Stalinin müəmmalı
ölümü
1953-cü
il martın 9-da Moskva şəhərinin
Qızıl meydanında SSRİ-nin banisi İosif Stalinin dəfn
mərasimi keçirildi. Stalini bütün
dünya tanıyırdı və ondan çəkinirdilər.
1953-cü ilin martında Stalinin ölümü
bütün Sovet İttifaqını lərzəyə
saldı. İddialara görə xalqlar atasının
ölümü təsadüf olmayıb. Əzrayılı
onun düşmənləri “dəvət” ediblər. Eyni
zamanda söylənənlərə əsasən, düşmənləri
“qırmızı rahib”i rəsmi ölümündən 6 il öncə o dünyaya yola salıblar. Bu
versiya reallıqdan uzaq görünsə də, bəzi
faktlarla tanış olduqdan sonra bunun real
ola biləcəyi barədə fikirlər yaranır.
Uğursuz
qəsd
Stalinin uzunmüddətli hakimiyyət dövründə
onun həyatına cəmi bir neçə dəfə sui-qəsd
təşkil edilib. O, 29 il dövlət rəhbəri vəzifəsini
tutub.
İosif ətrafında elə bir qoruma halqası
qurmuşdu ki, ona yaxınlaşmaq praktik olaraq mümkün
deyildi. Kreml dağlısının ölümündən
sonra yerli və xarici tarixçilər arxiv materialları əsasında
aydınlaşdırıblar ki, İosif Stalini bir dəfə
yox, bir neçə dəfə qətlə yetirməyə cəhd
ediblər. İki dəfə yapon
xüsusi xidmət orqanı əməkdaşları Stalini qətlə
yetirmək istəyib. 1939-cu ildə
Maçestedə Uzaq Şərq xüsusi xidmət
orqanının əməkdaşı Lyuşkov millətlər
atasına atəş açmalı idi. İkinci
dəfə isə yaponlar Mavzoleyin altına mina yerləşdirmək
istəyiblər. Tula hərbi qarnizonunun
leytenantı Danilov da Stalini qətlə yetirməyə cəhd
edib. 1942-ci ildə dezertir Saveli Dmitriyev
hökumət maşınına atəş açır.
O, elə bilirdi ki, Stalin avtomobildə oturub. Bu
sui-qəsdlər təfərrüatı ilə
araşdırılıb. “Böyük
sıçrayış” əməliyyatı isə
diversiyanın qarşısını almaq üçün əla
misallardan biri sayılır. 1943-cü ildə
Tehran konfransı zamanı Stalini qətlə yetirmək istəyiblər.
Amma 1947-c ilin martında həyata keçirilən
sui-qəsd barədə heç bir arxivdə material yoxdur.
Bu isə belə də olmalıdır.
Çünki bu qəsd nəticəsində Stalini nəinki
öldürdülər, hətta işi elə qurdular ki, guya
o, sağdır və sonra 6 il də
böyük SSRİ imperiyasına rəhbərlik edib. Ən maraqlısı da odur ki, bunu heç kəs
bilmədi. Məsələdən
yalnız Stalinin yaxın ətrafında olan və qəsd
planına daxil olan şəxslər xəbərdar idi. Qısası, baş vermiş dəhşətli
cinayətin izləri qalmışdı. Bunu
sezmək üçün baş verən hadisələri diqqətlə
analiz etmək lazım idi. Bu barədə
gizli arxivlərdəki yazılara və o illərə aid qəzet
səhifələrindəki fotolara baxmaqla qərara gəlmək
mümkündür. Bu illərdə
Stalinin ölümü barədə dolaşan şayiələri
nəzərə almasaq, heç kəs buna əhəmiyyət
vermədi. Bununla belə, sübutlar
çox idi və sadəcə, onlara diqqət yetirmək kifayət
idi.
