Milli muğamlarımızın zənginliyi

 

Qədim dövrlərdən meydana gələn muğam musiqisi haqda bizə ilk məlumatı orta əsrlər verir. Məlumdur ki, o dövrdə Azərbaycan poeziyası yüksək çiçəklənmə mərhələsinə çatmış və onun ən yaxşı nümayəndələri olan Xaqani, Nizami, Nəsimi, Füzuli və başqaları bütün dünyada şöhrət qazanmışlar.

Poeziya - orta əsr Azərbaycan incəsənətinin ən parlaq və yüksək nailiyyətlərindən biridir. Təəccüblü deyil ki, öz təbiəti etibarilə ahəngdar incəsənət olan musiqi poetik yaradıcılığın nailiyyətlərindən geniş istifadə edirdi. Buna klassiklərin poeziyası ilə üzvi surətdə bağlı olan bir çox muğamları misal gətirmək olar.

N.Məmmədovun fikrincə, muğamın meydana gəlməsi haqqında rəvayətlərdən biri də bu janrın poetik yaradıcılıqla birgə yaranmasından ibarətdir. Orta əsr Azərbaycanında şeirlərin deklamasiya şəklində oxunması geniş surətdə tətbiq edilirdi. Onun özünəməxsus forması var idi. Şeirləri sözü uzadaraq oxuyurdular. Poetik qafiyəsinin gözəlliyi və quruluşu baxımından öz-özlüyündə ahəngdar olan şeir musiqi deklamasiyalarının yaranmasına imkan verirdi. Güman etmək olar ki, sözü uzadaraq deyilən deklamasiya üslubca reçitativ quruluşda olan muğam melodiyalarının meydana gəlməsinin qaynaqlarından biri olmuşdur. Muğamın hələ qədimdən klassik şairlərin şeirlərində ifa olunmasını nəzərə alsaq, bu fikir həqiqətə uyğun olar. Bundan əlavə, reçitativə poeziya ilə musiqi arasında keçid forması kimi baxmaq lazımdır.

Muğamların meydana gəlməsi haqqında məşhur rus folklorçu alimi V.M.Belyayev göstərir ki, kənd folkloru ilə əlaqədə olan aşıq yaradıcılığının inkişafı ilə paralel olaraq “Azərbaycan şəhərlərində yazılı poeziya və ədəbiyyatın inkişafı ilə əlaqədar xalq professional incəsənətinin başqa növü - xanəndə yaradıcılığı inkişaf etmişdir”.

Reçitativ muğam melodiyalarının meydana gəlməsini Quran mətnlərinin uzadılaraq oxunması ilə əlaqələndirən başqa bir mülahizə də mövcuddur. Bu fikri, məsələn, Yəmən musiqişünası Samxa El Xoli təsdiq edir: “İmprovizasiyanın ən qədim və əsil ifadəsi Quran şeirlərinin oxunmasından irəli gəlir, bu oxumanın ritmi prosodiyası ilə əlaqələndirilsə də, melodiyası müğənniyə sözlərin əhəmiyyətindən və mövcud melodik üslubun şərtiliyindən asılı olaraq improvizasiya ixtiyarı verir”.

N.Məmmədov isə yazır: “Yuxarıda dediklərimizlə əlaqədar, öz növbəsində, ehtimal etmək olar ki, muğam melodikası ilk əvvəl vokal formasında meydana gəlmiş, sonralar görünür, ona instrumental ansambl (tar, kamança, dəf) birləşmişdir. Vokal-instrumental muğam daha sonralar inkişaf etməyə başlamışdır. Xalis vokal muğamı yalnız dini ayinlərdə qorunub saxlanmışdır”.

Muğam əsasən estetik funksiya daşıyır. O öz yüksək bədii təzahürü ilə insan fəaliyyətinin bilavasitə bədii olmayan növləri ilə bağlı deyildir. Məhz buna görə də muğamı professional incəsənətə aid etmək olar. Müəyyən ictimai-tarixi şəraitdə muğam özünəməxsus ifadə vasitələrinin köməyi ilə müəyyən dərəcədə emosional məzmun, hətta dövrün fəlsəfəsini özünə birləşdirərək, Avropa bəstəkarlıq yaradıcılığının janrına məxsus bədii rol və funksiya daşımışdır. Başqa cür ola da bilməzdi, çünki yuxarıda qeyd edildiyi kimi, muğamların mətnləri keçmiş klassik şairlərin - Xaqani, Nizami, Nəsimi və Füzulinin şeirlərindən ibarət olmuşdur. Bu sənətkarlar, məlum olduğu kimi, eyni zamanda, alim-filosof olmuş və bütün bədii mədəniyyətin inkişafına böyük təsir göstərmişlər. Muğamın fikri məzmunu poetik mətni fikri məzmununa uyğun gəlirdi.

