Naxçıvan təbiətinin ecazkarlığını sənətdə yaşadan rəssam

 

 

 Yuran uşaqlıq çağlarından ecazkar təbiəti, əzəmətli dağları, yamyaşıl zəmiləri, laləli çölləri, bağçalı-bağlı həyətləri, bumbuz çeşmələri, möhtəşəm abidələri olan Naxçıvanda böyümüşdü.

 

Hər səhər əzəmətli Elanlı dağının başı üzərindən nur saçan, axşamlar zirvəsi qarlı Ağrı dağının ətəyində qürub edən Günəşi seyr etdikcə qəlbində sönməz bir sevgi oyanıb: Vətən, təbiət, torpaq, yurd sevgisi. Bu həvəs, bu maraqla balaca Yuran əlinə qələm alıb Naxçıvanın əsrarəngiz təbiətini, zəhmətsevər insanlarını ağ vərəqlər üzərinə köçürməyə başlayıb. Beləcə Yuranın qeyri-adi istedadı ailədə və məktəbdə hamının diqqətini cəlb edib. Orta təhsilini başa vurub Bakıya – Rəssamlıq Məktəbinə oxumağa gəlib və sənət dünyasına qədəm qoyub.

 

1955-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib, orada müəllimlik fəaliyyəti və yaradıcılığı ilə məşğul olub. Sonra Sankt-Peterburqda İ.Y. Repin adına Rəssamlıq Akademiyasında təhsilini davam etdirib. 1960-cı ildə akademiyanı bitirib, bir neçə il bu şəhərdə rəssam kimi fəaliyyət göstərib. “Lenfilm” studiyasında, A.S.Puşkin adına Akdemik Dram Teatrında baş rəssamın assistenti olub. Bu böyük şəhərdə, qədim mədəniyyət beşiyində özünün ilk rəssamlıq avtobioqrafiyasının səhifələrini yazıb, dəyərli əsərlərini yaradıb. Bakıda və Sankt-Peterburqda təhsil alması onun rəssam kimi formalaşmasına səbəb olub. Vətən, xalq, doğma yurd sevgisi ilə Bakıya, oradan da Naxçıvana qayıdıb. Ömrünün axırınadək bu qədim, ulu torpaqda yaşayıb-yaradıb.

 

Yuran Məmmədov həyatı boyu Naxçvan torpağının ecazkarlığından ilham alaraq bu gözəl məkanı öz əsərlərində məhəbbətlə təsvir etmişdir. O, tez-tez təbiətin qoynunda olur, əsrarəngiz gözəlliklərdən zövq alıb mənəvi duyğulara qovuşur, geniş vadilərin, əzəmətli monumetlərə bənzəyən dağların, axar-baxarlı dərələrin qoynunda, kükrəyib daşan çayların sahilində fırçasını əlinə alıb saatlarla malbertin önündə dayanıb, bu mənzərələri kağız, kətan üzərinə köçürürdü. Bir-birindən baxımlı, görümlü, uğurlu tablolarını, natürmortlarını, etüdlərini, mənzərə janrında əsərlərini bu ecazkar aləmin qoynunda yaratmışdı: “Haçadağ”, “Batabat”, “Araz”, “Mömünə-xatun”, “Yusif Küseyir”, “Şahab məhəlləsi”, “Əlixan məhəlləsi”, “Naxçıvanda bahar”, “Əlincə qalası”, “Vayxır kəndi”, “Arpaçay”, “Ordubadın bağları”, “Şahbuz mənzərələri”, “Bizim ailə”, “Vətən uğrunda”...