Qəfil
xəstəlik
1947-ci il SSRİ üçün mürəkkəb
bir dövr idi. Bu ildə bütün ölkə
Böyük Oktyabr Sosialist İnqilabının 30 illik
yubileyini qeyd etməyə hazırlaşırdı. Ölkəni müharibənin odundan-alovundan
keçmiş, savaş sonrası sınaq illərindən
üzüağ çıxmış Lenin kursunun təntənəsini
möhtəşəm qeyd etmək istəyirdilər. Millətlər atası da bütün ölkə ilə
birgə yubileyə hazırlaşırdı. Təbii ki, Stalin əlini-ağdan qaraya vurmayacaq, sadəcə,
tədbirləri izləyəcəkdi. Eyni
zamanda o, müntəzəm olaraq, dövlət kabinetini zərərli
və tənbəlləşmiş silahdaşlarından təmizləməyi
vəzifə sayırdı. 1947-c ildə
İosifin əlində məhv ediləcək şəxslərin
siyahısı var idi. Siyahı kifayət qədər
böyük idi. Bu o demək idi ki, rəhbər
növbəti “böyük təmizlik” işini həyata
keçirmək istəyirdi. Bu əməliyyatın
taranı missiyasını, yəni tarix arenasından “siyasi
zibili” kürüyüb atan buldozer rolunu Stalinin ən sevimli sərkərdələrindən
biri, müharibə qəhrəmanı marşal Jukov yerinə
yetirməli idi. Əsas zərbə
müharibədə birbaşa iştirak etməyən, amma
müharibədən sonra əldə edilən uğura şərik
çıxan, ölkədəki hakimiyyəti ələ
keçirmək istəyənlərə qarşı yönəlmişdi.
İlk növbədə onun hədəfi Beriya
və Malenkov idi. Stalin anlayırdı ki,
bu siyasi duet, hələlik, “yatsa” da, müşahidə
mövqeyindədir - ölkəyə necə rəhbərlik
edəcəklərini görür, bunun planını
cızırlar. “Millətlər atası”
Sovet hakimiyyətinin 30 illiyini yeni rəhbər işçilərlə
qarşılamaq və qeyd etmək istəyirdi. O, istədiyinə
nail oldu. Versiyalardan birinə görə, Beriya və Malenkov
“qoca”nı qabaqladılar – Beriya hər
zaman Stalini “qoca” adlandırırdı.
Beriya bilirdi ki, qəddar Stalin təmizləmə işinə
başlayacaq.
Onun bu barədə məlumatı var idi.
Çünki Stalinə yaxın olan adamlardan Lavrenti
Pavloviçə məlumat ötürənlər heç də
az deyildi. Beriya bu dönəmdə
SSRİ Nazirlər Kabineti sədrinin müavini vəzifəsini
tuturdu və ölkəyə rəhbərlik edən Siyasi
Büronun yeddi üzvündən biri idi.
Lavrenti
Stalinin ətrafındakı insanları “təmizləmək”,
daha çox sadiq insanı rəhbərə yaxın işlərə
yerləşdirmək üçün hər yola əl
atırdı. Belə bir vaxtda Daxili İşlər
Komitəsi rəhbərliyinə Viktor Abakumovun namizədliyini
irəli sürdü. Abakumov öz növbəsində
Beriyaya həddən artıq sadiq biri idi. Tezliklə
Beriya Stalinin mühafizə xidmətinin rəisi general Vlasikə
qarşı hiyləgər bir oyun qurdu. Nəticədə
“Bağ evi”nin komendantı, Vlasikin
işçisi Fedoseyev həbs edildi. General özü
isə Stalinə qarşı sui-qəsd planlaşdırma maddəsi
ilə ittiham edildi. Sonra isə Vlasik gözdən
düşdü. Sui-qəsdçilərə
də elə bu lazım idi. Stalinin ətrafında
tanımadığı çoxlu insan peyda oldu. İosif, demək olar ki, onları
tanımırdı, bu adamlara etibar etmək olmazdı. Təəccüblü deyil ki, 1947-ci ilin martında
bu şərait həlledici rolunu oynadı. Stalin qəflətən ağır xəstəliyə
mübtəla oldu və heç bir müalicə onun
sağalmağına vəsilə olmadı. Rəhbərin 3 ay ərzində dünyasını
dəyişdiyi xəstəlik sulgin dərmanını qəbul
etdikdən sonra başladı. Bu dərmanı
Stalin mədə-bağırsaq sistemində problem yarananda qəbul
edirdi. Dərmanı qəbul etdikdən
sonra onun sağlamlığında ciddi problemlər yarandı
və nəticədə “millətlər atası”
dünyasını dəyişdi.
