Cüzeppe Verdi:”Bir
günlük Kral”
O,
XIX əsr İtalyan opera məktəbinin ən məşhur və
dünyada əsərləri ən çox səhnələşdirilən
opera bəstəkarındandır.
Cüzeppe Verdi kiçik otel işlədən Karlo Verdi ilə kəndli qızı Marianninin ikinci uşağı idi. 10 oktyabr 1813-cü ildə Şimali İtaliyadakı Ronkole şəhərində, hazırda muzey kimi istifadə olunan evdə dünyaya göz açıb. Ailəsindən heç kim musiqilə məşğul olmasa da Verdi musiqiyə çox düşkün idi. O, kilsə orqançısından ilk musiqi dərslərini alıb. 10 yaşından etibarən bazar günləri kilsədə orqan çalmağa başlayıb.
Heç vaxt musiqi ilə məşğul
olmayan ailəsi onun musiqi təhsili alması üçün
böyük səy göstərir, köhnə piano
aldıqdan sonra Busetto qəsəbəsinə göndərərək
oradakı bədii mühitdən yararlanmasını təmin
edib. Busettoda ailəvi tacir dostları Antonio Barezzinin evində
qalan Verdi latın dilindən və musiqidən dərslər
alır. Milan Konservatoriyasına daxil olmaq istəyən Verdi,
piano texnikasından zəif olduğu üçün
imtahanlardan keçə bilmir. Bir neçə onillikdən sonra Milan Konservatoriyasına
Cüzeppe Verdinin adı veriəcəkdi. Verdi Konservatoriyaya
daxil ola bilməsə də "La Scala" Teatrının rəhbəri
Vincente Laviqnadan 2 il müddətinə xüsusi dərs almaq
fürsətini qazanır. Barezzinin xərclərini ödəməsi
sayəsində dərs alan Verdi opera musiqisini öyrənməyə
başlayır.
Verdi, Busettoya geri gələndə
şəhər orkestrinin rəhbərliyini icra etməyə
başladı. O, 1836-cı il mayın 4-də Barezzinin
kiçik qızı Margherita ilə evləndi, ard-arda
qızı və oğlu dünyaya gəldi. Amma çarəsiz
xəstəlik onun xoşbəxtliyini tez yarıda kəsdi.
1840-cı ildə iki uşağını və həyat
yoldaşını müxtəlif xəstəliklər səbəbindən
itirən Verdinin evindən 2 ay içərisində 3 cəsəd
çıxarıldı.
Bəstəkarın
yaradıcılığı
O, 1838-ci
ildə ilk bəstəsini hazırladı. Orkest şefliyindən
ayrılaraq Milanda yaşamağa başladı. Avropanın məşhur
musiqiçilərindən olan Covanni Rikordi ilə
çalışmağa başlayan bəstəkarın bu
işbirliyi ömrünün sonuna qədər davam etdi.
1838-ci ildə yazdığı "Operto" adlı ilk
operası Milanda o dövrün məşhur sənətkarları
tərəfindən çox bəyənildi. Əvvəlcədən
bağladığı müqavilə səbəbindən
komik opera bəstələməli idi. Məcburiyyətdən
ilk komik operası "Bir günlük Kral"ı yazdı.
Bu əsər “La Skala”da müvəffəqiyyətsizliklə
qarşılaşdığı üçün ruhi
düşkünlük yaşayan Verdi artıq əsər bəstələməməyə
qərar verdi.
Verdini bu
çətin məqamdan xilas edən Bartolomeo Merelli oldu.
Merelli Verdinin yaxşı bəstəkar olduğuna inanır və
işinə geri dönməyini istəyirdi. Buna görə
Verdiyə bir ssenari verib onu evə göndərdi. Opera bəstələməməyə
and içən Verdi, evə gələndə ssenarini yerə
atır, ancaq açılan səhifədə yazılı
olan sözlər marağını çəkir. Orada
yazılan sözlər Verdini çox təsirləndirmişdi.
Operanı çox sevməsinə baxmayaraq, bəstələməməyə
qərarlı olan Verdi Merellinin yanına getdi, amma razı
olmuş şəkildə geri döndü. İtalyan bəstəkarı
və liberetto yazıçısı Temistokle Solerin
yazdığı liberettonu oxuduqdan sonra da fikrini dəyişdi.
Beləcə Verdinin üçüncü operası
"Nabucco" yarandı. Yəhudilərin Babildən
sürgün olunması mövzusunda hazırladığı əsərini
1841-ci ildə tamamladı. Bu əsər Verdiyə ilk
böyük müvəffəqiyyət qazandırdı və
onun adını məşhur İtalyan bəstəkarlarının
arasına yazdıracaq şöhrəti gətirdi.
Bu opera
“La Skala”da səhnələşdirildiyi zaman 1842-ci ildə
Abigaille rolunu ifa edən Giuseppina Strepponi ilə tanış olan
Verdi, 55 il davam edən yeni işbirliyinə başladı.
