Aristotel xalqın yaradıcı şüurunun ümumiləşdirilməsinə xüsusi əhəmiyyət verirdi. Etik sənətin bədii sintezi olan əsatirlər, əfsanələr, rəvayətlər, fəlsəfi cəhətdən dərk olunmuş, dövrləri, həmçinin, bir-birini əvəz edən insan nəsillərini birləşdirən mənəvi tellərlə işıqlandırılmışdır. Qədim Şərq xalqlarının, antik dünyanın bu sahədəki irsini Hegel dərindən təhlil etmişdir. Dövrün dini mifologiyası, incəsənəti Hegel tərəfindən etik və estetik cəhətdən şərh edilmişdir.
Xalq fantaziyası inciləri də daxil olmaqla, incəsənətin cazibə qüvvəsi burada təcəssüm olunan idealın gözəlliyi ilə müəyyənləşir. Bu mənada, hər şeydən əvvəl, mədəniyyətin folklor mənbələri bizim üçün xüsusi əhəmiyyətə malikdir. Çox ehtimal ki, folklordakı ideal mücərrəd deyil, bədii-konkret xarakter daşıyır. Öz mahiyyətinə görə bu ideal həyatın işıqlı başlanğıcını, insanın xeyirxah yaradıcı qüvvəsini göylərə qaldırır. Həm də nəzərə almaq lazımdır ki, bu qüvvələrin meydana gəlməsi böyük əxlaqi məna ilə ölçülən davranışlar vasitəsilə həyata keçirilir.
İdealın daşıyıcıları heyranlıq doğuran üstün xarakter xüsusiyyətlərinə malikdirlər. Belə cəhətlər epik dastanlarda xüsusi təcəssümünü tapmışdır. Xalqın tərənnüm etdiyi qəhrəmanlar, onun mənaflərinin daşıyıcıları kimi, xalqın arzu və ümidlərini gerçəkləşdirməyə xidmət edirlər. Xalqla sıx bağlılıq onlara yüksək daxili enerji verir, tükənməz qələbə mənbəyi olur. Ümumi xoşbəxtlik naminə şərə qarşı mübarizədə onlarda bütöv xarakteri, yüksək ləyaqəti, yenilməz fiziki və mənəvi gücü, mərdliyi aşkara çıxarır. Bu mənada müxtəlif xalqlarda qəhrəmanlıq ümumi qanunauyğunluq, mənəvi ümumilik kəsb edir. Bununla yanaşı, o öz yaradıcısının xəyali xüsusiyyətlərini, tarixi mühitin xüsusiyyətlərini əks etdirərək, özünəməxsusluğu ilə də diqqəti cəlb edir. Qəhrəmanlıqdakı ümumi ilə xüsusinin vəhdətini Azərbaycan folkloru da parlaq təsdiq edir.
Azərbaycançılıq folklorun hərəkətverici mehvərini təşkil edərək, onun bütün məzmunundan qırmızı xətt kimi keçir. Buna görə də, folklor materialının bu planda tədqiq edilməsinə diqqəti artırmaq zərurətindən irəli gələrək, Azərbaycan folklor irsində ehtiva olunan azərbaycançılığın xüsusi öyrənilməsinin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. İnkişaf hərəkətverici amil kimi azərbaycançılığın əhəmiyyəti, idealın qəhrəmanların yüksək davranışları vasitəsilə həyata keçirilməsi, onun bədii-folklor təcəssümünün özünəməxsusluğu öyrənilmiş, idealın folklordakı fəal təbiətinə-qəhrəmanlarla xalqın vəhdətinə diqqət yetirilmiş, qəhrəmanın xalq mənafeyini həyata keçirməkdə öz yerini dərk etməsi, eyni zamanda, qəhrəmanla birlikdə onların birgə vahid məqsəd uğrunda mübarizə aparan xalqın özündəki üçün bu cür vəhdətin rolu göstərilmiş, folklor aləmimizə əxlaqi əzəmətinin obrazlarının mənəvi təsirinin zəifləməyən qüvvəsini səciyyələndirmişdir.