Bu xəstəliyin tarixçəsi barədə arxiv məlumatları
saxlanılıb. Stalinin yeməyi ciddi surətdə
yoxlanılsa da, sui-qəsdçilər onu zəhərləyə
bildilər. Heç şübhəsiz ki,
bu işdə Beriyanın əli var idi. Çünki
SSRİ dövlət idarəsində dolayısı yolla Beriyanın
rəhbərliyi altında xüsusi laboratoriya fəaliyyət
göstərirdi. Rəhbəri Georgi Mayranovski
olan bu laboratoriya zəhər üzrə mütəxəssis
yetişdirirdi. Ən müasir
avadanlıqlarla təchiz edilmiş laboratoriyada sirli və
müəmmalı qətllər üçün nəzərdə
tutulmuş zəhərləyici maddələrin
hazırlanması və sınağı nəzərdə
tutulmuşdu.
Stalin zəhərləndikdən sonra əzablı və
asta addımlarla ölümünə
yaxınlaşırdı. Silahdaşlarının
qərarı ilə sui-qəsdə məruz qalan “millətlər
atası” bundan sonra cəmi 3 ay yaşadı. Sonra isə, rəsmi məlumatlara görə, 1947-ci
ilin iyununda hansısa möcüzə nəticəsində
Stalin sağaldı. Amma əslində, o,
dünyasını dəyişmişdi. Çox
güman ki, 1947-ci ilin martında İosif artıq vəfat
etmişdi.
“Ölü
şir” kabusu
Başqa bir versiyaya görə, İosif Stalini heç kəs
qətlə yetirməyib. Ölüm səbəbi
səhhəti ilə bağlı olub. Müharibə
dövründə onun sağlamlığı korlanıb və
nəticədə “millətlər atası”
dünyasını dəyişib.
İstənilən halda, bütün dünyaya rəhbərin
öldüyünü bəyan etmək Sovet
İttifaqının mövcudluğunu təhlükə
altına qoyurdu. Almanlarla müharibə bitsə də, ölkə hələ
qüvvəsini bərpa etməmişdi və soyuq müharibə
dövrünün 1 ili geridə
qalmışdı. SSRİ-nin düşmənləri
sayılan ABŞ və İngiltərə atom silahına artıq
sahib idilər və bundan Sovet İttifaqına qarşı
istifadə etmək barədə plan cızırdılar.
Amma Sovetlərin hələ də nüvə
silahı yox idi. Stalinin ölümü SSRİ-nin
nüvə silahı basqınına məruz qalmasına səbəb
ola bilərdi. Amerika kəşfiyyatının
əldə etdiyi məlumata görə, Stalinin əmri ilə
SSRİ-də nüvə silahı hazırlamaq üzərində
gərgin iş gedir və tezliklə, Qərbin bu sahədəki
hegemonluğuna son qoyulacaqdı. Bu səbəbdən
də, əgər Stalin dünyasını dəyişibsə,
Sovetlər Birliyini nüvə silahı ilə bombalayıb,
imperiyaya son vermək Qərb üçün əla plan idi.