 

 1970-80-ci illərdə Naxçıvanda “Şərq qapısi” qəzeti redaksiyasında iş yoldaşlarım Cəlil Vəzirov, Tahir Qazıbəyov, Fəsahət Hüseynov və başqaları ilə hərdən Yuran Məmmədovun emalatxanasına gedərdik. Həmişə də Yuran yeni əsərlərini bizə göstərər, tabloların məna çalarları, süjeti, rənglərin seçimi barədə danışar, bu rənglərin ovqatımıza xoş təsirini həssaslıqla duyar və sonra da deyərdi ki, indi də durun gedək təbiətin qoynuna. Yuranın bir “Zaporojets”i vardı, şəhərdə bu maşını tanımayan yox idi, özü onu əlvan boyalarla rəngləmişdi. Yuranın alabəzək Zaporojetsində Şıxmahmud” meşəsinə, Uzun oba gölünə, Siraba, Xal-xal meşəsinə, Payız kəndinə, Vayxıra, Şahbuza, Rüstəm meşəsinə, Batabata, Şərura, Ordubada və digər yerlərə gəzməyə gedərdik. Onun əsərlərinin çoxu bu gözəlliklərə və doğma yurdun insanlarına həsr olunmuşdu.

 

Naxçıvanda olduğu kimi, Bakıda, Moskvada, Sankt-Peterburqda, Riqada və digər şəhərlərdə də onun sənət dostları vardı. Yuran dəfələrlə onun qonağı olan sənətkarlarla bu yerləri, dağları, çölləri, gölləri gəzmişdi. Görkəmli fırça ustası, təbiət aşiqi Səttar Bəhlulzadənin məşhur “Naxçıvan dağları”, “Mənim anam” əsərləri bu dağlara Yuran ilə səfəri zamanı yaranmışdı. Səttar deyirdi ki, Yuran bu yerlərin gözəlliklərini dərindən duyur. Onun təbiət mövzusunda çəkdiyi tablolar ən yaxşı sənət nümunələridir.

 

 Görkəmli rəssam Toğrul Nərimanbəyovu öz ustadı, müəllimi və böyük qardaşı sayan Yuran uzun illər onunla dostluq etmişdi. Bakıya gələn kimi ona zəng vurur, görüşür və məsləhətləşirdi. Özünə ideal hesab etdiyi Toğrulun əsərlərindən mənəvi zövq və ilham alırdı. Onu və digər dostlarını Naxçıvana dəvət edər və bu diyarın görməli yerlərini, gözəlliklərini iftixar hissi ilə onlara göstərib qürur duyardı. Toğrul Nərimanbəyov söyləyirdi ki,Yuranın rənglər dünyası insanı heyrətə gətirir.

 

Rusiyanın və Azərbaycanın xalq artisti Nodar Şaşıqoğlu və Yuranın dostluğu ilə bağlı bir xatirəni heç vaxt unuda bilmirəm. 1975-cı ildə Nodar Naxçıvana gəlmişdi, Yuranın qonağı idi. Naxçıvan Şəhər Mədəniyyət Evində Mehdi Hüseynzadə rolunun məşhur ifaçısı Nodar Şaşıqoğlu ilə tamaşaçıların görüşü oldu. Sonra Yuran Nodar ilə “Böyük bağ”da parkın içərisində adamların arası ilə keçib gedərkən birdən cavanlardan biri səsləndi: “Uşaqlar, Mixaylo şəhərdədir...” Bunu eşidən Nodar ətrafa baxdı, Yuran:

 

“ – Bizim şəhər uşaqlarıdır, sizin sevimli tamaşaçılarınızdır”, – deyə gülümsədi.

 

 2000-ci ildə Bakıda Nodar Şaşıqoğlu ilə görüşüb “Respublika” qəzeti üçün müsahibə götürəndə o, Yuran haqqında xatirələrini danışdı: “Yuranla Sankt-Peterburqda tanış olmuşam. Biz dost idik. Çox vaxt bir yerdə olurduq, istirahət edib gəzirdik. O vaxt Yuran Rəssamlıq Akademiyasında oxuyurdu, çox istedadlı idi. Akademiyanı bitirəndən sonra bizim teatrda çalışdı, gözəl əsərlər yaratdı... 1975-80- ci illərdə mən bir neçə dəfə Naxçıvana gəlmişəm. Onunla Muxtar Respublikanın hər yerini gəzmişik. Yuran Məmmədov ilə məni unudulmaz xatirələlər bağlayır...”