Folklorda Azərbaycan idealı tarixi reallığın azərbaycanlıların daxili tələbatlarına uyğun gəlməsi, cəmiyyətin mütərəqqi inkişafı ilə bağlılığının azadlığa qovuşmasını əks etdirir. Bu xüsusda Hegel deyirdi: “Bu cür inkişaf nəticəsində xüsusi olan idealın xüsusiyyəti kimi xarici aləmdə çıxış edir, bu aləm isə öz reallığı ilə azadlıqla uzlaşan anlayış kimi ideal olanı özündə təcəssüm etdirmək əvəzinə, olmalı olmayan mövcudluğu aşkar edir. İdealın zahiri aləmə bu münasibətini nəzərdən keçirərkən, biz burada çıxış edən idealın nə dərəcədə müəyyənliyini izah etməliyik: o, ya özü-özü üçün bilavasitə özündə ideallığı əks etdirir, ya da az və ya çox dərəcədə bu cür olmağa qabildir”.
Xalq kütlələrinin tarixi inkişafındakı rolundan çıxış edərək fəlsəfə folklora xalqın mənəvi qüdrətinin ifadəsi kimi baxır. Folklorun, sosial təbiəti, onun yüksək ideyalılığı və xəlqliyi formalarının nisbi sabitliyi onu şəxsiyyətin mənəvi mükəmməlliyinin dəyişməz mənbəyi olmuşdur. Azərbaycançılığın folklor təcəssümünü xalqın tarixindən, sosial-etik, mənəvi inkişafdan ayırmaq olmaz. Azərbaycançılığı dərindən dərk etmək üçün mütləq xalqın tarixini də öyrənmək lazımdır.
Folklorun bütün janrları üçün ədalətsizliyə, haqsızlığa, zülmə və özbaşınalığa dərin nifrət xasdır. Xalq həmişə azad, həqiqi məhəbbəti, azadlıq uğrunda mübarizəni tərənnüm etmişdir. Adətən, bu əsərlərin qəhrəmanları çətinlikləri aradan qaldıraraq, son nəticədə qarşıya qoyulmuş məqsədə çatır və qələbə çalırlar. Bu xüsusiyyət bütün xalqların xalq yaradıcılığı incilərinə xasdır. Bu, Azərbaycan folkloruna da aiddir.
XIX əsrin məşhur Azərbaycan alimi Mirzə Kazım bəy Azərbaycan folklorşünaslığı və etik fikir tarixi üçün böyük əhəmiyyət kəsb edən xalq yaradıcılığına - əfsanələrə, rəvayətlərə və s. geniş diqqət yetirmişdir. O yazırdı: “Qədim əfsanələr və rəvayətlər xalqların ədəbiyyatında və tarixində sonuncu yerdə durmur. Keçmiş zamanlar haqqındakı hekayətlər onları hadisələr ünsürü və faktlar şəklində tarixi məlumatlar kimi əks etdirir, tarix onların tez-tez insan həyatının qaranlıq dövrləri haqqındakı mühüm sirlərinin açılmasına cəlb edir; ədəbiyyat onlardan zəngin xəzinə kimi, özünün zinətlənməsi üçün qiymətli material əxz edir.
Əfsanəsiz xalq, rəvayətsiz ölkə yoxdur, köçərilərdə onlar nəsildən-nəslə şifahi hekayətlərdə keçir, yarımmədənilərdə onların inamlarının əsaslarını, onların yazılarının, ədəbiyyat və tarixlərinin əsas məzmununu təşkil edir, mədəni ölkələrdə isə onlar müqəddəs xalq təsəvvürü üçün zəngin mənbə rolu oynayır”.
Beləliklə, azərbaycançılıq ideyasının tarixi qaynaqlarından olan folklor-şifahi xalq ədəbiyyatı bu ideyanın formalaşmasında əsas rol oynamışdır.
Azərbaycançılıq ideyasının tədqiqatçılarından biri Sona xanım Vəliyeva düzgün olaraq yazır: “Etiraf etmək lazımdır ki, çoxəsrilik tariximizdə xalqımızı yaşadan, onu ruhən qoruyan və müasir dövrə gətirib çatdıran ən əsas amillərdən biri onun ədəbiyyatı-söz sənəti və dil mədəniyyəti olmuşdur.”
Qeyd etmək lazımdır ki, azərbaycançılığın qaynağı olan folklora Ulu Öndər Heydər Əliyev yüksək qiymət vermiş, Ulu Öndərin layiqli siyasi varisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də şifahi xalq ədəbiyyatını daim dəyərləndirir, onun qorunub saxlanılmasına diqqət və qayğı göstərir.
VAHİD ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Azad Azərbaycan.-
2014.- 22 aprel.- S.5.