Azərbaycançılığın
qaynaqları: “Koroğlu” dastanı və azərbaycançılıq
ideyası
Azərbaycançılıq ideyası öz əksini “Koroğlu” dastanında daha parlaq şəkildə tapmışdır. Bu dastan özündə epik, lirik və dramatik mənbələrin başlanğıclarını birləşdirir. Azadlıq ruhu, geniş demokratizm, şəxsiyyətin əzilməsinin və zülmün hər cür formalarının inkarı başdan-başa əsərin canına hopmuşdur. “Koroğlu” dastanının humanist məzmununun cazibə qüvvəsi əsrlər boyu daha da güclənmişdir. XX əsrdə böyük Üzeyir Hacıbəyovun eyniadlı operasının meydana gəlməsi ilə dastana dünya şöhrəti bəxş etmişdir.
Dastanın nüvəsini vətənpərvərlik motivləri təşkil edir. Qəhrəman Koroğlunu əhatə edən adamlar bütün məsləkdaşların mənafeyinə sadiq olan bərabərhüquqlu birlik təşkil edir. Bərabərhüquqluluq müdriklikdə və şücaətdə kişilərdən heç də geri qalmayan qadınlara da aiddir.
Koroğlunun başçılığı altında xalqın müdafiəçiləri-qəhrəman dəlilər öz cəmiyyətini yaratmışlar. Burada onlar mərdlik və kişilik qanunları şəraitində yaşayırlar. Bu cəmiyyətdə düzlük, həqiqət hökm sürür, yalana, ikiüzlülüyə, qorxaqlığa yer yoxdur. Burada yalnız fiziki deyil, mənəvi qüdrətin artırılmasına da qayğı göstərilir. Onların qəhrəmanlığı təbii istedadlarından ayrılmazdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2012-ci il fevralın 22-də xalq qəhrəmanı Koroğlunun abidəsinin açılışındakı nitqində demişdir: “Koroğlu bizim xalq qəhrəmanımızdır. Koroğlu vətənpərvərlik, igidlik rəmzidir. Azərbaycan xalqının qəlbində Koroğlu daim yaşamışdır. Bütün dövrlərdə Koroğlunun xalq qarşısında etdiyi xidmətlər Azərbaycan xalqının xatirəsində yaşamışdır və bu gün də yaşayır. Koroğlu obrazı vətənpərvərlik, igidlik, mərdlik, şücaət obrazıdır. Koroğlu Azərbaycan xalqına xas olan bütün gözəl xüsusiyyətləri özündə əks etdirir. Vətənpərvərlik kimi bu gün də çox vacib olan amil Koroğlu obrazında bariz şəkildə özünü göstərir.”
Azərbaycan tədqiqatçısı Sona xanım Vəliyeva “Koroğlu” dastanındakı milli Azərbaycan ideyasından bəhs edərək yazır: “Şifahi ədəbiyyatımızda vətənçilik, ideala və torpağa tapınma, mərdlik baxışları XVII-XVIII əsrlərin möhtəşəm abidəsi olan “Koroğlu”nun 4 dastanında daha aydın və açıq mətnlə öz əksini tapmışdır. Dastanda nisbətən sonrakı dövrlərin hadisələri təsvir olunsa da, Azərbaycan xalqının ən qədim və ən yaşarı milli-mənəvi dəyərləri təcəssüm etdirilir. Xalq öz milli varlığının, yabançı və mahiyyətcə istilaçı xarici ətraf qüvvələrə qarşı mütəşəkkil birlik və bütövlüyünün rəmzi kimi Çənlibel sosiumunu, bu cəmiyyətin mənəvi prinsiplərə əsaslanan institusional konstruksiyalarını sevə-sevə tərənnüm edir.