1859-cu ildə Giuseppina ilə evlənən Verdinin ən məhsuldar
illəri xanımı ilə keçirdiyi illər oldu. 1897-ci
ildə, həyat yoldaşının ölümünə qədər
bu evlilikləri davam etdi.
"Nabucco"dan
sonra ard-arda "Lombardi", "Ernani", "I due
Foscari" operalarını yazan Verdi böyük şöhrət
qazandı. "Nabucco" və "Lombardi"nin xor hissələri
küçədəki xalqın və italyan vətənpərvərlərin
dilindən düşmürdü. "Ernani" operası isə
ona İtaliyadan kənarda da məşhurluq qazandırdı. Opera
əsərlərinin musiqi hissəsinə əhəmiyyət
verən, dramatik hissəsini o qədər də
düşünməyən İtalyan opera ənənəsinə
yenilik gətirərək, oyunun dramatik istiqamətinə
önəm verdiyi "Ernani" əsərindən sonra
ard-arda opera sifarişləri almağa başladı.
Bir anlaşılmazlıq
səbəbiylə artıq operalarını Milanda sahnələşdirmək
istəmədiyi üçün "Alzira",
"Atilla", "Macbeth" digər İtaliya şəhərlərində,
"I Masnadieri" əsəri isə Londonda səhnələşdirildi.
Mövzusu Volterin eyni adlı əsərindən alınan
"Alzira" operası Verdinin heç sevmədiyi, "həqiqətən
qorxunc" olaraq xarakterizə etdiyi tək operası olaraq məşhurluq
qazanıb. "Atilla" operası , Verdinin Solera ilə əməkdaşlığın
son məhsuludur və çox müvəffəqiyyətli
operadır. "Macbeth" operasının liberettosunu
Şekspirin pərəstişkarı olan Verdi nəsr olaraq
özü yazıb. Baş rolu tenora deyil, baritona vermək, pis
xarakterləri əsərin qəhrəmanı etmək, əsərdə
tək bir eşq əhvalatını deyil, ehtirası, vicdan
narahatlığı kimi mövzuları işləmək bu əsərlə
gətirdiyi yeniliklərdir.
Verdinin
dünyada digər operalardan ən üstün olduğu əsəri
"Don Carlos"dur. Verdi Donizettidən sonra İtalyan opera
tarixini yaradan, Romantik italyan operasının ən əhəmiyyətli
bəstəkarlarından biridir. O, əsərlərilə
teatrı geniş xalq kütlələrinə
tanıtmış sənətçi idi. Bu müvəffəqiyyətinin
arxasında teatrın imkanlarını çox yaxşı
bilməsi və onun ehtiyaclarını qarşılayacaq tərzdə
əsərlər yaratması dayanırdı. Operalarına
mövzu tapmaqda çox həssas davranır və xalqın bəyənəcəyi
aktual mövzulara müraciət edirdi. "La Travaita" operasında
ilk dəfə cəmiyyət psixologiyası ilə əlaqədar
aktual mövzunu işləyərək opera tarixçilərinə
görə o günə qədər kimsənin cəsarət
edə bilmədiyi tətbiqin qabaqcılı oldu. Verdi, bir tərəfdən
operaya italyan xalq sənətinin mahnılarını gətirir,
bir tərəfdən də xalqın küçələrdə
söyləyəci yeni mahnılar yaradırdı. Bu səbəblə
əsərləri həm səhnədə, həm də
küçələrdə sevilən sənətkar oldu və
musiqisini yenidən xalqın xidmətinə təqdim etməyi
bacardı. Cüzeppe Verdinin ən yaxşı xüsusiyyətlərindən
biri bu idi ki, yaşlandıqca musiqisi daha da gözəlləşirdi.
Verdi,
italyan milliyyətçiliyinin də əhəmiyyətli
adlarından biridir. "Nabucco" operasındakı Va pensiero
adlı ilahinin İtalyan milli marşı olması tez-tez
gündəmə gəlib. Verdinin adının Vittorio Emanuele
Re D' Italia (İtalyan Kralı Vittorio Emanuele ) ifadəsinin ilk hərflərindən
meydana gəlməsi də maraqlıdır. Milan Avstriya
işğalında olduğu və Vittorio Emanuele İtalyan
birliyini təmin etməyə çalışdığı
dövrdə millətçilər o dövrdə Verdi
operalarının çox məşhur olmasından ilhamlanaraq
"Viva Verdi" ("Çox Yaşa Verdi") ifadəsini
səfərbərlik üçün kod adı olaraq istifadə
ediblər. Özlərinə yeni simvollar, yeni həyəcanlar
axtaran İtalyan vətənpərvərlər
axtardıqları həyəcanı və coşqunu Verdinin
operalarından tapırdı. Verdinin hətta kral
olmağını istəyənlər də var idi. Beləcə
Verdi adı, İtalyan millətçiliyində də
xüsusi yer tutur.