Poetik mətnlər isə çox vaxt sevgi mövzularına həsr edilir, şairlər tərəfindən böyük həyati ümumiləşdirmələr aspektində verilir və xoşbəxtlik haqqında insanın hüdudsuz arzularını simvolik şəkildə açıb göstərirdi. Muğam sənəti ilə poeziyanın əlaqəsi bədii istiqamətin ümumiliyində, stilistikasında, kompozisiya-quruluş xüsusiyyətlərində təzahür edirdi. Məlum olduğu kimi, poema orta əsr poeziyasının geniş yayılmış janrlarından biridir. Varlığın canlı hadisələri burada yüksək həyəcanlı planda təsvir olunurdu.

Məşhur sovet alimi şərqşünas N.İ.Konradın təsdiq etdiyi kimi, Qərbdə və Şərqdə orta əsr bədii mədəniyyətinin parlaq inkişafı dövründə, yəni renessans dövründə yaradılmış poemaların qəhrəmanı əhvali-ruhiyyə, obrazlı təfəkkürü baxımından romantik səpkidə təsvir edilmişdir. Sonra N.İ.Konrad yazır ki, “renessans şairlərinə, həqiqətən, təsvirlərdə və xarakteristikalarda hədsiz-hüdudsuz mübaliğə, fantastika genişliyi xasdır”.

Hisslərin ekspressivliyi, müəyyən bir emosional vəziyyətdə dərinləşmə, emosiyaların dönə-dönə, çevik surətdə dəyişməsi, geniş kulminasiyalar gərginliyi ilə səciyyələnən muğam sənəti də romantik istiqamətdə inkişaf edirdi. Tədqiqatçı Mina Hacıyeva “Musiqi folklorumuzun mükəmməl abidəsi muğamdır” məqaləsində göstərir ki, hər bir milli mədəniyyətin fərqli, səciyyəli cəhəti onun folklorunun, xalq yaradıcılığı qaynaqlarının orijinallığında, özünəməxsusluğundadır. Folklora qayıdış, maraq heç bir zaman azalmayıb, əksinə, işıqlı fikir sahibləri, zəka mücəssimələri ondan bəhrələnərək zaman-zaman ölməz sənət əsərləri yaradıblar. Lakin burası da həqiqətdir ki, hər bir tarixi dövr öz təkamül, yeniyetmə, mədəniyyət dəyərlərini təkmilləşdirmək inteqrasiyasını irəli sürüb nə zamanın estetik yönümündən, insanların fəlsəfi təfəkkür tərəfindən asılı olaraq folklordan istifadə, ona yanaşma təcrübəsi də dəyişib.

VIII əsrin ən görkəmli musiqişünası, Yaxın və Orta Şərq xalqlarının musiqi nəzəriyyəsinin əsasını qoyan Bəsərli Əbu Əbdürrəhman Xədil, İbn Əhməd Fərahidi, Əbunəsir Məhəmməd Fərabi, Hümam Təbrizi, daha sonra Səfiəddin Urməvi, Əbdülqadir Qeybi oldu. Maraqlı və digər alimlərin musiqiyə dair əsərləri sübut edir ki, peşəkar, klassik musiqi sənətinin ibtidai-memorial formaları hələ quldarlıq quruluşu bərqərar olunduğu dövrlərə təsadüf edir. Çox-çox qədimlərdə, zərdüştlük dövründə çoxsəsli dini nəğmələr oxumağın izləri olduğu da sübuta yetirilmişdir. Şübhəsiz, ki, bu nəğmələrin müəllifi zərdüştün özü olmuşdur.