“Koroğlu” dastanındakı Çənlibel, Koroğlu və onun ətrafında bir yumruq kimi birləşmiş xalq kütlələri milli Azərbaycan ideyasının azad Vətən, tarixi şəxsiyyət və xalq demokratiyasından ibarət iki mühüm tərkib hissəsinin simvolik arxitipi kimi dərk oluna bilər.” Qəhrəmanlıq idealı, Vətənə bağlılıq öz təcəssümünü “Koroğlu” dastanında bariz şəkildə tapmışdır. Dastan Zaqafqaziya regionunda güclü feodal dövlət hakimiyyəti dövründə yaranmışdır. Əsərdə təsvir edilən hadisələr, əsas etibarilə Azərbaycanda qardaş Türkiyədə (İstambul, Qars, Ərzurum) və Şərqdə (Bağdad və s.) cərəyan edir. X.Q.Koroğlunun “Orta Asiya, İran və Azərbaycan xalqlarının dastanlarının qarşılıqlı əlaqəsi”, (M. 1983) “Koroğlu türkmən eposu və onun tarixi xüsusiyyətləri” (M. 1971), eləcə də, B. A. Karrıyevin “Türkdilli xalqlarda Koroğlu haqqında epik dastanlar” (M.1968) əsərlərində göstərilir ki, dastan XV-XVI əsrlərdə bu regionda qüdrətli Osmanlı imperiyasının hökmranlığının ən əzəmətli dövrlərində meydana gəlmişdir. Müəlliflər “Koroğlu” eposunun bir çox türk xalqlarının şərikli mənəvi sərvəti olduğuna baxmayaraq, düzgün olaraq, bu dastanın Azərbaycan varlığından yarandığını göstərirlər. Dastanın bədii nüvəsini XVI əsrin sonu - XVII əsrin əvvəllərində Azərbaycanda və Kiçik Asiyada baş vermiş real tarixi hadisələr təşkil edir. Bu dövrdə Azərbaycanın cənubunda və cənub-qərb rayonlarında tarixdə cəlalillər adı ilə məşhur olan güclü xalq hərəkatı başlandı. Dastanın ana xəttində də məhz bu hadisələr durur. Bu mənada, dastanda xalqın milli ideal haqqında təsəvvürləri əks olunmuşdur. Digər dastanlardan fərqli olaraq bu dastanda tarixilik ünsürləri daha güclüdür.” “Koroğlu” dastanında Azərbaycan xalqının ən yaxşı xüsusiyyətləri mənəvi və fiziki cəhətdən gücü və məğlubedilməzliyi xalqın sosial və əxlaqi idealları öz ifadəsini tapmışdır. Bu dastanda epik qəhrəmanın prototipi və tarixi şəxsiyyəti arasında oxşarlıq aydın nəzərə çarpır. Koroğlu xalqın mənafeyini və şərəfini silah gücünə qoruyan bir tarixi şəxsiyyət olduğundan, xalq bu tipli qəhrəmanların adları ətrafında şöhrət oreolu yaratmışdır. Xalq qəhrəmanlarının simasında həm folklor yaradıcısının arzu və istəkləri, həm də böyük bəşəri idealları əks olunmuşdur. Dastanın ana xəttini xalq kütlələrinin ictimai əxlaqı təşkil edir. Burada təsvir edilən ideal cəmiyyət - Çənlibel qəhrəmanlığın təntənəsinə xidmət edir. Bu cəmiyyətdə mərdliklə qəhrəmanlıq qovuşmuşdur. Koroğlu yalnız xalq səadəti uğrunda mübariz-qəhrəman deyil, həm də saf, ülvi məhəbbəti tərənnüm edən aşiqdir. Dəlilərin hərbi yürüşlərinin əsas məqsədlərindən biri məhəbbətdir. Dəlilər əxlaqının əsasını xalq əxlaqının norma və tələbləri