Eyni zamanda nəzərə almaq lazımdır
ki, rəhbərin ölümündən sonra ölkədə
hakimiyyət uğrunda mübarizə başlayacaqdı. Stalinin inkarolunmaz avtoriteti SSRİ rəhbərliyinə
Şimali Avropa ölkələri və Çin
respublikasının liderləri ilə mürəkkəb məsələləri
yoluna qoymağa kömək edirdi.
Bu səbəbdən də, ölkənin yüksək
rütbəli məmurlarından ibarət qrup “millətlər
atasının” ölümünün gizli qalması, heç
kəsin bundan xəbər tutmaması üçün hər
çarəyə əl atdı. Dünyasını dəyişən
rəhbəri gizli surətdə dəfn etdilər. Onun yerinə isə, Stalinin oxşarlarından birini
təyin etdilər. 1930-cu illərin
sonlarında İosifin bir neçə oxşarı var idi.
“Millətlər atası”na həddən
artıq bənzəyən oxşar oyuna qoşuldu. Amma söyləmək lazımdır ki, prosesin
gedişində bəzi səhvlər oldu. Bu
səhvlər isə, nəinki rəhbərin yanında olan
şəxslərin, eyni zamanda siyasətdən uzaq
insanların da diqqətini cəlb etdi.
Olduğu
kimi qalan lider
1947-ci ilin mayında Stalin Mavzoleyin önündəki
tribunada peyda oldu. O, hər zaman olduğu kimi, birinci cərgədə,
ortada dayanmışdı. Onun sağında və
solunda Şkiryatov və Budyonnı durmuşdular. Burada
iki versiya səslənir: ola bilər ki,
oxşar hələ də roluna hazır deyildi. Və
ya Stalinin silah yoldaşları bunun necə qəbul
olunacağını öyrənmək istəyirdilər.
Görəsən, zəhmətkeşlər
oxşarı necə qəbul edəcəkdilər? Sonra isə verilən reaksiyalar dəyərləndirilməli
və yeni planlar tərtib edilməli idi. Xalqın
reaksiyası dərhal özünü göstərdi. Bütün ölkədə Stalinin
dünyasını dəyişdiyi, qəddar düşmənlərinin
isə bunu xalqdan gizlətdiyi barədə şayiələr
dolaşmağa başladı. Artıq
tufan əlamətləri görünürdü. Bu zaman təşvişə düşən sui-qəsdçilər
iki gün sonra oxşara yeni tapşırıq verdilər.
O, kütlə qarşısına çıxmalı idi!..
Bu dəfə də problem yaşandı. Mayın 3-də
Kremldə hərbi parad şərəfinə düzənlənən
yalançı tədbirdə Stalin silahdaşlarının əhatəsində
peyda oldu. Amma Stalinin oxşarı ona
tapşırılan rola o qədər də
alışmadığından, bütün gecə boyu bir dəfə
də olsun ağzını açıb bir kəlmə
söz işlətmədi. Bütün gecə boyu tost
deyərək, səsini çıxarmayan “millətlər
atası”nı qəribə baxışlarla
süzən Molotov, rəhbəri vəziyyətdən
çıxardı. Yəqin ki, yalançı
Stalin rolunun sözlərini lazım olduğu kimi əzbərləyə
bilməmişdi. Eyni zamanda, unutmaq olmaz ki, onun
yanında Stalinin əvvəllər səsini və söhbətlərini
canlı-canlı eşitmiş insanlar vardı. Əgər
saxta rəhbər ağzını açsa, onlar məsələni
anlaya bilərdilər.
Stalin mühitindən və burada hökm sürən
qaydalardan xəbəri olan hər bir insan onun hənirtisini və
pıçıltısını belə duyan yaltaqların
birdən-birə cəsarətləndiyini anlaya, arxalarında
qəddar rəhbərin olduğunu bilə-bilə necə
zarafatlaşıb güldüyünü başa düşə
bilərdi.