B.Bertels “Oçerki istorii persidskoy literaturı” kitabında bunu etiraf edir. İslamın meydana gəlməsindən iki əsr sonra müsəlman ruhanilərinin musiqini, mahnını, təsviri sənəti yasaq etdikləri zamanlarda belə xüsusilə Fufizs Hərəkatı ilə əlaqədar çox səciyyəli nəğmələr oxunardı. Hətta müqəddəs kitab Quranı, sadəcə olaraq, mütaliə etməyə icazə verildiyi dövrlərdə də, artıq Quranın surələrini minbərlərdən rozəxanlar muğam üstündə oxumağa başlamışdılar. Bunu danmaq olmaz ki, ən qədim musiqi ənənələrimizin inkişafına dinin güclü təsiri olmuşdur. Din incəsənətin, eləcə də, musiqi mədəniyyətinin təşəkkül tapmasına, sərbəst “əl-qol açması”na həmişə mane olsa da, bu iki məfhum tarix boyu qoşa yaşamış, bir-birilə açıq və gizli ədavət aparmış, hətta musiqi dini təbliğ etmək məcburiyyətində qalanda belə yenə də öz mahiyyətini, varlığını, sosial borcunu xürafatın dar məngənəsindən çıxarmış, Ulu Tanrının xəlq etdiyi insanların ruhu, duyğusunu təlatümə gətirmiş, sevinc və kədərinin tərcümanı olmuşdur.

Belə ki, müəyyən dövr islam dini incəsənətin atsa da istər ədəbiyyat, istər təsviri sənət, istərsə də musiqi sənəti sahəsində Yaxın Şərq, o cümlədən, Azərbaycan xalqı özlərinin ölməz sənət nümunələrini yaratmağa nail olmuşlar. Əlbəttə, sənətdə olan intibah xalqın tarixi ilə, taleyi ilə bağlıdır. Bunları cəmiyyətin inkişaf qanunauyğunluqlarında, ictimai şüurun tədricən formalaşmasında axtarmaq lazımdır. Olduqca keşməkeşli inkişaf yolu keçmiş, tarixin gözlənilməz, amansız zərbələrinə cəsarətlə dözüb ərəb xəlifələri, monqol-köçəri feodal başkəsənləri, İran şahları, Osmanlı paşaları və s. tərəfindən zaman-zaman talan edilən, mənəviyyatı tapdanan Azərbaycan xalqı yenə də öz qədim mədəniyyətini və bu mədəniyyətə daxil olan dəyərlərini qoruyub saxlaya bilmişdir. Əcdadlarımızın bu nailiyyətləri el sənətkarlarının əl işlərində, memarlıq dühasının bəhrəsi olan məbəd və ehramlarda, daş kitabələrdə, qəsidələrdə, rübai və məsnəvilərdə, musiqidə, nəğmədə ulu fikirlər qaynağı olan xalq təfəkkürünün bütün möhtəşəmliyini, əzəmətini özündə cəmləşdirən muğamlarda ölümsüz örnəklərimizlə yaşayır.

X əsrdən başlayaraq tarixə intibah -mədəniyyətinin qızıl dövrü tək həkk olunan orta əsrlərdə Şərq ölkələrində muğam sənəti geniş yayılmağa başlamışdı. Bunların arasında Azərbaycan muğamları öz lad və koloritinin zənginliyi, fəlsəfi tutumu, əzəməti ilə seçilirdi. Şərq xalqlarının musiqi sənətinə, poeziyasına xas olan dünyəvilik, bəşəri hiss, humanizm bütün möhtəşəmliyi ilə muğamlarımızda ehtiva edilib. Muğam Azərbaycan xalqının ruhu, əbədiliyi, idrakı, varlığının parlaqlığının pasportudur.

Maraqlıdır ki, hələ orta əsrlərdən də əvvəl İshaq İbn-İbrahim və əl-Xəlil adında musiqişünaslar öz risalələrində muğamat barədə kifayət qədər təsəvvür yaradıbdır. Memorial janra, yəni musiqinin, mahnının zənginliyinə, muğamlara qayıdış Səfəvilər hakimiyyəti zamanında daha geniş inikas tapmışdır. Məhərrəmlik mərasimlərində, təziyə günlərində Məhəmməd Peyğəmbərin nəslindən olan İmam Əlinin Kərbəla müsibətinin xalqa çatdırmaq müsəlman ölkələrinin bir çoxunda bu ənənə indi də davam edir. İmam Əli və Onun övladları üçün göz yaxı axıtmaq, eləcə də, şiəliyi gücləndirmək naminə “Rast”, “Şur”, “Segah” muğamları üstündə meydanlarda, təziyə məclislərində mərsiyələr deyilər, qəsidələr oxunardı. Şah İsmayıl Səfəvi dövründə 1501-1524 bu ənənə özünün ən yüksək pilləsinə çatmışdır. 1587-1629 illərdə İranın hökmdarı olmuş Şah Abbas da öz sələfinin yolunu davam etdirmişdir. Onun dövründə şiə məzhəbinin banisi İmam Əlinin şəninə şəbeh tamaşaları göstərilir, müxtəlif dini mərasimlər çox təntənəli keçirilərmiş. Bizcə, mükəmməl, kamil muğam ifaçıları məhz həmin dövrlərdən yetişməyə başlamışdır.