təşkil edir. Bu əxlaq zorakılıq əxlaqının inkarı kimi meydana gəlmişdir. Dəlilik əxlaqındakı qabarıq şəkildə aşkara çıxan qüvvət və müqavimət ünsürləri məhz buna xidmət edir. Koroğlunun poetik aşıq yaradıcılığı xalqla sıx bağlı olub öz tərəfdarlarına güclü estetik və mənəvi təsir göstərir. Bu poeziya insanları sosial ədalətsizliyə nifrət, xalq işinə sədaqət, onun azadlığı uğrunda mübarizə ruhunda tərbiyələndirir. “Dəlilər əxlaqı” ictimai tərəqqiyə mane olan nə varsa, hər şeyə qarşı mübarizəyə çağıran yüksək əxlaq olub hər cür alçaqlığı inkar edir. Bu inkar xalqa məhəbbətlə, onun azadlığına cəhdlə dolu olub xalq kütlələrinin azadlıq hərəkatının yüksəlişilə səsləşir (Dastandakı “dəlilik” anlayışı qoçaqlığın, güc və əzəmətin, mərdlik və qəhrəmanlığın sinonimi kimi başa düşülməlidir). Koroğlu öz vəzifəsinin mənəvi əhəmiyyətini onda görürdü ki, o öz xalqının azadlıqsevər arzularını ifadə edirdi. “Çənlibel cəmiyyəti” və onun əxlaqi sosial ədalətsizliyə xalq etirazlarının ən yüksək formasıdır. Xalq hərəkatının doğurduğu yeni inqilabi təsir gücünə malik olan bu əxlaqi ideal keçmişin kor-koranə idealizə edilməsi demək deyildir, bu ideal o dövr üçün xalqı öz qüvvələrinə inanmağa çağıran yeni qabaqcıl humanist idealların təzahürünə səbəb olur.
“Koroğlu” qəhrəmanlıq dastanının əxlaqi idealı xalq kütlələrini sosial ədalətsizlikı doğuran qaydalara qarşı etiraz etməyə ruhlandırır. Bu idealda insanların mənafeyinə uyğun olaraq cəmiyyətin daha da inkişafına olan ümid və cəhdlər ifadə olunmuşdur. Bu ideal keçmişdə mövcud olan gələcəyə istiqamətləndirmişdir.
Əxlaqi ideal özündə ən yaxşı əxlaqi sərvətləri cəmləşdirib ümumiləşdirərək yalnız əxlaqi cəhətdən mükəmməl keyfiyyətləri əks etdirmir, eyni zamanda, onları o şəkildə inikas etdirir ki, bu nümunə ən ümumi kimi qəbul edilə bilsin, ideal şəxsiyyətin ləyaqəti və məziyyətləri daha çox adamın malına çevrilsin.
Hər bir ictimai sistem öz ideal şəxsiyyətini
formalaşdırır. İnsan nəsilləri tərəfindən yaradılan
mənəvi-etik sərvətlər cəmiyyətdəki
sosial-iqtisadi dəyişiklər baş verdikcə,
keçmişin irsi adı altında gərəksiz bir şey
kimi kənara atılmamış, əksinə, hər bir yeni
nəsil bu irsin mütərəqqi ünsürlərindən
istifadə edərək, onu zənginləşdirir və daha
da inkişaf etdirir.
Çənlibel burada vətən anlayışı ilə
eyniləşdirilmiş və onu göz bəbəyi kimi
qorumaq hər bir igidin borcuna çevrilmişdir. Namərdlik
(“müxənnətlik”), alçaqlıq və xəyanət,
qorxaqlığa nifrət bəsləmək bu ideal cəmiyyətin
sosial-mənəvi həyatının ayrılmaz cəhətləri
hesab edilir, Çənlibeldə sənətə və sənətkara
hörmət qəhrəmanlıq qanunlarından irəli gəlir.
Çənlibeldə aşıqlıq sənəti
özü də qəhrəmanlıqla sıx əlaqədardır.