 

SSRİ Rəssamlar İttifaqının üzvü, istedadlı boya ustası Yuran Məmmədov uzun illər Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışaraq tamaşaya qoyulan bir sıra səhnə əsərlərinin quruluşçu rəssamı olmuşdu. Mirzə Cəlilin “Ölülər”, “Dəli yığıncağı”, Cəfər Cabbarlının “Oqtay Eloğlu”, Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük”, Şıxəli Qurbanovun “Sənsiz”, Ramiq Muxtarın “Üfüqlər qızaranda”, “Əgər sevirsənsə”, Hüseyn Razinin “Günəş”, Həsən Elsevərin “Alınmaz qala”, Əziz Nesinin “Toros canavarı” və digər tamaşalara bədii tərtibat vermişdi.

 

 Akademik İsa Həbibbəyli deyir ki, Azərbaycanın müxtəlif teatrlarında tamaşaya qoyulan eyni əsərlər Yuran Məmmədovun tərtibatında tamam başqa görüntü və təsir gücünə malik idi. O, fırça ilə işləsə də, ruhən ədəbiyyat adamı idi. Bu qabiliyyət də onun həssaslığından, duyumlu olmasından irəli gəlirdi.

 

 Türkəyinin Afyon Qocatəpə Universitetinin professoru Məmməd Şirzadov sənət dostu barədə deyir ki, Yuran görkəmli, yetkin sənətçi, çox istedadlı, intellektual, duyumlu, təfəkkürlü bir rəssam idi.Təkcə Azərbaycanda deyil, digər respublikalarda da tanınırdı, onun müasir çalışmaları peyzaj, natürmort, portret, tematik şəkilləri bir-birindən uğurlu idi.Yuranın əsərlərində dünyada tanınan Azərbaycan ruhu vardı. Fəlsəfi düşüncəli, modern sənətkar Naxçıvan rəssamlarının sırasında üstün mövqeyi ilə seçilirdi, öz yeri vardı.

 

 Yuran Əli oğlu Məmmədov həyatdan vaxtsız getdi, cəmi 50 il yaşadı.1934-cü ilin aprel ayının 15-də bahar fəslində Naxçıvan şəhərində dünyaya gəlmişdi və 1984- cü ilin iyun ayının 18-də uzaq Riqa şəhərində qəfil dünyasını dəyişdi. Azərbaycanda və İttifaqda tanınan rəssamın cənazəsi Naxçıvana gətirilərək valideynlərinin dəfn olunduğu qəbiristanlıqda torpağa tapşırıldı. O, 50 illik yubileyinə hazırlıq görüldüyü bir vaxtda haqq dünyasına qovuşdu. Özü aramızdan vaxtsız getsə də, şirin, duzlu, məzəli söhbətləri, yaratdığı sənət yadigarları, həyata keçirə bilmədiyi arzuları, yarımçıq işləri qaldı.

 

 Xalq yazıçısı Anar onun xatirəsinə həsr etdiyi “Bir dostum vardı...” məqaləsində yazmışdı: “Yaxın dost, yaşdaş, nəsildaş, həmsöhbət itirməyin acısını mən bilirəm axı, Yuran, bir daha niyə bizi bu nisgilə saldın? Sənin ölən yaşın deyildi axı. Beynin, qəlbin rənglərlə, cizgilərlə, mənzərələrlə, insan surətləriylə, yeni-yeni tabloların əlvan boyaları ilə dolu idi. Arzuların, niyyətlərin aşıb-daşırdı...”

 

 2004- cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqının təşkilatçılığı ilə Bakıda Vəcihə Səmədova adına sərgi salonunda Yuran Məmmədovun 70 illik yubileyi münasibətilə anım günü və əsərlərinin sərgisi keçirildi. Dostları onun xatirəsini hüznlə yad etdilər, yaradıcılığını yüksək qiymətləndirərək bir-birindən maraqlı əsərlərinə baxıb Yuranın sənət dünyasına səyahət etdilər.