1848-ci ildə
Milanın avstraliyalılar tərəfindən tutulmasından
sonra "Il Corsaro", "La Battaglia di Legnano" və
"Luisa" Miller operalarını yazdı. "Il Corsaro"
onun borcunu ödəmək üçün tələm-tələsik
yazdığı pis əsəri idi. "La Battaglia di
Legnano" millətçiliyi təbliğ edən cümlələr
və səhnələrlə dolu əsərdir. "Luisa
Miller"in mövzusu isə Fredrix Şillerin "Məkr və
Məhəbbət" adlı əsərindən
alınıb. İlk dəfə əsilzadələri deyil,
xalqın içindən olan insanların
canlandırıldığı operada orkestr yalnız əsərə
yoldaşlıq edən vasitə olmaqdan çıxıb güclü izahat vasitəsi
halına gəlib. Bu əsər, bir neçə il sonra bəstələnəcək
"La Travaiata" ilə birlikdə Realizm axınının
qabaqcılı oldu.
1851-ci ildə
Verdinin "ən yaxşı əsərim" dediyi
"Rigoletto" Venesiyada, 1853-cü ildə isə "Il
Trovatore" Romada böyük müvəffəqiyyət
qazandı. "Rigoletto"nun mövzusunu Viktor Hüqonun
"Kral əylənir" adlı əsərindən
götürülüb. "Il Trovatore"nin mövzusu isə
qarışıq və başa düşülməsi çətin
olan operadır. Müğənnilərin təbii səs
imkanlarına görə bəstə yaratmaq yerinə,
onların səslərini inkişaf etdirməyə yönəldəcək
xüsusiyyətdə əsərdir. Eyni il (1853) ən məşhur
əsəri olan "La Traviata" Venesiyada səhnələşdirildi.
Zaman keçdikcə bu əsər ən sevilən operalardan
biri oldu. Verdinin Aleksandr Dümanın "Kamelyalı
qadın" romanından ilhamlanaraq yazdığı "La
Traviata" ədəbiyyata söykənən operanın ən
tanınmış nümunələrindəndir və
"Carmen" ilə birlikdə realizm məktəbinin
qabaqcıllarından biridir.
Bu
dövrdə bəstələdiyi digər məşhur
operaları bunlardır: "I Vespri sicilian",
"Aroldo", "Simon Boccanegra" və "Un ballon in
Maschera". Verdi , 1859-cu ildə Parma Məclisinə Busetto
nümayəndəsi olaraq girdi. 1861-ci ildə isə İtalyan
parlamentinə seçildi. 1865-ci ildə parlamentdən
uzaqlaşdı. 1862-ci ildə "La Forza del Destino"
operasını Sankt Peterburqda səhnələşdirdi. 5 il
opera yazmağa ara verdikdən sonra, 1867-ci ildə "Don
Carlos" operasını yazdı.
Misirdən
gələn sifarişlə yazdığı, 1870-də
üzərində işə başladığı məşhur
"Aida" operası bir il sonra Süveyş Kanalının
açılışı zamanı Qahirədə səhnəyə
qoyuldu. Əsərin Avropadakı premyerası isə 1872-ci ildə
“La Skala”da oldu. O qədər bəyənildi ki, bəstəkar
32 dəfə səhnəyə çağırıldı. Əsər,
Verdinin ən gözəl operası olaraq qəbul edildi. 15 il
opera yazmayan Verdi, hamının bəstəkarlıqla
vidalaşdığını düşündüyü
zaman, 1887-ci ildə "Otello" operası ilə
fanatlarının qarşısına çıxdı.
"Otello" Verdinin səs və orkestr arasındakı
tarazlığı tapdığı ən yetkin əsəridir.
6 il sonra, 1893-cü ildə ikinci komik operası və son əsəri
"Falstaff"ı bəstələdi və böyük
müvəffəqiyyət qazandı. Əsər ilk dəfə
Romada təqdim olundu. Bundan sonra Verdiyə Roma şəhərinin
fəxri həmyerlisi adı
verildi.
"Falsaff"ı
bəstələdikdən sonra o, təkliyə çəkilərək
11 ilini hamıdan uzaqda yaşadı. 1895-ci ildə
yaşlı musiqiçilər üçün
sığınacaq olaraq hazırladığı "Casa di
Riposo"nu inşa etdirməyə başladı. Tikili 1899-cu
ildə tamamlandı.
Bəstəkarın
ölümü
Dahi bəstəkar
1901-ci il yanvarın 21-də, 88 yaşında Milanda "Grand
Hotel"in otağında dünyaya göz yumdu. O, yalnız 20
adamın və kiçik hərbi birliyin
qatıldığı səssiz və musiqisiz cənazə mərasimi
vəsiyyət etmişdi. İstəyinə uyğun cənazə
mərasimi keçirilsə də, bir ay sonra onun və həyat
yoldaşı Giuseppinanın tabutları Milandakı qəbiristanlıqda
olan müvəqqəti məkanlarından
çıxarılaraq böyük mərasimlə "Casa di
Riposo"ya aparıldı. İtalyan Kral ailəsi üzvlərinin,
millət vəkillərinin, diplomatların da
qatıldığı mərasimdə minlərlə adam
"Nabucco" operasındakı məşhur ilahini xor
halında səsləndirdi.
Günya
Azad Azərbaycan.- 2014.- 4 iyun.- S.7.