Qobustandakı daş
kitabələrin analoqu yoxdur
AzərTAc
xəbər verir ki, İtaliyanın “Corriere della sera” qəzetinin
saytında Azərbaycanda səfərdə olan yerli jurnalist
Karlo Vulpionun hazırladığı reportaj və məqalə
yerləşdirilib.
Müəllif oxucuların və izləyicilərin diqqətinə çatdırır ki, bütün dünyada “Avrasiya dəhlizi” kimi tanınan Azərbaycan iki min ildən artıq qədim tarixə malikdir. Bu ölkənin Böyük İpək Yolu üzərində yerləşməsi, məşhur italiyalı səyyah Marko Polonun Azərbaycana səfəri qədimliyin göstəricilərindən sayılır. Məlumat verilir ki, Qobustan ərazisində Böyükdaş qayasının aşağı terrasındakı qaya daşı üzərində Roma yazıları vardır. Qədim latın əlifbası ilə yazılmış kitabədə “İmperator Domisian Sezar Avqust Germanikusun dövrü Lütsi Yuli Maksim XII ildırım sürətli legionun senturiyası” sözləri əks olunub. Yazılar eramızın I əsrinə aiddir. Qobustandakı daş kitabələrin Qafqaz regionunda analoqu yoxdur.
Jurnalist Azərbaycanın zəngin enerji ehtiyatları barədə də danışır. Qeyd edir ki, Azərbaycan neft və qaz ehtiyatlarına görə dünyanın öndə gedən ölkələrindən biridir. Dünyada ABŞ və Çindən sonra üçüncü ən böyük qaz istehlakçısı olan Avropa İttifaqı üçün Azərbaycan önəmli ölkədir. İtaliya da bu sahədə Azərbaycan ilə əlaqələrə xüsusi önəm verir. Avropa ölkələri ilə Azərbaycan arasında enerji əməkdaşlığının əhəmiyyəti dünyada cərəyan edən böhranlardan sonra ikiqat artıb. Müəllif Azərbaycanın energetika naziri Natiq Əliyevin sözlərinə də yer verir: “Azərbaycan vasitəsilə Avropaya enerjinin daşınması yeni İpək Yolu cızmış oldu, çünki bu layihə dünya enerji xəritəsini dəyişməkdədir və Azərbaycan kimi yeni oyunçular meydana çıxarmaqdadır”.
“Şahdəniz” yatağı barədə məlumat verən jurnalist bildirir ki, nəhəng qaz ehtiyatlarının cəmləşdiyi bu yataq bir neçə layihənin reallaşmasında istifadə olunacaq. 2019-cu ildə başa çatdırılması nəzərdə tutulan TAP boru kəməri vasitəsilə ildə 10 milyard kubmetr qaz nəql ediləcək. TAP geosiyasi baxımdan da böyük əhəmiyyət kəsb edir. Belə ki, bu layihənin həyata keçirilməsi ilə əslində bir çox ortaq cəhətləri paylaşan iki fərqli dünya və müxtəlif mədəniyyətlər arasında bağ yaranmış olacaq.
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda həyata keçirilən enerji strategiyası barədə məlumat verən jurnalist vurğulayır ki, ötən əsrin 90-cı illərinin ortalarından bu ölkədə müvafiq istiqamətdə “açıq qapı” siyasəti yürüdülməyə başlandı. “Əsrin müqaviləsi”nin imzalanması ilə dünyanın müxtəlif ölkələrinin nəhəng enerji şirkətləri Azərbaycana maraq göstərməyə başladı. Azərbaycanda enerji sektoru heç də yeni çiçəklənən sahə deyil. Bu ölkədə hələ XIX əsrdən başlayaraq zəngin neft yataqları aşkar olunub. 1848-ci ildə Bakıda dünyada ilk dəfə olaraq buruq üsulu ilə quyu qazılmış və neft fontanı vurub. Dünyada ilk neft tankeri “Zoroaster” 1879-cu ildən Bakıda Nobel qardaşları tərəfindən istifadə olunub. Bu gün isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti öz çoxəhatəli fəaliyyəti ilə nüfuzlu neft şirkətləri sırasına daxil olmaqdadır.
Diqqətə çatdırılır ki, alov və atəş Azərbaycanda hər zaman önəmli rəmzlər kimi qəbul olunub. Yanardağda alovlanan təpə bu ölkənin ərazisində yerin dərin qatlarında qazın üzə necə çıxmasını nümayiş etdirir. Burada yerin dayanmadan alovlanması sözlərlə ifadə edilməsi mümkün olmayan qeyri-adi, inanılmaz bir mənzərə yaradır.
Karlo Vulpio ölkəmizdə gördüklərini belə təsvir edir: “UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən Şirvanşahlar sarayı, Qız qalası kimi abidələrin yerləşdiyi Bakı gözoxşayan memarlığı ilə seçilir. Müasir “Alov qüllələri” kompleksi, Dənizkənarı Bulvar, yeni mehmanxanalar və restoranlar, evlərin pəncərələrindən görünən neft buruqları bu şəhərdə yaşamağa böyük istək yaradır. Azərbaycan xalçaları UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib. “Eurovision-2012” mahnı müsabiqəsinə ev sahibliyi etmiş Azərbaycanda 2015-ci ildə ilk Avropa Oyunları keçiriləcək”.
Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələrinin mehriban şəraitdə yaşadığını qeyd edən müəllif bildirir ki, dünyanın digər müsəlman ölkələrində və postsovet məkanında müşahidə olunmayan yüksək tolerantlıq mühitinə məhz Azərbaycanda rast gəlinir. Ölkəmizin müxtəlif bölgələrini dolaşan jurnalist Qəbələdə, Şirvanda, Şəkidə, Gəncədə mövcud olan məscidlərdən, dini məbədlərdən də söz açır.
Karlo Vulpio, həmçinin Naftalan neftinin müalicəvi əhəmiyyətindən bəhs edərək diqqətə çatdırır ki, dünyanın müxtəlif ölkələrindən yüzlərlə insan bu şəhərə şəfa tapmaq üçün üz tutur.
M.Dadaşov.
Azad Azərbaycan.- 2014.- 20 avqust.- S.7.