 

 2005- ci ildə tanınmış Azərbaycan rəssamının Moskvada Dekorativ-Tətbiqi İncəsənət Muzeyində “Narın rəngi”, 2010- cu ildə Krokus-Ekspoda “Üslub və müasirlik”, 2012- ci ildə Mərkəzi Rəssamlar Evində “Tütək səsi”, 2013- cü ildə “ Səmanın ənginliyində” adlı sərgiləri keçirildi. Bu ilin iyun ayında Yuran Məmmədovun 80 illik yubileyi münasibətilə Moskvada və Bakıda əsərlərinin fərdi sərgiləri açılacaqdır.

 

Yuranın qızı Günel rəssamdır, Moskvada yaşayır, atasının adını özünə təxəllüs götürüb: Günel Yuran. Onun yaradıcılıq yolunu davam etdirir. Atasını ilk müəllimi adlandıran Günel onun yaradıcılıq dəsti-xəttini özünə ideal seçib. Atası barədə xatirlərində yazır ki, Naxçvanda balaca olanda atamın emalatxanasına getməyi xoşlayırdım. Onun çəkməyinə, işləməsinə tamaşa edərdim. Atam bu vaxtlarda öz söhbətləri ilə məni dünya incəsənəti ilə tanış edər, rəssamların həyat və yaradıcılığı, daha çox xoşladığı, sevdiyi rəssamlar – Anri Matiss,Van Qoq, Modilyani... və başqaları haqqında danışardı..

 

Günel deyir ki, atası təbiətə çox intizarlı, həsədli, həyəcanlı münasibət bəsləyirdi. O, təbiətlə nəfəs alırdı, naturadan, orijinaldan çəkməyi xoşlayırdı. Ona görə də əsərlərinin böyük hissəsi peyzajlardır. Biz ailəliklə tez-tez dağlara gedərdik, öz maşını ilə bizi gəzdirirdi. Həyatın gözəlliyini və harmoniyasını, uca dağların, otların və səmanın qrafik xətlər dünyasını və rənglər keçidini bizə göstərirdi. Atamın hər işi, lövhəsi, tablosu, rəssamlıq əsəri bir dünya, bütöv tarixdir. Yuran Məmmədovun əsərlərinin ekspoziyası hər hansı sərginin əsl mirvarisidir, mədəni irsimizin möcüzəsidir.

 

 Bu gün Yuranın əsərləri Türkiyə, İran, Macarıstan, Rusiya, Almaniya, Fransa və digər ölkələrin muzeylərində, R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində və şəxsi kolleksiyalarda saxlanılır.

 

2014-cü ilin may ayının 3-də Bakıda Vəcihə Səmədova adına Sərgi salonunda Naxçvan Muxtar Respublikası yaradılmasının 90 illiyinə həsr olunmuş Naxçıvan rəssamlarının əsərlərindən ibarət sərgi oldu. Səginin açılışında çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov dedi ki, Azərbaycan incəsənətində realist dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərələrin müstəqil janr kimi formalaşması Bəhruz Kəngərlinin adı ilə bağlıdır. Onun kimi görkəmli sənət xadimləri milli mədəniyyətimizin xəzinəsinə qiymətli töhfələr vermişlər. Fərhad Xəlilov Naxçıvanda Bəhruz Kəngərli sənətinin davamçıları sırasında Yuran Məmmədovun da adını hörmətlə yad etdi.

 

Bu günlər Azərbaycanın tanınmış boyakar və teatr rəssamı Yuran Məmmədovun anadan olmasının 80 illiyi və dünyasını dəyişməsinin 30 illiyi qeyd edilir. Yaxınları, doğmaları, övladları, sənət dostları onun doğum və anım günlərini qeyd edir, həmişə xatirəsini əziz tuturlar. O, qısa ömür yaşasa da, yaratdığı və yadigar qoyub getdiyi əsərləri ilə insanların qəlbində sənətə məhəbbət yaradıb. Onun əsərlərində bir rəssam ömrünün fikir və düşüncələri yaşayır. Onun ölməz sənəti daim yaşayacaqdır.

 

 

 

Afət SADIQOĞLU,

Azad Azərbaycan.- 2014.- 22 iyun.- S.7.