Bu gün cəsarətlə və fəxrlə deyə bilərik ki, çağdaş Azərbaycan musiqisinin uğurlarında həmin dövrlərdən qalmış musiqi, mahnı folklorunun, onun memorial qaynaqlarının nailiyyətləri əvəzedilməzdir. Ü.Hacıbəyov yazır: “İndiyədək zamanın və hadisələrin sarsıdıcı təsirinə qarşı möhkəm duran yekanə muğam “Rast”dır. Bu muğam kökünün möhkəm və məntiqli olması onun adının mənasına tamamilə uyğun gəlir: “Rast”-düz, doğru deməkdir”.

XVII əsr Orta Asiya musiqisi-alimi Dərviş Əli özünün musiqi traktatında sələfləri olan görkəmli musiqiçi-alimlər Səfiəddin Urməvi, Əbdülqadir Marağayi, Sultan Üveys Cəlairin nüfuzuna istinad edərək muğamın əmələ gəlməsi haqqında əfsanəvi məlumatlar verir: “Rast muğamı Adəmdən qalmışdır o, ilk insanın əldən çıxmış cənnət və itirilmiş xoşbəxtlik haqqında ağlamasından ibarətdir”.

Zənnimizcə, burada “ağlamağı” həyat və səadət haqqında düşüncələr mənasında başa düşmək lazımdır. Musiqişünas F.Əmmar məlumat verir ki, “Rast” ladı haqqında bizə gəlib çatan nəzəri mülahizələr XIII əsrə aiddir”. Lakin ərəb musiqisi tarixinə aid məxəzlər görkəmli ərəb filosofu və musiqiçisi əl-Kindinin (IX əsr) dövründə yayılmış elə bir lad haqqında xəbər verir ki, bizim ona bir növ “Rast” ladının kökü kimi baxmağa haqqımız vardır. Bu lad “Xinsar fil binsar” adı altında əl-Ükeylinin (XX əsr) əvvəlindəki səkkiz lad içərisinə daxildir. Müasir ərəb musiqişünası bunu əl-İsfahaninin (IX əsr) “Böyük mahnı kitabı”ndan götürmüşdür.

Böyük Azərbaycan bəstəkarı Fikrət Əmirov muğamlara və muğamların milli varlığımızla bağlılığına işarə edərək yazır: “Muğamlar bütünlükdə və ayrı-ayrılıqda hər biri poetik obraz, təsəvvür və fəlsəfi ideyalar aləmini əks etdirir. Bu aləmə sahib olan və onu kütləyə yetirə bilənlər, hər şeydən əvvəl, xanəndə-müğənnilər və onları müşayiət edən virtuoz ifaçılar olmuşlar. Xanəndələr təkcə gözəl səsə, həm də kişilər üçüm qeyri-adi dərəcədə yüksək olan tessituraya malik olmur, eyni zamanda, xalq musiqiçilərinin bir çox nəsilləri tərəfindən toplanmış muğam ifaçılığı təcrübəsinin gözəl biliciləri olurdular. Muğam üslubunda improvizasiya böyük rol oynayır. Muğam melodiyasının intonasiya zənginliyi hər bir ifaçı-xanəndənin fərdi fantaziya və sənətkarlığından asılı olur. Lap qədim zamanlardan başlayaraq muğamlar Şərqin böyük söz ustalarının poeziyası ilə möhkəm şəkildə bağlı olmuşdur: muğamlarda oxunan mətnlərdə Nizami, Nəsimi, Füzuli, Xaqani və başqa görkəmli Azərbaycan şairlərinin əsərlərindən istifadə edilmişdnr. Odur ki, muğam ifaçıları, eyni zamanda, bu böyük şairlərin yaradıcılığının təbliğatçısı kimi də çıxış edir, onların ölməz poetik incilərinin geniş kütlə içərisində yayılmasına kömək göstərmiş olurdular”.

 

CAVANŞİR

Azad Azərbaycan.- 2014.- 26 avqust.- S.5.