Məlumdur ki, xalqın ağıl və zəkasını
özündə birləşdirən Koroğlu Vətənin
istiqlaliyyəti uğrunda qılınc çalan qəhrəman
bir sərkərdə olmaqla yanaşı, həm də
xalqını yadelli işğalçılara qarşı
üsyana səsləyən saz-söz sənətkarı kimi
də məşhur olmuşdur. Koroğlunun
aşıqlığı, şairliyi onun qəhrəmanlığı
ilə vəhdət təşkil edir. Koroğlunun
aşıqlığı bəzən onun qəhrəmanlığının
davamı olub bu qəhrəmanlığı tamamlayır:
aşıqlıq sayəsində Koroğlunun qəhrəmanlığı
reallaşır, yüksək nöqtəsinə çata
bilir. Aşıq şair Koroğlunun hünəri
qəhrəman Koroğludan geri qalmır.
Çənlibel
sosiumunda azadlıq anarxiya, hərc-mərclik doğurmur, əksinə,
burada müəyyən nizam-intizam, qayda-qanun hökm
sürür: “Çənlibelin öz qayda-qanunları
vardı. İş zamanı hamı işdə,
məşq zamanı hamı məşqdə, keyf zamanı
hamı keyfdə olardı”.
Burada dəli həm əsgər, həm də azad vətəndaşdır. Dəli azad əsgərdir.
Koroğlunun başçılıq etdiyi ordu,
7777 azad dəli, keyfiyyətcə ətraf aləmdən fərqlənir.
Koroğlunun ordusunda bacarıqlı sərkərdələr
yalnız savaş zamanı sərkərdəlik edirlər,
dinc vaxtlarında isə sıravi dəlilərdən çox
da fərqlənmirlər. Başçılarla
dəlilər arasındakı (vuruşma vaxtı) münasibətlər
rəis və tabe münasibətləri deyil, mərdlər
arasındakı qardaşlıq münasibətləridir.
Hərəkətlər (hücum, yaxud müdafiə
tədbirləri) əmrlə yox, məsləhətlə,
ümumi rəyə əsasən icra olunur. Dastanda ümumən itaət ruhunun inkar edilməsi
burada da özünü göstərir. Qarşılıqlı
münasibətlərdə bütün prinsiplər demokratik
ruhla əvəz olunmuşdur. Demokratik əhval-ruhiyyənin
həm dinclik, həm də hərb zamanı hökmran
olması dəlilərə daha da qol-qanad verir, Çənlibelin
varlığı üçün əsas şərt olan
azadlıq əxlaqi azadlığın, davranış
azadlığının təzahürüdür -
çünki burada cəmiyyətin hökmü ziddinə
heç bir hərəkətə yol verilmir. Xüsusilə, azadlıq qəhrəmanlıqla vəhdətdə
ideal cəmiyyətin daha sıx birləşməsinə və
vahid mübarizə istiqamətini təmin edir və daha
geniş məna daşıyır. Çənlibel
icmasının rəhbəri Koroğlu obrazı sosial həyatın
obyektiv xüsusiyətlərini, eləcə də, insan təbiətinin
fərdliyini özündə əks etdirən obrazdır.
Çənlibellilərin qəhrəmanlığı
onların nail olduqları, əldə etdikləri azad həyatın
mühafizəsini qüvvətləndirir. Çənlibeldəki
azad həyat inkar etdiyi əsarətə əsaslanan mövcud
feodal mütləqiyyət quruluşunu lərzəyə
saldığına görə, onun sosial əhəmiyyəti
daha da artır, itaətə boyun əymək istəməyən
bütün güclü, ləyaqətli, seçmə
oğlanlar bu azad məkana axışıb gəlirlər.