Bir ay
sonra, 1947-ci il iyun 20-də, Rusiya Ali
Sovetinin sessiyasının açılışında saxta
Stalin yenidən “quş buraxdı”. Rəyasət
kürsüsünə qalxan “Stalin” adətən, oturduğu
yerdə yox, arxa tərəfdə əyləşdi. O,
burada tək oturaraq, Beriya, Bulqanin, Malenkov, Molotov, Mikoyan və
digərlərindən ibarət söhbətcil və
qızğın mübahisə edən dəstəyə
qoşulmadı.
Bəlkə də, rəhbərin oxşarı əsl
siyasi rəhbərlərin oturduğu məclisə
yaxınlaşmağa özündə güc və cəsarət
tapmayıb. Ya da ki ona konkret yer göstərərək, oradan
çıxmamağı əmr ediblər.
Eyni ilin noyabrında, Oktyabr inqilabının 30
illik bayram tədbirində Stalin Mavzoleyin tribunasına
qalxmadı. Bunun səbəbləri
var idi. Birincisi, tribunada əsl Stalini tanıyan
çox insan olacaqdı. Bu səbəbdən,
saxta rəhbəri görüb, məsələni o dəqiqə
anlayacaqdılar. Bu isə ciddi problemlərə səbəb
ola bilərdi. Bu vəziyyəti
əvvəldən görüb analiz edən sui-qəsdçilər
oxşarı Mavzoleyə buraxmamaq qərarına gəldilər.
Bəs
Stalinin oxşarı kim idi? Bəzi
iddialara görə, Stalin rolunu Vinnisa sakini Yevsey Lyubski
oynayırdı. O, real həyatda Stalinə həddindən
artıq bənzəyirdi. Lyubski 1980-ci ildə
Düşənbədə dünyasını dəyişdi.
Sui-qəsdçilər tərəfindən ölkəyə
təqdim edilən, 6 il “millətlər atası” rolunu ifa edən
saxta Stalin isə, həqiqətən də, 1953-cü il mart
5-də vəfat edib. Çox güman ki, o da
Beriya tərəfindən zəhərlənib. Tibbi ekspertiza aktları bunu təsdiq edir.
Həkimlər hökumət bağında ölən və
son illər Stalin adı altında yaşayan şəxsin cəsədini
ətraflı surətdə incələyiblər. Bu təhqiqatlara
görə, həmin şəxsdə əsl Stalinin sahib
olduğu anatomik xüsusiyyətlərin heç yarısı
da yox idi. Həkimlərin rəyində sol
əlin qüsuru barədə məlumat yoxdur (Stalinin dirsək
və çiyin oynaqlarında atrofiya var idi). Eyni zamanda, ayaqların yoğunluğunun fərqli
olması, sol ayağın barmaqlarının birləşməsi
faktı bu qeydlərdə öz əksini tapmayıb.
1952-ci ildə Stalinin doğma qızı Svetlana atası
ilə görüşür və onu tanıya bilmir. Svetlana öz xatirələrində
yazır: “Qəribədir, atam siqaret və qəlyan çəkmir.
Qəribədir, atamın sifətinin rəngi
qırmızıdır. Adətən, onun
siması tutqun olardı”.
Svetlana
atasının meyitini tabutda görəndə donuxub qaldı:
“Sifəti tündləşərək dəyişilib. Zaman keçdikcə onun cizgiləri tanınmaz hala
düşmüşdü”.
Bununla belə, qeyd etmək lazımdır ki, Beriya və onun silahdaşlarının fırıldağı baş tutmuşdu. Amma nəticədə hər şey planlaşdırıldığı kimi olmadı. Ölkədə hakimiyyət başqalarına qismət oldu. Tarix bu dəfə də iştirakçılarla oyun oynadı.
Hikmət Həsənov
Azad Azərbaycan.- 2014.- 21 dekabr.- S.7.