Çənlibel azad və qəhrəman
insanların birliyinə çevrilir. Burada
Çənlibelin bütün daxili qayda-qanunları hər bir
dəlinin qəhrəman kimi fəaliyyətini təmin edir, bu
birliyin bərabərhüquqlu üzvü kimi bütün
bacarıq və qabiliyyətlərini aşkara
çıxmasına imkan yaradır, eyni zamanda, onlardan yüksək
qəhrəmanlıq qanunlarına ciddi riayət etməyi tələb
edir. “Koroğlu” dastanında qəhrəmanlığın
sosial məzmunu geniş məna daşıyır. Dastandakı müxtəlif qollar və epizodlar bu
fikrin təsdiqinə xidmət edən, onu qoruyan bir vasitə
olduğu kimi, Koroğlunun azadlığa ehtiyacı, meyili də
qəhrəmanlığın formalaşmasına imkan
yaradaraq, onu gerçəkləşdirmişdir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev Bakıda Koroğlu abidəsinin
açılışındakı nitqində “Koroğlu” dastanının milli Azərbaycan
idealının azərbaycançılığın təcəssümü
olduğunu xüsusi
vurğulamışdır: “Gənc nəslin tərbiyə
edilməsində “Koroğlu” dastanı çox mühüm
bir vasitədir. Çünki gənc nəslimiz
vətənpərvərlik ruhunda böyüməli, tərbiyə
almalıdır. Müstəqil Azərbaycanın
vətəndaşları öz Vətənini, xalqını
sevməlidirlər. Koroğlu xalq içərisindən
çıxmış, xalq üçün yaşamış
gözəl insan, böyük sərkərdə idi. Koroğlu, eyni zamanda, istedadlı insan idi - həm
şair, həm aşıq idi. Bir daha demək
istəyirəm ki, Azərbaycan xalqının ən gözəl
xüsusiyyətləri onda var idi və bizim gənclərimiz
keçmişimizdə olan müsbət obrazları da bilməlidirlər,
yaxından, dərindən tanımalıdırlar. Biz
keçən il müstəqilliyimizin 20
illiyini qeyd etmişik. Ancaq bizim çox
böyük, zəngin tariximiz, mədəniyyətimiz
vardır. Şifahi xalq
yaradıcılığımız vardır. Gözəl əsərlərimiz, dahi şəxsiyyətlərimiz
vardır. Bizim vətəndaşlar,
xüsusilə, gənclər o dahi şəxsiyyətləri
tanımalıdırlar. Koroğlu da haqq-ədalətin
tərəfində idi. Koroğlu
kasıbların tərəfində idi. Koroğlu
ədalətsizliyə dözməyən və ədalətsizliyə
qarşı vuruşan görkəmli şəxsiyyət, sərkərdə,
gözəl vətəndaş idi. Biz, bir
daha demək istəyirəm ki, gənc nəsli bu müsbət
nümunələr əsasında tərbiyə etməliyik.
Mən çox şadam ki, Azərbaycan gəncləri
vətənpərvərdirlər, Vətənə
bağlıdırlar, Vətəni sevirlər. Bizim vətəndaşlar haqlı olaraq, qürur
hissi keçirirlər ki, biz hamımız Azərbaycan vətəndaşıyıq.
İyirmi il ərzində ölkəmiz
böyük və şərəfli yol keçmişdir,
bütün sahələrdə böyük uğurlara imza
atmışdır. Uğurlarımızın təməlində
məhz milli-mənəvi dəyərlər dayanır. Güclü iqtisadiyyat yaratmaq olar, bölgədə
güclü mövqelərə malik olmaq olar, - halbuki bunun
üçün də çox çalışmaq
lazımdır, - ancaq milli-mənəvi dəyərlər
olmadan heç bir ölkə, heç bir xalq inkişaf edə
bilməz. Bizim
üstünlüyümüz ondan ibarətdir ki, gənc və
güclü dövlətimiz möhkəm təməl üzərində
qurulubdur. Çoxəsrlik tarix, mədəniyyət
üzərində qurulubdur. Milli-mənəvi
dəyərlər bizim üçün ən vacib məsələdir.
Biz, təbii ki, ümumbəşəri dəyərləri
bölüşürük. Ancaq bizim
üçün başlıca dəyərlər öz milli
Azərbaycan dəyərlərimizdir.”
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru
Azad Azərbaycan.-2014.- 25 aprel.- S.5.